Страницы

20.09.2016

Razi Nurullayev: Azərbaycanda hər 5 intihardan 4-ü ancaq və ancaq banklara borc ucbatındandır

Ölkə əhalisinin böyük əksəriyyəti banklardan asılı vəziyyətdədir. Banklar dollar satışını demək olar ki, dayandırıb, ancaq qara bazarda kifayət qədər dollar tapmaq olar. Təbii ki, baha qiymətə. Ekspertlər iddia edir ki, qara bazardakı dollarlar bankların hərracdan əldə etdiyi pullardır. Ölkənin bank sistemi, vətəndaşların banklardan asılılğı barədə AXCP sədri Razi Nurullayev olke.az-a danışıb.
"Azərbaycanda bu günlərdə müzakirə edilən problemlərdən biri də banklardır. Hər mediada yazılır ki, Beynəlxalq bankın keçmiş rəhbəri Cahangir Hacıyev sürücülərindən, qohum-əqrabasından belə milyonlarla vəsaiti mənimsəyib və yaxud aidiyyatı üzrə xərcləməyib. Bu məndə bir az da olsa gülüş doğurur. Sanki Azərbaycanda yaşanan problemlərin hamısının baiskarı Cahangir Hacıyevdir.
Cahangir Havıyev tək, arxası olmadan, kiməsə güvənmədən, kiminləsə bölüşmədən bu haqsızlıqları və qanunsuzluqları edə bilməzdi. O zaman Azərbaycanda 43 bank var idi. Əgər bağlanan banklarla bərabər o 43 bankın hamısı yoxlanılsa idi, bəlkə də Beynəlxalq Bankdan da pis vəziyyət ortaya çıxardı. Onlar da büdcə pullarını, əmanətləri, aldıqları kreditləri, başqa mənbələrdən əldə etdikləri pulların hamısını aidiyyatı üzrə xərcləməyiblər. Hər bir kəs o pulları atasının malı kimi xərcləyib. Azərbaycanın bu günə düşməsində bütün bankların payı var. Ölkədə dollar yoxdur, dollar qıtlığı var, ancaq hər dəfə oxuyuruq ki, Mərkəzi Bank banklara 40, 50, 60 milyon kredit verir. Həmin pullar banklar vasitəsi ilə əhaliyə satılmır. Daha çox pul qazanmaq üçün banklar həmin pulları qara bazar vasitəsi ilə digər əllərə ötürürlər. Bu gün də bankların quldurluğu, vəhşiliyi, Azərbaycan xalqını soyması prosesi davam edir. Hakimiyyətin bu vəziyyətə seyirci qalması insanları təəccübləndirir.
Təbii ki, bankları birdən birə bağlamaq olmaz. Bankların sağlamlaşdırılması prosesi lap əvvəldən başlamalı idi. Hesab edirəm ki, bu gün də atılan addımlar bankların sağlamlaşdırılmasına xidmət etmir. Banklar sağlamlaşmır.
Biz bilirik ki, hər bir məmurun, nazirin bankı var idi. Əgər bu proses başlamasa idi hər bir icra başçısının, icra başçısının müavininin bankı olacaqdı. Bir zamanlar Azərbaycanda belə bir mod var idi ki, hər bir məmurun şadlıq evi, restoranı olmalı idi və hamısının da var idi. Sonradan bu moddan düşdükdən sonra bank sisteminə keçdilər. Hər bir kəsin özünün şəxsi bankı olmalı idi. Məmurlar aldıqları rüşvətləri, çirkli pulları öz bankları vasitəsi ilə yuyurdular.
Banklarla bağlı çox ciddi tədbirlər davam etməlidir. Azərbaycanda 10 milyon əhali var. 10 milyon əhali üçün 36 bankın olması çox böyük bir rəqəmdir. Azərbaycan kimi bir ölkəyə 10-15 bankın olması hələ böyük bir rəqəmdir. Pulların bu şəkildə dağıdılması, hər bir kəsin adına bank açılması, özlərinin çirkli pullarını banklar vasitəsi ilə yuması Azərbacanın problemini daha da dərinləşdirəcək.
Vətəndaşların bank borcları ilə bağlı danışan AXCP sədri bildirdi ki, bu gün Azərbaycan əhalisi bankların girovuna çevrilib.
"Vətəndaş bankdan 1 000, 5 000 dollar kredit götürüb əvvəlki kursla həmin pulu ödəyib, ancaq bank yenə deyir ki, sən mənə 1 000, 5 000 manat borclusan. Əslində isə həmin pul köhnə kursla ödənilib qurtarıb. Bu halın olması dövlətin maliyə sisteminin böhranıdır. Bunun əhaliyə heç bir aidiyyatı olmamalıdır. Hakimiyyət, hökümət özü xalqın bu bəlasını çəkməlidir. Vətəndaş bankdan 5 000 dollar götürübsə və o zaman bu 4 000 manat dəyərində idisə bu gün o insan 5 000 manat ödəyib, bundan sonra da 5 000 manat ödəyəcəksə, təbii ki, gedib intihar edəcək. Cəmiyyətdə kifayət qədər intiharlar baş verir. Hər 5 intihardan 4-ü ancaq və ancaq banklara borc ucbatındandır. Bu gün Azərbaycan bankları Azərbaycan əhalisinin qatilinə çevrilməkdədirlər. Hakimiyyət bununla bağlı bir addım atmayacaqsa, insanların kreditlərinin bağışlanılması və yaxud köhnə kursla ödənilməsinə şərait yaratmayacaqlarsa, ölkədə böhran dərinləşəcək. Bundan sonra da ölkədə nələr baş verəcəksə məsuliyyəti hakimiyyətin üzərində qalacaq. Hakimiyyət xalqı da, vətəndaşı da düşünməlidir. Vətəndaşların bu problemi ilə bağlı kəskin bir addım atmalıdır".

Комментариев нет:

Отправить комментарий