Страницы

15.12.2016

“Nərimanneft” 1969-cu ildə tikilib, istismarına 25 il müddət qoyulub, amma hələ də istismar olunur

Dekabrın 15-nə keçən gecə “Azneft” İB-nin strukturuna daxil olan N.Nərimanov adına NQÇİ-nin 1-ci mədənindəki təzə estakadada neftçilərin dincəldiyi köşk dənizə düşüb. SOCAR-ın yaydığı məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. Dənizə düşənlərdən 2-nin cəsədi tapılıb, qalanları haqda məlumat yoxdur.
“Məndə olan məlumata görə, köşkdə 11 nəfər olub. “Nərimanneft” 1969-cu ildə tikilib, istismarına 25 il müddət qoyulub. O müddət də 1994-cü ildə bitib. Amma hələ də istismar olunur”. Bunu “Azneft” İB-nin strukturuna daxil olan N.Nərimanov adına NQÇİ-də çalışan neftçilərdən biri deyib. Adının açıqlanmasını istəməyən neftçi deyib ki, ərazidə təhlükəsizlik qaydalarına əməl olunmur: “Estakada platformanın gediş gəliş yoludur. Bildiyiniz kimi, platformada gecə və gündüz növbəsində işləyən adamlar olur- operatorlar, mexaniklər. Bu köşklər də o estakadanın (dayağın) üstündə olur. İş orasındadır ki, indiyədək təhlükəsizlik üçün normal bir yaşayış bloku tikilməyib. Estakadanın üzərində adi kubikdən 2-3 köşk tikiblər. Onların da istismar müddəti çoxdan bitib. Bu cür kubikdən yaşayış blokunun tikilməsi təhlükəsizlik tələblərinə cavab vermir, yəni qadağandır, olmaz. Platformalarda yaşayış bloku gəmilərdə olan yaşayış bloku kimi olmalıdı. Poladdan, qalın dəmir hissələrdən ki, yanğına, uçmaya davamlı olsun. Təəssüf ki, bura Azərbaycandı, kim ürəyi nə istəyir, onu da edir”.
Neftçi onu da deyib ki, quyuların sayı az olduğundan “Nərimanneft”ə artıq pul xərclənmir: “Nə də bağlamırlar. Belə çıxır ki, hər güclü küləkdən sonra insan itkisi olacaq. Halbuki hava şəraiti pis olanda bir sıra təhlükəsizlik üçün qabaqlayıcı tədbirlər görülməlidir. Platformadan kənara çıxmaq olmaz, çünki quyular işləyir. İstənilən hava şəraitində quyuların iş rejiminə nəzarət olunmalıdır. Məsələn, BP-nin texnologiyaları yenidir, avadanlıqlara pul xərcləyirlər, qabaqlayıcı tədbirlər görürlər. Daha platformada kubikdən yaşayış bloku tikmir ki, belə hadisə baş versin. Orada suya düşən adamları xilas etmək üçün xüsusi qayıqlar və sallar var. İstənilən hava şəraitində xilasetmə işləri görmək olur. Dənizçi olmayana sadə gələ bilər, amma həqiqətən çox ağrılı və utancverici bir məsələdir”.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı da uçan estakadanın istismar müddətinin bitdiyini deyir. O, bu barədə öz “Facebook” səhifəsində “Azneft” İB-nin rəisi Daşqın İsgəndərova xitabən yazıb: “Bu gün uçan estakada 1970-ci illərdə tikilib və indiyə kimi xırda təmir işlərini istisna etsək, heç bir əsaslı təmir işi aparılmayıb. Balansda da qəzalı və işlək olmayan estakada kimi göstərilirdi. Estakada uçarkən özünə bitişik işlək meydançanın bir hissəsini də çəkib, hansı ki işçilərin olduğu köşk yerləşirdi. Bu işdə tikinti, keyfiyyət yox , birbaşa təhlükəsiz istismar sorğulanmalıdır: Bilmək istərdim, qəzalı estakadaya bitişik hissədə köşk qoymaq riskini anlamayan adamlar haqqında hansı ölçü götürüləcək? Külək daş köşkü necə apara bilər? Daşdan tikilmiş köşk estakadanı uçurub, ya estakada köşkü aparıb? 150 metrlik estakada niyə uçmalıdır? Küləkdən- bu yalan yeriməz! Bəlkə tikdiyiniz, pul sildiyiniz sahələrin keyfiyyətinə nəzər salasınız, Daşqın müəllim?!” /meydan.tv/

Комментариев нет:

Отправить комментарий