Страницы

26.01.2017

FAZİL MUSTAFA: AZƏRBAYCANA ELÇİBƏY ƏXLAQI QAYITMAYINCA, İŞĞAL OLUNMUŞ TORPAQLARIMIZI VƏ MƏNƏVİYYATIMIZI QAYTARA BİLMƏYƏCƏYİK

Bu gün Şah İsmayıl Xətaiyə qarşı ciddi savaş açan deputat illər öncə yazılarını onun fikirləriylə bəzəyib

xeber.info Deputat Fazil Mustafanın 2005-ci ilə qədər yazdıqlarını araşdırmaqda davam edir. Olduqca maraqlı və cəmiyyətin bir daha bilməsi vacib olan məqamlar üzə çıxır. Həmin məqamlardan biri də Şah İsmayıl Xətainin yazdığı şeir parçalarından birini nümunə göstərməsidir. F.Mustafa “Əxlaq davası” başlıqlı məqaləsində  mərhum prezident Heydər Əliyevlə Elçibəy arasında əxlaq paralelliyi aparır. Həmin məqalənin qısaldılmış formasını təqdim edirik.

 “... Əslində bu gün cəmiyyətimizdə hər kəsin anladığı şəkildə hakimiyyət davası deyil, əxlaq davası gedir. Bir tərəfdə mövcud iqtidarın yuxarıda gözəl inciləriylə tanış olduğunuz əxlaq, o biri tərəfdə də Elçibəy və onun tərəfdarlarının cəmiyyətə qazandırmaq istədiyi əxlaq qarşı-qarşıyadır. Elçibəy əxlaqından sizə bəzi nümunələr verək. Əlbəttə bunun qətiyyən indiki iqtidar sahiblərinə isti-soyuğu yoxdur. Sadəcə, məmləkət əhlinə aid bir xatirlatmadır ki, bu əxlaq anlayışına diqqət yetirməyəndə onları idarə edənlərin hərəkətlərindən uzun illər əzab çəkirlər. Vəzirovla Elçibəyin münasibətləri bəllidir. Vəzirovun anası rəhmətə gedərkən Elçibəy telefon açaraq onun gəlişinin təhlükəsizliyi üçün təminat verdiyini söylədi və yas yerində də gedib iştirak etdi. Mütəllibovun atasının incidilməsi faktına birinci reaksiya vermiş və o zamanın daxili işlər nazirinə onun qəlbinə dəyəcək bir hərəkətə yol verilməməsini xüsusi olaraq tapşırmışdı. Elə H.Əliyevin özünə münasibəti xatırladaq. Qardaşının dəfninə gəlməkdən çəkinən H.Əliyevin Bakıya gəlməsinə hər cür imkan yaradıb, onu hörmətlə qarşılayıb və yas yerində belə iştirak edib. Bu bizim prezidentimizin əxlaqıdır. Və mən varlığımla əminəm ki, Elçibəy dünyanın sonu olsa belə, H.Əliyevə qarşı rəqabətini heç vaxt onun qohumlarından qisas almaqla və ya onun maşınını yarı yolda saxlayaraq taksiylə evinə yola salmaqla etməzdi. Mən əminəm ki, bu işi icra edənlərin özləri də yüz dəfə rejimə lənət oxuyaraq belə hörmətsizliyi sinirə biliblər. Ancaq soruşulanda “bir tikə çörəyin nəyiyik”deyəcəklər. Cənab poqonlu mikrofon aşiqləri! “Bir tikə çörəyin nəyi”ndən asan və ləyaqətli yol var: sabah boğazınızdan saplanacaq çörəyin deyil, sadəcə Allahın qulu olmaq yetərlidir.
Qaldı Elçibəyin şəxsiyyətinə  qarşı hörmətsizliyə, Şah İsmayılın sözləriylə desək: “Şahü-Mərdanın yolunda çox kişi vardır, vəli, Afərin ol başə kim, min başı bir baş oynadır”. İllərdir ilan başları kimi cücərən minlərlə KQB başlarına qarşı bir mücahid başıyla öz şəxsiyytini qarşı qoyan bu böyük insanın əxlaq anlayışını hava-su kimi axtaracaqsınız. Qarabağı itirəndən sonra axtardığımız kimi. Azərbaycana Elçibəy əxlaqı qayıtmayınca, işğal olunmuş torpaqlarımızı və işğal olunmuş mənəviyyatımızı qaytara bilməyəcəyik. Bunu anlamayanlar buyurub indiki rejimin mübarək əxlaq qaydalarına səcdəni davam etdirə bilərlər”.

“Azadlıq” qəzeti, 17-18 noyabr 1998

Комментариев нет:

Отправить комментарий