Страницы

14.01.2017

Kimdir təhlükə mənbəyi: İran, yoxsa İsrail?

İranın son hərbi sınaqlarından sonra İsrail öz sərt reaksiyasını açıqlamağa macal tapdı. Öz varlığını Fələstin torpaqlarının işğalı üzərində qurmuş və 60 ildir təcavüzkarlıq siyasətini həyata keçirən İsrailin xarici işlər nazirinin müavini maraqlı bəyanatla çıxış edib: “Son raket sınaqları da daxil olmaqla, İranın hərbi təlimləri dünya ictimaiyyətinə meydan oxumaqdır. Bütün bunlar uranın zənginləşdirilməsi üzrə yeni müəssisənin fəaliyyətə başlaması xəbərlərindən bir neçə gün sonra baş verdi. Şübhəsiz, hazırda Tehran dünya təhlükəsizliyinə ən ciddi təhdiddir və hərəkətləri ilə digər dövlətləri anti-İran cəbhəsi yaratmağa vadar edir”. Maraqlı fikirdir, deyilmi? Sən demə “dünya təhlükəsizliyinə ən ciddi təhdid” onilliklərdən bəri milyonlarla insanı öz ev-eşiyindən, yurdundan-yuvasından didərgin salan, on minlərlə günahsız insanı, o cümlədən uşaqları, qadınları, qocaları, xəstələri öz vətənlərində amansızcasına qətlə yetirən, təcavüzkarlığı öz dövlət siyasətinin atributuna çevirən və qeyri-qanunu olaraq nüvə silahına malik olan İsrail deyil, heç bir dövlətin ərazisinə göz dikməyən, kütləvi qırğın silahlarını əqidəsinə zidd elan edən və təcavüzkarlığı “insanlığın faciəsi” adlandıran İrandır. Rəsmi Tehran yorulmadan, ardıcıl qaydada bəyan edir ki, nüvə texnologiyası sahəsində apardığı bütün fəaliyyətlər yalnız dinc xarakter daşıyır və bu ölkənin nüvə silahı istehsal etmək niyyəti yoxdur. İranın dini lideri isə bəyan edib ki, kütləvi qırğın silahları İranın etiqad bəslədiyi İslam prinsiplərinə ziddir və bu növ silahların istehsalı haramdır. O həmçinin bildirib ki, ölkəsi heç zaman kütləvi qırğın silahı istehsal etməyəcək və əksinə, dünyada bu növ silahlardan imtina edilməsinə çalışacaq. Bütün bunlara rəğmən, Qərbin kütləvi informasiya vasitələri dünyanı təcavüzkarlıq cənginə almış dövlətlərə qarşı deyil, İrana qarşı təbliğat aparır, bu dövləti “təhlükə mənbəyi” kimi qələmə verməyə çalışır. Onların Azərbaycandakı nökərləri də bu sahədə xeyli iş görür, xalqın başını piyləyirlər. Nə üçün? İran hansı ölkənin ərazisinə hücum edib, işğala məruz qoyub? Birinci və İkinci Dünya Müharibələrini bəşəriyyət tarixinə “töhfə” edib, on milyonlarla günahsız insanı məhv edən İrandırmı? Xirosima və Naqasakiyə atom bombası atıb, dinc insanları kütləvi soyqırıma məruz qoyan İrandırmı? Latın Amerikası ölkələrinin suveren hüquqlarını pozub, bu müstəqil dövlətləri istədiyi zaman hərbi təcavüzə məruz qoyan İrandırmı? Fələstin torpaqlarını zəbt edib, öz vətənində yaşayan on minlərlə günahsız insanı qətlə yetirən, 7 milyon fələstinlini qaçqınlıq taleyi ilə üz-üzə buraxan İrandırmı? İraq və Əfqanıstanı işğal edib, yeraltı və yerüstü sərvətlərini talan edən İrandırmı? Bu ölkələrdə yüz minlərlə günahsız insanın qətlini törədən İrandırmı? Azərbaycan xalqının təbii sərvətlərini əlindən alıb, bu xalqı ac saxlayan İrandırmı? Həftə səkkiz mən doqquz kütləvi qırğın silahları da daxil, ən müasir silahları özgə dövlətlərin ərazisində, beynəlxalq sularda, yerdə-göydə sınaqdan keçirən, bəşəriyyəti “gözümçıxdıya” salıb istisnasız bütün dünya ölkələrinin daxili işlərinə müdaxilə edən, çevrilişlər törədin dövlətlərlə əmr, diktə dilində danışan İrandırmı?.. Bəs nə üçün, hansı səbəbdən, hansı məntiqdən “dünya təhlükəsizliyinə ən ciddi təhdid” qismində bütün bu cinayətləri törədənlər deyil, İranın adı hallanır? Bəlkə elə onlarla BMT qətnaməsini tapdaq altına atıb, işğalçılıq siyasətindən əl çəkməyən, qeyri-qanuni yolla kütləvi qırğın silahı əldə edən və Yaxın Şərqı 60 ildir qan içində batıran İsrail öz hərəkətləri ilə anti-İsrail cəbhəsi yaratmağa vadar edir? Axı həqiqətən də regionu baş alıb gedən bu qətliamlar, cinayətlər fonunda kimdir təhlükə mənbəyi: İran, yoxsa İsrail?

Комментариев нет:

Отправить комментарий