Страницы

23.11.2016

Bakıda təhlükəli binalar

«Bakı şəhəri baş plansız, ekspertizasız tikilir. Pul, gəlir dalınca qaçaraq insanların həmin evlərdə necə yaşayacağını, onların aqibətini fikirləşmirlər. Şəhərin mərkəzində çoxlu binalar inşa olunur, amma yeni kommunikasiya sistemi yoxdur. Yeni kanalizasiya, nov, su xətlərinin çəkilməsi ilə heç kim məşğul olmur. Əgər əvvəllər həmin yerdə Sovet dövründə tikilmiş beşmərtəbə bina var idisə və orada yüz ailə yaşayırdısa, indi yerində yeni 22 mərtəbəli bina tikilir, lakin kommunikasiya sistemi əvvəlki kimi saxlanılır. Yeni çoxmərtəbəli bina daha çox sakin deməkdir, bu binalara artıq böyük diametrli yeni borular, novlar lazımdır. Kommunikasiyanın rekonstruksiyasını aparmadan bina tikmək olmaz. Bakıda həmçinin binaların bir-birinə çox yaxın tikilməsi təəccübləndirir. Binaları yan-yana tikirlər ki, bu da gün işığının qarşısını alırlar. Belə olmaz. Bundan başqa, Bakının kosmosdan müşahidəsinin nəticələri göstərir ki, şəhər sürüşmə baxımından da təhlükəlidir. Bakının, Maxaçqalanın və ümumilikdə Xəzər dənizinin sahilyanı ərazisi sürüşmə zonası hesab olunur. Bakıda maksimum 12-16 mərtəbəli binalar tikmək olar. Əgər dəqiq ekspertiza aparılsa və tikilən binalarla bağlı laborator rəy verilsə, binaların 90%-i sökülməli olacaq. Avropanın, Rusiyanın şəhərlərinə baxıb nümunə götürmək lazımdır. Binaların bu qədər yaxın tikilməsi yolverilməzdir. Allah eləməsin, bir hadisə baş versə, bu binalar bir-birinin üstünə aşacaq və artıq kimsəni xilas etmək mümkün olmayacaq. Dəhşətlisi isə odur ki, heç kəs bu özbaşınalığa görə məsuliyyət daşımır və heç kəs buna son qoymur».

Söyün Sadıqov

Комментариев нет:

Отправить комментарий