Страницы

28.09.2016

Ağasəlim Əmri Binəli - Yox

Yanımda çün mənim ol yari - gül`üzarım yox,
Tutubdu aləmi naləm könül baharım yox.

Müxalifət qılır ol çərxi - dun muradım ilə,
Həyat sürməgə kamımca iqtidarım yox.

Məni gədalığa etməz qəbul, vəchi nədir,
Yanında sərvərimin yoxsa e`tibarım yox?

O gün ki, sirrinə vardım dəhanıvın, ey məh,
Tamam yoxluğa üz tutdum, oldu varım yox.

Xəyali - gülşəni - kuyinlə naləm ərşə çıxır,
Xərabə dəhrdə könlümcə ruzigarım yox.

Nümunəyəm sənin eşqində cümlə üşşaqə,
Vəfadən ayrı çün, ey bivəfa, şüarım yox.

Bu doğma xəlqim üçün ömrü şe`rə sərf etdim,
Qəzəldən özgə mənim, Əmri, yadigarım yox.

Комментариев нет:

Отправить комментарий