Страницы

09.02.2017

Akif Çovdarov kabinetindəki “ölmüş toyuğu” göstərib nə dedi?

MTN generalı Akif Çovdarovun barəsində aparılmış istintaq yekunlaşıb və ona qarşı irəli sürülmüş çoxsaylı cinayət ittihamları üzrə istintaq materialları məhkəməyə təqdim olunub. Çovdarovun işinə Sabunçu Rayon Məhkəməsinin binasında hərbi məhkəmə heyəti tərəfindən baxılacaq. Prosesin başlaması iki dəfə təxirə düşüb və jurnalistlər məhkəməyə buraxılmayıb.
Çovdarovun cinayət işi vəkillərinin də təsdiq etdiyi kimi çox qalındır, orada çoxsaylı epizodlar yer alır. Bu epidozlarla tanış olduqca Mahmudov-Çovdarov qruplaşması sanki “Əlibaba və qırx quldur” nağılındakı taladıqları qızılları, dollarları və avroları mağaralarına daşıyıb yığan quldurları xatırladır.
Virtualaz.org qanqster-generalın cinayət işi üzrə sensasion epizodları oxuculara təqdim edir. Bu epizodlardan görünür ki, Çovdarov-Mahmudov qruplaşması MTN-ə rəhbərlik etdikləri müddət ərzində sahibkarlara diri-diri yolmaq üçün nəzərdə tutulmuş qaz, yaxud toyuq kimi baxıblar. Hansından nə qədər yolmağın mümkün olduğunu onların barəsində gizli dosye toplayaraq müəyyən ediblər. Ancaq günlərin birində Çovdarovun kabinetinə “ölmüş toyuq” da gəlib çıxır...
“Ölmüş toyuğun” generalın kabinetində nə iş var deyib sual edən oxuculara bir az səbrli olmağı tövsiyə edib əhvalatın əvvəlindən başlayırıq.
Beləliklə, bu epizod “Azercell Telekom”un danışıq kartlarının topdansatışı biznesi ilə məşğul olan “Baktel” MMC şirkətinin sahibi İbrahimov Zaur Elxan oğlunun soyulması ilə bağlıdır.
Dərhal qeyd etmək lazımdır ki, abonentlərə yüksək tariflər tətbiq edən və beləliklə də qaz vurub qazan dolduran mobil rabitə operatorlarının biznesi yaxşı gəlir gətirdiyi kimi onların danışıq kartlarının topdansatışı da kifayət qədər gəlirli biznes sayılırdı. Bu, həmin dövrlər idi ki, “Azercell”in “Sim-Sim” danışıq kartları çox populyar idi, çünki indiki kimi elektron ödəmələrlə və ya “PayPoint” kimi ödəmə avtomatları ilə abonentlərin telefonlarına kontur yükləməsi geniş yayılmamışdı.
İbrahimov da “Sim-Sim” danışıq kartlarının topdansatış biznesinə girişdi və özünün dediyi kimi 2003-cü ildə “Baktel” MMC-ni təsis etdi. MMC-nin biznesi təbii ki, sürətlə böyüdü, cəmi bir neçə il sonra İbrahimovun şəhərin mərkəzində iki ofisi var idi-biri Bakı Dəniz Vağzalının binasında, o biri Xalça muzeyinin arxa tərəfində. İbrahimovun aylıq dövriyyəsi də sanballı idi-2-5 milyon manat arasında.
İbrahimov “Baktel”in sahibi idi və müəssisəyə direktorluğu Sənan Bağırova həvalə etmişdi. Lakin 2006-cı ildə İbrahimov ayılıb gördü ki, Bağırov “kolxozu çapıb-talayıb”, onun MMC-sinin “Azercell”ə danışıq kartlarına görə düz 3.2 milyon manat borcu yaranıb. İbrahimov dərhal audit təşkil etdirir, müəyyən olunur ki, həmin pulları direktor mənimsəyib.
MMC-nin sahibi audit aktını da götürüb üz tutur DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə. Orada direktora cinayət işi qaldırırlar və sonralar məhkəmə Bağırova külli miqdarda mənimsəməyə görə 7 il həbs verir, ancaq şərti...
İbrahimov bu problemi həll edib “Baktel”in normal fəaliyyətini bərpa edir, Ruslan Qarayev adlı yeni direktor təyin edir və bu minvalla 2009-cu ilədək işləyir. Həmin ilin sentyabrında, günorta radələrində biznesmenin ofisindən ona zəng edib “qara xəbəri” çatdırırlar: “Bir qrup şəxs özlərini MTN əməkdaşı kimi təqdim edərək ofisə basqın etdi, sizi axtarırlar. Sizi tapmayanda direktorumuzu apardılar”.
Zaur İbrahimov MTN əməkdaşlarının onu niyə axtardıqları barədə baş sındırmaqda idi ki, həmin axşam direktoru MTN-dən buraxırlar. Elə MTN-dən çıxan kimi Ruslan Qarayev MMC-nin sahibinə zəng vurur: “Təcili görüşməliyik”.
Təsisçi ilə direktor Bakıxanov qəsbəsindəki “Fidan” restoranında görüşürlər. Qarayev başına gələnləri ona nəql edir, danışır ki, onu MTN-də Akif Çovdarovun yanına apardılar. Çovdarov isə elan etdi ki, “Baktel” MMC-nin “Aytel” MMC adlı şirkətə (o da telekommunikasiya sektorunda fəaliyyət göstərirdi) 550 min dollar borcu var. Habelə Çovdarov onu “Baktel”in fəaliyyəti barədə sorğu-sual edir, nə qədər qazandıqları haqda məlumatlı olduqlarını deyir. Direktor məlumat verir ki, MTN-çilər MMC-nin hər iki ofisinə basqın ediblər.
Belə məlum olur ki, MTN-çilərin “Baktel”ə basqını vaxtı şirkətin dələduzluqda ittiham olunan keçmiş direktoru azadlıqda imiş, 2009-cu ildə məhkəmə onun barəsində hökm çıxarsa da, cəzasını şərti azadlıqdan məhrumetmə ilə əvəzləyərək buraxıbmış.
Hər halda basqının ertəsi günü İbrahimov Qarayevlə birlikdə yollanır MTN-ə. Yolüstü o, keçmiş direktora da zəng vurur, ona da bildirir ki, MTN-ə doğru istiqamət alsın. İbrahimov deyir ki, o, Sənan Bağırovun “Aytel” MMC-dən 550 min dolları niyə və nə vaxt aldığı haqda məlumatlı deyildi.
Beləliklə, Z.İbrahimov və R.Qarayev MTN-ə çatır, orada onları qarşılayıb aparırlar həmin vaxt rütbəsi polkovnik olan idarə rəisi Çovdarovun hüzuruna. Burada Çovdarov onlarla 1 saata yaxın “milli təhlükəsizliyin qorunması mövzusunda” söhbət aparır, bildirir ki, İbrahimovun şirkətinin “Aytel” MMC-yə 550 min dollar borcu var. “Bu pul ödənilməlidir, rəhbərliyə (Eldar Mahmudova-red.) çatacaq”-Çovdarov deyir.
Z.İbrahimov cavab verir ki, belə borcdan xəbəri yoxdur, əgər borc varsa, deməli pulları keçmiş direktor Sənan Bağırov mənimsəyib. Və məntiqlə pulları ondan almaq lazımdır. Həmin ərəfədə Sənan Bağırov da Çovdarovun otağına gətirilir.
Çovdarov onu göstərib deyir: “Bu ki, ölmüş toyuqdur, pul qaytaran deyil”. Sonra S.Bağırovu otaqdan çıxarırlar. Çovdarov isə konstruktiv danışıqları bir kənara qoyub əl atır silaha. Belindən tapançanı çıxarıb masanın üstünə qoyur, sərt tonda bildirir: “Mənə dəxli yoxdur! Sənan sənin işçin olub, deməli pulu da sən ödəməlisən!”.
Xəbərdarlıqdan sonra şirkət rəhbərinə MTN-i tərk etməyə icazə verilir. Ertəsi gün İbrahimov şirkətinin Xalça muzeyinin arxa tərəfində yerləşən ofisində oturmuşdu ki, MTN-in üç əməkdaşı “Aytel” MMC-nin direktoru Məhərrəmov Vüqar Səməd oğlu ilə birlikdə ofisə daxil olurlar. V.Məhərrəmov “Baktel”in sahibinin üzünə durur ki, sonuncu ondan 550 min dollar alıb, qaytarmayıb. Bu zaman tərəflər arasında mübahisə baş verir.
Ancaq Z.İbrahimov görür ki, ayrı yolu yoxdur, deyilən məbləği verməsə Çovdarov onu “basdıracq içəri”. Ona görə də biznesmen MMC-nin direktoru ilə birlikdə bir gün sonra məbləğin yarısını düzəldib MTN-ə gedir. Orada o, R.Qarayevin və Çovdarovun Rəsul Rəsulov adlı əməkdaşının şahidliyi ilə polkovnikə 225 min dolları verir. Sonrakı iki ayda isə qalan məbləğdən 200 min dollar və 100 min dolları Çovdarova çatdırır. Birinci dəfə pulu MTN-in yaxınlığında özünün “Mercedes-Benz S350” markalı avtomobilin  salonunda Rəsula verir, ikinci dəfə isə MTN-nin binasında Rəsula otağında çatdırır. Təbii ki, hər dəfə məbləğin çatdırıldığı haqda Çovdarova zəng vurub raport verir.
Çovdarov sonda soruşur: “Bəs qalan 25 min dollar?”. Biznesmen isə deyir ki, daha pulu qalmadı. Bu zaman Çovdarov qurbanına güzəşt edir: “25 mini də bağışladım sənə”.
Bu söhbətlərdən sonra “Aytel” MMC-nin rəhbəri olan şəxs yaşamaq üçün xarici ölkələrdən birinə yollanıb. Z.İbrahimov istintaqa bildirib ki, Çovdarova ödədiyi 525 min dolların 243 min dollarını dostlarından borc alıb, hələ də qaytara bilməyib. Qalan pulu düzəltmək üçün isə Göyçay rayonunun Çərəkə kəndində 500 min dollara aldığı fermanı dəyər-dəyməzinə-100 min dollara satıb, MMC-nin kassasından da pul götürüb. İş üzrə şahid qismində adı keçənlərin verdikləri ifadələr də “Baktel” MMC-nin sahibinin borc-xərcə girib 525 min dolları Çovdarova verdiyini təsdiqləyən məqamlardan danışıblar. Çovdarov özü isə bu epizod üzrə ifadə verməyib.

F.Məmmədov                 virtualaz.org

Комментариев нет:

Отправить комментарий