Страницы

20.11.2016

Bələdiyyələrin soyğunçuluğu - Su qiymətinə götürüb, od qiymətinə satırlar

İbrahim Hümbətov

 Bolqarıstanın məşhur istirahət mərkəzi olan Varna şəhərində bir eşşək həmin ölkədə keçiriləcək seçkilərdə bələdiyyə sədrliyinə namizəd göstərilmişdi. Mətbuatın verdiyi xəbərə görə, Marko adlı eşşəyin namizədliyini irəli sürən Yeni Bolqarıstan Partiyası Varnanın hazırki bələdiyyə sədrinin öz vəzifəsinin öhdəsindən gəlmədiyini düşünürək, etiraz reaksiyası olsun deyə bu qərarı qəbul etmişdi. Partiyanın seçki kampaniyasını aparan A.Dyanko olduqca tikanlı danışmışdı: “Digər bütün namizədlərin əksinə, Markonun (yəni eşşəyin) çox güclü bir xarakteri var. Çox işləməyə meyllidir. Oğurluq etmir, rüşvət almır, hər kəlmə başı çirtqozluq edib özündən çıxmır, yalan danışmır, böyüklərin qarşısında əyilib, seçicilərin qarşısında qudurğanlıq etmir”. 
 Bolqarıstanda və xaricdə medianın əsas mövzusu olan bələdiyyə sədrliyinə namizəd Markonun seçildiyi təqdirdə Varnada getdikcə azalan yaşıllıqlar üzündən işinin olduqca çətin olacağı bildirilirdi. Başqa tərəfdən Varna bələdiyyəsinin hazırki sədrinin rəqibi Marko ilə birlikdə seçicilərin qarşısına çıxmaq istəmədiyi xəbər verilirdi.
 Burada deyirlər ki, yada düşür xatirələr. Artıq bizdəki bələdiyyə seçkilərindən uzun müddət keçir. Bir neçə bələdiyyəni çıxmaq şərti ilə əksər bələdiyyə sədrləri icra hakimiyyətinin əl uşağına çevrilmişdir. Çünki onları xalq seçməyib, həmin icra başçıları seçib. Hansını dindirirsən, zır-zır zarıyır ki büdcəsində heç nə yoxdur, dolana bilmirlər. Suallar doğur:
-Heç nə qazanmırlarsa, özlərinə əmək haqqını haradan yazırlar?
-Əmək haqqı yazmırlarsa, bəs haradan, necə dolanırlar?
-Bu vəzifə belə “çörəksiz” idisə həmin posta seçilmək üçün dəridən-qabıqdan niyə çıxırdılar?
-Niyə fəaliyyətlərində aşkarlıq yoxdur? İndi ən elementar peşə sahibləri, hətta “küçə uşaqları” da sayt yaradıb. Elektron ünvanları daşa-divara yazıblar. Bunlar da saytlarını yaradıb ora yerləşdirsinlər ki, nə qədər həyətyanı torpaq satıblar, icarəyə neçə hektar torpaq veriblər, dükanlardan yığdıqları pulları necə xərcləyiblər, yola 5 maşın qum töküb onu 15 maşın kimi necə sənədləşdiriblər, yaxud 50 manatlıq işləri 150 manatdan necə “oformit” ediblər?
 Bunu edə bilmirlər. Çünki əksəriyyətinin fikri-zikri icra hakimiyyətinə yarınmaq, xalqa isə dirsək göstərmək, seçkiləri saxtalaşdırmaqda bəzilərinin işinə yarımaqdır.
 Son illər müzakirə olanan əsas məsələlərdən biri əhalinin əkib becərməli olduğu torpaqların məmurların əlinə keçməsidir. 30 min hektar əkin sahəsi olan məmurlar var. Bu gün ayrı-ayrı rayonlarda yaradılan təsərrüfatların sahibləri hökumətdə işləyən yüksək çinli məmurlardır. Axı bu məmurların təsərrüfatlara nəzarət etmək, biznesin yaxşılaşdırılması, məhsulun keyfiyyətinin artırılması istiqamətində hər hansı addım ata bilmələri üçün vaxtları yoxdur. Onlar nazir, yaxud nazir müavini kimi verilən vəzifənin öhdəsindən gəlmək üçün bütün günlərini paytaxt Bakıda keçirirlər. Həmin təsərrüfatlarda hər an situasiya dəyişir. Yəni, hər an lazımi qərarlar verməyə ehtiyac yaranır, məmurlar isə sahədə olmur. Xüsusilə iqlim dəyişikliyi müşahidə edilən bir dövrdə buna uyğun olaraq tez-tez dəyişik qərar vermək lazım gəlir. Hansısa ehtiyacın ödənilməsi 1-2 gün gecikəndə məhsuldarlıq həmin an aşağı düşür. Bitki gözləyə bilmir. Bu sahə çox böyük diqqət tələb etdiyi halda bizim məmurlar həmin əraziləri pulla alır, yaxud zəbt edərək özləri üçün təsərrüfat yaradırlar. Araşdırmalar göstərir ki, onların yaratdığı təsərrüfatlarda məhsuldarlıq ürəkaçan deyil. Dövlət büdcəsi hesabına nə isə etsələr belə, istehsal edilən məhsullar rəqabətqabliyyətli, xarici bazara çıxarılası deyil.
 Azərbaycanın da elə geniş ərazisi yoxdur ki, həm məmurlar zəbt etsin, həm də kəndlilər mal-məhsul istehsal edib ölkənin ərzaq məhsullarına olan təminatını həyata keçirsinlər və bundan başqa məhsul ixrac edib ölkəyə valyuta gətirsinlər. Biz torpaqlardan səmərəli istifadə etməliyik. İntensiv yolla əkinçiliyi inkişaf etdirib özümüzün ərzaq mallarına olan tələbatını ödəməliyik. Digər tərəfdən də nəzərə almalıyıq ki, neft gəlirlər kəskin azalıb. Yəni, bizim aqrar ölkə kimi kənd təsərrüfatını inkişaf etdirib ölkəyə valyuta gətirməkdən başqa çıxış yolumuz yoxdur. Bizim ölkəmiz Avropa ölkələri ilə rəqabətə girəcək səviyyədə deyil ki, sənaye məhsulu istehsal edib ölkəyə valyuta gətirək.
 Bu gün əkinə yararlı torpaqlardan səmərəli istifadə olunmur. Pullu məmurlar, imkanlı oliqarxlar dövlətdə tutduqları vəzifələrdən sui-istifadə edib kəndlilərin əlindən torpağını dəyər-dəyməzinə alır, güclə zəbt edirlər. Qol gücünə alınmış torpaqlardan isə lazımınca istifadə etmirlər. Bu da Azərbaycanın gələcəyi üçün çox ciddi təhlükə yaradır. Bu, bizim ərzaq təhlükəsizliyimizə birbaşa təhdiddir.
 Çox təəssüf ki, bələdiyyə seçkiləri rüşvət hesabına həyata keçirilir və bütün bu hallar xalqın gözü qarşısında açıq-aşkar baş verir. Heç kəsə sirr deyildir ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, bələdiyyə seçkilərində də korrupsiya baş alıb gedir. Bacarıqlı əllər qaz vurub qazan doldururlar. Bələdiyyə sədri vəzifəsinə seçilməyin qiyməti 10 min manatdır, hesablayın, rayonun 100-dən çox kəndi varsa, 10 minə vuranda görün nə qədər eləyir! Məhz belə neqativ başlanğıc rayonlarda əhalinin kasıblayaraq səfil vəziyyətə düşməsinə gətirib çıxarır. 10 min manat verib bələdiyyə sədri seçilən adam həmin pulun 10 qatını çıxarmaq üçün dəridən-qabıqdan çıxır, min oyun qurur.
 Hər bələdiyyə sədri işdən çıxanda üzə çıxır ki, onlarla vətəndaşı aldadıb torpaq vermək adı ilə pul alıb. Çoxlarına verdiyi torpağın isə nə sənədi var, nə də torpağın dövlət köçürməsini göstərən qəbz. Beləcə saysız-hesabsız insanlar başağrılara düşür, kimlərinsə cibləri dolsun deyə halal pulları əllərindən alınaraq aldadılır. Bir də görürsən ki, hansısa bələdiyyə sədri və ya icra nümayəndəsi böyük bir sahəni çəpərləyərək dədə-baba mülki kimi özününkü elan edir. Hansı ki bu torpaqların heç birinin sənədi yoxdur və dövlət orqanları da belə böyük sahələrə kupça vermək iqtidarında deyillər. Həmin torpaqlardan əhali əkin üçün istifadə edə bilərdi və yaxud təzə evlənən ailələrə həyətyanı torpaq sahəsi kimi verilə bilərdi. Bu açıq-aşkar dövlətə, eləcə də xalqa meydan oxumaqdır. Əhali torpaq üçün müraciət edəndə isə deyirlər torpaq yoxdur. Hətta Qarabağ veteranları, şəhid ailələri torpaq ala bilmirlər. Heç kəsə sirr deyil ki, onlar zəbt etdikləri həmin torpaqları sonradan istədikləri adama istədikləri qiymətə satırlar. Necə deyərlər, su qiymətinə götürüb, od qiymətinə satırlar. Vacibdir ki, orta əsrlər özbaşınalığı yolu ilə mənimsənilmiş belə torpaqlar məmurların əlindən alınıb xalqa qaytarılsın və bu praktikaya son qoyulsun.
 Alınan həyətyanı torpaqların da sənədləşdirməsi işi müşkülə dönüb. Elə dözülməz şərait yaradıblar ki, hətta 3 vəkil tutsan da, 50 ildir yaşadığın evin kupçalaşdırılmasını başa çatdıra bilməzsən. Elə nomenklatur labirint sistemi fəaliyyət göstərir ki, birbaşa heç nə əldə edə bilmirsən, idarələrdə aylarla sürünməli olursan. O qədər prosedur keçirirsən, pul köçürdürsən ki, xalq arasında deyildiyi kimiu, anadan əmdiyin süd burnundan gəlir. Bu ölkədə bütün işlərə bir əmma qoyulub, bu aydındır. 4 sot torpağı alıb sənədləşdirmək üçün bu qədər idarəni niyə keçməlisən ki? O yer qalmır gəzirsən, o lopabığ məmur qalmır bığının altından keçməyəsən, “xeyir-dua”sını almayasan! Bu ölkə niyə bu gündədir? Heç kim evini sənədləşdirə bilmir, sanki kupça verən idarə qanuni şəkildə insanları çapıb talamağı qarşısına məqsəd qoyub. Nə qədər köçürmə olar? Nə qədər sənəd yığmaq olar? Nə qədər sənədin üstündən xətt çəkdirib təzədən yazdırmaq olar? Ən əsası da bahalı köçürmələrdir. Dövlət məmurlarının sanki xəbəri yoxdur ki, Azərbaycanda xalq acından qırılır, faciəli durumdadır. Özləri isti yerdə oturublar, aşağılardan xəbərləri yoxdur. Əslində Əmlak Komitəsi kimi idarələr işçi tutmalıdırlar, maaş verməlidirlər, ev-ev adam salıb evləri sənədləşdirməlidirlər. Özü də köçürmələr olmadan. O qədər şübhəli bank hesabları açılıb, hansı pəncərəyə yaxınlaşıb ağzını açırsan ki, dərdini deyəsən, deyir apar filan hesaba bu qədər köçür! Bu hesabları bir yoxlayan yoxdur ki, bu nə hesablardır? Əmlak Komitəsi Bakıdakı özəl klinikalara dönüb. Hər addımda pul istəyirlər, özü də mədəni şəkildə çek də verirlər. Əlimizə 5-10 qəpik pul keçir, onu da məmurlar tutub alır. Bu qədər böyük məbləğlər nəyə lazımdır? Ağzımızı açan kimi deyirlər, filan Avropa ölkəsində, ya Amerikada köçürmə bundan da çoxdur. Bir deyən yoxdur ki, bu qədər dilənçi maaşlar da dünyanın çox ölkəsində yoxdur. Ərzağı tədricən, altdan-altdan elə qaldırırlar ki, əhali duyuq düşməsin, dünən 20 qəpiyə aldığın şeyi bu gün görürsən ki artıq 30 qəpikdir. Genosid gedir.
 1962-ci ildə ailəyə verilmiş evi sənədləşdirmək üçün 1500 manat pul tələb olunur. Bir anbar sənəd yığılmalısan, pakrışka qalınlıqda papkanı gətirib stolun üstünə qoymalısan. Əvvəl kadastrı 20 il bundan əvvəl rəhmətə getmiş babanın adına sənədləşdirirlər, sonra evi sağ qalan ananın adına sənədləşdirirlər, yalnız bundan sonra sənin adına keçir. Hər dəfə də sənədləşməyə görə ayrıca pul alırlar, müxtəlif rüsumlar tələb olunur. Hər adamın adına sənədləşdirdikcə köçürmələr ödəmək lazım gəlir, vaxt itkisi gedir, əsəblər pozulur. Nəyə görə ev birbaşa vətəndaşın öz adına sənədləşməməlidir? Babasının, anasının adına sənədlərib yalnız 3-cü cəhddə öz adına kupça vermək hansı dinə-imana sığar? Yenə də dava yorğan davasıdır. 3 dəfə ard-arda kupça sənədləşdirməklə vətəndaşdan 3 dəfə ayrıca köçürmələr alırlar. Bu da mədəni soyğunçuluğun bir növüdür. İnsan nə qədər təkid etsə də, axı bütün lazım olan sənədləri toplamışam, birbaşa mənim adıma keçirin- xeyri olmur. Bunlara lazımdır ki, bir neçə dəfə sənəd addan ada keçsin, axı hər sənədləşdirməyə görə mübarək hesaba pul köçürməlidir! Gülümsəyə-gülümsəyə yola salırlar ki, bizdə rüşvər-zad yoxdur, banka köçürürsən! Hər məmurun öz bank hesabı var, rüşvət almır, sadəcə aparıb qoyursan bankdakı hesabına! Axı bu adamlara kim ixtiyar verib ki, insanın ailəsinin 100 ildir yaşadığı evə görə ondan 200 manat köçürmə tələb etsinlər? Hər nazir bir sahəni götürüb, bank açıb, guya rüşvət almırlar, amma sənədləşmələrə elə taslar qoyulub ki, tut ucundan göyə çıx! Bu da xalqın çapılıb talanmasına səbəb olur. Bir müddət qabaq ləğv olunmuş Torpaq və Xəritəçəkmə Komitəsində də vəziyyət ürəkaçan deyildi. Əhali torpaq almaq üçün sənədləri hazırlayaraq bu idarəyə verəndə 150 manat rüşvət tələb olunurdu. Bu pulu verməsən sənədləri müxtəlif bəhanələrlə Bakıdan geri qaytarırdılar. Konkret olaraq kadastrın verilməsinə köçürmə rüsumundan başqa 150 manat tas qoyulmuşdu. Dövlətimiz əhalini əldən salmış bu taslara yenidən baxmalı, korrupsiyanın aradan qaldırılması üçün konkret tədbirlər görməlidir.

Комментариев нет:

Отправить комментарий