Страницы

09.12.2016

İranda şəfa axtararkən

Arzu Abdulla

Soydaşlarımız İranın digər şəhərlərindən daha çox Təbriz, Rəşt, Ərdəbilə üz tuturlar. Beş min illik tarixi olan Ərdəbilə azərbaycanlılar daha çox turizm məqsədilə deyil, şəfa tapmağa axışır.
Biz Astara Sərhəd Keçid Məntəqəsindən Ərdəbilin Savalan otelinə 2 saata çatdıq. Yəqin ki, çoxlu sayda soydaşımızın bu şəhərlərə üz tutmasında məsafənin azlığı da rol oynayır.
Bizim sərhəd bitib İranın qapıları üzümüzə açılanda qabağımızı taksi sürücüləri kəsir və eynilə 20 Yanvar metrosunun çıxışında gördüyümüz mənzərə təkrarlanır. Bu sürücülər hətta qapıdan keçməyə də imkan vermirlər və israrla öz xidmətlərini təklif edirlər.
Bizi Ərdəbilə Behbud adlı sürücü apardı. Yolda xeyli dərdləşdik. Bəzi problemlərimiz çox oxşardı. Məsələn, Behbud da bütün günü çalışır, hətta bir gündə bu yolu iki dəfə getməli olur. Uzun, arıq, türkmən sifətli bu adam həftənin heç bir gününü dincəlmir. Amma sürücü kimi işini çox yaxşı bilir. Ən azından ondan narazı qalmadıq.
Ərdəbildə xəstəxanalar Təbrizdəki kimi dopdolu deyil. Amma burada da qapının ağzında həkim növbəsi gözləyənlərin əksəriyyəti azərbaycanlılardır. Bu ilk növbədə geyimdən nəzərə çarpır. İranda artıq uzun illərdir ki, Azərbaycandan fərqli olaraq icbari tibbi sığorta tətbiq edilib və əhali bunun faydalarından yararlanır. Bu, çox yaxşı haldır. Əlində sığorta kitabçası olan iranlılar arxayın görünürlər. Söz yox ki, Azərbaycanda da icbari tibbi sığorta haqqında qanunun tətbiqi barədə ölkə prezidenti 1999-cu ildə fərman imzalayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə bu qanunun həyata keçirilməsi üçün ölkəmizə 7 milyon manat yardım edib. Üstəlik dövlət büdcəsindən yüksək məbləğdə və dəfələrlə vəsait ayrılıb. Amma biz hələ də həkimə gedəndə ya qonşudan borc pul alırıq, ya da banklardan yüksək faizlə kredit götürürük.
Bir vətəndaşın dövlətinə güvənci onun gördüyü diqqətinin əksidir. Nə qədər qayğı görürsən, o qədər bağlanırsan və güvənirsən.
Həm Təbrizdə, həm Ərdəbildə olanda bir məqam diqqətimi çəkib. Xəstəxana qapısında həkim növbəsi gözləyən azərbaycanlılar çox yazıq, çox zavallı görünürlər. Bunun digər səbəbi də bu adamların kasıb olmalarıdır. Belə ki, İrana müalicəyə Azərbaycandan ancaq kasıb kütlə gedir. Nisbətən varlılar isə Türkiyəyə, Rusiyaya üz tutur. Ərdəbildə xəstəxana qapısında növbə gözləyəndə söhbət etdiyim azərbaycanlıların əksəriyyəti bankdan götürdükləri borc pulla həkimə gəldiklərini deyirdilər. Neft ölkəsinin sakinləri 30 faizlə kredit götürüb qonşu ölkəyə həkimə gedir. Daha sonra xəstə-xəstə min bir əziyyətlə krediti qaytarmaq üçün çalışırlar. Bəzən bu cür çalışmaq müalicənin mənfi nəticəsinə səbəb olur. Belə olan halda millət vəkili, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov xalqa üz tutur ki, bizim səhiyyəmiz çox güclü inkişaf edib, İrana-zada getməyin.
Ərdəbilə ikinci səfərim idi. Birinci səfərimdə Şeyx Səfi məqbərəsini ziyarət edə bilmədiyimə çox üzüldüm. Bu dəfə qaldığım oteldən məqbərəyə piyada getdim. Şeyx Səfi məqbərəsinin ətrafındakı kompleks XVI-XVII əsrlərdə tikilmiş ən görkəmli memarlıq abidələrindəndir. Bu kompleksə Şeyx Səfi türbəsindən başqa bir neçə türbə, o cümlədən Şah İsmayıl türbəsi, Çinixana deyilən bina, məscid, zəvvarlar üçün otaqlar və s. daxildir.
Şeyx Səfi türbəsinin ətrafında yaradılan bu kompleks Yaxın Şərqdə olan ən böyük ziyarətgahlardandır. Bu, həm kaşıdan düzəldilmiş nəbati ornamentlərinin və daxili tərtibatının zənginliyi ilə, həm də naxışların zərifliyi ilə əsl memarlıq incisidir.
Ziyarətgahın salonları gözəl xalçalarla döşənib. Dünya incəsənət tarixində görkəmli bir sənət nümunəsi kimi məşhur olan Şeyx Səfi xalçası 1539-cu ildə Səfəvi hökmdarı I Təhmasibin sifarişi ilə Ərdəbil məscidi üçün toxunsa da, bu kompleksdə uzun müddət sərgilənib. Hazırda Londonun “Viktoriya və Albert” muzeyndə saxlanan məşhur xalını 1893 -cü ildə ingilislər Londona aparıblar. Eni 5, uzunluğu 10 metr olan xalça dünya muzeylərində saxlanılan ən nadir xalq sənəti nümunəsi kimi təqdim edilir.
Şeyx Səfi kompleksində Şah İsmayıl Xətai, anası Aləmşahbəyim, Şeyx Səfiəddin və oğullarının məzarı yerləşir.
Kompleksə daxil olan binalar içərisində, ehtimal ki ən qədimi səkkizbucaqlı məsciddir. Daha sonra Şeyx Səfi və Şah İsmayıl türbələri tikilib, daha sonra isə XVI-XVII əsrlərdə başqa binalar inşa edilib.
Şeyx Səfi türbəsi daş kürsülük üzərində yüksələn qülləvari türbədir. Ancaq bu türbənin yuxarısı, konus şəkilli günbəzlə deyil, adi günbəzlə örtülüb. Bu fərqli dizayn türbəni çox baxımlı edib. Türbənin gövdəsi və günbəzin üstü firuzəyi kaşı çəkilmiş qırmızı kərpiclə naxış şəklində örtülüb. Aradan əsrlər keçməsinə baxmayaraq, günbəzin üstündəki naxışlar günəş işığında bərq vurur. Ziyarətə gələnlər üçün XVI əsrdə Şeyx Səfi türbəsinə bitişik ibadət məscidi tikilib.
Kompleksə daxil olan Çinixanada vaxtilə qiymətli saxsı qablar və kitablar saxlanırmış. Binanın içərisi kaşı və üzərində təsvirlər çəkilmiş taxta ilə zəngin bəzədilmişdir. Çinixana binası XVII əsrdə tikilib. Şeyx Səfi kompleksinə daxil olan abidələrin iki əsri əhatə edən böyük bir zaman kəsiyində inşa edilməsi onların bir neçə memar tərəfindən tikildiyini göstərir. Lakin bizə burada işləmiş memarlardan yalnız birinin- Ərdəbilli İsmayılın adı məlumdur.
Kompleksin ikinci mərtəbəsi bağlanıb. Bələdçi deyir ki, ziyarətçilərin sayı çoxaldıqca divarlarda çat yaranırdı, ona görə də bağlanıb. Burada Səfəvilərin gerbi, Şeyx Səfinin köynəyi saxlanılır. Eyni zamanda şah ailəsinə mənsub olan qab-qacaq da qorunur. Daha çox diqqətimi çəkən isə küfə xətti ilə yazılmış Quran-i Kərim oldu. Kufə xəttində hər hərf bir rəsm əsərini xatırladır.
Ərdəbil xalı, xalça, ipək və s. məhsulları ilə şöhrət qazansa da həmçinin, İranın kartof becərilən ən böyük bölgələrindən biridir. Yolboyu uzanan sahələrdə kartof tarlasının ucu-bucağı görünmürdü.
Amma nə qədər yorğun olsam da Savalan dağından əsən meh bu yorğunluğa su çiləyirdi. Bu qəribə hiss idi, sanki vaxtilə Ərdəbildə, Meşkində yaşayıb haqq dünyasına qovuşan doğmalarımın ruhu duymuşdu gəlişimi... hara baxsam bir doğmalıq var idi...

vetenugrunda.az

Комментариев нет:

Отправить комментарий