Страницы

03.11.2016

Fransızların Əlcəzairdə törətdikləri vəhşiliklər

Əlcəzairin 1830-cu ildən 1962-ci ilə qədər Fransa koloniyası olduğu dövrdə fransız əsgərləri milyonlarla yerli sakini öldürdülər. Onlar ölkənin kişi əhallisini qırır, qadın və uşaqları isə gəmilərə doldurub Polineziya adalarına göndərirdilər. 1843-cü ildə fransız zabitləri qayda qoymuşdular ki, 15 yaşına çatmış hər bir ərəbin başı kəsilməlidir. Onlar məscidləri uçurdur, qorxu yaratmaq üçün üləmaları və ağsaqqalları meydanın ortasına çıxarıb güllələyirdilər. Təkcə bir kəndin əhalisini qırdıqdan sonra min üç yüz insanın öldürüldüyünü saymışdılar. Məhv etdikləri kəndlərdəki evlərin əmlakını qarət edib aparırdılar. Fransız zabitləri kimin daha çox kəsilmiş qulaq yığacağı ilə yarışırdılar. 1954-cü ildən sonra kütləvi qətliamlar adi hal almışdı. Silahlı reydlər zamanı kəndləri sakinləri qarışıq yandırır, hamilə qadınların qarınlarını yırtıb uşaqlarını çıxarır, aman istəyənləri tüfəngin qundağı ilə döyürdülər. İnsanları heyvan kimi ovlayırdılar. Küçədən keçən insanların üstünə təlim görmüş itləri buraxır, yarımcan hala düşdükdən sonra güllələyib itlərə yedizdirirdilər. Qorxusundan öz yurdunu tərk edərək qaçaq düşmüş insanlar çöllərdə aclıqdan və soyuqdan qırılırdılar. Təkcə həbs olunanların salındığı konslagerlərdə yarım milyon adam ölmüşdü. Fransız hərbçiləri hətta alman faşistlərinin İkinci Dünya Müharibəsi zamanı tətbiq etmədikləri vəhşiliklər törədirdilər. Ələ keçirdikləri insanların bədəninə elektrik cərəyanı buraxmaq adi hal almışdı. Ərəbləri şüşə qırıntıları üstündə oturmağa məcbur edir, qızdırılmış kəlbətinlə dırnaqlarını çıxarır, kirpiklərini yandırır, alnının dərisini soyub skalp düzəldir, tikan tökülmüş xalçanın üstündə hellədirdilər. İnsanın bədəninin bir tərəfini ağaca, digər tərəfini maşına bağlayaraq dartıb parçalayırdılar. Zorla doyuncaya kimi su içirdir, sonra qarnı üstə çıxaraq tullanıb düşürdülər ki, nəticədə su yazığın ağzından, burnundan, qulaqlarından çölə tökülürdü. İnsana öz qəbrini qazmağa məcbur edir, boğaza kimi torpaqla doldurub günün altında susuzluqdan gəbərdirdilər. Ərəblərə özlərindən ağır yüklər daşıtdırır, dili ilə yolu süpürməyə məcbur edir, at əvəzi arabaya qoşurdular. Ən əyləncəli cəza növləri ot tayasını dağıdıb yenidən yığmaq, evin başına dayanmadan on saat dövrə vurmaq və hasarı söküb yenidən tikmək idi. İş o yerə çatmışdı ki, yerli sakinlərə cəza vermək “sənət”ini əsgərlərə mükəmməl öyrətmək üçün Fransa hökuməti Əlcəzairin Skidka şəhərində 11 may 1958-ci ilə qədər fəaliyyət göstərmiş xüsusi məktəb açmışdı.

Комментариев нет:

Отправить комментарий