Страницы

25.01.2017

Əfrahim Hüseynli - Alışmağın yer yox

ÖMÜR QALDI YOLU, İZİ SEÇİMDƏ

Sellər-sular yollar üstə daşdısa,
Enişi də, yoxuşu da daşdısa,
Əvvəli də, son ucu da qışdısa,
Dağlar üstən yol aşmağın yeri yox.

Bir murazın sonu dönüb heç oldu,-
Nə aradım, nə axtardım gec oldu...
Bu ocağın külü göyə sovruldu,-
Bir də dönüb alışmağın yer yox.

Ömür qaldı yolu, izi seçimdə,
Göyün üzü buludların köçündə.
Günlər ötdü gecələrin içində,-
Daha qalıb dolaşmağın yeri yox.

Yazı yazan daş yazıbmış səbrimi,
Gec anladım günün-ayın sirrini.
Uzaq olan, yada dönən birdimi?-
Üz tutmağın,qarışmağın yeri yox.

Əlim çatmır daha sənə, ay ana!..
Gəlib düşdüm bu payızın ovuna.
Qalan günlər çox çətin ki ovuna...
Barışmışam... barışmağın yer yox.

SƏNİ SEVMƏMİŞ

Bu qış da çaşdırıb bizi deyəsən,
Tanrı yazısıdı, demə gecdi, gec!
Vegülü, nöqtəsi yadımdan çıxan
Sevdiyin şeirlər yadındamı heç?..

Dünyanı tutmuşdu yaz gözəlliyi,-
Dumanı gəlməmiş, çəni gəlməmiş.
Ayı qarşılayıb yola salırdım,
Uldüzü sevirdim səni sevməmiş.

İtmişdim günlərin şirinliyində,-
Ağlıma gəlməyən ömür sürürdüm.
Hələ harasıdır, göy dənizlərin
Bir rəngi içində min rəng görürdüm.

Heç bitmək bilmirdi gecənin ömrü
Dan yeri əlçatmaz güman kimiydi.
Bir az gecələrin qəribliyində
Göy üzü gözləri dolan kimiydi.

Buludu sevmişdim, dolan buludu,
Yağışı sevmişdim mən səndən qabaq.
Kəsəkli yolları sərt üzünədək,-
Daşları sevmişdim mən səndən qabaq.

Sarı yarpaqlar da, otlar da gözəl!..
Doldu ürəyimə nə varsa köç-köç.
Vergülü, nöqtəsi yadımdan çıxan
Yazdığım şeirlər yadındamı heç?

DİLİNİN ALTINDA SÖZÜNÜ SAXLA

Dilinin altında sözünü saxla,
Üzünə açılsın meşin qapılar. 
Biri xoşlansa da, bir-iki sözdən,
Sözü böyütməyə beşi tapılar.

Daş qoya bilməsən dilinin altda, 
Yerisən daş dəyər ayaqlarına. 
Dünyanın işləri belədi, qardaş, 
Yüzü yol gözləyər, biri barınar.

Bu dəyirmanın da daşı dəyişib, 
Buğda əvəzinə üyüdür bizi. 
Dinib kiçilirik, dinməsək çoxu, 
Zəhmətsiz-filansız böyüdür bizi.

Dünyanın üzünə bozar, ya ağ ol, 
Onsuz da bu dünya düzələn deyil. 
Az tut ətəyindən doğrunun, düzün, 
Yalanlar usanıb üzülən deyil.

Yeri «böyüklər»in getdiyi səmtə, 
Yüyürüb küləyə özünü yorma. 
Dünyanın dumanı, çəni var, belə, 
Uzanan yollarda gözünü yorma.

Sənə qalmayıbdı dar ağacları, 
Alma ağacı var, nar ağacı var.
Qılıncdan keçdilər igid ərənlər, 
Dərdin nə dərmanı, nə əlacı var.

Saxla sözlərini, küləyə vermə, 
Sözü ötürürlər bu «başbilənlər». 
Nə olsun əlçatmaz yurd yerlərində, 
Döyür ağacları ağacdələnlər.

MƏN SƏNƏ HƏR ŞEYİ DEMƏDİM, ANA

Sevinci misqalmış baxtın, bilmədim,
Nahaqdan zirvəyə çıxdım, bilmədim.
Bulanıq sularda axdım bilmədim...
Mən sənə hər şeyi demədim, ana!

Ömrü uzun imiş hər il qışın da,
Batdım saxta, yalan söz yağışında.
Bir üzü quyuymuş hər alqışın da,
Mən sənə hər şeyi demədim, ana.

Donana od oldum, od oldı getdi,
Azana yol oldum, yol aldı getdi.
Aylardan, illırdən nə qaldı?.. bitti.
Mən sənə hər şeyi demədim, ana.

Əlim açıq oldu, əlim nə qədər!-
Umanlar çoxaldı hər gün, hər səhər.
Gizlicə bu ömrü sürdüm bir təhər,
Mən sənə hər şeyi demədim, ana.

Zözüm yeriyəndə gəzən çox oldu.
Elə ki, önümdə körpü dağıldı,
Biri gözə dəydi, beşi yox oldu,-
Mən sənə hər şeyi demədim, ana!

Sirrimi aparsın... küləyə dedim,
Dilsiz daşa dedim, çiçəyə dedim.
Ağrıyır ağrısın, ürəyə dedim,
Mən sənə hər şeyi demədim, ana!

Demədim - saçların eləcə qalsın,
Demədim- gözlərin yuxusuz olsun...
Duymadım, bilirsən gizli nəyim var;-
Köksündə dərdimin yüz göynəyi var,
Qocalan anam!
Ömrü ucalıqda! -
Ucalan anam!

AXTARIŞ

Açan çiçəkləri külək aparır,
Çılpaq ağaclarda nar axtarırıq.
Doğma ürəyinə yol tapmaq olmur,
Özgə ürəyində yer axtarırıq.

Dənizə yol gəzir sellənən sular, -
Yol boyu uçurur qurulanları.
Düzlərin yaxası qışın əlində,
Dağlarsa axtarır uzaq baharı.

Mərd keçilməz qaya, dağ sorağında,
Nadanlar yaşayır taxt həsrətində
Kiminin əlləri ölümə çatmır,
Kimi ucalmağa vaxt həsrətində.

Dünya axtarışlar məngənəsimi? –
Birisi «dost» gəzir, birisi arxa.
Ağacın, çiçəyin gözləri yolda, -
Sular gəlməz olub quruyan arxa.

Gözə görünməzdi, yaxşı nə varsa,
Hamı bir-birində nöqsan axtarır.
Bölünə-bölünə torpağın, Vətən,
Unudub, çoxları ad-san axtarır.

Torpaq doğmasını, yurd yiyəsini,
Axtarıb tapmağı dönüb müşkülə.
Çoxları öyünür, «oğlunam, Vətən!», -
Vətənsə oğullar axtarır hələ.

YAXŞI KI, DÜNYANIN YAXŞILARI VAR

Yolların üstünü qar-boran alar,- 
Nə kiçik bilinər, nə böyük olar. 
Bizim çiynimizdə hər iş yük olar, 
Yaxşı ki, dünyanın yaxşıları var.

Bulanan sularda boğular adam, 
Dumanın içində yox olar adam. 
Əl tutan olmasa, yıxılar adam, 
Yaxşı ki, dünyanın yaxşıları var.

Namərdlər nə yaxşı, nə də mərd bilər,
Dinib danışanda, nə də hədd bilər. 
Beşi də bilməsə, biri dərd bilər, 
Yaxşı ki, dünyanın yaxşıları var.

Söz var öz gücüylə əridər qarı, 
Əzər yolu-izi kəsən daşları. 
Sevinc yaşı olar bu göz yaşları, 
Yaxşı ki, dünyanın yaxşıları var.

Qədrini bilməsək bu yerin-göyün, 
Dərdini çəkərik hər ötən günün. 
Sevinc də gətirməz olan toy-düyün, 
Yaxşı ki, dünyanın yaxşıları var.

Süzülər fikrimdə hər olub-olan – 
Bu gecə ötərmi, açılarmı dan?.. 
Dayan, ürəyimin ağrısı, dayan, 
Yaxşı ki, dünyanın yaxşıları var.

Комментариев нет:

Отправить комментарий