Страницы

22.10.2016

Azərbaycanlılar ermənilərlə birlikdə bütün dünya üzrə aksiya keçirirlər

Vahan Martirosyan

Necə alındısa, onilliklər boyunca sülh və əminamanlıq şəraitində yaşayan, dostluq edən və bir-birinin köməyinə gələn iki xalq az bir müddət ərzində düşmənə çevrildi.
İndi tənbəllik etməyən hər kəs tarixi ürəyi istədiyi kimi yenidən yazır, hər iki tərəfdən xüsusilə prinsipial “vətənpərvərlər” isə sübut etməyə çalışırlar ki, ermənilərlə azərbaycanlılar arasında dostluq heç vaxt olmayıb və ola da bilməz. Ermənistanın ikinci prezidenti Robert Koçaryanın bir zamanlar dediyi kimi, bu xalqlar “genetik cəhətdən uyuşmazdır”.
Lakin buna necə göz yumasan ki, Bakıda, Yerevanda ermənilər və azərbaycanlılar bir yerdə yaşayıb, bir yerdə işləyiblər, oxuyublar. Bütün Qafqazda bundan möhkəm dostluq münasibətləri yox idi. Nəyə görəsə indi minlərlə qarışıq nikah, Ermənistandakı onlarla Azərbaycan məktəbi, elə bu qədər də Azərbaycandakı erməni məktəbi unudulur.
Yerevandakı Azərbaycan Dövlər Dram Teatrının tamaşaları erməni sənətsevərlər arasında həmişə maraqla və böyük uğurla qarşılanırdı. 1928-ci ildən düz 1988-ci ilə qədər!
Bakının mərkəzindəki indiyə kimi qalan erməni kilsəsini, oradakı Ermənikənd bazarını necə unudasan? Azərbaycan və erməni xalqlarının daimi düşmənliyi barədə danışanlar bircə dəfə də olsa bütün dünyanı fəth etmiş məşhur Müslüm Maqomayev-Arno Babacanyan yaradıcı tandeminin ifasına qulaq assaydılar, pis olmazdı.
Uydurma “genetik uyuşmazlığı” təkzib edən bu cür yüzlərlə misal gətirmək olar. Azərbaycanlılarla ermənilər arasında süni olaraq yaradılmış problemi SSRİ xalq artisti Armen Borisoviç Ciqarxanyan gözəl ifadə etmişdi. Öz müsahibələrinin birində o deyirdi: “Bizi küsdürüblər, bizə elə bil mikrob yeridiblər. Biz düşmən ola bilməzdik”.
Elə həmin dahi Müslüm Maqomayev nə vaxtsa qüssə ilə demişdi: “Bakıda hər şey yaxşı idi, orada bütöv erməni məhəllələri vardı, sonra hamı ağlını itirdi”.
Yadımdadır, bir dəfə tanış yerevanlılardan biri dedi: “Əvvəllər biz azərbaycanlılarla qonşu idik, evlərimizin arasında heç hasar da olmazdı. İndi azərbaycanlıları qovublar, yalnız ermənilər qalıb, evlərin arasında 3 metrlik hasarlar tikilir”.
Buradan hansı nəticə çıxır? Bəlkə Armen Borisoviç haqlıdır? Bizə doğrudan da hansısa mikrobu yeridiblər və aramızı vurublar? Və biz, ermənilər və azərbaycanlılar belə zəif olmuşuq ki, bu təxribata qurban getmişik?
...O vaxtkı hadisələri düşünərkən anlayırsan ki, elementar təşviqat, təxribat və adicə yalanlar vasitəsilə erməniləri məcburən inandırdılar ki, azərbaycanlılar onların düşmənidir. Hər şey bir vaxtlar qorxunc doktor Göbbelsin dediyi kimi oldu: “Mənə kütləvi informasiya vasitələrini verin, istənilən xalqı bir sürü donuza çevirim”.
Bədbəxtlikdən, Ermənistan və Azərbaycan bu gün də müharibə vəziyyətindədir. İmperiya qüvvələri tərəfindən qızışdırılmış və dəstəklənən müharibə vəziyyətində. O müharibə ki, on minlərlə gəncin, qadının, qocanın həyatına bais olub və olmaqdadır.
Dağlıq Qarabağ münaqişəsi mənim ölkəmin və həmvətənlərimin həyatını cəhənnəmə çevirib, lakin Ermənistanda çox az kimsə bunu dilinə gətirə bilir, daha dəqiq desək, bunu deməyə heç kim cürət etməz. Əks halda, totalitar rejim maşını həmin cürətli şəxsiyyəti bir erməni və vətənpərvər kimi əzib heç edər və xalqın düşməninə çevirər.
Amma bilirsiniz, son vaxtlar sevinc hissi keçirirəm: getdikcə daha çox insan belə fikrə gəlir ki, xalqlarımız arasında düşmənçilik süni olaraq yaradılıb və biz, ermənilər və azərbaycanlılar, nəhayət, sağlam düşüncə nümayiş etdirib, bizə sırınmış çağırışlardan xilas olmalıyıq.
Bu gün mən sizə sülh qəlyanını çəkmək üçün olmasa da, onu tütünlə doldurmağa cəhd üçün səbəb təqdim etmək istəyirəm. İctimai fəallar- dünyanın onlarla ölkəsində yaşayan ermənilər və azərbaycanlılar bəyan edirlər ki, onların arasında heç bir problem yoxdur və xalqlarımıza sırınmış bu müharibəni bitirməyin vaxtıdır. Həmin aksiyalar ABŞ-da, Almaniyada, Ukraynada, Finlandiyada, Azərbaycanda, Gürcüstanda, Bolqarıstanda, Moldovada, Belarusda, Rusiyada və bir çox başqa ölkələrdə keçirilib.
Çox ümid edirəm ki, bu nümunəyə dünyanın başqa yerlərində yaşayan ermənilər və azərbaycanlılar da qoşulacaq və biz nəhayət ki, yenidən sülh və doqtluq şəraitində yaşayacağıq.

http://m.virtualaz.org/uzbeuz/80251

Комментариев нет:

Отправить комментарий