Страницы

06.08.2016

Prezidentin ayırdığı vəsaitin ən azı 70 faizi mənimsənilib

Ötən ay Tarif Şurası Azərbaycanda işığın qiymətini əhali qrupu üçün 1 qəpik bahalaşdırıb. Bu, hər abonentin ortalama aylıq ödənişinin 3-5 manat artmasına səbəb olub. “Azərişıq” ASC qiymət artımı ilə bağlı bəyan edib ki, 1 qəpiklik bahalaşma qurum əməkdaşlarının maaşlarının 30 fazi artmasına imkan verəcək. Həmçinin ölkədə elektrik enerjis infrastrukuturu tamamilə yenilənib, əhali fasiləsiz, keyfiyyətli enerji ilə təmin olunur. Bəs reallıqda bu belədirmi?
Keçmiş millət vəkili, iqtisadçı ekspert Nazim Məmmədov Bizimyol.info-ya açıqlamasında bildirib ki, hazırda istirahət etdiyi Gədəbəy rayonunda elektrik təminatı sıfırın altındadır: “Görünən odur ki, idarəçilik “Azenerji”dən “Azərişıq”a veriləndən sonra bölgələrdə vəziyyət daha da pisləşib. “Mən hər il yayda Gədəbəy də oluram, elektriklə bağlı belə bərbad vəziyyəti ilk dəfədir müşahidə edirəm. Rayonun işıq idarəsinə yeni təyin olunan rəis ümumiyyətlə bu sahənin adamı deyil, hansısa qohumları vasitəsi ilə tikintidən gətirilib bu idarəyə təyin olunub”.
Nazim Məmmədov bildirib ki, enerji sektoru son 13 ildə 10 milyarda yaxın vəsait alıb: “Azərişıq” son 5 ildə dövlətdən 2 milyarddan çox investisiya cəlb edib, elektrik enerjisi satışından 60 fazidən yuxarı rentabellik əldə edir, yığma faizi az qala 100 fazidir. Ancaq korrupsiya idarəçiliyi bu vəsaitlərin effektini istehlakçıya hiss etdirmir. Jurnalist araşdırmaları sübut edib ki, tenderləri bu strukturların rəhbərləri öz ailə üzvlərinin adına qeydiyyata alınmış bir neçə günlük firmalara ötürüb mənimsəyirlər”.
Ekspertin sözlərinə görə, qonşu ölkələrin əksəriyyətində elektrikin maya dəyəri 2-3 qəpik arasında dəyişir: “Necə olur ki, elektrik paylayıcı şəbəkəsi 3.7 qəpiyə aldığı elektriki fantastik qazancla- 7 qəpiyə satır, amma ilin yekununa görə ziyanla işləyir, büdcəyə vergini də vaxtında ödəmir. Deməli bəzi adamlar dövlət resursları hesabına şəxsi biznes qurublar və dövləti xarici maliyyə institutları vasitəsi ilə borclandırıb həm də gələcək nəsillərə öz səriştəsizlikləri hesabına əlavə borc yükü yaradırlar”.
Nazim Məmmədov Gədəbəyin digər kommunal problemlərinə də toxunub: “Məlum olur ki, Şınığın yerdə qalan kəndləri yaxın bir neçə ildə qazlaşdırılmayacaq, əvvəlki illərdə tenderin qalibləri pulları mənimsəməklə məşğul olublar. İsalı kəndində köhnə məktəbdə yerləşən hərbi bölüyə qaz çəkilib, amma kənd əhalisinə verilməyib, yəqin ki, hərbçilər öz hesablarına çəkiblər. Demək olar ki, qazlaşdırma 2010-cu ilin sonuna necə qalmışdısa, elə o vəziyyətdə də qalıb”.
N.Məmmədov daha sonra bildirib ki,  Gədəbəy-Qaravəllər yolunun asfalt çəkilişi iki il əvvəl yarımçıq yekunlaşıb, ancaq təkcə bir il ərzində yolun 30 faizi sıradan çıxıb: “Körpülərin dayaqları layihədən kənar olduğundan, həmçinin yerli relyef nəzərə alınmadan salındığına yağışlar zamanı sıradan çıxıb. Adi gözlə görünən odur ki, asfaltın altında heç bir iş görülməyib və asfalt torpağa döşənib, su ötürücü qurğular tamamən qurulmayıb, yağan yağış asfaltın altını üstünə çevirib. Prezidentin ayırdığı vəsaitin ən azı 70 faizi mənimsənilib”.

bizimyol.info

Комментариев нет:

Отправить комментарий