Страницы

16.01.2017

ABŞ-la bağlı iki məqam

Elxan Zaman

Gəlin belə danışaq. Bir çox demokratlar iddia edirlər ki, İrandakı rejimin qurduğu dövlətdə demokratiya yoxdur. Deyək ki, düz deyirsiz və mən sizinlə İranda demokratiyanın olub-olmaması haqda mübahisə də etməyəcəm və sizin bu variantınızı qəbul edirəm ki, söhbətimiz boş vaxt itkisinə çevrilməsin.
Razılaşdıq ki, İranda demokratiya yoxdur. Bu zaman belə bir sual çıxır ortaya: İranda demokratiya niyə yaranmadı? Gəlin bu suala elə özüm də cavab verim. Məlu(mu)nuz olduğu kimi İranda Müsəddiq adlı bir baş nazir ölkədə demokratik islahatlar aparmaq istəyir, bu İrandakı amerikan və ingilis maraqlarına toxunduğu üçün onu devirirlər və islahatların, demokratiyaya yumşaq keçidin qarşısını alırlar. Xalq amansız, qudurğan və ingilis köpəyi olan şaha qarşı mübarizənin daha həqiqi üsulunu seçir, şah devrilir və İrandan qaçmağa məcbur olur. Bu ABŞ başda olmaqda Qerb imperialistlərinin xoşuna gəlmir, axı İranı sümürmək, şah kimi şərəfsizin əli ilə İran xalqını əsarətdə saxlamaq fürsəti itirilmiş olur. Bununla barışmayan ABŞ özünün İraq iti Səddam Hüseyni İranın üstünə qısqırdır. 8 illik amansız müharibədən sonra ABŞ İran xalqının müharibə ilə əzmini sındıra bilmədiyini anlayır və İran xalqının Pəhləvi şah kimi alçaq birindən qurtulmasını həzm etmədiyindən, müharibənin yeni növünə- iqtisadi embarqoya, sanksiyalara əl atır, İranı izolyasiya etməyi, bununla xalqın dözməyərək rejimə qarşı çıxacağını düşünür.
İndi təsəvvür edin ki, İran xalqını şahdan qurtulduğuna görə cəzalandırırlar, ona günü bugün də sanksiyalar tətbiq edirlər. Sual: niyə, nə üçün? Axı ABŞ nə vaxt xalqın seçimini qəbul edib İranla, İrandakı rejimlə əməkdaşlıq etdi ki, ondan demokratiya da tələb etsin? Səudiyyə kimi qəddar "islami" bir rejimle dost olduğu halda İrandakı islamı niyə həzm edə bilmir ki? Nədir qarnının ağrısı? Yoxsa düşünürsüz ki, ABŞ-ın dərdi-azarı doğrudan da demokratiyadır?
***
ABŞ-la dostluqdan hələ heç kəsə ziyan gəlməyib... 
1. Türkiyə, ABŞ-ın dostluğuna arxayın olub Suriyada Rusiya, İran və Suriya ilə konfrontasiyaya girdi, bir də ayıldı ki, bu ölkələrlə təkbətək və yalnız olaraq üz-üzə qalıb. ABŞ öz dostunu verəcəyi dəstəklə arxayın edib qabağa verdi, sonra arxasından çəkilib onu taleyin ümidinə buraxdı. Yaxşı ki, Ərdoğan özündə iradə tapıb siyasi kursunu 180 dərəcə dəyişdirə bildi;
2. Ukrayna... Ukraynanı Rusiyaya qarşı qızışdırıb verdilər qabağa, əvvəlcə yardımlar etsələr də, sonradan arxalarından çəkildilər. Ukrayna Krımı defakto və deyure itirdi (əlbəttə ki, ABŞ ona spravka verib ki, Krım sənindir, bu kağız parçasını möhkəm saxla, necə ki o kağızdan Fələstinə və Azərbaycana da veriblər), Luqansk və Donbası isə defakto. 
3. ABŞ İraqı İrana qarşı qızışdırıb 8 il müsəlman qanının tökülməsinə səbəb oldu. Axırda öz dostu Səddamı tutub eşşək ciyəsindən (kəndirindən) asdı.
4. ABŞ 1975-ci ildə İtaliyada böyük nüfuz qazanmaqda olan kommunistlərlə koalisyon hökumət qurmağa məcbur olan Aldo Moronu oğurlayaraq vəhşicəsinə qətlə yetirir. Yəni siyasi terror hadisəsi törədir. Bunu ABŞ-ın Qladio adlı terror qrupu (rəsmi adı: xüsusi təyinatlılar) həyata keçirir. 
5. ABŞ xüsusi xidmət orqanları, ABŞ-ın iri kapital sahiblərinin maraqlarına toxuna biləcək ehtimalla əvvəl Kennedini, sonra isə onun qardaşını qətlə yetirir. 
Mən hələ ABŞ-ın Naqasaki, Xirosimo kimi iri şəhərlərə nüvə zərbəsi endirməsini demirəm. Vyetnamda, Laosda, Kombocada milyonlarla insanı qətl etməsini demirəm... 
ABŞ nə vaxtdan demokrat olub və nə vaxtdan onunla dostluqdan xeyir qazananlar olub?

Комментариев нет:

Отправить комментарий