Страницы

22.09.2016

Əsl KQB qayıdır, FHN ləğv olunur, xeyli general kresloları ilə vidalaşacaq

Rusiyada güc strukturlarında və  hüquq-mühafizə orqanlarında irimiqyaslı islahatlar hazırlanır. Virtualaz.org xəbər verir ki, bu haqda “Kommersant” Kremldəki və digər strukturlardakı mənbələrə istinadən yazır.
Gözlənilir ki, 2018-ci il prezident seçkilərinə qədər indiki Federal Təhlükəsizlik Xidmətinin bazasında Dövlət Təhlükəsizliyi Nazirliyi yaradılacaq. Federal Mühafizə Xidməti və Xarici Kəşfiyyat Xidməti bu nazirliyin tərkibinə daxil olacaq. İstintaq Komitəsi bu orqana nəzarət edən Baş Prokurorluğun tərkibinə veriləcək. Fövqəladə Hallar Nazirliyi ləğv olunacaq, onun funksiyaları Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi arasında bölünəcək.
Plana əsasən yeni yaradılacaq Dövlət Təhlükəsizliyi Nazirliyi sovet KQB-si kimi geniş səlahiyyətlərə malik olacaq. Bu nazirlik səs-küylü cinayət işləri öz nəzarətinə götürmək və təhqiqatın bütün mərhələlərinə nəzarət etmək imkanı qazanacaq. Bu radikal islahatlar planı güc və hüquq-mühafizə orqanlarında daha effektiv idarəçiliyə nail olmaq, bu orqanlarda korrupsiyanın kökünü kəsmək üçün hesablanıb.
Xatırladaq ki, son vaxtlar Rusiyanın hüquq-mühafizə strukturları ciddi korrupsiya qalmaqalları ilə üzləşib. “Şakro Moldoy” ləqəbli məşhur kriminal avtoritet Zaxari Kalaşovun FTX tərəfindən həbs olunması İstintaq Komitəsinin yüksək vəzifəli generalları ilə kriminal qruplaşmalarla əlaqələri ortaya çıxarıb. Məlum olub ki, Zaxari Kalaşov İstintaq Komitəsinin yüksək vəzifəli əməkdaşı, general Denis Nikandorova italiyalı biznesmeni həbsdən buraxdırmaq üçün 1 milyon dollar rüşvət verib. “Şakro Molodoy”un işi üzrə Nikandrov da daxil olmaqla İstintaq Komitəsinin 4 vəzifəlisi həbs olunub.
Habelə məlum olub ki, “Şakro Molodoy” Azərbaycan əsilli yəhudi milyarderlər Roman və Solomon Manaşirov qardaşlarına “krışalıq” edib, Manaşirovlar isə hüquq-mühafizə orqanlarındakı əlaqələri vasitəsilə iri biznesmenlərə əvvəl problem yaradıb, sonra problemi pulla həll etməklə məşğul idi.
Digər korrupsiya qalmaqalı isə bu günlərdə DİN-in “T” idarəsinin (antikorrupsiya idarəsi) rəis müavini, polkovnik Zaxarçenkonun həbsi ilə başlayıb. Zaxarçenkonun evində 120 milyon dollar və 2 milyon avro nəğd pul tapılıb, onun qohumlarının İsveçrədəki hesablarında isə daha 300 milyon dollar aşkar edilib. Hazırda bu pulların mənşəyi araşdırılır.
“Kommersant” yazır ki, hüquq-mühafizə və güc strukturlarında islahat hazırlığı prezident Putinin fərmanı ilə Federal Miqrasiya Xidmətinin və Narkotiklərə qarşı Federal Mübarizə Xidmətinin ləğv edilməsindən sonra başlayıb. Onların funksiyaları DİN-ə verilib. DİN-in daxili qoşunlarının və bəzi digər bölmələrinin əsasında geniş səlahiyyətlərə malik Milli Qvardiya yaradılıb.
İndi isə FTX-yə faktiki olaraq sovet KQB-sinin səlahiyyətlərinin qaytarılmasından söhbət gedir. Yeni yaradılacaq Dövlət Təhlükəsizliyi Nazirliyi bütün digər güc və hüquq-mühafizə orqanlarına faktiki nəzarət edəcək, onların təhlükəsizliyi üçün cavabdehlik daşıyacaq. Artıq indidən əsasən korrupsiya ilə bağlı olan səs-küylü cinayət işləri FTX-nin nəzarətinə verilir. Mənbələr bildiriblər ki, islahatlar çərçivəsində hüquq-mühafizə və güc strukturlarının indiki rəhbərlərinin əksəriyyəti vəzifələrini itirəcəklər. Onlardan biri də İstintaq Komitəsinin rəhbəri, Putinin tələbə yoldaşı Aleksandr Bastrıkin olacaq. Məlumatlara görə ona artıq eyham ediblər ki, yeni strukturda formal vəzifədə qala bilər.
Xatırladaq ki, Azərbaycanda fəaliyyətinə xitam verilmiş MTN-in rəhbərliyində formalaşmış  qanqsterlər qruplaşmasının zərərsizləşdirilməsindən sonra prezident İlham Əliyev bu strukturu ləğv edib. Onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

F.Məmmədov     virtualaz.org

Комментариев нет:

Отправить комментарий