Страницы

13.08.2016

FETÖ-yə bağlı deputatların siyahısı Bakıya göndərildi

Türkiyə hakimiyyəti  iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra Fətullah Gülən tərəfdarlarına qarşı mübarizəni başqa ölkələrdə də gücləndirib. Bu baxımdan, AKP hökumətinin FETÖ şəbəkəsinin Azərbaycanda dağıdılması üçün hərəkətə keçəcəyi gözlənilən idi. Xatırladaq ki, Azərbaycanın adı “Hizmət” hərəkatının güclü siyasi və maliyyə dayaqlarına malik olduğu ölkələrdən biri kimi çəkilirdi. Ona görə də Rəcəb Tayyib Ərdoğan həm baş nazir, həm də prezidentliyi dövründə rəsmi Bakıya müraciət edərək, Gülən şəbəkəsinin tərəfdarları barəsində ciddi tədbirlər görülməsini istəyib. 2014-cü ildə Azərbaycanda bəzi məmurların işdən çıxarılması, “nurçuluq” cərəyanının fəaliyyətinin məhdudlaşdırılması, təbliğat mərkəzlərinin və məktəblərin bağlanılması FETÖ-çuların mövqeyini xeyli zəiflədə bildi. Amma adları “Hizmət” hərəkatına bağlı çəkilən bəzi vəzifəli şəxslərin vurulması gözlənilsə də, onlara toxunulmadı.
Ötən ay Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Ərdoğan iqtidarı Fətullah Gülənlə mübarizəyə yalnız ABŞ-da deyil, digər türkdilli dövlətlərdə də yenidən  start verib. Yaxın vaxtlarda “gülənçilər”in fəaliyyətinə Qazaxıstanda, Azərbaycanda, Türkmənistanda  və Özbəkistanda son qoymağa çalışan Türkiyə rəhbərliyi hələlik yalnız Qırğızıstandan rədd cavabı alıb. Rəsmi Bişkek Ankaradan Qırğızıstanın daxili işlərinə qarışmamağı tələb edib. Azərbaycan isə Türkiyə üçün daha çox strateji əhəmiyyət daşıyır. Bu, həm Azərbaycanın coğrafi baxımdan Türkiyə ilə yaxın və həmsərhəd olması, həm də Fətullah Gülən tərəfdarlarının Azərbaycandakı dayaqlarının güclü olmasına dair məlumatlarla bağlıdır.
Türkiyə prezidentinin avqust ayının sonuna qədər Azərbaycana nəzərdə tutulan səfəri zamanı da sözügedən məsələnin  tərəflər arasında əsas müzakirə mövzularından biri olacağı gözlənilir.
Cebhe.info-ya daxil olan məlumata görə, artıq Türkiyə hökuməti özü üçün təhlükə hesab etdiyi şəxslərin siyahısını Bakıya göndərib. Daha dəqiq desək, Türkiyənin baş naziri Binəli Yıldırımın Azərbaycanda FETÖ şəbəkəsinə bağlı olmaqda adı hallanan vəzifəli şəxslərin siyahısını Azərbaycan hökumətinə göndərdiyi və onların fəaliyyətinin qarşısının alınması üçün zəruri tədbirlər görülməsini xahiş etdiyi bildirilir. Bəzi məlumatlara görə isə baş nazir həmin məktubu Türkiyəyə yardım aparan Şeyxülislam Hacı Allahşükür Paşazadə vasitəsilə çatdırıb. QMİ sədrinin də Türkiyədə olarkən FETÖ şəbəkəsi ilə mübarizəni davam etdirəcəklərini xüsusi vurğu ilə bəyan etməsi bununla bağlıdır.
Məlumatda o da qeyd edilir ki, məktubda adı “Hizmət” hərəkatına bağlı olduğu deyilən şəxslərin böyük əksəriyyəti Milli Məclisin deputatlarıdır. Onların sayı kifayət qədər çoxdur. Bu isə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə bağlı olan Fətullah Gülənin ideoloji tərəfdarlarının Azərbaycan üçün də ciddi təhlükə yaratmasını deməyə əsas verir. ABŞ Azərbaycanda hakimiyyət dəyişikliyi planını reallaşdırmağa cəhd edərsə, həmin deputatlar F.Gülənin bir göstərişi ilə hərəkətə keçə bilər.
Mənbə onu da bildirir ki, artıq Azərbaycan hökumətində bu barədə yetərincə məlumatlar var. Bu səbəbdən də sentyabrın 26-da Konsitisiyaya əlavə və dəyişiklikləri nəzərdə tutan Referendumun keçirilməsindən sonra parlamentin buraxılacağı, növbədənkənar parliament seçkilərinin keçiriləcəyi gözlənilir. Adları FETÖ-çular siyahısına daxil olan hazırki deputatlar isə parlamentin yeni tərkibində yer ala bilməyəcək. Bir sözlə, Milli Məclisin bu yolla F.Gülən tərəfdarlarından təmizlənəcəyi deyilir.
Anoloji prosesin hökumətin yeni tərkibinin formalaşdırılmasında da həyata keçiriləcəyi istisna olunmur. Belə ki, yeni baş nazirin təyinatından sonra “Hizmət” hərəkatına bağlı olan vəzifəli şəxslərin də öz iş yerlərini itirəcəyi ehtimal edilir.
Adının çəkilməsini istəməyən mənbə onu da bildirib ki, Yeni Azərbaycan Partiyasının referendumda təşviqat məqsədi ilə bağlı yaradılmış “Yeni Azərbaycan” Təşəbbüs Qrupuna hakim partiyanı təmsil edən məhdud sayda deputatın adı daxil edilib. Həmin millət vəkilləri FETÖ şəbəkəsinə aiddiyyatı olmayanlardır. Adları qrupa daxil edilməyən mandat sahibləri isə qeyd edilən səbəbdən növbədənkənar seçkilərdə “vurulacaq”. /cebhe.info/

Комментариев нет:

Отправить комментарий