Страницы

06.01.2017

Qəzet belə cəmiyyətdə nə edə bilər ki?!

İbrahim Hümbətov

 O yerdə ki, satılmaq istəyənlər satın alanlardan çox, əyilmək istəyənlər minənlərdən çox, ağsaqqal adı ilə oynayanlar ağsaqqaldan çox, adını şair, yazıçı qoyub yaltaqlıq simvoluna dönənlər çox... belə məkanda qəzet buraxmaq sizə asan gəlməsin.
 O gün qəzetlərdə oxuyuram ki, Sovet hökuməti dövründə təhsil naziri olmuş Dadaş Bünyadzadə adını yaza bilmirmiş. (Son illərə qədər Azəbaycanın ən güclü ali məktəblərindən biri - Xalq Təsərrüfatı İnstitutu onun adını daşıyırdı). İndi də belələri az deyil. Onlarla şirkət sahibi latın qrafikasını bilmir, hətta məktəb direktoru var ki, yeni əlifba ilə yazmağı bacarmır. İndi gəl belələrinə başa sal ki, qəzet nədir.
Xalq bir tikə çörək avarası, hökumət də ki, müstəqil, açıq sözün düşməni.
 Guya, KİV-ə Dəstək Fondu adlı bir təşkilat var, qəzetlərə yardım edir. Adı “çit” dəftərində olmayan qəzetlər 30-40 min manat yardım alır. Qəzetçilikdə ömrünü çürüdənlər isə baxa-baxa qalır.
 İşi o həddə çatdırıblar ki, adam lap “abunə” sözündən iyrənir, amma bu işə cavabdeh olanlar və ona nəzarət edənlər hər il utanıb-qızarmadan abunədən on min manatlarla pul çırpışdırdıqlarına görə, qəzetləri sevməsələr də, abunəni çox sevirlər.
Deyəsən, mətləbdən bir az kənar düşdük.
 Bizimkilərin bir qəribə xasiyyəti də var – hər işə qoşulanda deyir: “Bunun bizə nə xeyri?”. “Hə, yazdın da, nə xeyri oldu? Həmin məmur əvvəlkindən də artıq qudurğanlıq edir”. 
 Lap düz deyirsən, əziz oxucu. Amma unudursan ki, qəzet polis, prokuror, məhkəmə hakimi deyil. Biz yazırıq, sənin əlin çatmayanı, sənin bilmədiyini sənə bildiririk ki, sən də bir hərəkətə gəlib tapdanan haqqını müdafiə edəsən. Amma sən istəyirsən ki, hamam yoxdursa, həmin problemi də sənin adın olmadan biz qaldıraq, həmin hamamı inşa da etdirək, hələ sonda sənə bir yaxşı tas və dəsmal da verib deyək: “Ağayı filankəs, zəhmət olmasa, gəl burada pak ol.” Qısası, adıma dəymə, puluma dəymə, hacılığıma dəymə “bacılığıma” dəymə, amma məni xoşbəxt et.
 Belə olmur, əzizlərim. Şair Nazim Hikmət demişkən, “Sən yanmasan, mən yanmasam, biz yanmasaq necə çıxar qaranlıqlar aydınlığa?” Bir türkmən məsəlində isə bu fikir başqa cür təqdim edilir: Tək daşdan divar olmaz. Yəni, tək qəzetlə dünya düzəlməz, haqsızlıqlar haqq olmaz. Güc birlikdədir.
 İndi hara baxırsan “halal filan şey”, “halal bəhmən şey”... Bu halallığın da “dili” var elə bil. Mən bu barədə çox fikirləşmişəm. Hara gəldi “halal, halal” yazmaqla halalçılıq olmaz. Halallıq “dili” də o biri fırıldaq dillərin bir şivəsidir. Biz nə qədər halal Azərbaycan yaratmamışıq, halal deputat, halal icra başçısı, halal hakim deməyə dilimiz gəlmirsə, hamının alnına halal yazsan da, dəxli yoxdur. Yoxsa halal dükan, halal şirkət, halal pendir!.. Ay hay! Sabah da yazacaqlar halal araq, halal siqaret... Adam var pencəyinin arxasına yazır kompüter ustası, kafel ustası. Belə getsə, bir də görəcəksən ki, kürəklərinə yazıblar halal yaltaq, halal iş verən, halal evyıxan.
 Sonra canım sizə ərz eləsin, bir dil də var, deyirlər ki bu quş dilidir, onu Süleyman bilir ancaq. Bunu əslində şairlər uydurub. Daha doğrusu, keçmişdəki əsl şairlər. Yoxsa, indikilər... Baxırsan, şeirinə söhbət yoxdur... Yazanın “şəxsiyyətinə” nəzər salırsan, təpədən-dırnağa qədər yaltaq, müti, itaətkar... Hakimiyyətə xoş gəlsin deyə, istənilən haqq deyəni dimdikləməyə hazırdırlar. Hətta bizim uşaqların söz çələngi kitabı haqqında yazdığımız rəyə də mız qoyanlar tapılmışdı. Guya, o yazıda bəzi yazarları təhqir etmişik. Ay balam, başçınız rayonunuzda yüzlərlə ağacı vəhşicəsinə qıranda, yüzlərlə insanın keçdiyi küçələri xaraba günə qoyanda, 2 parkda bir ayaqyolu düzəldə bilməyib veteranları gülünc vəziyyətə salanda, sahibkarı haqq vermədiyinə görə gözümçıxdıya salanda bəs bu xalq təhqir olunmurdu? Niyə susurdunuz onda? Xalqın dərdinə yanıb haray çəkmək əvəzinə, hakimiyyətin qoltuğunda isti yuva axtarırdınız? İndi “dövlətli evin gəlini” kimi boy-boya düzülmüsünüz. Bu zamanda zurnaçı da, balabançı da özünü yazıçı kimi təqdim edir. Stalin belələrindən birinin kitabını çap etməyə rəy verəndə yazmışdı ki, bu kitabdan cəmi 2 nüsxə çap edin- biri özü üçün, biri yenə də özü üçün. Ay əlinə dönüm a!
 Dərdimiz böyükdü, saymaqla qurtaran deyil. Onsuz da kitab-dəftər çoxdan itib. Əvvəllər deyirdilər, ataların yolu oğulların yoludur. İndi deyirlər, qayınataların yolu olub gəlinlərin yolu. Eşidirsən ki bir məktəb direktoru işdən çıxır, dalıyca eşidirsən ki onun yerinə gəlinini gətirirlər. Əcəb epoxaya düşmüşük!
 Göydən bizi seyr edən olsa, deyər bunlar bəxtəvərdir- hər yerdə çal-çağır, fəvvarələr, dəstə ilə domino oynayanlar, cayxanada nərd vuranlar, “ToPaz”da variant fırladanlar,.. qısası, fransız xalqı keyf edir. Badenbauzenin mavi gecələri! Amma qəzetləri açmağını görürsən- ata oğulu, qardaş bacını, ər arvadını öldürüb. O gün oxuyuram ki əmioğlu əmioğlunu 30 manatın üstə yortub. Öldürmək nədir e... Son vaxtlar elə “inkişaf “etmişik, başını kəsirik, tikə-tikə doğrayırıq, qoşa-qoşa, ana-bala birlikdə öldürürük. Kriminal xəbərlərə baxmaqdan qabaq gərək validol içəsən.
 Bu cür təhsil, bu cür tərbiyə üsulu olan yerdə, mal-qara alverçiləri təhsilə rəhbərlik edəndə, ildə 17 mindən artıq nikahdankənar uşaq doğulanda tay nə gözləyirsən ki? İndi gör onların içindən nə qədər vicdandankənar, ləyaqətdənkənar, qeyrətdənkənar... yetişir. Allah axırımızı xeyir eləsin!

Комментариев нет:

Отправить комментарий