Страницы

15.01.2017

Səlim Nəsirli - Sahib-Dövran yetirər

Cananıma can bəxş edirəm, can gedir əldən,
Can qeydinə qaldıqcada canan gedir əldən.

Can istəmirəm, candan əzizdir mənə canan,
Can verməsəm ol candan əziz can gedir əldən.

Vəslində ikən qədrini bil cananın, ey dil,
Mənali keçir ömrünü hər an, gedir əldən.

Kaş canı verib canana mən vəslə yetəydim,
Yoxsa elə bu ömr nigaran gedir əldən.

Fürsətdi, könül, kim bu gün əhza günüdür, bil,
Can olmasa, bu eydidə qurban gedir əldən.

Sərvət, mala meyl eyləmə dünyadə, əbəsdir,
Bil ki, olur axirda o viran, gedir əldən.

Şəhdi-ləbinin busəsi dərmandi Səlimçün,
Getsən ölərəm, getmə ki dərman gedir əldən.
***
Çəkmə ruzi qəmini, Xaliqi-Sübhan yetirər,
Bu qədər naümüd olma, edər ehsan, yetirər.

Çalış aləmdə halal ruzi ilə ömrü yaşa,
Ruzinə qatsan haram, sanma ki hər an yetirər.

Ruzin az olsa əgər, olmasa bir zərrə həram 
Düşmə təşvişə, könül, olma nigaran, yetirər.

Nə ola müşkülün, Allaha təvəkkül elə sən,
Sənə müşkül olanı, bil ki o asan yetirər.

Bu qədər fikr eləmə, dərdimə dərman kim edər,
Dərdi kim verdisə, bil ki özü dərman yetirər.

Səbr elə, fəsli-zimistanın olar ömrü qısa,
Gün olar ki sənə ol fəsli-gülüstan yetirər.

De, Səlim, haqqı cahanda, demə dövran necədi,
Ki, özün tezlik ilə Sahib-Dövran yetirər.

Комментариев нет:

Отправить комментарий