Страницы

18.11.2016

Əli Aşiq - Elegiya

Kimdən inciyirsən, kimdən küsürsən,
Ruhu bədənindən küsənim mənim!
Min ildir döyülən haqq qapısından,
Yorulub ayağın kəsənim mənim...

Zülümü mərhəmət sayılan eldə
İşıqlar zülməti boğa bilərmi?
Alçaqlar zorlayan yazıq bir vətən,
Qeyrətli oğullar doğa bilərmi?

Nə qədər məzlum var səsi alınmış,
Çörəyi kiminsə yalından çıxır.
Üz-üzə gəlirsən bir nadan ilə,
Görürsən yüzü də dalından çıxır...

Hirsini, hikkəni tök qələminə,
Barı oxşamasın alın yazına.
Bir gün yandırarsan yazdıqlarını,
Üşüyən bir körpə uşaq qızına...
***
Hanı o birliyin, ey məğrur xalqım?!
Səni nə sarsıtdı, səni nə qırdı?
Sən ki küçələrə axışmamışdın,
Kimlərsə dağıda, yeyə bu yurdu!..

Ayırmaq olmayır doğmanı yaddan,
Öz dilim yasaqdır it-qurd yanında.
Yaltaqlar, qansızlar hardan kükrədi,
Min cür qarışıq var bu gün qanında.

Biri dənizinə hasar çəkdirib,
Biri sərvətinə yiyə çıxıbdı.
Quru fəhləliyə həsrət qalmısan,
Üzündən çörək də göyə çıxıbdı.

Kimi təbrik edim DİRÇƏLİŞ GÜNÜ?
Hanı haqsızları kürüyən xalqım?!
İndi iş axtaran, qul bazarında
Büzüşüb dayanan, kiriyən xalqım...

Комментариев нет:

Отправить комментарий