Страницы

26.08.2016

Həyat yoldaşını evləndirən qadın

Həlimə xanım: “Həyat yoldaşımı da götürüb, maşınla getdik qızın atasıgilə. Ərim üçün bəyəndiyim qızı maşına əyləşdirib gətirdik evimizə”.

Həyat qəribəliklərlə doludur. Bu qəribəliklərin də çoxu elə ailə münasibətləri ilə bağlıdır. Hər dövrün, zamanın özünə görə ailə dəyərləri, necə deyərlər, namus ölçüləri olub. Vaxt olub, şahların, sultanların və digər hökmdarların yüzlərlə qadından ibarət hərəmxanaları olub. İslam dini bərqərar olandan sonra isə hər kişinin evlənəcəyi qadınların sayı 4 rəqəmi ilə məhdudlaşıb. Son 100 illlikdə isə tək arvadlılıq psixologiyası elə güclü bərqərar oldu ki, nəinki 10-15, nəinki 4, heç 2-ci arvadla yaşamağı da cəmiyyət normal saymayıb və bunu faciə, fəlakət kimi dəyərləndirib. Bu istiqamətdə kişilər üçün ancaq kiçik bir pəncərə saxlayıb - əgər arvadın ölsə, ya boşansa, sən 2-ci dəfə evlənə bilərsən.
Düzdür, qeyri-rəsmi formada bu sədləri aşanlar çox olsa da, rəsmiyyətdə kişilərin əksəriyyəti tək arvadlıdır. İki və daha çox arvad saxlayanlar isə nəinki rəsmi həyat yoldaşları, eləcə də yaxınlar, dostlar tərəfindən top-tüfənglə qarşılaşırlar.
Yazıya belə uzun giriş verməyim isə təsadüfü deyil.
Bu yaxınlarda maraqlı, yaşı 60-ı haqlamış bir qadınla qarşılaşdım. Həmin qadın təxminən 20 il öncə həyat yoldaşını, necə deyələr, “öz əli” ilə evləndirib, elçiliyini də özü edib, “gəlini maşına” da özü əyləşdirib.
İndi isə, televiziya aparıcılarının dili ilə desək, daha ətraflı.
Həlimə İbadovanın dediklərindən: 
-Eyni kənddə yaşayırdıq. Bir-birimizi də istəyib evlənmişdik. Aramızda bir qədər yaş fərqi var idi. Mən ondan 7-8 il böyük idim. Lakin bu yaş fərqi ailədəki səmimiyyətimizə, mehribançılığımıza heç bir xələl gətirmirdi. Çox xoş günlər keçirirdik – mən uşaq bağçasında işləyirdim, o, da ustalıq edirdi. İki dəfə ana olmaq şansı qazandım. Lakin tale elə gətirdi ki, həmin uşaqları böyütmək qismətim olmadı, elə dünyaya gəldiyi saatlarda həyatları ilə vidalaşdılar. Nəinki dünyalarını dəyişdilər, nəinki övladlarımı itirdim, 2-ci uşaq dünyaya gələndə həyatımı xilas etmək üçün həkimlər məni ağır əməliyyat etdilər və bir daha ana olmaq imkanlarımı da itirdim. Hər şey göz önündə idi – bir daha övladım olmayacaq və bu şanssızlıq mənimlə bağlı idi – nə həkimlikdi, nə mollalıq. Amma övladsızlıq da ailədəki mehribançılığımıza xələl gətirmirdi. Hər şey var idi – ev-eşik, normal dolanışıq, səmimiyyət – bircə övlad yox idi. Hər dəfə qohum-qonşu, əzizlərimiz uşaqları ilə bizə gələndə içimdən bir inilti keçirdi. Elə bilirdim, həyat yoldaşım daxilən ağrıyır, bəlkə də məni qınayır ki, sənin ucbatından övladsız qaldım. Üzümə vurmasa da görürdüm ki, çox qayğılı, üzüntülü gəzir. Hətta şadlıq məclislərində belə qəmginliyi sifətindən çəkilmirdi.
Qeyd: Bütün bunları sakitcə qələmə alsam da, Həlimə xanım danışdıqca gah kövrəlir, gah xəyallanır, baxışları elə uşaqlara ünvanlanırdı kı, sanki itirilmiş bəxtəvərlikləri haradansa tutub geri qaytarmaq istəyirdi. Bir az toxtayan kimi isə yenidən söhbətinə davam etməyə başladı.
Həlimə xanım:
-Həyat bir günlük, beş günlük deyil ki. Nə vaxta qədər bu qaydada yaşamalı idik. Həyat yoldaşımın nisgilli, pərişan baxışları məni əzir, ürəyimi göynədirdi. Ona görə daha qəti addım atmağa qərar verdim. Ürəyimə daş bağlayıb, həya yoldaşıma dedim ki, səni evləndirəcəyəm. Düzdü, kəndimizdə və qonşu kəndlərdə belə hallar olmuşdu. Amma, adətən uşağı olmayan qadınlar öz ərləri üçün bir az çirkin və eybəcər qız alırdılar ki, onlar ailə üçün ancaq uşaq doğsunlar, amma həmin qızın həyat yoldaşları ilə, necə deyərlər, sevib-sevilməyə, bir-birinə heyran olmağa şansları olmasın. Mən isə əksinə, həyat yoldaşıma dedim ki, sənin üçün kəndin ən gözəl, yaraşıqlı qızlarından birini alacam. Açıq deyirəm, həyat yoldaşım çox etiraz elədi. Lakin faydası olmadı. Fikrim qəti idi. Hələ həyat yoldaşım üçün qız da gözaltı eləmişdim. Bir az ağzını da aramışdım. Əvvəl çox hay-həşir saldı, təəccübləndi, etiraz etdi-filan, sonra razılığa gətirdim. Dedim, mən kişidən də yaşlıyam, səndən də. Ona arvad, mənə də köməkçi olarsan, balam olarsan. Həm anan olaram, həm qaynanan. Bu qız məndən kiçik olsa da, həyat yoldaşımla təxminən yaşıd idi. Belə ki, həyat yoldaşımı evləndirəndə mənim 30, həyat yoldaşım üçün aldığım qızın isə 22-23 yaşı var idi. Həm cavan, həm də qəşəng qız idi. Bir də həyat yoldaşımla təxminən həmyaşıd idilər. Beləliklə, bütün işləri düzüb, qoşandan sonra, günlərin bir günü əyləşdik həyat yoldaşımın maşınına, getdik qızın atasıgilə. Axşam təxminən 9-10 olardı. Kamali-ədəblə həmin qızın xeyir-duasını alıb gətirdim evimizə.
Haşiyə. Necə deyərlər, söhbətimizin bu məqamında yadıma qədim bir əhvalat düşdü. Deməli, keçmiş zamanda da buna bənzər hadisə olur. Qadın uşağı olmadığı üçün ərini evləndirmək istəyir. Kişi deyir, ay arvad, evə başqasını gətirsəm, dözməszən, arvad deyir, dözərəm, heç halıma zərrə qədər də təsir eləməz. Qısası, qızı gətirib salırlar kişinin otağına. Kişi həmin gecə qızı gəlin otağında qoyub, işığı söndürüb pəncərədən həyətə tullanır ki, görsün 1-ci arvadı neyləyir. Nə görsə yaxşıdır? 1-ci arvadı saçın yola-yola, sinəsinə döyə-döyə həyətə düşüb inəyə bir təpik vurur ki, mələsənə inəklərim Şah Hüseyn axşamıdır, toyuq hininə bir təpik vurur ki, banlasana xoruzlarım, vay Hüseyn axşamıdır. Və sair, və ilaxır.
Bu əhvalatı Həlimə xanıma danışıb dedim ki, ilk axşam, yəni əri üçün qız gətirən axşam o da belə həyəcanlı anlar keçiribmi?
Həlimə xanım: 
-Bala canı, bu vəziyyətə özümü elə hazırlamışdım ki, həmin axşam təsəvvürümdə dünya tamam başqa cür idi - elə bil öz övladımı, öz qardaşımı evləndirirdim. Onu da deyim ki, həmin vaxtlar atam vəfat etdiyi, anam tək yaşadığı üçün biz onlarda yaşayırdıq. Ərim üçün həyat yoldaşını da elə mənim ata evimə, anam yaşadığı evə gətirdik. Həmin axşam həyat yoldaşım onun üçün gətirdiyim qadınla bir otaqda, mən isə anamla başqa bir otaqda yatdıq. Səhərisi gün həyat yoldaşım, mən və o qadın üçlükdə Bakıya, baldızımgilə getdik. Mən bütün gücümlə çalışırdım ki, həyat yoldaşımla o qız bir-birlərinə daha yaxın, daha mehriban olsunlar, daha çox doğmalaşsınlar. Buna görə həyat yoldaşıma dedim ki, Siz Bakıda qalın, mən rayona, öz evimizə qayıdım. Razılaşmadı. Dedi, sən də bizimlə qal, getsən, biz də səninlə gedəcəyik. Dilucu razılıq versəm də, sonra bir bəhanə ilə evdən çıxıb rayona qayıtdım ki, onlar bir-birinə daha məhrəm olsunlar. Sonra onlar da rayona qayıtdılar, təxminən 8 il birgə yaşadıq. Ailədə daim mehribançılıq hökm sürürdü. Həyat yoldaşım üçün gətirdiyim qadın nəinki həyat yoldaşıma, nəinki balalarına, nəinki mənim özümə, eləcə də anama necə lazımdırsa qulluq edir, qayğımıza qalır, mehribançılıq göstərirdi. Onların 1 qızı və 1 oğlu oldu. Onlar deyəndə, əslində biz bir idik - hər mənada. Evimizdə sənin, mənim yox idi. Bizim evə ayaq basan qonaq bilmirdi bu evdə kim-kimdir. Yəni, ögeylikdən, doğmalıqdan söhbət belə gedə bilməzdi. Bir müddət sonra həyat yoldaşımın valideynləri rəhmətə getdi. Onların ata yurdları boş qaldı. Razılaşdıq ki, onlar həyat yoldaşımın ata yurduna köçsünlər, əvvəldən mənimlə qalan ilk övladları, oğlu isə mənimlə qalsın. Elə də oldu. İndi həyat yoldaşımdan olan oğlanı mən saxlayıram. Hazırda 11-ci sinifdə oxuyur. Mənsiz bir an da qalmır. Kənarda olanda zəng çalır, hər gün kefimi soruşur. Eləcə də həyat yoldaşım üçün aldığım qadın daim mənə diqqətlidir, hər vaxt mehribançılığını, qayğısını hiss edirəm. Əgər soruşsalar ki, həyatda ən əlamətdar günlərin, hadisən nə olub? Düşünmədən deyərəm ki, həyat yoldaşımı evləndirdiyim gün, ona aldığım qızın dünyaya övlad gətirdiyi gün və “HALAY” da keçirtdiyim unudulmaz günlər.
Həlimə xanımın qəribə taleyi ilə yanaşı 2-ci bir dünyası da var. Bu da onun dünyaca məşhur – Masallının “Halay” folklor ansamlında keçirtdiyi günlərdir.
Yenə də sözü Həlimə xanıma verək:
-Təxminən 12-13 yaşım olardı. Təvəzökarlıqdan kənar da olsa, gözəl-göyçək, uzun hörüklü, yaraşıqlı bir qız idim. Məşhur “Halay” ansamblının rəhbəri, rəhmətlik Ünbulbanu Cəbiyeva məktəbimizə gəlmişdi. Ansambl üçün qız seçmək istəyirdi. Elə ilk baxışdan gözü məni tutdu. Beləliklə, “Halay” yeniyetmə üzvünə çevrildim. Əvvəlcə bura bir yeniyetmə kimi qoşuldum. “Lo-lo-lo“ mahnısının sədaları altında konsertlərdə iştirak etdim. Daha sonra bütün gəncliyim “Halay”la bağlı oldu. İndi də “Halay” veteranlar ansamblında çıxış edirəm. 500-dən artıq mahnı bilirəm. Onlarla ölkədə olmuşam – İran, İraq, Gürcüstan, Rusiyanın bir neçə şəhərində günlərlə konsertlər vermişik, mükafatlarımızın, təltiflərimizin sayı-hesabı yoxdur. Bu yolda rəhmətlik Unbulbanı Cəbiyevanın zəhmətləri çoxdur. Hazırda onun yolunu davam etdirən, “Halay”a rəhbərlik edən Natəvan Əliyeva da minnətdarlığa layiqdir. Natəvan xanım o qədər qayğıkeş və xeyirxah insandır ki, bəzən pis, ağır günlərimizdə öz əmək haqqını götürməyib, mənə verib, işçilər üçün ev tikilməsinə, həyətlərində quyu qazılmasına yardımçı olub. Bütün dövrlərdə isə Masallı Mədəniyyət və Turizm Şöbəsinin müdiri Lətifə xanım Mövsümova bizim həm anamız, həm bacımız, həm rəhbərimiz, həm sirdaşımız olub. İndi ömrün ixtiyar yaşındayam. Maddi vəziyyətə görə Masallı bazarında xırdavat alveri ilə məşğulam. 60 yaşlı qadın üçün hər gün 20 kilometrlik yolu gedib-gəlmək çətindir. Lakin ruhdan düşmürəm. Birincisi, bilirəm ki, məni evdə ciyərparam, həyat yoldaşım üçün aldığım qadından olan oğlum, 16 yaşlı Murad gözləyir. Qismət olsa, 2-3 ilə toyunu edərəm.
Söhbətin sonunda soruşdum:
-Sənin kimi övladsızlıq, sonsuzluq problemi yaşayan qadınlar az deyil. Onlara nə tövsiyə edərdin? İstərdinmi, onlar da sənin kimi addım atsınlar.
Həlimə xanım bu sualdan sonra xeyli xəyala daldı:
-Nə deyim, vallah. Hərə öz taleyini yaşayır. Kimi həkim filanla bunu həll edir, kimi qohum-qardaşın uşağını himayəsinə götürür, kimi də taleyi ilə barışıb, ömür boyu övladsız yaşayır. Eşitdiyimə görə Türklərin böyüyü var e, Atatürk. Onun da övladı olmayıb. Amma 100 imkansız, atasız, anasız, kimsəsiz uşağı öhdəsinə götürüb, öz övladı kimi böyüdüb, adlı-sanlı, varlı-karlı adam edib, ölkənin tanınmışına çevirib. Amma bircə onu deyə bilərəm ki, bu bir tale qismətidir. Allah belə məsləhət bilib, onunla davaya çıxmayacağıq ki. O da ye, bir çox xarici ölkələrdə zorla da olsa, oğul, uşaq istəmirlər. Yaxşı olar ki, insanlar bunu böyük dərdə çevirməsinlər. Bir-birinə güzəşt etməyi bacarsınlar. Hamı bilir ki, kişiləri zəncirdə saxlamaq olmaz. Onsuz da onlar istəyəndə hər yerdə şuluq sala bilirlər. Amma belə olanda nə şiş yanır, nə kabab. Gün o gün olsun ki, bu sonsuzluğa da bir əlac tapılsın. Hər kəsin evindən bir neçə körpə səsi gəlsin.

Zahir Əmənov          cenubxeberleri.com

Комментариев нет:

Отправить комментарий