Страницы

27.01.2017

Naxçıvan sakini İnternetdən görüşə çağırdığı qızları... - DƏHŞƏT

Dələduzluq və hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirli bilinən Naxçıvan şəhər sakini, 1989-cu il təvəllüdlü Fərid Cəfərxanlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Fərid Cəfərxanlı sosial şəbəkələrdə tanış olduğu qızlara qarşı dələduzluq edib. O, iki il ərzində "gecə.az", "alo.az", "saytım.az, "yataq.az", saytlarında 5 qızla tanış olub. O, həmin qızlarla mütəmadi olaraq internet və telefon vasitəsilə əlaqə saxlayıb, hər birinə qarşı evlilik təklifi edərək etibarlarını qazanıb.
Fərid Cəfərxanlı 2012-ci ilin sentyabr ayında "gecə.az tanışlıq saytında Aytən Ədilova (cinayət işində adı keçən bütün zərərçəkmişlərin ad və soyadları şərti göstərilib) ilə tanış olub.
O, Aytənlə həm tanışlıq saytında, həm də telefon vasitəsi ilə danışıb. Fərid qızı evlilik adı ilə aldadaraq onun etibarını qazanıb.
Hətta Fərid bir neçə dəfə Aytənlə Nərimanov parkında görüşüb. Sonuncu dəfə qızı yaşadığı Nərimanov rayonu, Ə.Rəcəbli küçəsindəki evinə qədər yola salıb.
Evlərinin yaxınlığında qızdan ümumi dəyəri 300 manat olan bir ədəd qızıl saatı, bir ədəd qızıl klonunu alıb. Həmin qızılları Fərid Cəfərxanlı sonradan sataraq şəxsi ehtiyaclarına xərcləyib.
Fərid Cəfərxanlının növbəti hədəfə aldığı qız "alo.az" saytında tanış olduğu 18 yaşlı Nahidə Məmmədova olub. O, 2012-ci ilin noyabr-dekabr aylarında həmin tanışlıq saytında Nahidə ilə danışıb, onunla da ailə quracağını deyib.
Bu adla Nahidəni aldadan Fərid Cəfərxanlı bir neçə dəfə paytaxtın ayrı-ayrı yerlərində yerləşən parklarda görüşüb. Fərid qızı onunla evlənəcəyinə inandırıb. Amma elçi göndərmək üçün imkanı olmadığını qıza deyib. Bu adla qızdan ümumi dəyəri min manat olan bir cüt qızıl sırğanı, üç ədəd qızıl boyunbağını, iki ədəd qızıl üzüyü lombarda qoyaraq kredit götürüb.
O, yenə də pulu düzəlmədiyini deyib və qızdan əlavə olaraq 400 manat alıb. Fərid Cəfərxanlı "sevgilisi"ndən aldığı pulları paytaxtın mərkəzində yerləşən əyləncə yerlərində xərcləyib.
Bundan başqa, Fərid Cəfərxanlı 2012-ci ilin dekabr ayında "saytım.az" tanışlıq saytında Fərqanə Əliyeva ilə tanış olub və o, qızın yaşadığı Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsinə gəlib. Orada qızla görüşüb və ona evlilik təklif edib. Sonra Fərid Cəfərxanlı Fərqanədən qulağındakı 150 manatlıq qızıl sırğanı aldatma yolu ilə alaraq ələ keçirib.
Bundan başqa o, 2013-cü ilin yanvar ayının əvvəllərində "big.az" saytında Mingəçevir şəhər sakini Samirə Əhmədova ilə tanış olub. O, tanışlıq zamanı qızla evlənəcəyini bildirib. Fərid Cəfərxanlı Bakıda yaşadığını, qızla evlənmək istədiyini, amma elçi göndərməyə imkanı olmadığını deyib. Bu zaman Samirə Fəridə onu evlənmək məqsədilə qaçırmasını təklif edib. Fərid isə Mingəçevirə gəlməyə yol pulu olmadığını deyib. Qız yol pulu əvəzi olaraq Fərid Cəfərxanlıya anasına məxsus 80 manat dəyərində olan qızıl qolbağı göndərib. Fərid qızılı alsa da, vədinə əməl etməyib.
2013-cü ilin yanvar ayının sonlarında Cəlalə Mehdiyeva ilə sosial şəbəkədə tanış olan Fərid onunla evlənəcəyini vəd edib. O, Cəlalənin yaşadığı Xətai rayonu, X.Məmmədov küçəsinə gəlib. Orada qızla bir daha yaxından tanış olan Fərid evlilik məsələsində israrlı olduğunu deyib.
O, qızın boynundakı 720 manatlıq qızıl boyunbağını istəyib. Fərid Cəlaləyə deyib ki, boyunbağını anasına göstərəcək, eynisindən evlənəndə ona alacaq. Bu adla boyunbağını ələ keçirib.
Fərid Cəfərxanlı Qaradağ rayonu Müşviqabad qəsəbəsində yaşayan Sevda Vəliyeva ilə "yataq.az" saytında tanış olub. O, Sevda Vəliyeva ilə ailə quracağını deyib və bu adla onu aldadıb.
Fərid görüş zamanı Sevdadan barmağındakı təxminən 80 manatlıq qızıl üzüyünü istəyib. Bildirib ki, həmin üzüyü qızıl satana göstərəcək, eyni ölçüdə olan nişan üzüyü alacaq. Bu adla da o, qızdan üzüyü alıb.
2013-cü ildə Fərid Cəfərxanlı sosial şəbəkədə Mehri Babayeva ilə tanış olub. Tanışlıq zamanı Mehri ona ailəsindən ayrıldığını deyib. Fərid Cəfərxanlı Mehri Babayeva ilə dəfələrlə intim əlaqədə olub və bu zaman video çəkiliş edib. Sonra Fərid Mehrinin ailəli olduğunu bilib və bundan sonra o, qadını video çəkilişlə şantaj etməyə başlayıb.
Fərid Cəfərxanlı hər ay Mehri Babayevadan 300 manat verməsini tələb edib və vermədiyi halda həmin çəkilişləri sosial şəbəkədə yayacağını, ailəsinin dağılacağını deyib. Qadın qızıllarını sataraq bir neçə ay ərzində Fərid Cəfərxanlıya hər ay 300 manat verib. Sonradan qadın ərinin cibindən də oğurluq edərək Fərid Cəfərxanlıya "haqq" ödəyib.
Sonradan Fərid Cəfərxanlının şantajından bezən Mehri Babayeva polisə şikayət edib. Onun şikayəti əsasında Fərid Cəfərxanlı həbs edilib və bundan sonra aldanan digər qızlar da valideynləri vasitəsi ilə hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Fərid Cəfərxanlı Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddələri ilə ittiham edilib.
Səbail rayon Məhkəməsinin hökmü ilə Fərid Cəfərxanlının barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 5 il sınaq müddəti müəyyən edilməklə 5 il 8 ay 10 gün müddətinə şərti cəza təyin edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Bu hökmdən prokurorluq apelyasiya protesti verib. Prokurorluq protestində Fərid Cəfərxanlının barəsində təyin edilmiş Cinayət Məcəlləsinin 70-ci maddəsinin hökmdən xaric edilməsini, onun həbs edilməsini istəyib.
Prokurorluğun protesti Bakı Apelyasiya Məhkəməsində araşdırılıb. Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə prokurorluğun protesti təmin edilib və Fərid Cəfərxanlının barəsində təyin edilmiş Cinayət Məcəlləsinin 70-ci maddəsi hökmdən xaric edilib.
Məhkəmə Fərid Cəfərxanlının barəsində 3 il 2 ay 10 gün azadlıqdan məhrumetmə cəzası saxlayıb. Onun barəsində həbs qəti imkan tədbiri seçilib və məhkəmə zalında həbs edilib.

teleqraf.com

Комментариев нет:

Отправить комментарий