Страницы

05.11.2016

Pərviz Həkimov - Sən olmasaydın

Səni sənsiz yaşadım mən...
Kəlmə-kəlmə, sətir-sətir...
Səni sənsiz yaşadım mən...
Od köksümdə şehə döndü saçlarından yağan ətir.
Xəyalların gerçəyindən dəyərlidir, gülüm mənim,
Od yandırır, ocaq çatır hər düşdüyü yerdə indi külüm mənim.
İnanmırsan səni sənsiz yaşadım mən?
Onda yenə o mənalı, lal gecəmin bostanına daş atım mən.
Bax yenə də dodağında təbəssüm var,
gözlərindən paklıq yağır,
Bax yenə də asimandan oxlanmış bir qartal kimi
millənirəm qucağına ağır-ağır.
Bax yenə də ulduzlar da oğrun-oğrun,
təbəssümlə bizə baxır.
Bax yenə də məkansızlıq,
Bax yenə də zaman donur.
Bax yenə də səssizliyin harayını duymuş
göydə mələklər də
asta-asta yerə qonur...
Səni sənsiz yaşadım mən...
Min ümmanlıq savaba tay,
bir busəlik günahım var,
Ümidim var, gümanım var, pənahım var
Elə bilmə yad payısan,
Məndən uzaq bir bəndəsən,
Səni sənsiz yaşadım mən,
Sən məndəsən, sən məndəsən...
***
Sən ovcumun içində əlçatmaz bir xəyalsan,
Mənim olmasan belə, yenə nə yaxşı varsan.
Əgər sən olmasaydın, necə sevgidən ulu dərdi dərərdim?
Bəs mən kimin üzünü həsrətli baxışımla süzüb köks ötürərdim?..
Əgər sən olmasaydın, mən necə kəlmə-kəlmə, söz-söz qəlpələnərdim?
Necə ürəklərə işıq leysanı kimi yağıb səpələnərdim?
Necə dəniz kimi coşub ləpələnərdim?
Necə vərəqlər üstə yüksəlib, sətir-sətir hər gün təpələnərdim?
Əgər sən olmasaydın mən necə damla-damla əriyib çox olardım?
Necə var olmaq üçün mən səndə yox olardım?
Yaxında uzağım ol, qoy mənim məhəbbətim dərd oyatmasın sənə,
Elə et ki, əlim çatmasın sənə...
***
Yer günəşi!
Səni görmək xəyalların qanadında ulduzlara ucalmaqdır,
Səni görmək bir ləhzədə, bircə anda yüz il, min il qocalmaqdır.
Ey bəşərin taleyinə həkk olunmuş zərli naxış,
Bu nə çöhrə, bu nə üzdür, bu nə gözdür,bu nə baxış?
Yer günəşi, göy günəşin perik saldın asimandan,
Ümman oldum gözlərinin mənasından bircə zərrə duyan andan.
Sən müqəddəs, ulu eşqin məchul qalan bölgəsisən,
Belə qadın bəşər olmaz- sən Allahın kölgəsisən!
Oxun könül rübabımda, ey yanıqlı, sirli pərdə!
Heç dəyərdə çata bilməz dəyərinə ləl də, zər də.
Ərit məni şəfəqinlə, ərit məni damla-damla,
Edam eylə saçlarınla, bir cənnətdə həbs et, damla!
Elə bil ki, Yaradanın asimanda xəlq etdiyi çəməndəyəm.
Bəs bu necə uzaqlıqdır - sən məndəsən, mən səndəyəm.
Yer günəşi,
yalvarıram, nolar, mənsiz qoy dərdimi...

Комментариев нет:

Отправить комментарий