Страницы

01.10.2016

Təsəvvür edin indi Stalin sağdır

Elxan Xəlilov

Sabahınız xeyir olsun, ey Şərqdə ilk demokratik ölkə olan Azərbaycanın bəxtəvər insanları... Bu gün hamınıza bol qazanc və xoş xəbərlər arzulayıram.
***
Həqiqətən də türk və ingilisləri yaxından tanıyandan sonra ruslara hörmətim daha da artıb. Çox təmiz və saf millətdir. Bir rus köpəkoğlu görməzsən ki, Bakının ortasında lotu-lotu gəzsin və cavan qızları burda pis yola çəksin. Bu türk, amerikan, ingilis dılğırları Bakıda görmədikləri günləri yaşayır. Bu bədbəxt rus dünyanın yiyəsidir, amma heç sovet vaxtı da belə şeylər etməyib. Əksinə bizimkilər orda edib... Həm pul qazanmışıq orda, həm kefə baxmışıq. İndi həmin şeyləri Bakıda çağırılmamış qonaqlarımız- osmanlılar və ingilislər edir... Nə əxlaq, namus var idi, rusun vaxtında getdi. İndi baxın bütün Dubay, İstanbul bizim qadınlardır. Kim deyir ki, Sovet vaxti milli mədəniyyətimiz, ləyaqətimiz ayaq altında idi? Millət mənəviyyatsızlaşır, milli mentalitetə çoxdan tüpürülüb. Fikrimcə, xalqımız milli ləyaqətinin, mədəni irsinin, adət və ənənəsinin qorunmasına görə məhz Sovet dövlətinə borcludur. Yoxsa çoxdan itmişdi... Amma biz o dövləti söyürük ki bizi istismar altında saxlamısan.
***
Deyirlər Sovet zalim idi. Xalqlar istismar olunurdu, insan hüquqlari pozulurdu... Mənim atam Sovet vaxtı 2 ev almışdı. Bağımız var idi, maşınımız (VAZ-03) var idi. Nə vaxt istəsək Moskvaya, Pyatiqorskiyə, Leninqrada gedə bilirdik. Evimiz də ən son təmir... Sadə, ortastatistik sovet ailəsi idik... Kənddə arvad 10 uşaq doğurdu, hökumət Jiquli verirdi. İndi bir uşağa süd pulu vermir. Niyə söyürsüz bu dövləti? Xalqları istismar edirdi? Xalqları elə Sovet dövləti adam etməyib? Zorla pulsuz təhsil, pulsuz səhiyye verirdi- bu idi istismar? Kim deyir Sovet dövrü quru maaş idi? SSRİ yeganə dövlət idi ki, süpürgəçiden tutmuş 1-ci katibə qədər hamı dartırdı evə... Hamı dolanırdı. Atam Pyatiqorsk, Yesentuki, Soçi, Yaltanın pulsuz sanatoriyalarına gedirdi. Guya dövlət orqanları bilmirdi ki camaat necə dolanır? Sadəcə quduranların başını üzürdü... 1991-də pullar dəyişiləndə adi avtobus şoferinin evindən yastıqlarla pullar çıxdı. Hansı insan hüquqları pozulurdu ki, adi mağazalarda şikayət kitabçası var idi! Növbəyə hamilə qadınlar,veteranlar durmurdu. Moskvada qırmızı pasportla elə gəzirdik elə bil öz dədəmizin evidir. Kim bir söz deyə bilərdi? Hamı dolanirdi. Bütün Bakı bilirdi ki, Nizami kinoteatrının qabağında bir arvad Marlboro və başqa qadağan olunmuş siqaret satır- KQB bilmirdi? Sadəcə göz yumulurdu. Rüsvət Azərbaycanda həmişə olub- amma Rusiyada, Ukraynada bunlar yox idi. Biz rüşvətxor millətik, AMİ, NARXOZ pullu idi- buna Sovet neyləsin, rus neyləsin? Qanımizda var, alverçi millətik... İndi də Sovetin verdiyi pulsuz evdə yaşayıram. Sovetin ali məktəbində pulsuz təhsil almışam. Uşaqlığımız gözəl və qayğısız keçib. Niyə söyməliyəm mən bu dövləti?
***
Təsəvvür edin indi Stalin sağdır və Bakının meri bir küçəyə 5 dəfə asfalt çəkdirir... Adi nazir balasi 300 minlik maşında gəzir. Nazir balası 1 milyonluq ayı əti yeyir. Nazirlər villalar tikdirir, yaxtalarda gəzir, super həyat sürür, xalq isə aclıq içindədir... Belə şey təsəvvür edə bilərsinizmi? Hansı yaxşı dövr idi görəsən? O dövr, yoxsa bu dövr?.. Məndə müstəqillik tərəfdarı olmuşam, amma bilsəydim belə olacaq, heç Azadlıq deyə qışqırmazdım. İnstitutda müxalif partiyanın özək sədri idim. Azadlıqdan, müstəqillikdən məndən çox danışan yox idi. Tələbə yoldaşlarımı da qınayırdım ki, passivsiniz, bədbəxtsiniz, kənarda durmusuz… İndi hərdən uşaqlarla görüşəndə soruşurlar nə oldu? Bundan ötrü mubarizə aparırdız? Deyirəm, düzdür aglımız olmayıb, SSRİ-dən yaxşı dövlət olmayıb… Heç nəyin qədrini bilməmişik. Oturduğumuz budağı özümüz kəsmişik. Hesabına aldığımız evdı yaşaya-yaşaya, pulsuz oxuya-oxuya söymüşük… Hər hansı bir vətəndaş dunyanın 6/1 hissəsi olan ərazidə rahat yasaya, karyera qura, ev ala, evlənə bilərdi... Bakıda da, Çukotkada da şərtlər eyni idi... Çunki biz Sovet vətəndaşı idik. İndi necədir vəziyyət? Doğrudan adam fikirləşəndə havalanır.
***
Basıb yeyən icra hakimlərini, eşşəklərinin ağzındakı dişləri də qızıldan olan nazir və harınlamış, qudurmuş, əsgərlikdə belə olmayan nazir balalarını görəndə şəhidlərin qanı yerde qalmaz sözu gülməli gəlir mənə...
***
İndi hamı yazır ki, İsvecde belə, Norveçdə elə... Halbuki SSRİ-də tamamilə hər şey pulsuz idi. Qəndin qiyməti burda da məsəlçün 60 qəpik idi, dünyanın o başında Vladovostokda da 60 qəpik idi. Qlobusda baxsan, SSRİ-nin hər iki ucu dünyanın yumru halında birləşib bir-birinə dəyirdi. Belə bir ölkə necə qayda-qanun, saat mexanizmi ilə idarə olunurdu! Bir balaca torpağımıza sahib ola bilmirik, ay kişi...
***
Bir həftə olmadı ki, qəndin qiyməti də qalxdı, pesok da qalxdı, siqaretlər də qalxdı, ərzaq malları qalxdı, dollar da qalxdı, “Neftçi” də birdən dağıldı, oyunçular hərəsi bir tərəfə qaçdılar. Bu nə məsələdir? Qoyub getmək də olmur... Rəsulzade yaxşı deyib, bizdə bir kərə qalxan bir daha enmir... Fikir verirəm, qoyun sürüsünün isti başına vurduqca lap başlarını bir-birinə dirəyib mal kimi kimi dayanırlar. Birinin də ağlına gəlmir ki gedib kölgədə zadda dursun. Qoyun ki qoyun.
***
Əvvəl hər şey Vətən üçün idi. İndi hər şey turistlər üçün...
***
Bəh bəh bəh! Sabirabaddan, Beyləqandan, İmişlidən, Ağsudan gələn qonaqlar, Azərbaycanın bütün bölgələrindən millət axışıb Mikayılın verilişinə! Bəh bəh, xalqda birliyə, mütəşəkkilliyə bax! Belə xalqı yıxmaqmı olar? Çalıb oxuyan kim, rəqs edib oynayan kim... Belə xalqı məğlub etmək olar? Xalq Mikayılın ətrafında sıx birləşib...
***
Gözünüz aydın, daha hər yerdə vayfay olacaq... Xalq sevinir... Əşşi, aclıq olsun, kef olsun... Əsas odur ki turistlər narazı qalmasın...
***
Tariximizdə iki lider olub, ikisi də milləti ən çətin dövrdə qoyub qaçıb. Biri Elçibəy olub, digəri Rəsulzadə...
***
Əsl tarixləri oxumaq lazımdır. Biz ölürük kimisə bütləşdirməkdən ötrü. Rəsulzadə mexaniki qurulan bir dövlətin Milli Şurada deputatların səs çoxluğu ilə seçilmiş Şura sədri olub. Nə mübarizə aparıb, nə qan töküb.
***
Qonşunun oğlu 10-cu sinifə keçib. Soruşuram Rəsulzadə kimdir. Deyir deyəsən BDU-nun rektoru olub, çıxardıblar sonra... Savadsızlıq basıb gənc uşaqları. Çox uzağa getmirəm, öz uşağıma Stalinin şəklini göstərirəm, deyirəm bu kimdir? Deyir nəsə tanış gəlir. Halbuki bu il ali məktəbə qəbul olub. Onları qınamıram. Təhsil nazirliyi hər il test kitablarını dəyişir, uşaq da çaş-baş qalır, valideyn də sökülür kitab almaqdan. Alverdir əməlli-başlı. Biz bir kitabla bütün nəsli yola verirdik. Başım çıxmır tarix dəyişirmi, cografiya dəyişirmi, riyaziyyat dəyişirmi sən hər il test kitablarını dəyişirsən? Keçən il o biri usağa aldığım kitablar bu il balacaya lazım olmadı, yenidən kitablar aldım. Evdə 1000 manatlıq kitablar var. Tüpürələr sizin təhsil sisteminizə. Keçid balını 150 etdilər, elə bil kartof satırlar, axşam bazarıdır. Gəl ay müştəri 150 etdim balı. 7300 yer boş qalıb özəllərdə, deyir gəlin doluşun bura. Banka girin, sələmə girin, nə edirsiz edin, gətirin tökün biz də yeyək. Xüsusi adamlar var, imtahanlarda elə əməliyyatlar aparırlar ki uşaq getsin düşsün özələ... İndi pulsuza düşmək üçün uşaq ya gərək Olimpiya çempionu olsun, ya 6-7 metr havaya tullana bilsin, ya nəsə qeyri-adi bir şey bacarsın... Bizim adımızi nahaq yerə Azərbaycan milləti qoymayıblar. Hər şeyimiz alverdi. Təhsilimiz də, səhiyyəmiz də, torpaqlarımız da... Pul, pul, pul! Gələn il 100 bal olacaq, sonra ümumiyyətlə attestatla qəbul olacaqlar... Müsibətlər hələ onda olacaq. Qeyd edim, bəyənmədikləri Sovet təhsil sistemi İsveçdə, Finlyandiyada uğurla həyata kecirilir.
***
Millət tupoylaşır. Kor millətçilik, savadsızlıq, din əvəzinə nurçuluq və vahhabilik... Bunlar olan yerdə heç nəyə ayıq baxmaq olmur.

Комментариев нет:

Отправить комментарий