Страницы

07.01.2017

ABŞ-ı idarə edən gizli islam təşkilatı

Bu, 145 il müddətində Amerikanı idarə edən, aralarından dövlət başçıları, FBİ rəhbərləri, üst səviyyəli bürokratlar, konqres üzvləri, hakimlər, jurnalistlər və iş adamları çıxan qəribə təriqətin əhvalatıdır. Söhbət publika.az-ın “Ditdili”sinin hədəfinə tuş gələn “Shriners” təşkilatından gedir. Layihə çərçivəsində bu dəfə adıçəkilən təşkilatın necə yaranması, hansı məqsədlər üçün fəaliyyət göstərməsindən danışacağıq.
Belə ki, 1870-ci ildə dövrün ən məşhur aktyoru olan Uilyam Florans müsəlmanların sıx yaşadığı Marsel, daha sonra Misir səfərində qarşılaşdığı mənzərə, habelə gördükləri barədə masonların loja söhbətlərində danışır. Lojanın masonların elitar təbəqəsindən həddindən artıq şikayətlənən üzvü Valter Fleminq danışılanlardan çox təsirlənir və "Shriners" adında təriqət qurur. “Shrine” ingilis dilində məbəd deməkdir. Məkkə, Almas, Əl Quran, Əl Məleykə, Ömər, Bektaş, Əli və buna bənzər adlar verdikləri məbədlərində başlarına fəslər taxıb, sarıqlar bağlayıb müsəlmanlar kimi salamlaşırlar. İlk məkanları Nyu-Yorkda Məkkə Məbədi adı ilə qurulur. Təşkilat qurulandan 30 il sonra, 1900-ci ildə ABŞ-da bu təriqətdə olanların sayı 55 minə çatır. Bu gün belə hər kəsin hələ də məscid bildiyi “New York City Center” binası bildiyimiz mənada məscid deyil. O məkan sırf bu təşkilatın məqsədləri üçün istifadə edilən məscid üzlü bir yerdir.
"Shriners"in ayinlərində antik Misirdən sufizmə qədər sıx bir şərq təsiri var idi. Amma bunların hamısı simvolik məna daşıyırdı. Müsəlmanlıqla bu təşkilatın heç bir bağları yox idi.
Təşkilatın ən üst rəhbərliyinə İmperial Böyük Şura adı verilir və hər il böyük imperiya iclas konfransı keçirilirdi. Fəslərini başlarına keçirib dəvələri ilə rəsmi keçid ayinlərini yerinə yetirirdilər. Görüşlərin çoxu Ağ Evdə reallaşırdı.
Harri Trumen, Franklin Ruzvelt, Gerald Ford kimi ABŞ prezidentləri, Omar Bradli, Duqlas Makartur kimi baş qərargah rəhbərləri, FBİ başçısı Huver kimi üst səviyyə bürokratlar da bu təşkilatın üzvləri arasında idi.
“Life” jurnalının, “Gizli lojalar içində prestij, zənginlik və güc olaraq bir nömrə" sərlövhəli yazısından məlum olur ki, 1938-ci ildə təşkilatın üzvlərinin sayı artıq 350 min olub. Siyasətçilərin xaricində astronavt Buzz Aldrin, aktyorlar Klark Qeybl, Con Ueyn, musiqiçi Net Kinq Koul, İrvinq Berlin, Conni Keş kimi məşhur adlar da bu təşkilata üzv idi.
Bu təşkilat o qədər nüfuzlu idi ki, 1952-ci ildə Harri Trumen, 1960-cı ildə isə Con Kennedi prezident seçkisi zamanı nitqlərini Pittsburqdakı "Shriners" məbədində etmişdi.
ABŞ-ı gizli şəkildə idarə edən təşkilatın islami memarlıq nümunələrinə görə inşa edilən məbədi yalnız siyasətə deyil, elit ictimai həyata da damğa vurub. Məsələn, bunlardan Los-Ancelesdəki Əl Məleykə Məbədi, Qremmi və Emmi mükafat mərasimlərinə, habelə 10 dəfə Oskar mükafat tədbirinə ev sahibliyi edib.
Lakin son yarım əsrdə İslam mədəniyyətini xatırladan ad, simvol və paltarlarını yavaş-yavaş, 11 Sentyabrdan sonra isə sürətlə azaltmağa başladılar. Bunun ən böyük səbəbi isə gizli şəkildə ABŞ-da İslamı yaymaqda günahlandırılmaları və ölkədə İslam əleyhdarlığının yüksəlməsi oldu.
Amma hələ də “Səlamun əleykum - Əleykum salam” deyə salamlaşırlar. Lakin təşkilatın hazırkı strukturları 20-ci əsrdən çox fərqlidir.
Hazırda daha çox orta səviyyəli insanlarının, əyləncə, dostluq çevrəsi əldə etmək və xeyriyyəçilik üçün qatıldığı ictimai təşkilat görünüşündədir.
Bu gün ən böyük fəaliyyətləri İslamın beş şərtindən biri olan zəkatdan ilhamlanaraq qurduqları uşaq xəstəxanalarında ehtiyac sahibi uşaqların pulsuz müalicəsini həyata keçirməkdir.

Dilrubə Vaqifzadə

Комментариев нет:

Отправить комментарий