Страницы

12.11.2016

Ağasəlim Əmri Binəli - HƏR ŞEY VƏTƏN ÜÇÜN

“Hər şey Vətən üçün” – budur ən ali şüarım,
Sənsən şərəfim, izzətim, eşqimlə vüqarım,
Uğrunda verim can, ola qoynunda məzarım,
Mən aşiqinəm, sən mənim öz sevgili yarım,
Məndən ala bilməz səni biganə, mənimsən,
Can Azəribaycan, Ana yurdum, Vətənimsən.

Cənnət desəm ünvanına, səhv etmərəm əsla,
Can tazələnir hüsnünə etdikcə təmaşa,
Eşqindi sənin bəxş eləyən ömrümə mə`na,
Mən eşqin ilə şurə gələn bülbüli – şeyda,
Sən bağu Behiştim, əbədiyyət çəmənimsən,
Can Azəribaycan, Ana yurdum, Vətənimsən.

Gəldim qədəmim şövq ilə toprağına qoydum,
Sevginlə göz açdım, səni gördüm, sənə uydum,
Səndən, dilim ağzımda yanar, söyləsə doydum,
Fani olub eşqində, bəqa zövqünü duydum,
Sən varlığımın mənşəyi, ruhum, bədənimsən,
Can Azəribaycan, Ana yurdum, Vətənimsən.

Səndən uzaq, Əmri sürəcək ömrünü kövrək,
Yetmək olar ancaq sənə, qəlbindəki istək,
Hicrinlə verər can, diləyi olmasa gerçək,
Səndən alıram kam, Ana qoynundan uşaq tək,
Sən qəm dolu dünyada, pənahım, güvənimsən,
Can Azəribaycan, Ana yurdum, Vətənimsən.

Комментариев нет:

Отправить комментарий