Страницы

24.11.2016

Pərviz Həkimov - Qəm qarışıb yenə...

Qəm qarışıb yenə sözün ətrinə,
Çən hopubdur şeirlərin sətrinə.
Sənə olan məhəbbətin xətrinə
Heç olmasa qoyma ölüm, yox olum.

Əzir, əzir, sıxır məni bu həsrət,
Od olubdur, yaxır məni bu həsrət.
Gizli-gizli yıxır məni bu həsrət,
Heç olmasa qoyma ölüm, yox olum.

Tək gəmisi suda dalan aşiqəm,
Sənsiz qəlbi, ruhu talan aşiqəm.
Öz eşqimə sadiq qalan aşiqəm,
Heç olmasa qoyma ölüm, yox olum.

Bilirəm ki, qabağımda yaz qalıb,
Neçə xoşbəxt nəğmə ötən saz qalıb.
Mən demirəm, hicran deyir az qalıb,
Heç olmasa qoyma ölüm, yox olum.

Комментариев нет:

Отправить комментарий