Страницы

10.02.2017

ABŞ əlini çəksə Avropa keçmiş SSRİ ölkələrini Rusiyadan qoruya bilərmi?

ABŞ prezidenti Donald Tramp NATO-nu “köhnəlmiş təşkilat” adlandırıb və onun bəyanatının Avropada yaratdığı panika səngimir. ABŞ əlini çəksə Avropa Rusiyanın Baltikyanı ölkələrə mümkün hərbi müdaxiləsinin, yaxud Vladimir Jirinovskinin bildirdiyi kimi keçmiş SSRİ-nin sərhədlərini bərpa etməsinin qarşısını almaq imkanında olacaqmı?
Virtualaz.org xəbər verir ki, İsveçin “Aftonbladet” qəzeti bu məsələni iki hərbi ekspertlə araşdırıb və ortaya Avropa üçün acınacaqlı nəticələr çıxıb.
Məsələ burasındadır ki, ABŞ-ın hərbi gücünü hesaba alanda NATO hazırda Rusiyadan güclüdür. Lakin ABŞ olmasa nə baş verəcək? Tərəflərin hərbi potensialı və qüvvələri arasında nisbət necə dəyişəcək?
İsveçin total müdafiə İnstitutunun hesabatına görə Rusiya hazırda eyni vaxtda iki cəbhədə hücum əməliyyatı aparmaq gücündədir və bu zaman hər istiqamət üzrə 14 briqadaya bölünmüş 150 minlik döyüş hazırlıqlı qüvvədən istifadə edə bilər. Əgər bütün qüvvələr bir istiqamət üzrə hücuma cəmləşdirilsə o zaman döyüşə 19 briqada çıxarmaq mümkündür. Tankların və digər zirehli texnikanın sayına gəldikdə bu barədə dəqiq məlumat yoxdur. Ancaq Qərb analitiklərinin hesablamalarına görə Rusiyanın 15 min 400-ə yaxın tankı var. Bu, Fransa ordusunun tanklarının sayından 77 dəfə çoxdur. Hərçənd həmin tankların nə qədərinin döyüşə hazır olduğu məlum deyil. Mümkündür ki, texnikanın bir hissəsi artıq köhnəlib və istismara yaramır.
Bununla belə Rusiya istəsə sovet dövründən qalma zirehli texnikanı da qısa müddətdə istismara cəlb edə bilər. Sovet dövrünün döyüş maşınları kifayət qədər möhkəmdir və onlar uzun müddət anqarlarda saxlanıldıqda xüsusi baxım tələb eləmir. Əgər köhnə, sıradan çıxmış texnikanın detallarından ehtiyat hissə kimi istifadə edilsə qısa zamanda kifayət qədər böyük sayda saz texnika əldə etmək olar.
Avropada isə əsasən üç ölkə hərbi qüvvələrin miqdarı baxımından ciddi qəbul olunur. Bunlar Fransa, Böyük Britaniya və Almaniyadır. Və onların hər üçünün silahlı qüvvələri hazırda bərbad vəziyyətdədir. Məsələn, 2010-ci ilə qədər Böyük Britaniya ordusunun ancaq bir hava-desant briqadası və bir mexanikləşdirilmiş diviziyası (üç briqada) olacaq. Lakin yaxın aylarda bu briqadalardan ancaq biri döyüşə qatıla bilərdi.
Fransa Avropada ən güclü ordusu ilə tanınır, ancaq hazırda onun ordusu hərəsində 3 briqada olmaqla iki diviziyadan ibarətdir. İsveçin total müdafiə İnstitutundan Robert Dalşyo deyir ki, hazırda Fransa əsasən daxili terror təhdidlərinə qarşı diqqəti cəlb edib, o cümlədən Yaxın Şərq və Afrikada sülhməramlı əməliyyatlarla məşğuldur. “Ona görə də mən təsəvvür edə bilmirəm ki, onlar qəfil situasiya yaransa döyüşə iki briqadadan artıq qüvvə çıxara bilsinlər”-ekspert deyir.
Almanların da işi yaxşı deyil. Onların ordusunda hərbi texnika üçün ehtiyat hissələri çatışmır, texnikanın bir çoxu sadəcə olaraq işlək deyil. “Almanlar öz problemlərini bilirlər, əgər onlar indi bu sahəyə pul qoysalar bir neçə ilə nəticə olacaq. Hazırda isə onlar bir-iki briqada döyüşə çıxara bilərdilər, bundan artığını yox. Ola bilsin Niderland da bir briqada ilə kömək etsin, ümumən almanlarla birlikdə bir diviziya yaratsın”- ekspert bildirib.
Robert Dalşyo bildirir ki, İspaniya və İtaliyanı heç hesaba almaq lazım deyil. Onların Mərkəzi Avropada qoşunları heç vaxt olmayıb. Danimarka və Norveç isə hərəsi uzağı bir batalyon verə bilər. “İslandiyanın isə heç nəyi yoxdur. Lüksemburqun əlindən ancaq başsağlığı vermək gələr. Belçika isə bir qutu şokalad göndərə bilər. Çexlər, slovaklar, macarlar... ola bilsin onlar sırf simovlik kömək edərlər, hərəsi bir batalyon göndərər”.
Ekspertin fikrincə Şərqi Avropada ən ciddi silahlı qüvvələrə malik ölkə Polşadır. Üstəlik onun silahlı qüvvələri daha yaxşı vəziyyətdədir, siyasi baxımdan da Polşa ordudan istifadə etməyə hazırdır. “Ancaq bu, köhnə hökumətin vaxtında belə idi. Təzə hökumətin vaxtında bir çox zabitlər ehtiyata getdi, zabit heyətində təmizləmələr oldu. İstisna etmirəm ki, onlar dörd-beş briqada yığa bilərlər, ancaq bu təxmindir”- ekspert deyib.
Robert Dolşye bildirir ki, İsveç yunanlarla birlikdə bir briqada göndərə, Finlandiya ola bilsin üç briqada ilə kömək edə bilər. “Lakin bu qüvvələri cəmləşdirməyə azı üç həftə lazımdır. Ona görə də əgər pribaltikalılar müharibəni uzatmağın ustası olmasalar söhbət onları ruslardan qorumaqdan yox, əraziləri azad etməkdən gedəcək. Bu isə xeyli mürəkkəb işdir”- Dalşye bildirib.
İnstitutun digər analitiki Fredrik Vesterlund isə deyir ki, Rusiya hərbi birləşmələrinin döyüş hazırlığı yüksəkdir, üstəlik Rusiyada qərarlar vahid mərkəzdən qəbul olunur. Avropada isə qərar vermək və Rusiya ordusunun qarşısına bərabər qüvvə çıxarmaq üçün azı 15 hökumətin razılığını almaq lazımdır. Hərçənd ki, NATO ölkələrinin hərbi potensialı Rusiyanın hərbi potensialından güclüdür.
Robert Dalşyenin fikrincə isə Rusiya Baltik ölkələrini köməyə qüvvələr gəlib yetişənə qədər tuta, sonra bu əraziləri nüvə silahı ilə qorxutmaqla müdafiə edə bilər. “Əgər ABŞ desə ki, biz iştirak etmirik, o zaman nə dərəcədə şans var ki, Fransa və ya Böyük Britaniya Baltik ölkələri naminə milli intihara getsinlər?”- ekspert sual edir.

virtualaz.org

Комментариев нет:

Отправить комментарий