Страницы

26.11.2016

Əfrahim Hüseynli - Sürməyə illər var hələ

SƏNƏ ÜRƏYİMİ VERDİM

Sənə ürəyimi verdim,-
Gözüm görə-görə
Yol uzanmasın.
Yorulub - yorulub
Yol usanmasın.
Sənə ürəyimi verdim,-
Gecələr uzandı
Yollar uzanan kimi,
Qırılmaza döndü
Qaranlığın tilsimi...
Yeridim...
Yeridim...
Gəmisiz, limansız
Dənizi tapdım.
Dalğası daşları,
Qayaları çapdı...
Sazağı iliyə içlədi.
Ərinməz oldu
Qalan qar.
Şaxtaya
Döndü olanlar.
Günəşli günlər uzaq düşdü,-
Gözlərim
Gözləməyə öyrəşdi.
Sənə ürəyimi verdim,-
Demədim,
Sənsizliyi daşısın,
Ağrıya-ağrıya 
Yaşasın.

KEÇƏSƏN...

Bir azca ürəyidaşa dönəsən,-
Nə kövrək, nə gözüyaşa dönəsən.
Qarı dizdən olan qışa dönəsən,-
Cığırdan keçəsən, izdən keçəsən.

Bir nəfər çağıra haraya səni,-
Salmaya suallar araya səni...
Oduna yad olan araya səni,
Küləklər sovura, közdən keçəsən.

Görə qar-buz üstə dayanan yoxdu,
Bir arzu çin ola, heç güman yoxdu...
Öləsən, görəsən inanan yoxdu,-
Sonra da dediyin sözdən keçəsən.

Günlərin gözündə nə inad ola,-
Uzanan gecələr nə irad ola.
Dünyanın dağ-daşı sənə yad ola,
Rahatca-rahatca düzdən keçəsən.

Olub-olanları salımmı yada?-
Demədim, qalan gün günaha bata...
Sorğu-sual günü çata, nə çata!..
Eh!.. yenə dözməyib üzdən keçəsən.

DEYİRİK, SÜRMƏYƏ İLLƏR VAR HƏLƏ

Bəndə özü oldu yazı yazan da,
Hansı günah görüm yazıyazanda?-
Hər qışı, payızı, yazı yazanda
Bəlkə də yazmışdı mən deyən kimi.

Ömür də adama özgə-yad baxır,-
Bir günü xoşdusa, bir günü ağır.
Ayların, illərin sahibi çıxır
Bir azca kədərə baş əyən kimi.
 
Başımın üstündə bulud sürünür,
Göy üzü sellənən yağışa dönür,
Güman əvəzinə dağ-daş görünür
Mənim ayağıma daş dəyən kimi.
 
Nəyinə vurulub quru canımın?-
Dünya ha bəzəyir qalan sonumu.
Əcəl də ha pozur öz fərmanını,
Çaşıb yad qapını mən döyən kimi.
 
Sazaq at oynadır belədən-belə,
Deyirik, sürməyə illər var hələ.
Qardaşdan, bacıdan, simsardan belə
Biz kimi qınayaq "gözdöyən" kimi.
 
Dedik ki, beşindən biri görünər,-
Sözü dağ aşanın yeri görünər...
Nə bilək, zamanın "sirri" görünər
Bu karsız ələklə ələyən kimi.

İŞ YERİMDƏN YOLUNU SALMA

Deyirsən,-
Dünya şirindən şirin.
Sevinci daşır
Bu yerin, göyün...
Deyirsən,-
Payiz da, bahar da gözəl,
Yağan 
Yağış da, qar da gözəl
Ayın işığı uzanan əldir...
Sənin üçün
Hər şey gözəldir.
...İş yerimdə
Gözəl nə varsa,
Çıxır yadımdan.
Yyxuya dönür
Dediyin
Hər olub-olan.
Biri deyir
Ağrıyır ürək.
Biri söyləyir
Keçmir boğazımdan yediyim çörək,
Birisi deyir
Yata bilmirəm,
Necə alışım dərd unutmağa.
Birisi deyir,
Yoxla, ay həkim,
Ağrı-acılı bu son qonağı...
Evə gəlincə
Ayaqlarımdan daş asılır...
Bir də görürəm səhər açılır.
Beləcə ötür hər gün.-
Bu da dünyanın
Qurduğu "toy-düyün"!..
İş yerimdən yolunu salma! -
Bəlkə səninçün 
Dediklərim nağıldı, nağıl; -
Yadına düşər 
Düşən üç alma.
Nəyinə gərək o nağıl, o alma!

Комментариев нет:

Отправить комментарий