Страницы

16.10.2016

YAXŞI Kİ BİLMİRİK...

Bəxtiyar Vahabzadə

İmkanın həddini bilsə də insan
Xəyala, arzuya yenə təşnədir.
Bizi yuxularda kama çatdıran,
Arzunu güldürən yuxular nədir?

Sonsuz arzularla həyat tək olsa
O şırın olmazdı yuxular kimi.
Yuxular həmişə əgər çin olsa
Yaşamaq insanı bezdirməzdimi?

Ömrümüz boyunca xeyirdən, şərdən
Könül, bir möcüzə gözləyir nəsə.
Yaşamaq, əzaba dönərdi, hərdən
Xəyala gələnlər başa gəlməsə.

Xəyal– qovulduqca qaçan bir pəri
Bəzən kül üfürür gözlərimizə.
Alıb əlimizdən nəqd günləri
Nisyə gələcəyi bəxş edir bizə.

Al-əlvan boyalı düşüncələrdən
Bəzən yol salırıq toy-düyünlərə.
Qanadlı, qanadsız yuxular bəzən
Şəkər damcılayır acı günlərə.

Yuxular qoynunda qol açıb qonaq
Arzu gülşəninin çiçəkliyinə.
Bu ki günah deyil... Bəzən aldanaq
Şirin yuxuların gerçəkliyinə.

Ürəkdə doğulan sirli bir səs
Uyuruq ...
Bilmirik hardandır bu səs?
Əgər öz yuxumda uçan mənəmsə
Onda çarpayıda yatan kimdi bəs?

Biz hələ bilmirik nədir bu axın?–
Dolan, o tərəfdən boşalır yenə.
Biz hələ bilmirik öz dünyamızın
Bu tayında nə var, o tayında nə?

Çox şeyi bilmirik,
Sirlər qatbaqat.
Bitməsin insanın arzusu, dərdi.
Yaxşı ki, bilmirik ...
                           Yoxsa bu həyat
Necə adiləşər, sadələşərdi.

Комментариев нет:

Отправить комментарий