Страницы

29.01.2017

Vladimir Putin kimdir - Rusiya prezidentinin gizli-aşkar tərəfləri

Həmid Herisçi

O, qalibdi. İndi bunu bütün dünya yana-yana etiraf edir...
Moskva, Beskudninskiy bulvar ev 6/3 ünvanında yerləşən müasir dizaynlı dükan, Rusiyada müştəri baxımından heç vaxt korluq çəkməyən nadir dükanlardan biri, bəlkə də ən birincisidir. “Putinin portretləri” adlı bu dükanda gör neçə illərdi ölkə prezidenti Vladimir Vladimiroviç Putinin, nə az nə çox, yüzə yaxın portreti satılır.
Müştərilər arasında birinci yerdə Volqa boyu kənd sakinləridi, ikinci yerdə Dağıstan güc strukturları, üçüncü yerdə isə Ramzan Kadırovun şəxsi qvardiya üzvləri. 
Qoltuğuna Putinin şəklini vuran müştərilər arasında son zamanlar xarici qonaqlar – ABŞ-dan, Almaniyadan, İsraildən olan turistləri də nəzərə çarpaq dərəcədə çoxalıb.
***
Rusiya prezidentinin kim olduğunu, hansı məzhəbə qulluq etdiyini öyrənmək istəyirsinizsə, gərək mütləq və mütləq bu zəngin foto-qalereyanı diqqətlə nəzərdən keçirəsiniz. Fotoqrafların bu sahədəki gərgin əməyinə ancaq həsəd aparmaq olar. Putini öz fotoobyektivlərindən kənarda bir saniyə belə saxlamayan bu peşəkarlar, ölkə prezidentini yüzədək fərqi rakursdan görməyi, şükür, bacarıblar. Ancaq, bu portret qalereyası məncə hələ tam deyil. Vladimir Vladimoroviçin əsas xüsusiyyətini - solaxaylığını əks etdirən vacib foto, bəli, bu siyahıda hələki yoxdu. Varmı belə foto, yaxud onu gizləyirlər? Bu barədə indi əlavə heç nə deyə bilmərəm.
Putinin solaxaylığı, “A.Lange & Sohne Tourbograph”, “Patek Philippe Perpetual Calendar” markalı qol saatlarını həmişə sağ biləyində gəzdirməyi, bəli, barəsində bəzi fantastik fərziyyələrə xeyli qol-qanad verib. Axır vaxtlar bəzi Kreml məmurları Putinə baxıb öz qol saatlarını sağ biləklərinə taxmağa meylləniblər. Xahiş edirəm, gülməyin. İndi bu işarə, Putin komandasına məxsusluğun bir növ gizli əlaməti, rəmzi də sayılır Kreml dəhlizlərində. Çistopol saat fabriki bu trendi elə havadaca tutmağı bacarıb.
Sağ biləkli saat həvəskarları üçün xüsusi “Kremlovskie” seriyasını satışa buraxıb. Putin komandasının bütün üzvləri - İqor Seçindən tutmuş S.Y.Narışkinə qədər, hamı bu saatları deyilənə görə indi öz sağ biləyində gəzdirir.
“Putinin əsas sirri” deyəcəyimiz bu məxfi qrafaya sadəlövh yanaşmanın qəti tərəfdarı deyiləm. Əslinə qalsa, Putin solaxaydı. Ancaq o, daha çox ambidekstrdı (bu tip adamlar beynin həm sağ, həm də sol yarımkürələrini eyni vaxtda işlədə bilirlər) –ikiəllidir, nəinki sırf klassik solaxay. Qısası, Barak  Obama da ambidekstrdı, Vladimir Vladimiroviç də. Burda necə deyərlər daş qayaya - Obama Putinə rast gəlib. Su axıb, öz çuxurunu tapıb.
***
Ambidekstrlar isə, yazılmamış qanundu, elə lap uşaqlıq günlərindən başlayaraq həmişə xüsusi xidmət qurumlarının ciddi nəzarəti altına fəaliyyət göstərirlər. Belələri, adətən elə uşaq bağçalarından, məktəblərdən qeydə alınaraq düşürlər məxfi qurumların siyahısına. Hər iki beyin yarımkürəsi dayanmadan çalışan bu cür adamların ən ağır tapşırıqları, öhdəlikləri yerinə yetirmək istedadı, görünür Putində də elə lap uşaqlıq günlərindən özünü büruzə verib. Xəfiyyələr bu xəbəri lazımı ünvana ötürdükdən sonra Putin barəsində xüsusi qovluq açılıb. Əvvəlcə o, düşüb anonim idarəetməyə. Özü də bilməyib kimlər onu karyera zirvəsinə istiqamətləndirirlər. Kimlər onu ən çətin imtahanlara məruz qoyub, qəfildən xilaskar cildində qarşısında peyda olurlar.
Putinin bu anonim qüvvələrlə ilk tanışlığı məncə təhsil aldığı Leninqrad Universitetinin son kurslarından, 1984-85-ci illərdən başlayır. Ayrıca xüsusi təyinatla KQB-yə işə göndərilən bu ikiəlli ambidekstr tezliklə ona bəslənən ümidləri tam doğrultmağı bacarır. Oxtadakı 401 saylı xüsusi məktəbdə əməliyyatçı sənətinin bütün incəliklərinə yiyələndikdən sonra Putin dönüb olur əsl əks-kəşfiyyatçı.
Vaxtilə eyni ünvanlardan Heydər Əliyevin də keçməyi, görünür, hələ o zamanlar Putinin çekist diqqətindən kənarda qalmayıb. Heydər Əliyevlə Putin arasında sonradan yaranacaq isti münasibətlərdə özünə az əhəmiyyət kəsb etməyib. Əməliyyatçı təhsilini sonradan Andropov adına Ali KQB məktəbində təkmilləşdirən o vaxtkı Putin barəsində həmkarı Yuriy Şves deyib: “Meşənin lap dərinliklərində yerləşən bu tam qapalı, hasarlı ərazidə Putin düz bir il qaldı. Putin kimilərə bu ünvanda əslinə qalsa, heç nə öyrətmirdilər. Burda onların özünü öyrənirdilər bəlkə”.
Kiçik haşiyə - xüsusi təyinatlıların dilində, yadda saxlayın, buna “Alfa-proqramlaşdırılma” da deyilir. Xüsusi agentlər adətən əlifba sırasıyla ALFA, BETTA, QAMMA, DELTA kateqoriyaları üzrə dörd yerə bölünürlər. Moskvanın Olimpiya şəhərciyindəki otellərin eyniadlı olması da təsadüfü deyildir. Putin kimi əlaçısansa, buyur, İzmaylova otellərinin ALFA korpusunda həmişə yerin var. Yox, əgər Anna Çapman kimi seks-agentsən, həəə, qalacağın yer mütləq BETTA korpusunda olacaq.
Düz bir il sürən qapalı, ağır tədris proqramlarından sonra Putin məhz İzmaylovdakı ALFA korpusuna gəlib qeydetmə masası üzərinə öz təzə pasportunu atır. Növbətçi qız, müştərini diqqətlə süzüb, pasportdakı Platov kəlməsinə ağız büzür... əl atır divardan asılmış açarların birinə...
Cэsus texnologiyalarına bu ünvanlarda tam yiyələnən Putin, bəzi iddialara görə orda “Platov” kod ismini qazanır, digər iddialara görə ən ciddi “boz güvə” ləqəbini. Maskalanıb gizlənməyi bacaranlara verilən bu yüksək ad, məndə əsla təəccüb doğurmasa da, görürəm sizdə neyçünsə gülüş hissləri doğurur. Məncə, nahaq yerə. 
Əvvəla, siz səhv edirsiz. İngiliscədə “mole” sözü porsuq, köstəbək mənasını verir, bilin. İkincisi, kəşfiyyatçılar arasında “mole” kod ismi, ən məxfi agentlərə verilən çox hörmətli, peşəkar ləqəbdir. Hər adam güvə, köstəbək, porsuq kimi gizlənməyi, gözəgörünməz olmağı bacarır deyirsiz, həəə? Yoxxxxx....
Bacaranları, yadda saxlayın, təcili qeydiyyata alıb desant kimi xaricə yollayırlar. “Güvə”lər, “mole”lər adətən ən qapalı dolablara girib ordakı yun paltarları yavaşca didib gəmirirlər. 
Rusiyadakı növbəti prezident seçkilərindən əvvəl “Zavtra” qəzetində Putinə həsr edilmiş məqalənin “Triumf Moli” adlandırılmağı da məncə qəti təsadüfü deyildir. Məqalənin müəllifi Proxanovu cibinizə qoymayın, xahiş edirəm. Məqaləni yazanda o, özbaşına deyildi. O, məhz Kremldən gələn xüsusi göstərişlə bu məqaləni qələmə alıb, ona qəşəng, çox mənalı ad verib.
***
Qısası, alman dilinə, cəsus fəndlərinə tam yiyələnən bu “yoldaş Platov”, Şərqi Almaniyanın Drezden şəhərindəki KQB dayaq nöqtəsinin rəhbəri təyin olunub, başlayır orda sakit fəaliyyətə. Xonekker rejimi 1989-cu ildə laxlarkən yoldaş Platov özünü itirmir əsla. Etirazçılar qarşısına şəxsən özü çıxıb arxasındakı KQB iqamətgahını dağılmaqdan qoruyur.
Pivədən vurub ayaq üstə güclə duran izdihama təmiz almanca müraciət edir:
- Mən zabitəm. Tapançamın darağındakı 12 güllədən sonuncusunu özümə saxlayacam. Qalanları sizindi... Atacağam... Başqa yol yoxdu. Mən zabitəm.
Yoldaş Platov, üzr istəyirəm Putin, bunları deyərək kürəklərini izdihama tərəf çevirib sakitcə geri- öz iş yerinə qayıdır. Qanrılıb geri baxanda görür ki, bayaqkı gur izdihamdan həyətdə bircə nəfər belə qalmayıb.
***
Platov pasportu ilə xaricdə yaşamaq perspektivi bu vaxt Putinə çox darıxdırıcı görünür. O, Moskvaya, Lyubankaya qayıdıb cəsus pasportunu arxivə təhvil verir. Doğma pasportunu geri alıb, bir müddət inana bilmir ki, əslində o Platov deyil, Vladimir Vladimiroviç Putindir. Həqiqətə alışmaq öz həqiqi məninə qayıtmaq, bəli, bir müddət vaxt istəyir cavan, kasıb Vladimirdən. SSRİ-nin süqutunu sonralar “zəmanəmizin ən böyük fəlakəti” kimi qeyd edən Putin məncə bu fəlakəti sözün əsl mənasında tam yaşayıb. Düzgün də dəyərləndirib bu ağlasığmaz aqibəti.
Özünə qayıtmaq vətənə, doğma kasıb yuvaya - Piterə qayıtmaqdan start götürüb axır Smolnıdakı təzə iş yeri ilə nəticələnir. Cəsusluğu buraxan Putin, Piter meri Aleksandr Sobçakın xarici iqtisadi-siyasi əlaqələr üzrə müavini vəzifəsini qazanıb başlayır biznesmenlərə öz təzə vizit kartlarını paylamağa. 
Belə vizit kartların birini təsadüfən öz arxivimdə aşkarlayıb indiyədək özümə sual verirəm - hardan gəlib düşüb o mənim arxivimə? Necə olub bu kartı mənə uzadan əli unutmuşam? Hə... beləsinə ingiliscə “mole” deməyəsən, bəs nə deyəsən axı?
1991-ci ilin sonunda Smolnı üzərindəki Lenin yadigarını- qırmız sovet bayrağını, aşağı endirib əvəzində üç rəngli rus bayrağını havaya qaldıran da məhz elə həmin bu əldi. Putinin məxfi, gizli, gözəgörünməz əli.
Kimsənin görmədiyi, seçmədiyi bu solaxay əli, sonralar Rusiya prezidenti Boris Yeltsin görüb dəyərləndirir. Piterdə açılmış ilk valyuta borsasının kuratoru olmaq, xarici kapitallı ilk bankı - “BNP-Drezdner Bank-ı (Rossija)” Neva sahillərində yaratmaq təcrübəsi o vaxtkı Putinə əvvəlcə Smolnı kabinetlərinə yol açır, sonra qırmızı xalçalı Kreml dəhlizlərinə.
Həmin günlərdə Putin, ABŞ Milli Demokratiya İnstitutunun (“National Democratic Institute for International Affairs”-in, qısaca desək NDI) treninqlərinə cəlb edilərək Amerika tərəfindən nəzarətə götürülür. Barəsində xüsusi dosye yaradılır. Amerikalılarda adət var - solaxayları qəti sevməzlər. Putinin bu və digər cəhətləri Maykl Makfolda, ABŞ-ın Rusiyadakı növbəti səfirində Putinə qarşı mənfi rəy formalaşdırır. Balıqçı balıqçını, agent agenti, “mole” özü kimisini çox uzaqdan gördüyü kimi, Makfol da bu kadrda məhz özünü görüb bərk diksinir. Ağ Evə yazdığı raportda Putin barəsindəki öz şəkk-şübhəsini yuxarılara çatdırır.
***
Boz “Mole”, növbəti dəfə Qərb xüsusi xidmət qurumlarını aldadır. Kreml şkaflarına, kabinetlərinə girib onları içəridən didməyə başlayır. Çeçen müharibəsini udub, Şimali Qafqazda əmin-amanlığı bərpa edir. Qiymətli daş, qızıl ehtiyatlarını birə on dəfə artıraraq Çindən, Yaponiyadan sonra bu siyahıda üçüncü yer qazandırır Rusiyaya. Neft-qaz şirkətlərinin kontrol paketini yenidən dövlətə qaytaran, bu sahədəki vergi gəlirlərini 250 faiz artıran Putin, tezliklə yerli oliqarxlar, bankirlərlə toqquşur.
“Məxfi porsuq”, burda da öz rəqiblərini - ilk növbədə Xodarkovskini tora salaraq qazamata göndərir.
Xodorkovski isə pərdənin sadəcə önüdür. Pərdənin arxasında isə dünyapərdəarxası, gizli, məxfi qurumlardı. Xodorkovski kimilərin əli ilə Rusiyanın təbii ehtiyatlarını ələ keçirmək istəyən bu qüvvələr də Putinə tablamayıb səhnəni tərk etməyə məcbur qalırlar.
***
Brejnevdən sonrakı Kreml sahibləri- Qorbaçov, Yeltsin, razılaşaq, Azərbaycanı qətiyyən sevməyiblər. Putindən sonra isə Kremdə ölkəmizlə bağlı vəziyyət sabitləşdi. Sonralar Putin, bu xətlə bir addım da irəliləyib Türkiyə ilə dostlaşdı. Bütün bunlar bizim çox ciddi qazanclarımızdı.
Sovet KQB-si nə qədər güclü olsa da, heç vaxt Vaşinqtondakı seçki göstəricilərini öz xeyrinə dəyişməyib. Heç vaxt KQB, Türkiyədəki Amerika casus şəbəkələrini (Gülən camaatı və s.) bircə gülləylə qətlə yetirib, ölkə prezidentini- Ərdoğanı, labüd ölümdən xilas edərək tam təhlükəsiz bir yerə köçürməyi bacarmazdı. Putin bunları bacardı. Valadimir kəlməsini bir başqa cür tələffüz etdirdi bütün dünyaya. Sonra qulaqlarımıza pıçıldadı ki, bəs bu rus dilində “cahangir” mənasını verir, biləsiz.
Rus “motroşka”sı qəliz oyuncaqdı. Yazıçıların axtardığı, qələmə aldığı “rus ruhu” məncə elə bu oyuncaqların dərinliyində gizlənir. Yeltsinin motroşkasını alacaqsan, içindən Putin çıxacaq.
Qalibləri müzakirə etmirlər.
Putin qalibdi. İndi bunu bütün dünya yana-yana etiraf edir. 
 
musavat.com

Комментариев нет:

Отправить комментарий