Страницы

24.09.2016

Azərbaycan nurçularının rəhbəri Əli Həsənovdur? - Mətbu xülasə

10 Aprel 2006
Türkiyənin Antalya şəhərində "Dialoq Avrasiya" Platformasının VII toplantısı başa çatıb

Aprelin 6-dan 10-dək Türkiyənin Antalya şəhərində "Dialoq Avrasiya" Platformasının VII toplantısı keçirilib. Trend in məlumatına görə, Avrasiya ölkələri arasındakı dialoqu inkişaf etdirmək məqsədi ilə 1998-ci ildə fəaliyyətə başlayan "Dialoq Avrasiya" (DA) Platformasının bu toplantısında birgə media qurumunun yaradılması ideyası müzakirə olunub.
Təşkil olunacaq həmin media qurumu vasitəsilə tərəfsiz və obyektiv verilişlərin efirə veriləcəyini bildirən tədbir nümayəndələri xəbərlərin bir neçə dildə hazırlanmasını təklif ediblər. Tədbirdə millət vəkillərindən Nizami Cəfərov, Rəbiyyət Aslanova, Azər Əmiraslanov, Fəttah Heydərov, dövlət rəsmilərindən baş nazirin müavini Elçin Əfəndiyev, Prezident Aparatı ictimai-siyasi şöbənin müdiri Əli Həsənov və digər şəxslər müzakirələrdə iştirak ediblər.
Qeyd edək ki, konfrans müddətində ayrı-ayrı sahələr və mövzular üzrə əməkdaşlığa dair müzakirələr aparılıb. /az.trend.az/
12 Noyabr 2008
Sabah Antalyada “Dialoq Avrasiya” Platformasının 8-ci toplantısı başlayır

Bakı - APA. Sabah Türkiyənin Antalya şəhərində “Dialoq Avrasiya” Platformasının 8-ci toplantısı başlayacaq. APA-nın məlumatına görə, Avrasiya ölkələrindən nümayəndə heyətlərinin dəvətli olduğu tədbir 4 gün davam edəcək. Açılış tədbirindən sonra toplantı müxtəlif seksiyalarda davam etdiriləcək. Tədbir çərçivəsində Türkiyənin təhsil naziri Hüseyn Çelikin iştirakı ilə “Təhsildə tolerantlıq və ayrı-seçkilik” mövzusunda ikigünlük konfrans da keçiriləcək.
Azərbaycan toplantıda geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunacaq. Nümayəndə heyətinə Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, “Dialoq Avrasiya” Platformasının Azərbaycan redaksiyasının rəhbəri, millət vəkili Nizami Cəfərov, millət vəkilləri Qənirə Paşayeva, Rəbiyyət Aslanova, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, telejurnalist Qulu Məhərrəmli, APA-nın baş direktoru Vüsalə Mahirqızı, “Çağ” Öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər Özərən, Azərbaycan-Türkiyə Özəl Liseyləri İdarəsinin müdiri Adəm Önal, “Zaman-Azərbaycan” qəzetinin baş redaktoru Enes Cansever, “Xəzər” TV-nin təmsilçisi Hüseyn Dinləməz və bir çox media nümayəndəsi daxildir.
Azərbaycan nümayəndə heyətindən Q. Məhərrəmli, Q. Paşayeva və İ. Babayev xüsusi məruzələrlə çıxış edəcəklər. /apa.az/
14.11.2008
ANTALYADA AVRASİYA DİALOQ PLATFORMU BAŞ ŞURASININ 8-Cİ İCLASI KEÇİRİLİR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 14-də Türkiyənin Antalya şəhərindəki “Rixon” hotelində Avrasiya Dialoq Platformu Baş Şurasının 8-ci iclası işə başlamışdır.
Noyabrın 16-dək davam edəcək iclasın açılışında Baş nazirin müavini Elçin Əfəndiyev, Prezidentin İcra Aparatı ictimai-siyasi məsələlər şöbəsinin müdirü Əli Həsənov, Milli Məclisin deputatları və hökumət nümayəndələrinin də daxil olduğu Azərbaycan nümayəndə heyəti iştirak etmişdir. Türkiyə Gürcüstan, Qazaxıstan, Rusiya, Moldova, Özbəkistan, Tacikistan, Türkmənistan və Ukraynadan gəlmiş 160 hökumət nümayəndəsi və ziyalı “Sülh şəraitində təhsildə xoş niyyət və ayrı-seçkilik” mövzusu ətrafında müzakirələr aparacaqdır.
Türkiyənin milli təhsil naziri Hüseyn Çelik açılış nitqində Avrasiya məkanında təhsilin xalqları yaxınlaşdırdığını, hazırda bir çox ölkənin bu sahədə tələbə mübadiləsi də daxil olmaqla sıx əməkdaşlıq etdiyini söyləmişdir.
İclasda Şuranın 2006-2008-ci illərdəki fəaliyyəti ilə bağlı hesabat dinləniləcək, 2008-2010-cu illər üçün fəaliyyət planı təsdiq olunacaqdır.
İndiyədək Azərbaycanın xalq yazıçısı Anar və türkiyəli professor İlber Ortaylının sədrlik etdikləri Avrasiya Dialoq Platformu Baş Şurasının yeni rəhbərliyi də seçiləcəkdir. Toplantıda mədəniyyətlərarası dialoqun inkişafı, insanların sülh və əmin-amanlıq şəraitində yaşamalarının əsas prinsipləri və digər məsələlər ətrafında müzakirələr aparılır.
Avrasiya Dialoq Platformu 1998-ci ildə yaradılmışdır və Baş Şuranın indiyədək elm və təhsil məsələlərinə həsr olunmuş 7 iclası keçirilmişdir. /azertag.az/
azadliq.info  26 avqust 2016
"Gülüstan" sarayına gülənçiləri kim yığmışdı?

...Bütün faktlar bunu göstərir ki, ən böyük “gülənçi” bu şəbəkəyə maliyyə yardımı edənlər, Fətullah Gülən haqqında mədhiyyələr söyləyənlər bu hökumətin təmsilçiləridi.
AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin direktoru Faiq Əmirlinin həbsi isə hökuməti tamam rüsvay etdi. Onun maşınına atılmış Gülən kitablarının redaktoru baş prokurur Zakir Qaralovun əmisi, ön söz yazanı isə İlham Əliyevin vəkili Rəşad Məciddir. Amma sonradan başqa faktlar da ortaya çıxdı. Mərhum prezident Heydər Əliyevdən tutmuş, bu gün də parlamentdə oturan deputatlara qədər xeyli adamın Gülənə rəğbət bəslədiyi məlum oldu. Xeyli sayda fotolar, video görüntülər də bunun sübutudur. Bu gün də hökumət komandasının yuxarı başında oturanların bu şəbəkəylə ciddi əlaqələri var. Əliyev hökuməti isə həqiqi “gülənçi”ləri qorumaq üçün, müxalifəti “gülənçi” adıyla təqdim etməyə başlayıb.
Amma hökumətin qatı sözçüləri, mandat verib parlamentə buraxdıqları adamlar da etiraf edir ki, Gülən tərəfdarları komandanın içindədir. Məsələn, hökumətin deputatı Qüdrət Həsənquliyev müsahibəsində deyir: “2009-cu ildə Atatürk Mərkəzinin dəvəti ilə ”Gülüstan” sarayına Heydər Əliyevlə bağlı tədbirə dəvət almışdım. Orda 1000-ə yaxın adam vardı.  Ölkənin bütün siyasi elitası, gənclər təşkilatları, aparıcı mətbuat orqanları, din xadimləri iştirak edirdi. Tədbitə gələn hər kəsə qovluq verilirdi. Qovluğun içində “Dialoq Avrasiya” jurnalı var idi. Tədbir Heydər Əliyevə həsr olunduğu halda jurnalın üz qabığında Fətullah Gülənin şəkli var idi. Baxdım ki, içəridəki məqalənin cəmi ikisi Heydər Əliyev haqqındadır, qalan bütün məqalələr Gülənin təbliğinə həsr edilmişdi. Heydər Əliyevə həsr olunmuş tədbirdə Gülənin təbliği nə deməkdir? Bu, bütün əndazə, etika və əxlaq prinsiplərinin pozulması idi”.
Göründüyü kimi, hökumətin deputatı da Gülənin ən yüksək səviyyədə təbliğini, bunun arxasında iri məmurların durduğunu etiraf edir. Deputat onu da bildirir ki, Gülənin təbliğinə etiraz etdiyi üçün ona qarşı kampaniya başlanıb, deputat həmkarları ona yol göstərməyə çalışıb, hətta Pensilvaniyaya dəvət edilib...

Cəmil Həsənli: Novruz Məmmədova bəzi xatırlatmalar
meydan.tv   26 avqust 2016

Görünür, bu adamlar gözlərin yumub ağızlarını açanda hansı üfunətin içində olduqlarını çox asanlıqla unudurlar

...Adama deyərlər ki, sənin yerində normal ixtisas təhsili və xarici siyasətin incəliyinə bələd olan bir adam otursaydı, Gülən şəbəkəsi Azərbaycanın dövlət qurumlarına sarmaşıq kimi sirayət etməzdi. Gülən şəbəkəsi heç vaxt, heç yerdə müxalifətlə işləmir, onların strateji hədəfləri dövlət orqanları, hökumət rəsmiləri ilə sıx əlaqələr qurmaqdır. Heç şübhəsiz Gülənin Azərbaycanda ən böyük təşkilatlarından biri Qafqaz Universiteti olubsa, digəri "Dialoq Avrasiya Platforması”dır, Gülənin fəxri sədri olduğu "Qəzetçilər və Yazarlar Vəqfi”nin nəşr etdiyi "Dialoq Avrasiya” jurnalının Azərbaycan təmsilçiliyidir. Azərbaycan hökumətinin rəsmi icazəsi və dəstəyi ilə fəaliyyət göstərən bu təmsilçilik həm də Azərbaycanda Fətullah Gülənə yaxın ən mühüm rəsmi quruluş idi.
Novruz Məmmədov bir özünə sual vermir ki, bir qədər öncə Mustafa Saatçını bu qurumda əvəz etmiş yeni sədr Cəlil Ərdəm ötən ildən başlayaraq bütün görüşlərini niyə dövlət orqanlarında və KİV-lərində, hökumətin nəzarətində olan QHT və mətbuat orqanlarında keçirdi. Bircə müxalifət mediasına da yaxın düşmədi.
Novruz Məmmədov xarici siyasət məsələləri üzrə şöbənin müdiri olmaqla yanaşı, həm də Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavinidir. Məsələn, o, yerində olan adam olsaydı, prezidentə vaxtında məsləhət görərdi ki, Fətullah Gülənin Azərbaycanda əsas təmsilçisi, baş imamı, təhsil məsələləri üzrə əsas əlaqələndiricisi Ənvər Özərənlə birinci şəxs səviyyəsində görüş keçirmək məqbul deyildir. Ölkənin xarici əlaqələrinə məsul olan yüksək vəzifəli bir şəxs AXCP və Milli Şura daxilində gülənçi axtarmaq əvəzinə, onun izahatını verməlidir ki, zərərli dini təmayül üzərində qurulmuş bu qədər xarici təhsil müəssisələri, onların minlərlə xarici əməkdaşları dünyəvi dövlətə necə daxil olub, necə şəbəkələşib? Deyəsən Novruz Məmmədovun xəbəri yoxdur ki, bu şəbəkə onun da təmsil olunduğu dövlətin himayəsində Azərbaycanda o qədər arxayın işləyirdi ki, Orta Asiya respublikaları və Rusiyanın müsəlman muxtariyyətləri üçün imam kadrları hazırlayırdı. Əcəba, bəlkə Gülən şəbəkəsinin beyin mərkəzi hesab edilən Dialoq Avrasiya Platformasının (DAP) hər il müxtəlif yerlərdə keçirilən toplantılarına hökumət və onların “hizmətində” olan QHT, elm, ədəbiyyat və mətbuat nümayəndələrindən ibarət rəsmi heyətləri Milli Şura ilə AXCP göndərir? Bəlkə dəbdəbəli “Gülüstan” sarayını da tədbir keçirmək üçün gülənçilərə Milli Şura ilə AXCP verib? Bu adamlar bu yalanları danışanda anlamırlar ki, məlumatlar mətbuat səhifələrində, internet saytlarının yaddaşında hələ də qalır?! Hətta Bakıda beynəlxalq ictimai təşkilat kimi qələmə verilən Dialoq Avrasiya Platformasının Azərbaycanda Vektormap.az xəritələri hazırlanıb, təşkilatın məlumat mərkəzinə yerləşdirilib. Məsələn, DAP-ın tədbiri ilə Prezident Administrasiyasında yayılan bir məlumata diqqət yetirək: “Noyabrın 13-dən 17-dək Türkiyənin Antalya şəhərində "Dialoq Avrasiya" Platforması çərçivəsində beynəlxalq tədbir keçiriləcək. Prezident Administrasiyasının şöbə müdiri APA-ya açıqlamasında deyib ki, Azərbaycandan bu tədbirdə Prezident Administrasiyası, Milli Məclis, KİV və QHT təmsilçiləri iştirak edəcəkdir”. Gördüyünüz kimi, bu məlumatın ilini göstərmədim. Çünki son 15 ildə bu məlumat hər il Prezident Administrasiyası tərəfindən açıqlanıb və Azərbaycan nümayəndə heyətinə hər il Novruz Məmmədovun çalışdığı Prezident Administrasiyasının yüksək vəzifəli rəsmiləri başçılıq edib. Yaxud digər bir məlumata baxaq: "Dialoq Avrasiya Bakıda “Gülüstan” sarayında növbəti tədbirini keçirdi. Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycanda Dialoq Avrasiyanın təmsilçisi Mustafa Saatçı, "Xəzər" Televiziyası başqanı Hüseyn Dinləməz, Qafqaz Universitetinin rektoru Əhməd Sanıç tədbirdə çıxış etdilər".
Novruz Məmmədov Gülən şəbəkəsinin əsas yayım orqanarından biri kimi "Dialoq Avrasiya” dərgisinin redaksiya heyətinə də göz atsa, bəlkə oradan Azərbaycanın hökumət rəsmilərini, rektorlarını deyil, Milli Şura və AXCP üzvilərindən kimisə tapa bilər? Bəlkə Novruz Məmmədovun xəbəri yoxdur gülənçilərin əsas ideoloji ruporu olan “Xəzər” televiziyasının Azərbaycanda fəaliyyətinə, Qafqaz Universitetinin şəbəkələşməsi üçün Bakı yaxınlığında bu təhsil müəssisinə 20 hektarlıq geniş torpaq sahəsininin verilməsinə, dini təmayüllü nurçu məktəblər şəbəkəsinin yayılmasına sərəncamları da onun içində olduğu rəsmi dövlət orqanları deyil, Milli Şura və AXCP verib? Bəlkə gülənçi şəbəkənin əsas maliyyə qaynağı olan TUSİAB və İPƏK YOLU çatıları altında toplaşan fətullahçı şirkətlərinə böyük maliyyə vəsaitlərindən ibarət olan dövlət sifarişlərini rəsmi dövlət oranları deyil, Milli Şura və AXCP verib? Görünür, bu adamlar gözlərin yumub ağızlarını açanda hansı üfunətin içində olduqlarını çox asanlıqla unudurlar...

İqtidardakı “nurçu savaşı” pik həddə
azadliq.info        07 Mart 2014

Nəhayət, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da iqtidardakı “nurçu savaşı”na münasibət bildirdi. Şöbə müdirinin danışacağı gözlənilən idi. Çünki “nurçu savaşı”nda adı hallandırılan məmurlardan biri də o idi. Hətta bəzi mülahizələrə görə, bu savaşı başladan da elə Əli Həsənovdur.
Hər halda qarşı tərəfin, yəni nurçuluqda ittiham olunan Prezident Administrasiyasının başqa bir şöbə müdiri Elnur Aslanovun və Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədovun açıqlamaları birbaşa Əli Həsənova yönəlmişdi. Bu barədə qəzetimizin ötən saylarında yazmışıq. Ona görə də təkrarçılığa varmadan Əli Həsənovun məsələyə münasibətini oxuculara təqdim etməyi daha məqsədəuyğun bilirik.
Şöbə müdiri Mətbuat Şurasının təşkil etdiyi “Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media” mövzusunda keçirilən konfransda deyib ki, bəzi mətbuat orqanları Prezident Administrasiyasında qarşıdurma olduğunu yazır: “Yazırlar ki, bir şöbə müdiri o birisinə qarşı kompromat aparır. Bu, əsla belə deyil”. O, daha sonra bildirib ki, cəmiyyətdən gələn müəyyən siqnallar var və Prezident Adminsitrasiyasının şöbə müdirləri və digər strukturlar bunları araşdırmalıdır. Əli Həsənov əlavə edib ki, dövlət strukturunda yerləşən məmurun vəzifəsi başqadır, həmin məmurun vəzifəsini həmin strukturun əsasnaməsi, onu vəzifəyə təyin edən və ondan hesabat istəyən adam müəyyən edir: “Biz məmur olaraq Prezident Administrasiyasında yalnız Prezidentin qoyduğu vəzifələri icra etmək üçün məmuruq. Biz bu və ya digər cərəyanlara qoşuluruqsa, artıq məmurluqdan çıxırıq. Biz hər birimiz yalnız məmur olaraq öz funksiyamızın dürüst icrasına cavabdehik. Təəssüflər olsun ki, belə qarşıdurma meylləri də var, belə qarşıdurma meyllərini qızışdırmaq istəyənlər də var. Amma eyni zamanda, həqiqəti danmaq istəyənlər də var. Bu siqnalların içərisində bəzi həqiqət də var. Azərbaycan insanlarının hamısının təfəkkürü, düşüncəsi, bu və ya digər məsələlərə yanaşma meyarları eyni deyil. Bəzi insanlar var ki, sabitdir, inadkardır, qətiyyətlidir, onu doğru yoldan sapdırmaq qətiyyən mümkün deyil. Bəzi insanlar var ki, onunla müvafiq söhbət aparmaqla onun fikrini dəyişmək olar, onu bu və ya digər istiqamətdə istifadə etmək olar. Bu anlamda biz dövlət olaraq bu məsələləri görürük, nəzarətdədir və idarə edirik”.
...Ehtimal olunur ki, Mətbuat Şurasının konfransı sadəcə Əli Həsənovun rəqiblərinə cavab olaraq təşkil edilib. Və konfransa yalnız şöbə müdirinin maraqlarına cavab verən şəxslər dəvət edilib.
Indisə keçək Əli Həsənovun fikirlərinə. Əli Həsənov çox açıq danışıb və onun dediklərini “tərcümə” etməyə ehtiyac yoxdur. O, açıq şəkildə məmurlar arasında nurçuluğa meyllənmənin, hətta Prezident Administrasiyasında belə halların olduğunu təsdiqləyib. Şöbə müdiri yalnız onu inkar edib ki, heç kimə qarşı kompramat savaşı aparmır və bu məsələdə rəqiblərinin ondan şübhələnməsi əsassızdır.
Redaksiyamıza daxil olan məlumatlara görə, qarşı tərəf də Əli Həsənova qarşı ciddi hücuma hazırlaşır. Onlar rəqiblərini Dialoq Avrasiya Platforması ilə “vurmağa” çalışırlar. Bu qurum nurçuların siyasi qolu hesab edilir. Və Platformada Azərbaycandan təmsil olunanların əksəriyyəti – Nizami Cəfərov, Məlahət İbrahimqızı və digərləri Əli Həsənovun daxil olduğu qruplaşmaya yaxındır. Beləliklə, qarşı tərəf Əli Həsənov və təmsil olunduğu qrupun nurçu olduğunu sübut etmək üçün ictimaiyyətə ciddi faktlar təqdim etmək niyyətindədir.
Məlumatlarda o da deyilir ki, əslində bu Əli Həsənov – Elnur Aslanov savaşı deyil. Bu Ramiz Mehdiyevlə Paşayevlər arasında gedən savaşdır. Bu savaşdan kimin qalib çıxması isə Türkiyədəki seçkilərdən asılıdır.
“Rəşad müəllim ekstrasens idi?”
 vizual.az         22.08.2016

''Hətta məndən də şübhələri varsa, məni də araşdırsınlar''

Beynəlxalq ictimai təşkilat olan Dialoq-Avrasiya Platforması (DAP) 15 sentyabr 1998-ci ildə Avropa və Asiyanın müxtəlif ölkələrini təmsil edən jurnalist və yazıçıların İstanbulda keçirilən toplantısında təsis edilib. 
Bu barədə 8 mart 2014-cü ildə Axar.az saytında geniş məqalə dərc edilib (http://axar.az/m/view.php?id=11040).
Məqalədə göstərilir ki, DAP Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. DAP-ın türk versiyasında qurumun Azərbaycan qolu Fətullah Gülənin Azərbaycandakı rəsmi təmsilçiliyi kimi göstərilir. Azərbaycanda bu təşkilatın təsisçisi və fəxri prezidenti sabiq millət vəkili, xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevdir. A.Rzayev bir müddət həmçinin beynəlxalq platformanın başqanı da olub. Son vaxtlara qədər DAP-ın Azərbaycanın Milli Komitəsinə deputat Nizami Cəfərov rəhbərlik edib. DAP İdarə Heyətinin üzvləri sırasında deputat Məlahət Həsənovanın da adı yer alıb.
Meydan TV bununla bağlı Məlahət İbrahimqızıyla (Həsənova) əlaqə saxlayıb.

- Məlahət xanım, Dialoq-Avrasiya Platformasının (DAP) İdarə Heyətinin üzvü kimi təqdim olunursuz. Bu barədə nə deyə bilərsiniz?
- O saxta bir şeydir və bununla bağlı bəyanat da vermişəm.

- Xəbəriniz varmı, Mətbuat Şurası Gülənin Dialoq-Avrasiya Platformasıyla birgə "Həqiqətə xidmətlərinə görə” mükafatı da təsis edib?
- Nə vaxt?

- Bildirilir ki, sonuncu laureatlardan biri "Ədalət" qəzetinin baş redaktoru İradə Tuncay olub. Bu barədə məlumatınız varmı?
- Mən bu barədə məlumatsızam. 2009-cu ildə mediada belə bir məlumat yayılıb və mən də açıqlama vermişəm. Hətta qurumun nümayəndəsi mənə telefonla SMS də göndərib, üzr istəyib ki, adımı qurumun üzvü kimi xatırladıblar.

- Respublika Prokurorluğunun (RP) Fətulla Gülənlə bağlı açdığı cinayət işindən xəbəriniz varmı?
- Mətbuatdan bu barədə oxumuşam. Bir dəqiqə, axar.az bu haqda nə zaman məlumat yayıb?

- İki il əvvəl...
- Aha, 2009-cu il, yox, deyəsən, 2013-cü ildə olub, Türkiyədə 17 dekabr hadisələri zamanı açıqlama vermişəm ki, həmin qurumla heç bir əlaqəm yoxdur.

- Bir daha əvvəlki suala qayıdaq. Açılan cinayət işindən xəbərdarsınızmı?
- Bəli, mətbuatdan oxumuşam.

- AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirov və bir sıravi cəbhəçi həbs olunub, bilirsizmi?
- Onların hamısını mətbuatdan oxumuşam. Kimliyindən asılı olmayaraq FƏTO-nun ocağına kimsə su tökübsə, o, qanun qarşısında cavab verməlidir. Əgər xatırlayırsınızsa, 17 dekabr Türkiyə hadisələrindən sonra Azərbaycanda da bir neçə nəfər işindən uzaqlaşdırıldı...

- Bəli, o zaman deputat olan Rəbiyyət Aslanovanın oğlu Elnur Aslanov işdən uzaqlaşdırıldı...
- Bilmirəm, bir neçə nəfər var idi. Onda mənim adımı mətbuatda yazmışdılar, açıqlama verdim və onlara sərt mesaj göndərdim. Hətta Nizami Cəfərov mənə zəng edib dedi ki, sən niyə onlara reaksiya verirsən, boş burax getsin. İndi məni belə məsələlər narahat etmir, çünki hamı nurçunun, FƏTO-çunun kim olduğunu bilir.

- Saytın məlumatına görə, Nizami Cəfərov Dialoq-Avrasiya Platforması (DAP) İdarə Heyətinin sədri, Anar Rzayev isə fəxri başqanı olub. Yazılanlar düzdürmü?
- Bilirsiniz, 2-3 il əvvəl Türkiyə rəsmiləri də həmin məktəblərə dəstək verib, bütün respublika üzrə ziyalılar onların tədbirlərinə qatılırdı.

- O zaman niyə yalnız AXCP sədri Əli Kərimlinin köməkçisinə cinayət işi açılır?Axı deputat həmkarınız Fazil Mustafanın (http://www.fgulen.com/az/metbuat/xeberler/44988-fazil-mustafa-erdogan-on-min-azerbaycanli-usagi-gulleletdi) , "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin nurçuluq haqda yazıları olub... (http://www.fgulen.com/az/metbuat/kose-yazilari/43359-nurculuq-budursa).
- Bir dəqiqə, tədbirdə iştirak etmək cinayət deyil. Mən deputatam, sabah azərbaycanlı uşaqların təhsil aldığı məktəbə dəvət etsələr, rədd etməliyəm?!

- Məlahət xanım, dünənə qədər Fətullah Gülənə tərif deyənlər haqda susurlar, amma müxalifətçini həbs edirlər. Bunu necə qiymətləndirirsiniz?
- Siz məni təxribata çəkirsiniz. Sual verirsiniz, cavab verirəm. Bir daha deyirəm, kimsə məktəbin açılışında iştirak edirsə, bu, o demək deyil ki, Fətullahçıdır. Həmin universitetlərə, məktəblərə millət vəkilləri, QHT üzvləri, siyasi xadimlər də dəvət olunur, hamı da iştirak edir. İndi o demək deyil ki, buna görə hamı tutulmalıdır. Araşdırma aparılır. Ola bilər ki, heç bir tədbirdə iştirak etməyənin məsuliyyəti var. Yəni iştirak etməyib, amma ciddi işbirliyi var. Mən yenə bir şey deyə bilmərəm. Əgər Respublika Prokurorluğu cinayət işi qaldırıbsa,hamını araşdırsın. Hətta məndən də şübhələri varsa, məni də araşdırsınlar.

- Məsələ ondadır ki, Fətullah Gülənlə bağlı sayt var və orda adlarını çəkdiyim şəxslərin yazıları dərc olunub...
- Nə saytdır?

-http://www.fgulen.com/az/ adlanır...
- İndi də varmı, Azərbaycan dilindədirmi?

- Bəli.
- Bəlkə Amerikada açıblar. Bu sayt harda qeydiyyatdan keçib, onu bilirsinizmi?

- Xeyr, bilmirəm. Hər halda cinayət işini Respublika Prokurorluğu açıb, bu qurum da araşdırmalıdır...
- Demirəm ki, siz araşdırın. İçində də məlumat varmı? Fazil Mustafa, Rəşad Məcid həmin sayta nə zaman müsahibə verib?

- Müsahibə verməyiblər, məqalələri dərc olunub.
- Nə zaman?

- 2014-cü ilin martında.
- Ona görə soruşuram ki, məlum 17 dekabr hadisələrinə qədər Fətullah Gülənin örgütüylə bağlı heç bir məlumat yox idi. Nə bilsinlər ki, belə olacaq. Rəşad müəllim ekstrasens idimi? Türkiyə dövləti 17 dekabr hadisələrindən sonra Güləni rəsmi olaraq cinayətkar şəbəkə qurmaqda ittiham etdi. Axı siz niyə Azərbaycanda ajiotaj yaradırsınız?

- Mən ajiotaj yaratmıram, sual verirəm. Soruşuram ki, Gülənlə bağlı məqalərlər yazanlar məlumdursa, niyə müxalifətçilər həbs olunmalıdır?
- Özünüz dediniz ki, Elnur Aslanovu çıxardılar.O, müxalifətçi idi?

- Çıxartmadılar, indi də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində işləyir.
- İndi çıxardıblar, o demək deyil ki, asmalıdırlar, kəsməlidirlər.

- Mən sual verirəm ki, cinayət işi niyə müxalifətçiyə açılır?
- Siz nəyə görə bu məsələni siyasiləşdirirsiniz?..
DA - yeni insan, fədakar ruh, sevgi bəstəsi, müqəddəs vəzifə

Müəllif: Zaman Azərbaycan Tarix: 01.05.2009. Kateqoriya Xəbərlər

Milli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir çərçivəsində “İslam mədəniyyəti və müasir dünyada dialoq” mövzusunda konfrans da təşkil olundu.
Aprelin 30-da “Gülüstan” sarayında Dialoq Avrasiya Platforması (DA) və “Dialoq Avrasiya” dərgisinin Azərbaycanda fəaliyyətinin 10-cu ilinin tamam olması münasibətilə təntənəli tədbir keçirildi. Milli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir çərçivəsində “İslam mədəniyyəti və müasir dünyada dialoq” mövzusunda konfrans da təşkil olundu. Konfransda Azərbaycan, Türkiyə və Rusiyanın tanınmış ictimai xadimləri, elm adamları, Milli Məclisin üzvləri, eləcə də üç səmavi dinin icma rəhbərləri iştirak ediblər.

“DA sülh və qarşılıqlı sevgiyə xidmət edən bir platformadır”

DA-nın Azərbaycan üzrə Milli Komitəsinin (MK) sədri, millət vəkili Nizami Cəfərovun sözlərinə görə, bu qurum fəaliyyətə başladığı ilk gündən bəri dünyanın bir sıra xalqlarının ziyalılarını, dialoqsevərlərini bir araya gətirib. O dedi ki, DA qarşılıqlı sevgi üzərində qurulan, xoşmərama əsaslanan bir platformadır. “Bu platforma heç bir ölkənin və təşkilatın daxili işlərinə qarışmayan, siyasi hədəfləri olmayan, insanlar arasında ədaləti və sevgini təbliğ edən, cəmiyyətlərə və dinlərə xoş münasibət bəsləyən, sülh və qarşılıqlı sevgiyə xidmət edən bir platformadır”, - deyən N. Cəfərov bildşrşb ki, DA-nın onillik tarixi mütərəqqi və insanpərvər olub.
Platformanın eyni adlı dərgisinin olduğunu deyən komitə sədri bu dərginin 2000-ci ildə keçirilən  təqdimetmə mərasimində sabiq prezident Heydər Əliyevin də iştirak etdiyini xatırlatdı. “Bu jurnal türk və rus dillərində Avrasiyanın 16 ölkəsində nəşr olunmaqdadır. Jurnalın hər sayında Avrasiyanın qəlbi olan Azərbaycanın tarixi, mədəniyyəti, təhsili, iqtisadiyyatı ilə bağlı tanınmış şəxslərin və yazıçıların məqalələri dərc olunur”, - deyə o qeyd etdi və ümumiyyətlə, Azərbaycan DA-nın işində fəal iştirak edir: “Çünki Azərbaycan mahiyyətcə bir dialoq ölkəsidir”.

“DA-nın dünya arenasına çıxa bilməsi üçün ilk dəfə ümummilli lider Heydər Əliyev yaşıl işıq yandırdı”

DA-nın Azərbaycanda məhz Heydər Əliyevin qayğısı sayəsində fəaliyyətə başladığını deyən platformanın Azərbaycan üzrə MK-nın katibi Mustafa Saatçı: “DA-nın dünya arenasına çıxa bilməsi üçün ilk dəfə ümummilli lider Heydər Əliyev yaşıl işıq yandırdı”, - söylədi. M. Saatçı ötən illər ərzində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Demokratiyaya gedən yol” və Baş nazirin müavini Elçin Əfəndiyevin “Ədəbi düşüncələr” kitablarının türk dilinə tərcümə olunaraq yayıldığını da xatırlatdı. “Ümumilikdə isə jurnalımızın işıq üzü gördüyü on il ərzində Azərbaycan ilə bağlı 110 məqalə və müsahibə dərc olunub. Platformanın toplantılarında Azərbaycanın nümayəndə heyəti fəal iştirak edib”, - o dedi.
Sonra o, Baş nazirin müavini Elçin Əfəndiyevin konfrans iştirakçılarına təbrik məktubunu oxudu.

“DA Platforması Avropa və Asiya arasında mənəvi körpüdür”

Daha sonra söz DA-nın sabiq sədri, Azərbaycan Yazıçılar Birliyinin rəhbəri Anar Rzayevə söz verildi. DA Platformasını Avropa və Asiya arasında mənəvi körpüyə bənzədən yazıçı bu qurumun və dərginin öz missiyasını şərəflə yerinə yetirdiyini vurğuladı. O, DA çərçivəsi altında Avrasiya məkanında rus və türk dillərində danışan və ya bu dilləri anlayan xalqlar arasında dialoqun qurulması üçün cəhd göstərildiyini söylədi.
Anar sözlərini Nazim Hikmətin şeiri ilə tamamladı:
“Yaşam - bir ağac təki tək və hür / Və bir orman kimi qardaşcasına. Hər bir xalqın arzusu bu misralarda öz əksini tapıb. DA-nın məqsədi və niyyəti də budur”.

“DA Heydər Əliyev və Fəthullah Gülən arasında da bir körpü qurub”

Türkiyə Akademik Araşdırmalar Vəqfinin (AAV) başqanı Əli Bayram isə çıxışının böyük hissəsini Heydər Əliyev ilə qlobal dialoq təşəbbüskarı olan Fəthullah Gülən arasındakı münasibətlərə həsr etdi. O dedi ki, DA-nın qurduğu körpülərdən biri də məhz bu iki şəxsiyyət arasında olub. “Fəthullah Gülənin Heydər Əliyevə olan rəğbətini Türkiyədə başqa heç kimdə görmədim”, - deyən AAV rəhbəri bu rəğbətin qarşılıqlı olduğunu söylədi: “Heydər Əliyevin prezident seçilməsi münasibətilə keçirilən mərasimdə iştirak etmək üçün Bakıya gəlmişdim. Onda Heydər Əliyev əlini çiynimə qoyub dedi: “Xoca Fəthullah sadəcə Türkiyənin, Azərbaycanın, Qafqazın, Avrasiyanın deyil, bütün dünyanın qəbul edəcəyi böyük şəxsiyyət olacaq. Onun adına beynəlxalq platformalarda, böyük universitetlərdə konfranslar həyata keçiriləcək, onun ideyalarına insanlar sahib çıxacaqlar. Məndən ona çox-çox salam apar”. Mən də Fəthullah Gülənin onun haqqında fikirlərini ona çatdırdım”.

“Dialoq cəmiyyətlər arasında ortaq hərəkət yolunu müəyyənləşdirməkdir”

Azərbaycan Prezidentinin Administrasiyasının (PA) İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov DA-nın aktual məkanı və mövzunu əhatə etdiyini söylədi. “Dialoq müasir dünyada insanlara və cəmiyyətlərə indiyə qədər təklif olunan ən dəyərli fəaliyyət növüdür. Ona görə də insanlar arasında ünsiyyətin ən təkmil formasını təklif edənlər məhz dialoq tərəfdarlarıdır”, - deyən Ə. Həsənov tarix boyu öz ideologiyasını zorla başqalarına qəbul etdirmək istəyənlərin uğursuzluğa düçar olduqlarını söylədi: “Dialoq cəmiyyətlər arasında ortaq hərəkət yolunu müəyyənləşdirməkdir, ortaq tolerantlıq normalarını tapıb birgə yaşayışı təmin etməkdir”. PA rəsmisi DA-nın ortaya çıxdığı ilk gündən onun ilk dəstəkləyicilərindən birinin Heydər Əliyev, eləcə də Azərbaycan dövləti olduğunu da xatırlatdı. Ə. Həsənovun fikrincə, hərtərəfli dialoqa nail olmaq üçün cəmiyyətlər, dinlər və mədəniyyətlərarası inteqrasiyanın siyasi, iqtisadi və sosial aspektlərini bütünlüklə nəzərə almaq lazımdır.

“DA yeni bir insan modelidir”

DA-nın həmsədri Harun Tokak çıxışına Heydər Əliyevin on il əvvəl dediyi sözlərlə başladı: “Hələ on il əvvəl milli lider Heydər Əliyev demişdi ki, DA əsla siyasətə girməməlidir. Bu gün də DA onun müəyyənləşdirdiyi yolda əmin şəkildə irəliləməkdədir”. O, DA-nın fəlsəfəsini də açıqladı. “DA-da kin və nifrətə yer yoxdur. DA keçmişin acı dərslərindən ibrət alıb, gələcəyin gözəlliklərinə doğru yürüyür. DA müqəddəs bir vəzifədir. Bu hamımızın vəzifəsidir və bu vəzifə təxirə salına bilməz. Biz bu işi görməsək, keçmişdə olduğu kimi, gələcəkdə də çox acılar yaşayacağıq. DA özündə sevgi ehtiva edən bir ruhdur. DA sadəcə bizim bölgəmizi deyil, bütün dünyanı aydınladacaq bir nurdur. DA yeni bir anlayışdır. DA yeni bir insan modelidir. DA irqinə, dininə, rənginə görə heç kimə düşmən olmamaqdır. Yer üzü Allahındır. DA sinaqoq, kilsə və məsciddə insanların yan-yana ibadət etmələrini təmin edən bir ruhdur. Bir kişi və bir qadının evlənməsindən bir uşaq doğulur, xalqların bir araya gəlməsindən isə insanlıq doğulur. DA həyatını başqalarına həsr edən fədakar bir ruhdur. DA içində sevgi bəstəsi olan bir mahnıdır. Bu mahnı Xəzərdən yüksəlir. İlk dəfə bir dövlət başçısı (Heydər Əliyev nəzərdə tutulur-red.) bu işə dəstək vermişdir. Bu, bir uzaqgörənlik və bəsirətdir. Dünyada hər şey siyasətlə həll olunmur. Problemlərin həlli üçün sivil fəaliyyətlərə də ehtiyac olduğunu deyən bir dövlət adamının dəstəklədiyi bir fəaliyyətdir DA”. H. Tokak çıxışını bu sözlərlə tamamladı: “Qəbul etsək də, etməsək də, dünyaya yeni bir insan modeli gəlir və bu insanın qəlbində yalnız sevgi var. DA da bu missiyanı daşıyır. Bu yolda irəliləyərkən ayağımıza tikan batır, razıyıq. Yoxsa, bu tikanlar qəlbimizə batacaq”.

İqtisadi böhran mənəvi tənəzzülün əxzidir

Sankt-Peterburqdan gələn qonaq, jurnalist Natalya Abelstva hazırda yaşanan qlobal iqtisadi böhranının əsl kökünün mənəvi tənəzzül olduğunu söylədi. “Əslində indiki vəziyyət mənəvi böhranın iqtisadiyyatdakı təzahürüdür”, - deyən rus jurnalist Fəthullah Gülənin mənəvi rəhbərliyi ilə dünyanın bir çox ölkəsində fəaliyyət göstərən liseylərin insanların bir araya gəlmələri üçün mənəvi zəmin hazırladığını vurğuladı.
Digər rusiyalı qonaq Yevgeni Dugin də dünyada yeni ideyaların daima Þərqdən gəldiyini xatırladaraq, Fəthullah Gülənin ideyalarının bu baxımdan mütərəqqi olduğunu bildirdi.

“Tolerantlıq mədəniyyətlər arasındakı oxşar tərəfləri üzə çıxarmaqdır”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov hələ də dünyada dialoq və tolerantlıq baxımından ciddi problemlərin olduğunu söylədi. O, bunu dünyada dinlərin və mədəniyyətlərin siyasiləşdirilməsi üçün ciddi cəhdlərin olması ilə əlaqələndirdi. “Tolerantlıq mədəniyyətlər arasındakı fərqlilikləri qabartmaq demək deyil, oxşar tərəfləri üzə çıxarmaqdır”, - deyən H. Orucovun fikrincə, dialoq üçün insanların ortaq dəyərlərini bir araya gətirmək lazımdır. /fgulen.com/

Комментариев нет:

Отправить комментарий