Страницы

23.12.2016

Bana layihəsi

 Suriya hadisələrini izləyənlərin yaxşı xatırlayır. Müharibənin ilk başladığı dövrlərdə Qərb mediasında “Dəməşqdə homoseksual qız” (A Gay Girl in Damascus) adlı təbliğat işləri başlamışdı. Amma sonradan bu dəməşqli lezbianın əslində ABŞ-da yaşayan kişi olduğu ortaya çıxmışdı. Hələbin mühasirəsi zamanı isə bu şəhərdən olduğu bildirilən Bana adlı qız Qərb və Ərəb media orqanlarının əlində təbliğat alətinə çevrildi. 7 yaşlı hələbli qızın mükəmməl ingilis dilində və guya dağıntılar altından yazdığı statuslar insanları “göz yaşları içində boğurdu”. Amma videoda danışarkən üzə çıxdı ki, qız heç ingiliscə bilmirmiş! Bananın guya statuslar yazmaqda yeganə məqsədi Hələbin Putin və Əsəd tərəfindən bombalanması barədə danışmaq və bu barədə nəsə edilməsini istəmək imiş (Bana bombardmanda dostlarını itirmişdir, ancaq nədənsə heç vaxt onların adlarını yazmır). Tvitlər demək olar ki, hər zaman bombalar, sülhün zəruriliyi, “bizim üçün dua edin” və “bizə kömək edin” mövzuları barədə idi. 7 yaşlı hələbli qızın yaşına uğyun olmayan intellektlə və mükəmməl ingilis dilində yazdığı statuslar izləyiciləri təsirləndirirdi: “Sevgili dünya, Rusiyanın və Əsədin Hələb qətliamına icazə verməkdənsə, 3-cü Dünya müharibəsini başlamaq daha yaxşıdır”; “Hələbdə müharibə bitsə, dünyada ən xoşbəxt adam olacağam”; “Burada insanlar həşəratlar kimi ölür. Nə baş verəcəyini bilmirəm. Bombalar yağış kimi yağır”; “Təyyarələrin səsini eşidəndə artıq çox qorxuram. Gecənin qaranlığında təhlükə dolu Hələbdə bu axşam etdiyim dua mənə və hər kəsə sakitləşdirici olacaq”; “Gecə və gündüz yaşadığım bu qorxunc yuxudan ayılmaq istəyirəm”. Uşağın “anası” yazırdı: “Minlərlə Əsəd qüvvəsi bizi qətliam etmək üçün Şərqi Hələbə hücum edir, sevgili dünya bizi xilas et. - Fatimə”. Onun paylaşımlarında Əsəd və Putinin müharibə cinayətlərinə görə mühakimə olunması üçün çağırışlar da vardı: “Rusya və Əsəd Beynəlxalq Cinayət Məhkəməsinə çıxarılmalıdır. Əgər çıxarılmayacaqsa, bundan sonra heç kim orada mühakimə olunmamalıdır. - Fatimə”. Maraqlıdır ki, Bananın tvitterdə hesabı açılandan cəmi 3 həftə sonra onu 51 nəfər izləyirdi ki, bunların heç birinin 7 yaşlı bir qızın seçimi olmayacağı aydın idi: istisnasız olaraq hamısı siyasətçilər, media şirkətləri, ya da sosial media fəalları! Onların çoxu Suriyadakı müharibə ilə bağlı idilər və çoxunun terrorçu qruplar ilə geniş əlaqələri var idi: Iyad əl-Bağdadi, Luiza Loveluk, Culian Roepcke, Sofiya McNeill. Bananı eyni zamanda terrorçuların himayədarı olan Suriya İnqilabı və Müxalif Qüvvələr Milli Koalisiyası, həmçinin Suriyanın uçuşa qadağan bölgə elan edilməsi tələbini səsləndirən, İngiltərə kəşfiyyatının yaratdığı saxta yardım təşkilatı “Ağ Dəbilqəlilər” izləyirdi. Bananı ilk izləyənlərindən biri də 2016-cı ilin yanvarında Madaya yalanının şişirdilməsində yardımçı olan avstraliyalı jurnalist Sofiya McNeill idi. Məsələ bu şəkildə idi: “Hökumət tərəfindən mühasirəyə alınan Madayanın xalqı aclıqdan ölür və bunun səbəbi şəhərə yardımın aparılmasının qarşısını alan Suriya hökumətidir”. Əslində isə oktyabr ayında Madayaya üç aylıq yardım göndərilmişdi, amma əsas problem terrorçuların qidaları hədsiz dərəcədə baha qiymətlərə satması olmuşdu. Bana tərəfindən izlənilən bir çox tvitter səhifələri də eyni şəkildə Suriya müharibəsinə dair yanlış məlumat yayanlar idi.
 2016-cı ilin sentyabrında ilk tvitini yazan Bananın artıq 3 oktyabrda izləyicilərinin sayı 65000-ə nəfərə çatmışdı. Tərəfdarlarının böyük bir hissəsi layihəni idarə edən şəxslər tərəfindən açılan və istifadəsiz saxta hesablar idi. Amma nəhəng media şirkətləri- “Telegraph”, “Guardian” və dünyanın önəmli televiziya kanalları təsirli məqalələri ilə Bananı bağırlarına basırdılar. İngiltərənin cari işlər və siyasət iurnalı olan “Nyu Statesman” Bananın hesabı barədə araşdırma aparan və profilin saxta olduğunu göstərən şəxslərə qarşı hücuma keçdi. Banaya son dəstək isə ona ingilis dilində “Harry Potter” elektron kitab seti göndərən müəllif JK Rovlinqdən gəldi: “Banaya sevgilərlə! Səni düşünürəm, Hələbə diqqət et. (Dostum JK Rovlinq, necəsən? Kitab üçün təşəkkürlər, Hələbdən sevgilər - Bana)”.
 “Bana” layihəsinin “Dəməşqdəki homoseksual qız” və “Ağ Dəbilqəlilər” kimi qurama olduğu məsələsində heç bir şübhə yoxdur. Çünki yazdığı tvitlər dünyadan özünü Rusiya bombalarından qorumasını istəyən suriyalı kiçik qızın düşüncələri deyil. Əksinə, Qərbin Suriyadakı işğalını haqlı çıxartmaq və hakimiyyət dəyişikliyini labüd hala gətirmək üçün Suriya və Rusiyanın əməliyyatlarına qarşı xalqın hissini formalaşdırmağa yönələn çoxşaxəli və yaxşı planlaşdırılmış əməliyyatın məhsuludur. “Bana layihəsi”ni dəstəkləyənlər elə Suriya Ərəb Ordusu, Hizbullah və Qüds briqadaları kimi müttəfiqlər tərəfindən Şərqi Hələbdən qovulmuş, Suriya xalqına qarşı genosid həyata keçirən, dinc sakinləri qıran terrorçuların himayədarlarıdır. Bana ilk günlərdən bəri Əsəd və Putini soyqırım törətməkdə, qətliam etməkdə, kasset, fosfor və termit bombaları ilə əməliyyat aparmaqda günahlandırırdı. “Cəfakeş” qız Hələb alınan günə kimi dünyanı bombardmanı durdurmağa çağırdı: “Evimizin yaxınlığına 2 fosfor və 2 çəllək bombası düşüb, evimiz zərbədən titrədi, biz ağladıq”. Fosfor bombasının nəyə qadir olduğunu söyləməyə ehtiyac yoxdur. O ki qala onun evin yanına düşməsinə və ondan sonra yazılan mesaja. Bananın ailəsindən gələn son mesaj isə bu cürdür: “Son mesaj - Hazırda ağır bombardman altındayıq, çox güman ki sağ qala bilməyəcəyik. Biz öləndə, geridə qalan 200 000 nəfər üçün danışmağa davam edin. Əlvida. - Fatimə”. Lakin sonra Bana daha bir mesaj yazır: “Bu axşam evimiz yoxdur, bombalanıb və mən də dağıntı altında qalmışam. Ölülər gördüm və az qala mən də ölürdüm. - Bana”. Mesaj ilk saatlarda 7800 nəfər tərəfindən yenidən paylaşılmışdı. Maraqlıdır ki, heç kəs düşünmürdü: Bana dağılmış evin altından mesajı necə yazırdı? Hökumət qüvvələrinin hər gün bombaladığı Hələbdə Bana interneti haradan tapıb? Amma “Bana layihəsi” susmur. 14 dekabr tarixində ailə yenidən mesaj yazır: “Əziz dünya, hazırda ağır bombardman altındayıq. Nəyə görə susursan? Nəyə görə? Nəyə görə? Nəyə görə? Qorxu məni və uşaqlarımı öldürəcək - Fatimə Hələb”.
 Suriya xalqının başına olmazın oyunlar açan, bölgəyə humanitar yardım çatmasına əngəl yaradan, 4 ildən artıqdır Hələbi əsarəti altında saxlayan terrorçular barədə isə Bana bircə kəlmə də yazmadı. “Bananın ailəsi” Rusiya aviasiyasının İdlibdə bir məktəbi bombardman etdiyinə dair şübhəli paylaşım etmişdi -sonradan bütün detalları ilə hadisənin səhnələşdirildiyi ortaya çıxdı- amma nədənsə Bana xanım Hələbdə terrorçuların artilleriya atəşlərinin yaratdığı vəhşiliyə heç bir maraq göstərmədi. “Bana layihəsi”nin məqsədi Rusiyanın və Suriyanın amansızcasına vətəndaşları bombalayaraq cinayət törətdiyinə dair görüntü yaratmaq idi. Həqiqətdə həm Rusiya, həm də Suriya Hələbi bombalamaq fikrindən vaz keçmişdilər və Suriyanın Hələbin alınması üçün böyük miqyaslı quru əməliyyatı apardığını nəzərə aldıqda, müttəfiqlərin eyni anda Hələbi bombalaması mümkün deyildi.
 Həqiqət bundan ibarətdir ki, ABŞ planetin hansı guşəsində müharibə aparırsa, həmin yerdə hökmən bu cür “Bana”lar meydana çıxır. Konspirologiyada “informasiya cəbhəsinin vəhşi ördəkləri” adını almış bu cür fiqurlardan təbliğat işində geniş istifadə olunur. Qərb poilttexnoloqları bu cür “zavallı” qızcığazları planetin bir qaynar nöqtəsindən digərinə (əslində bir divandan digər divana) sürükləyirlər. Kəşfiyyat sənədlərində belə layihələrə OSİNT (Open source intelligence) - açıq mənbə kəşfiyyatı deyilir. Açıq mənbə kəşfiyyatının vəzifəsi “gələcəkdə Haaqa tribunalında hədəf seçilmiş ölkə rəhbərliyinin məhkəməsi keçirilən zaman lazım olan sübutları ortaya qoymaqdır”. Media resurslarda qaynar nöqtələrlə, müharibə baş vermiş regionlarla bağlı xəbərləri araşdırsanız, onlarla belə “Bana”lara rast gələrsiniz. Qərb kəşfiyyatı informasiya müharibəsi apardığı İran, Şimali Koreya, Venesuela, Kuba kimi ölkələrə qarşı bu üsuldan geniş istifadə edir. Belə qrupları Qərb kəşfiyyat orqanları maliyyələşdirir: maliyyə informasiyanın sifarişçiyə lazım olan istiqamətdə deformasiya edilməsinə görə verilir. Mənbəni səhih məlumatların toplanması və ötürülməsi yox, sifarişçiyə (Qərb kəşfiyyatına) lazım olan dezinformasiyanın hazırlanması maraqlandırır. Layihənin əsas missiyası- informasiyanın fabrikasiyası yolu ilə hədəf seçilmiş ölkənin aqressor obrazını yaratmaq və dünya ictimaiyyətində həmin ölkəyə nifrət aşılamaqdır. Bana- informasiya cəbhəsinin yüngül kavaleriyasıdır. NATO internet-holdinqlərinin saytları, redaksiyaları, “analitik” mərkəzləri, insan hüquqlarının müdafiəsi təşkilatları ona kömək edən ağır kavaleriya rolunu oynayırlar və informasiya müharibəsinin zəfər qazanmasına münbit şərait yaradırlar.

Комментариев нет:

Отправить комментарий