Страницы

11.09.2016

Qiyamçılar oteldə Ərdoğanın oxşarının cəsədinə aldanıb, onu ölmüş bildilər

Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd zamanı Marmarisdə oteldə istirahət edən prezident Rəcəb Tayyip Ərdoğana sui-qəsd təşkil olunub. Lakin sui-qəsdi həyata keçirməyə gələn qiyamçılara öncə oteli tərk edən Ərdoğanın xilas ola bildiyi deyilir.
Türkiyədəki çevrilişə cəhd zamanı tanınmış jurnalist Həmid Herisçinin sosial şəbəkədə tez-tez paylaşdığı statusları isə olduqca maraqlı və iddialı idi. O, admiral.az-a açıqlamasında bildirib ki,  FETÖ dövlət çevrilişi zamanı “Facebook”a çoxsaylı məxfi informasiya ötürüb və hər biri öz təsdiqini tapıb: “Əslində sui-qəsdçilərin hədəfi Ərdoğanı qətlə yetirmək idi. Dövlət çevrilişinə isə onlar hazır deyildilər. Türkiyədə çevrilişə cəhd zamanı sui-qəsdçilər Marmarisdəki otelə hücum edirlər. Bu zaman onlar yanlış informasiya ilə məlumatlandırılırlar. Guya Ərdoğan qətlə yetirilib. Məncə, onlara Ərdoğanın yalançı kuklası, yaxud cəsədi sərgilənmişdi. Sui-qəsdçilər də buna aldanıb çevriliş siqnalını lazımı ünvana ötürürlər. Yəni rus kəşfiyyatı FETÖ-çuları bununla aldadır, tələ qurur. Ərdoğanı xilas edib başqa otelə köçürür. Əməliyyat başa çatarkən Ərdoğana ilk olaraq Putinin zəng etməsi də təsadüfi deyil”.
Həmid Herisçi iddia edir ki, Putin əslində siyasətçi yox, kəşfiyyatçıdır: “Putin əks-kəşfiyyatçıdır. Bütün planlarını kəşfiyyat əməliyyatı kimi qurur. Türkiyədəki əməliyyatın müəllifi də elə o özüdür. Putin səhnəyə hərbi qüvvə əvəzinə kəşfiyyatçılarını yeridir”.
Onun sözlərinə görə, Ərdoğanı oteldən rus kəşfiyyatçısı xilas edib: “Onun adı Yuriy Ştodenkodur. O, Rusiya Baş Kəşfiyyat İdarəsi tabeçiliyindəki xüsusi təyinatlı 25-ci briqadanın rəisidir. Ərdoğanı məhz Marmarisdəki “Granda Yazıcı Club Turban” otelindən çıxarıb “Casa De Maris” otelinə evakuasiya edən də odur”- deyə jurnalist iddia edir.
H.Herisçi Türkiyədəki çevriliş zamanı Moskvada Lavrovla Kerri arasında gərgin danışıqlara diqqət çəkir: “Ərdoğanın Marmarisdə qaldığı otelə hücum zamanı danışıqlar lap kəllə-çarxa çıxır. Bəlli olur ki, ruslar Amerika kəşfiyyatının planlarını alt-üst ediblər. Rusiyanın Suriyadakı Xmeymim bazası ilə Amerikanın İncirlik bazası əslində üz-üzə durmuş iki əks qütbdür. Rusların bu bazadan göndərdiyi xüsusi siqnallar türk xuntasını, sui-qəsdçiləri, İncirlik bazasını kor edib. Nəticədə hərbçilərin çevrilişi baş tutmayıb. Təyyarələrin, helikopterlərin idarəsi pozulub. Təyyarələrə yanlış əmrlər göndərilib. Ərdoğanın hərbi yavəri xuntaçıların casusu idi. Bunu bilən Ərdoğan ona dezinformasiya göndərib. Nəticədə xunta aladanılıb, elə bilib Ərdoğan məhz bu təyyarədədir. Təyyarəni İncirlikdən qalxacaq pilotlar vurmalıymış. Ancaq rusların yanlış siqnalları onları aldadıb. Əslində, qəsdçilər ancaq Ərdoğanı öldürmək istəyiblər. Üsyan, dərbə planları olmayıb. Onlara yanlış informasiya daxil olub ki, bəs Ərdoğan öldürüldü. Yalnız bu əmri alınca, xunta üsyana başlayıb. Və tələyə düşüb. Yenə də deyirəm, əsas dava İncirlik bazası ilə Xmeyimdəki rusların arasında gedib. Ərdoğanın artıq rus QRU-su tərəfindən qorunduğu haqda məlumat alan Mərkəzi Kəşfiyyat İdarəsi hadisələri tezləşdirmək qərarına gəldi. Türkiyə ordusu əsgərləri Mərkəzi Kəşfiyyat İdarəsi işçilərinin rəhbərliyi altında Grand Yazici Club Turban otelə hücum edən zaman Ərdoğan artıq rus kəşfiyyatçısı tərəfindən oteldən çıxarılıb, başqa yerə aparılmışdı. Hücum zamanı oteli qoruyan polislərlə əsgərlər arasında şiddətli döyüş oldu, çoxlu polis işçisi öldü, amma hücum edənlər bilmirdilər ki, Ərdoğan artıq oteldə yoxdur. QRU zabitləri Ərdoğanı “Casa De Maris” otelinə aparıb orda müdafiə mövqeyi tutmuşdular. Hücum zamanı Türkiyə ordusu əsgərlərinin çoxu məhv edildi, sağ qalanlar qaçaraq vertolyota doluşdular, təcili dənizin üstü ilə uçaraq özlərini Yunanıstana çatdırdılar. Amma bu yaxınlarda Putinlə dostluq münasibəti qurmuş Yunanıstanın baş naziri Aleksis Çipras onları həbs etdirib Türkiyəyə təhvil verdi. Artıq baş tutmayan çevrilişə görə Türkiyədə 6 min adam həbs olunubdur. Ölkədə NATO-nun agentura şəbəkəsi demək olar ki, tamamilə sıradan çıxarılıb. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Türkiyədəki əsas agentləri polkovnik Ali Yazıcı (Ərdoğanın baş yavəri), general İshak Dayıoğlu (Balıkesir aviasiyasının komandiri) və general Akın Öztürk (hərbi hava qüvvələri komandanı) həbs olunubdur. Türkiyədə həyata keçirilən bu əməliyyat zamanı Rusiya Müdafiə Nazirliyinin əsas narahatlığı İncirlik hərbi bazası ilə əlaqədar idi. İncirlik hərbi bazasında 90 ədəd V61 tipli atom bombası vardır. Onlardan 50-si ABŞ təyyarələrinin, 40-ı isə Türkiyə təyyarələrinin atması üçün nəzərdə tutulubdur. Hadisələrdən bir müddət qabaq ABŞ hərbçiləri tam döyüş hazırlığına gətirilərək bazanı qorusalar da, baza hal-hazırda tam nəzarət altına alınıbdır. İncirlik hərbi bazasına rəhbərlik edən general Bekir Ercan Van həbs olunubdur. İncirlik artıq rus kəşfiyyatının mühasirəsindədir”, - deyə o bildirib.
Onun fikrincə, Moskva ilə Vaşinqton dağıdıcı qüvvələrdir: “Lakin Moskva qlobal sistemləri, Vaşinqton ölkələri parçalamaq istəyir. Buna siyasətdə “DEFRAQMENTEZASİYA” deyirlər. Futboldan sonra, dünya siyasi çempionatı davam edir. Britanyadan sonra Türkiyə oyunu tərk edir. Hesab 2-0 Putinin xeyrinədir. İlk dəfə 907-ci ildə Kiyev knyazı Oleq İstanbula, boğazlara nəzarəti həyata keçirir. Bizansı yenib, öz qalxanını İstanbul qala qapılarına mıxlayır. Sonra onun bu hünərini heç bir rus çarı təkrarlaya bilmir. Ancaq Lenin 1922-23-cü illərdə Atatürkə arxalanaraq bunu yenidən təkrarlayır. İstanbul, boğazlar üzərində kontrolu bərpa edir. Nəticədə 3-cü Romanı- SSRİ-ni yaradır. Lenindən sonra bu cəhdi Putin də təkrarlamaq istəyir. Ərdoğanı xilas edib hakimiyyətə qaytaran Putin, indi öz qalxanını İstanbul qala qapılarına mıxlamış ikinci Oleqi xatırladır. Bunu ciddi geopolitik qələbə də hesab etmək olar”.
Putinlə Ərdoğanın əsas hədəfinə gəlincə isə H.Herisçi qeyd edib ki, indi əsas məqsəd amerikapərəst İstanbul patriarxı Varfolomeyi başqa birisi ilə əvəz etməkdir: “Fəthullah Gülən ətrafında gedən amansız ticarətdə, Ərdoğan məhz bu kartdan istifadə etməyə məhkumdur. Putinə isə bu, Rusiya imperiyasının taxt-tacını vəd edir. Bizans dirilib özünə ikinci həyat qazanır- Rusiya-Türkiyə işbirliyi əsasında”.
H.Herisçi qeyd edib ki, iki NATO mövcuddur: “Biri aşkar, üzdə, rəsmi Brüsseldəki rəsmi NATO-dur. İkinci NATO isə tam məxfidir. Türkiyədəki bu gizli NATO “Ergenekon” adlanırdı. Əvvəlcə bu gizli NATO kommunistlərə qarşı fəaliyyət göstərirdi və strategiyaları gərginliyi artırmaq idi. “Bulanıq suda kommunistləri qanunsuzcasına qətlə yetirmək”. Əməliyyatlarını adətən “yalançıbayraq” kodu ilə aparardılar. Başqa bir təşkilatın adını törətdikləri terror olaylarına qatırdılar. Məsələn, Bolnya vağzalında 1969-cu ildə bu gizli NATO özü partlayış törətmişdi ki, kommunistlər qanuni yolla hakimiyyətə gələ bilməsinlər. Həmin üsulu, həmin dəsti-xətti bu gizli NATO, “Ergenekon” indi Türkiyədə həyata keçirir. İŞİD-çilər adı altında Atatürk hava limanında və digər yerlərdə partlayışlar törədir, gərginliyi artırırdılar. Və bununla da Ərdoğanı günahlandırırdılar və s. və ilaxır. Dövləti abırdan salır, sonra çevrilişə girişirdilər. Türkiyədə bu hadisələr 80-ci illərdə kommunistlərə qarşı həyata keçirilirdi. İndi bu siyasəti “Ergenokon”, gizli NATO Ərdoğana, AK Partiyaya qarşı işlədir. İndi bu gizli paralel hökuməti Ərdoğanı səhnədən silir”- deyə jurnalist qeyd edib.
Jurnalist hadisələr zamanı rus mətbuatının Putinin mətbuat katibi Dmitri Peskovun bığını qırxan yerdə fotosunu yaymasına diqqət çəkib: “Əslində bu foto əməliyyatın uğurla bitməyi barədə gizli mesajdır. Dmitri Peskov Türkiyə üzrə gözəl mütəxəssisdir, türkoloqdur. Əməliyyatı da görünür birbaşa məhz o kurasiya edib”.
Onun sözlərinə görə, Ərdoğan əldə olan ciddi məlumatlara görə bu çevrilişə əvvəlcədən mane olmadı: “Əksinə şərait yaratdı. Hətta çevrilişin vaxtını da özü göstərdi. Sui-qəsdçiləri özü idarə etdi. Aldanmış həriflər hərəkətə keçincə tələyə düşdülər. Bu cür oxşar əməliyyat 1991-ci ildə SSRİ-də keçirilmişdi (QKÇP). 1917-ci ildə oxşar əməliyyat general Kornilovun qiyamında özünü göstərmiş, bolşeviklərin hakimiyyətə yiyələnməsi ilə nəticələnmişdi. Atatürk Türkiyəsi tarixə qovuşdu. Azərbaycan yeni Türkiyə ilə yeni münasibətlərə məhkumdu. Bu cür əməliyyatlara adətən ölkənin siyasi kursunu dəyişərkən əl atırlar”,- deyə o bildirib.

Gülnar Babazadə           admiral.az

Комментариев нет:

Отправить комментарий