Страницы

22.07.2016

Türkiyə üçün indi əsas oriyentir Rusiya olacaq, ABŞ yox

Rusiya və Türkiyə prezidentlərinin görüş tarixi bəlli oldu. Kremlin mətbuat katibi Dmitri Peskov prezidentlər Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin avqustun birinci on günlüyündə Rusiya şəhərlərinin birində görüşəcəyini bildirib. Görüşdə əsas müzakirə mövzuları ikitərəfli münasibətlər, regional məsələlər, terrorla mübarizə olacaq.
Qarşıdakı görüşlə bağlı gözlənti iki mühüm özəlliyinə görə region və dünya üçün xüsusi önəm kəsb edir. Bunlardan biri odur ki, Ərdoğanla Putin ötən il noyabrın 24-də baş vermiş "Su 24" insidentindən, münasibətlər qaydaya düşdükdən sonra ilk dəfə bir araya gələcəklər.
İkincisi isə görüş 15 iyul dövlət çevrilişinə cəhd səbəbindən Türkiyə-ABŞ münasibətlərinin əhəmiyyətli şəkildə soyuduğu dönəmə təsadüf eləməsi ilə diqqətdə olacaq. Yerli və xarici siyasi şərhçilər qarşıdakı görüşün mümkün nəticələrinə ilk növbədə bu prizmadan yanaşmağa başlayıblar.  
Rusiyalı tanınmış hərbi ekspert, Moskvadakı Plexanov adına İqtisadiyyat Universitetinin Sosiologiya və Politologiya kafedrasının dosenti Aleksandr Perenciyev Ərdoğan-Putin görüşü və onun gözlənilən nəticələrini rusdilli vest.az saytına şərh edib. Onun fikrincə, Ərdoğan hazırda öz ölkəsi ətrafında tamamən başqa bir siyasi konfiqurasiya qurur. "Bu, məhz həmin məqamdır ki, Ankara Moskva ilə ciddi yaxınlaşmaya gedə bilər” - politoloq güman edir.
Ekspert deyib: "İki ölkə arasında münasibətlər hətta Rusiya təyyarəsi vurulanadək olandan da yüksək səviyyəyə qalxa bilər. Baxmayaraq ki, bu, bizim üçün çox xoşagəlməz bir insident oldu, amma indi Türkiyə ilə münasibətlərimiz yüksəliş dövrünü yaşayır- məlum təyyarə insidenti bir növ münasibətlərin möhkəmləyinin sınağı oldu. Biz əlbəttə ki sonsuza kimi türkləri günahlandıra bilərik ki, onlar bizim pilotumuzu vurublar və haqlı da olarıq. Ancaq əgər Türkiyə bizə kömək eləməyə və bir çox məsələlər üzrə müttəfiq olmağa hazırdısa, niyə də olmasın?”
"Hazırda çox maraqlı bir layihə qurulmaqdadır- İran, Rusiya, Türkiyə. Üstəlik, İran Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmağa hazırlaşır. Gələcəkdə Türkiyənin də müşahidəçi statusda üzvlüyünə baxıla bilər. Aydındır ki, bütün bunlar Çinlə razılaşdırılmalıdır. Ancaq əgər belə bir şey baş versə, o zaman hamı görəcək ki, Türkiyə Qərbə qarşı getməsə də, başqa yolla gedəcək”- təhlilçi ardınca vurğulayıb.
Rusiyalı hərbi analitikin qənaətincə, Moskva ilə Ankara arasında münasibətlərin yaxşılaşması tərəflər üçün böyük imkanlar aça bilər: "Rusiya diplomatiyası bundan istifadə eləməyə çalışacaq. Əlbəttə ki, bizim münasibətlərdə problemlər olub və var. Ancaq düşünürəm ki, hamı onların üstündən adlamalıdır. Elə eləmək lazımdır ki, Türkiyə Rusiyanın müttəfiqi olmasa da, onun etibarlı tərəfdaşı olsun. Bu, çox yaxşı olardı. Əminəm ki, avqustun əvvəllərində aparılacaq danışıqlar məhz həmin tərəfdaş əlaqələrin qurulmasına yönələcək. Fikrimcə, Türkiyə Birləşmiş Ştatlardan uzaqlaşmağa başlayacaq. Türklər NATO-dan çıxmasalar da, Alyansın formal üzvü olacaqlar".
Qeyd edək ki, bir sıra digər ekspertlər də hesab edir ki, Türkiyədəki hərbi çevrilişdə "Amerika izi”nin üzə çıxması Ankara və Moskvanın daha da yaxınlaşması, hətta yeni hərbi müttəfiqlik yaratması üçün unikal imkan açıb və bu imkan Bakının da xeyrinə işləyə bilər. O sırada Rusiyalı tanınmış tarixçi-analitik, Oleq Kuznetsov bildirib ki, Türkiyə üçün indi əsas oriyentir Rusiya olacaq, ABŞ yox. Onun ehtimalına görə, regionda hətta Moskva-Ankara-Bakı təhlükəsizlik üçbucağı formalaşa bilər. Ekspertə görə, Türkiyədə baş tutmamış dövlət çevrilişi cəhdindən sonra hamı tarixi bir eranın astanasındadır. /musavat.com/

Комментариев нет:

Отправить комментарий