Страницы

26.12.2016

Onları bu pilləyə gətirib çıxaran bizlərik

Zeynəb Cəfərli

Bir neçə gündü gündəmdən düşməyən hadisələrə diqqət kəsilib, fikir verirəm. Hər kəs olanı öz bildiyi səmtə çəkir, öz prizmasından baxır, səbəkarları söyür... Beynimdə bir fikir formalaşır yavaş-yavaş... Deyirəm, görəsən bu sözləri Astan Şahverdiyev yox, mən, ya da mənim kimi sadə bir insan desə, belə hay-küyə səbəb olardımı? Əsla! Mən buna inanmıram! Səbəbi nədi, bilirsinizmi?..
Çünki biz sadə, cəmiyyət üçün öndə olmayan, və nəhayət səsi eşidilməyən, sözü sayılmayan insanlarıq. Yəni, heç kimik! Bəs cəmiyyəti heçə sayıb, "Burda mənəm, Bağdadda kor xəlifə" iddiası ilə yaşayan Astan Şahverdiyev kimdi? Həəə, bax burda bütün günahlar bizimdi...
Çünki "onları" bu pilləyə gətirib çıxaran bizlərik. Yəni millət. Moşu demişkən, "narod"! Kor-koranə arxasınca sürünüb, hər kəlməsini Quran ayəsi bilib, ayaqqabısını belə diliylə yalamağa hazır olan bəzi simasızlardı bu ilanları boynumuza dolayan... Vaxtilə onları da haça diliylə yoldan çıxarıb, nələrsə vəd verib, arxasında dayanmağı üçün...
Amma inanıram ki, heç də çoxunun istədiyi alınmayıb, necə deyərlər "Xəccə bəzəkdə qalıb". Sonra isə əks tərəfə keçib, hücuma başlayıblar. Bəsit və işlənmiş siyasət! Nə yazıq ki çoxumuz bu siyasətin qurbanı oluruq!
Görəsən bu sözləri deyən, Allahlıq iddiasında olan, pul gözünü tutan bu məmur qırıqları insan deyilmi?! Onların nəyi bu millətdən artıqdı? Yəqin ki bicliyi! Elə bir az dərindən axtarsaq, hamısının gerçəkdən bic olduğunu görərik bəlkə də... Bax onda niyə bu hallara düşdüyümüzü dərk etməyə başlayarıq... Axı, onları o kürsülərdə oturdub, bu gün bizə lağ eləməsinin günahkarı da elə özümüzük. Əməllərinə göz yuma-yuma, "əşşi, nəyimə lazım ey özümü zibilə salım" deyə-deyə qudurduruq bu məmur qırıqlarını. Beş-on nəfər deyəni də bu gün öz qanımızı tökməyə hazır olan polislərimiz məhv edir... Niyə?! Siz də bizdən deyilsinizmi?
Bir anlıq təsəvvür edin ki, heç nəyiniz yoxdu, sadə birisiniz və bizə etdiklərinizi sizə edirlər. Neyniyərsiniz?! Yaradan insanı bütün canlılardan ona görə fərqləndirib ki, ona əql, şüur, düşüncə deyilən bir əvəzsiz nemət verib, əziz insanlar! Siz də Allahın bizlərə lütf etdiyi bu nemətdən azca da olsa faydalanın və düşünün! Düşünün və özünüzə "MƏN KİMƏM?" sualını verin. Bax onda mən deyənləri dərk edəcəksiniz, sevgili məmurlarımız!
Düşünün, nə qədər ki, gec deyil, düşünün! Elə düşünün ki, sonunuz dar ağacında bitməsin!

Комментариев нет:

Отправить комментарий