Страницы

05.09.2016

“Mətanət-A” şirkəti Gülənçilərə bağlıdır?

Bugünlərdə Azərbaycan Baş Prokurorluğu FETÖ-çülərə qarşı cinayət işi başlanması haqda rəsmi məlumat yaydı. Maraqlıdır ki, cinayət işinin başlanması haqda rəsmi məlumatda heç bir ad çəkilmir, hətta hansı maddələrlə cinayət işi başlandığı da məxfi saxlanılır. 
“Yeni Müsavat”a daxil olan məlumata görə, adların çəkilməməsi, maddənin açıqlanmaması FETÖ-çülərin Azərbaycandakı qruplaşmasına daxil olanları duyuq salmamağa görədir. Artıq bir neçə şəxsin istintaqa çağırılaraq dindirilməsi haqda məlumatlar var. Prosesin yarımgizli şəkildə aparılması kimlərsə duyuq salıb ölkədən qaçmağa sövq etməməyə hesablanıb. Gələn məlumatlara görə, 10-a yaxın FETÖ tərəfdarının ölkədən çıxışına qadağa qoyulub. Həmin şəxslər ölkə sərhədlərini aşmağa çalışdıqları zaman onlara STOP qoyulduğunu biləcəklər.
Bu proses hər ötən gün genişlənir. Əslində Azərbaycanda FETÖ araşdırmaları 2 il əvvəldən başlayıb. 2014-cü ildə Bakıda FETÖ daha çox “Xidmət Hərəkatı” kimi tanınırdı və ardıcılları hələ o vaxt hədəfə gəlmişdilər. Həmin dövrdə başladılan araşdırmalar çərçivəsində Azərbaycan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, Dini Komitənin rəhbəri Elşad İskəndərov və başqaları tutduqları vəzifələri itirdilər. Məsələ o dövrdə kimlərinsə qandallanmasına qədər gedib çıxmadı. 
Hazırda isə durum fərqlidir. Türkiyədə FETÖ-çülərin hərbçilərin çiyinləri üzərində dövlət çevrilişinə cəhd etməsi ölkənin hüquq-mühafizə orqanlarını onlara qarşı genişmiqyaslı, daha sərt şəkildə addımlar atılması əmrinin verilməsini şərtləndirib.
Türkiyə ilə yanaşı, FETÖ-çülərin sıza bildikləri bütün dövlətlərdə belə araşdırmalar gedir və Azərbaycanda da artıq cinayət işi başlanıb. FETÖ-çülərin ölkəmizdə bir çox sahələrdə özlərinə mövqe tutmaları haqda məlumatlar illərdir ki, dövriyyədədir. İş dünyasında da FETÖ-çülərin olması yeni xəbər deyil.
Azərbaycanın bir neçə iri şirkətinin adı Fətullah Gülən örgütü ilə bu və ya digər şəkildə işbirliyində hallanır. Redaksiyamıza daxil olan məlumata görə, belə şirkətlərdən biri də tikinti sektorunda istehsal etdiyi mal çeşidlərinə görə inhisarçı mövqeyə sahib olan “Mətanət-A” şirkətidir. İstintaqçıların bu şirkətin qapısına dayandıqları da gələn məlumatlar sırasındadır. Türkiyə tərəfindən Azərbaycan tərəfinə bu şirkətlə bağlı araşdırma aparmaq, hətta lazım gələrsə həbsləri gerçəkləşdirmək xahişinin gəldiyi də bildirilir.
“Mətanət A” şirkətinin adı vaxtaşırı yerli mətbuatda neqativ planda xatırlansa da, şirkət rəsmilərinin “Xidmət Hərəkatı” ilə əlaqələri haqda məlumatlar ilk dəfədir ki, yayılır. Məsələn, 2013-cü il noyabrın 26-da “Yeni Müsavat” qəzetində “”Mətanət A” şirkəti ittihamlara cavab verə bilmədi” sərlövhəli yazı dərc edilib. Həmi yazıda şirkətin prezidenti Elxan Bəşirovla qardaşı olan vitse-prezidenti Fuad Bəşirovun şirkətdə dözülməz mühit yaratdıqlarından söhbət açılır.
Bu yazıdan 2 il əvvəl, 2011-ci ilin oktyabrında “Yeni Müsavat”da “”Mətanət-A” ilə işçisi arasında pul qalmaqalı” sərlövhəli yazıda şirkətin işçisinə əmək haqqını ödəməkdən yayındığı diqqətə çatdırılırdı. 
“Mətənat-A” rəhbərlərinin Fətullah Gülən şəbəkəsinə bağlılığı haqda hər hansı bir məlumatlar yox idi. Şirkət rəhbərliyi illərlə özünü Azərbaycanın nüfuzlu generallarından birinin qohumu kimi qələmə verirdi. Gələn məlumatlar onu söyləməyə əsas verir ki, əslində şirkət rəhbərliyinin gücü Türkiyədə şəbəkələşmiş FETÖ-çülərlə əlaqələrə söykənirmiş. 
F.Gülən şəbəkəsinin əsas özəlliklərindən biri gizliliyin çox ciddi şəkildə qorunmasıdır. Elə bu gizliliyi təmin etmək üçün “Xidmət Hərəkatı”nın üzvlərinə ifşa olunmamaları üçün istənilən addımı atmaq, yerli hakimiyyətlərin yanında yer almaq, hətta lazım gəlsə, Fətullah Gülən əleyhinə danışmağa, bu topluma məxsus bütün dəyərlərdən imtina etməyə icazə verilir. Təşkilatdan kimsə ifşa olunarsa, “Xidmət Hərəkatı”nın ciddi ziyan görməməsi üçün Pensilvaniyaya bağlı çoxlu sayda şəbəkələr qurulur və onların biri digərindən xəbərsiz olur.
Qeyd edək ki, Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin tərəfdarlarının Azərbaycanda qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Gununsesi.info-nun əməkdaşı cinayət işində kimlərin adının keçməsi ilə bağlı sualla Baş Prokurorluğun mətbuat xidmətinə müraciət edib. Xidmət rəhbəri Eldar Sultanov iş üzrə barələrində cinayət təqibi başladılan şəxslər haqda məlumat verməyib. E.Sultanov bunu istintaq sirri adlandırıb: “Əgər məsləhət olsaydı, Cinayət Məcəlləsinin müvafiq maddələrinin adını yazardıq. Deməli, bu, məqsədəuyğun deyil”.
Siyahıda ictimai əhəmiyyət kəsb edən tanınmışlardan kimlərin adının olmasına gəlincə, E.Sultanov qeyd edib ki, bu, istintaq sirridir: “Bu haqda məlumatsızam. Əgər kiminsə belə şəxslər haqda məlumatı varsa, onların adlarını deməklə istintaqa yardım etmiş olacaq. Belə şəxslərə hədiyyə də veriləcək”. /musavat.com/

Комментариев нет:

Отправить комментарий