Страницы

07.12.2016

İcra başçısı “91-lər”-in məşhur üzvünün obyektini sökdürdü

Xızı Rayon İcra Hakimiyyətinin sabiq başçısı, keçmiş deputat, məşhur “91-lər”-in nümayəndəsi Maksim Musayevə məxsus obyekt sökülüb. Bu barədə M.Musayev özü “Yeni Müsavat”a məlumat verib.
Onun dediyinə görə, oktyabrın 10-da, saat 13 radələrində Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov şəxsən ona məxsus olan Altıağacdakı tikinti yerinə gəlib və söküntü işlərinə rəhbərlik edib: “Mən Xızı rayonunu yaradan şəxsəm. 15 illik deputatlıq stajım var, bunun 10 ilini Xızının deputatı olmuşam. Parlamentdə 200-ə yaxın qanunun qəbulunda və hazırlanmasında bilavasitə iştirak etmişəm. Xızı rayonunda, Altıağacda mənim torpağım, orda da bir daxmam var. Bir müddət əvvəl orada nəvələrimə 50 kv m-lik idman otağı tikdirdim, gəlib orada tennis oynasınlar. 7 nəvəmin 7-si də idmançıdır. Son 20 ildə Xızıda bir dənə də olsun idman obyekti tikilməyib. Vaxtilə mən Xızıda və Altıağacda stadion tikdirmişdim, onları da bölüb satıblar. İndi icra başçısı Xəzər Aslanov gündüz saat 1-də gəlib və həmin tikilini dağıtdırıb. Əvvəlcə dağıtmaq üçün bir ekskavator gətiriblər. Ancaq o, qaçıb ki, məhkəmə qərarı yoxdur, bu, iş cinayətdir. Sonra ikincisini gətiriblər və söküblər”.
M.Musayev Müstəqillik Aktına səs verən deputat olduğunu xatırlatdı: “Təəssüf edirəm ki, müstəqilliyin 25 illiyi qabağı mənə belə bir “hədiyyə” etdilər. Xahiş edirəm, dediklərimi olduğu kimi yazın: mən belə bir icra başçısına nifrət edirəm və onun orda qalmasına etirazımı bildirirəm! Bir halda ki, mənə belə bir münasibət var, mənə qarşı qanunsuzluqlar edirlər, vay digərlərinin halına”.
M.Musayevin sözlərinə görə, onun sənədləri tam qaydasında olub: “Amma məndən sənəd soruşan varmı ki? Mənə deyirlər “gəl yanımıza”, deyirəm niyə gəlim? Deməli, rüşvət istəyirlər. Sənəd istəyirlərmi ki, mən də sənəd verim? Ancaq mən bu işi belə qoymayacağam, bununla bağlı prokurorluğa, məhkəməyə müraciət edəcəyəm. Bundan qabaq da Prezident Administrasiyasına şikayət eləmişdim. Alın təri ilə qazandığım pulla nəvələrimə tikdirdiyim tikilini dağıdıblar. Hansı ki, prezidentin fərmanı var, 12 metrə qədər tikinti aparanlara problem yaratmırlar”. /musavat.com/

Комментариев нет:

Отправить комментарий