Страницы

29.01.2017

Ağdamın “dəli”ləri və “anormal”ları haqqında

Rüfət Əhmədzadə

Yanvarın 5-də telefon söhbəti zamanı mənimlə küçə üslubunda danışan və əri tərəfindən yandırılmış müəlliməni dolayısıyla “anormal” adlandıran (“baxın görün, o qadın normaldır?”, “Nəsə çatışmır” və s)  prokuror Rəfail Zeynalov Ağdam RİH başçısı Raqub Məmmədovun qudası imiş.
Olmaya, iki quda əl-ələ verib, rayonu “anormalxana”ya çevirməklə məşğuldurlar?..
Dayanın, əziz oxucular! Kimisə təhqir etmək, qərəzli tənqid atəşinə tutmaq məqsədim yoxdur.
Sadəcə, “məni adam bilib danışan” prokuroru mən də adam bildim, ondakı bu özgüvənin səbəblərini öyrənməyə çalışdım… Nəhayət, ağdamlı tanışlarım mənə dedilər ki, “qudasının rayonudur, gözün üstə qaşın var” deyən yoxdur… Baxın, burda barmağımı “Snickers” bilib, dişlədim. Bundan əvvəl Raqub Məmmədovun müavini Ağa Zeynalov ondan 5 min manat rüşvət alındığını, pulunu tələb edəndə isə özünün kanala atıldığını deyən bağça tərbiyəçisi Fəridə Vəliyevanı “ruhi xəstə” adlanırmışdı.
Keçən ilin yayında Ağdam RİH nümayəndəsi Hüseyn Əliyev 4 il çörəkpulusunu ala bilməyən bir xanım haqqında xoşagəlməz sözlər işlətmişdi. Bu və digər məqamlar hamısı faktdır və diktofon yazıları da var… Yəni, Ağdamdan kim şikayət edirsə, ya “dəli”dir, ya “anormal”, ya da “əxlaqında problemi var”…
Ümumiyyətlə, insan nə vaxt söyməyə, təhqir etməyə başlayır? Sadə bir cavab: Leksikonunda normal danışıq üçün söz ehtiyatı tükənəndə, ya da yerli-dibli olmayanda.
Adama deyərlər ki, daha nə oldu, bu rayonda mətbuata kim şikayət edirsə, deməli, başı işləmir? Əgər bütün narazıları “dəli” çıxarmaq çətindirsə, Raqub Məmmədov xüsusi “dəlixana” da təsis edərək, özünə və qohumlarına mane olan “dəli”ləri ora toplaya bilər.
İndi bilmirəm, Ağdamda “normal” vəziyyət necədir. Onu da bilmirəm ki, Ağdamın məmurlarından, polisindən, prokurorundan narazı qalanlar nə dərəcədə “psixi xəstə” və ya “anormal”dırlar. Mən jurnalistəm və işim vətəndaşların müraciətini qələmə almaq, araşdırmaqdır. Əgər Səhiyyə Nazirliyində müvafiq vəzifə tutsaydım, əlbəttə, o zaman vətəndaşların psixiatrik ekspertizadan keçilməsi üçün “göndəriş” yazardım.
Amma söhbət xatirinə, işi aşsın deyə… başqasının haqqında nalayiq sözlər işlətmək, böhtan atmaq, xüsusilə də, 33 il bu ölkə üçün vətəndaş yetişdirən bir müəllimənin normallığına şübhə salmaq… Əlbəttə, normal deyil!
İstər Ağdamda, istərsə də digər rayonda… Olmaz belə! Öz işinizi düzgün görə bilmirsinizsə, ən azından, mətbuatla normal danışıq bacarığınız yoxdursa – sadə insanları niyə alçaldırsınız?! Ümid edirəm ki, aidiyyatı olan şəxslər tənqidlərimdən nəticə çıxaracaq.
Əlbəttə, ümid varsa, adam da var, həyat da…
Qədir bilib deyirəm!

qafqaznews.az

Комментариев нет:

Отправить комментарий