Страницы

27.02.2017

Ayaz Mütəllibov Qarabağın itirilməsindən danışdı

Xocalı faciəsi ilə əlaqədar ölkə gündəmində əsas müzakirə olunan şəxslərdən biri Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovdur. Buna səbəb də əsrin faciəsinin onun prezidentliyi dönəminə təsadüf etməsi, eyni zamanda martın əvvəllərində ölkə rəhbərliyi postundan istefa verməsidir. Eks-prezidentlə bu və ya digər gündəmdə olan məsələlərlə bağlı söhbət etdik.

- Ayaz müəllim, Azərbaycanla Rusiya arasındakı diplomatik əlaqələrin qurulmasının 25 ili yaxınlaşır. Bu illəri necə dəyərləndirirsiz? İtirdiklərimiz, yoxsa qazandıqlarımız çox olub?
- Diplomatik münasibətlərin davamlılığını və indiki səviyyəsini çox yaxşı qiymətləndirirəm. Rusiya və Azərbaycan arasındakı diplomatik körpü etibarlıdır. Azərbaycan bundan heç nə uduzmur.

- Şimal qonşumuzla əlaqələrin hansı üstünlükləri var?
- Həm iqtisadi, həm də siyasi nöqteyi-nəzərdən Rusiya dövlətli və imkanlı ölkədir. Bütün dünya istəyir ki, Rusiyanın resurslarından istifadə etsin. Belə ölkənin Azərbaycana qonşu olması, onun üçün iqtisadi və tranzit imkanları yaradır. Biz bu imkanlardan istifadə etməliyik. Bundan əlavə, Rusiyada bir neçə milyondan artıq azərbaycanlı çalışır və ailələrini dolandırırlar. Faktiki olaraq, azərbaycanlılar bu saat Rusiyanın iqtisadi rıçaqlarını əllərində saxlayırlar və böyük imkan sahibidirlər. Azərbaycan Rusiyada olan azərbaycanlıların imkanlarından istifadə etməklə, ölkəmizi düşdüyü iqtisadi böhrandan qurtara bilər, Rusiya ilə ciddi iqtisadi əlaqələr qurar. Siyasi nöqteyi-nəzərdən Azərbaycan-Rusiya münasibətlərini Qarabağa yönəltməli idik. Biz Azərbaycan-Rusiya münasibətlərini düzgün qiymətləndirməyib, başqa partnyor seçdik, məsələn, NATO ölkəsi Türkiyəni. Əlbəttə ki, o dövrdə bilirdik ki, Qarabağın açarı Rusiyanın əlindədir və yeni Azərbaycan dövləti Rusiya ilə dostluq münasibətlərini pozmamalı idi. Biz daha çox üstünlüyə nail ola bilərdik. Ancaq Rusiyaya qarşı mövqe tutduq.

- Cənubi Qafqazda söz sahibi olan Rusiya ilə dostluq bu qədər önəmlidirmi?
- Bəli. Bu saat Rusiya güclənməkdədir. Bunu ABŞ-ın yeni prezidenti Tramp və onun ətrafı yaxşı bilir və Rusiya ilə yaxınlaşmaq istəyirlər. Dərinə getsək, görərik ki, bu proses çox sürətlə və açıq şəkildə gedir. Biz niyə Rusiyaya yaxın olmayaq? Çünki gizlin deyil ki, Qarabağın taleyi Rusiyanın əlindədir.

- Əgər münasibətlər gərginləşərsə, ölkəmizin müstəqilliyinin təhlükə altına düşəcəyi barədə hər zaman fikirlər səslənir. Bu fikirləri bölüşürsüz?
- Yox, çünki 2 mart 1992-ci ildə Azərbaycanı BMT-yə tanıtmışam. Bu nə deməkdir? Azərbaycan müstəqil dövlətdir və heç bir dövlət onun ərazi bütövlüyünə xələl gətirə bilməz. Rusiyaya qarşı belə fikirləri ortaya atanlar Azərbaycan-Rusiya dostluğunu istəməyənlərdir və bu münasibətlərə xələl gətirənlərdir. Biz bunun nəticəsində Avrasiya və Şanxay ölkələri birliyindən kənarda qalmışıq. Ancaq bu birliklərdən kənarda qalmamalıyıq.

- Niyə xalq arasında daim Rusiya tənqid hədəfi olur, bu dövlətlə əlaqələr qınanır? Bu, tarix boyu başımıza gələn bəlaların çoxunda rus izinin axtarılması, xüsusilə Dağlıq Qarabağın itirilməsində Rusiyanın əlinin olması kimi fikirlərlə bağlıdır, yoxsa başqa səbəblər var?
- Əlbəttə ki, xalqın adından heç kim danışa bilməz. Xalq bu saat bir tikəsinin hayındadır. Xalqın belə fikirləri yoxdur. Bu, bəzi siyasətçilərimizin iddialarıdır. Qarabağın itirilməsini Rusiyanın adıyla bağlamaq düzgün deyil. Bizim torpaqlarımızı ermənilər zəbt ediblər. Bunu yayanlar istəyirlər göstərsinlər ki, ruslar ermənilərin arxasında durublar. Daha düzünü desək, azərbaycanlıları bununla qorxudurlar. Əksinə, biz düzgün siyasət qursaq, ruslar bizim tərəfdə olacaqlar, çünki Azərbaycan bir ölkə kimi Rusiyaya daha yaxındır və onun maraq dairəsindədir. Bir vaxt vardı, düzgün siyasət nəticəsində ruslar Azərbaycandan erməni yaraqlılarını çıxarırdılar. Qarabağda da məsələləri sülh yolu ilə həll edə bilərdilər.

- Xocalı faciəsinin növbəti ildönümü gəlir. Hər ilin bu günlərində tənqid hədəfi olan əsas şəxs olursunuz. 25 il öncəki o faciəyə 25 ildən sonra baxışınız...
- Bu faciə olmaya da bilərdi. Qarabağ cəbhəsində olanlar vahid cəbhədən çıxış edib, düşmənin qarşısını ala bilərdilər. Əslində isə onlar mənim işlərimə mane oldular. Göndərdiyim köməyi Xocalıya yox, başqa istiqamətə yönəltdilər. Xocalı köməksiz qaldı. Əfsuslar olsun ki, hakimiyyət davası edib, cəbhəni başsız qoymuşdular. Bundan istifadə edən erməni yaraqlıları Xocalıya divan tutdular.

- Xocalı faciəsinin ildönümü ərəfəsində Çingiz Mustafayevin çəkdiyi süjetlə bağlı yenə gərəksiz iddialar gündəmi zəbt etdi. Bu məsələyə o zamankı ölkə rəhbəri olaraq mövqeyiniz necədir?
- Çingizin çəkdiklərindən xəbərim var. Onun çəkdiklərindən belə çıxırdı ki, Xocalı qırğınında iştirak edənlərin arasında satqınlarımız da olub. Ancaq mənə imkan vermədilər ki, Çingizin gətirdiyi faktları hərtərəfli təhlil etdirim. Bu yaxınlarda sosial şəbəkələrdə yenə də onun çəkdiklərini yayıblar. Yaxşı olar ki, Çingizin göstərdiklərini Azərbaycanın müvafiq orqanları təhlil etsin. Çünki söhbət milli xəyanətdən gedir. Son aylarda ikinci Qarabağ savaşının başlayacağı ilə bağlı fikirlərə daha çox rast gəlirik. Hətta ikinci aprel savaşının olacağı barədə iddialar da var. Xüsusilə düşmən ölkədəki parlament seçkiləri ilə əlaqədar Ermənistanın qarışacağı vurğulanır. Bunu ölkəmiz adına bir şans kimi dəyərləndirirlər... Bu sirr deyil ki, Azərbaycan tərəfi sülh yolu ilə Qarabağı və torpaqlarımızı qaytarmasa, beynəlxalq hüquq normalarına arxalanıb, torpaqlarımızı müharibə yolu ilə azad edə bilərik. Aprel döyüşləri onu göstərdi ki, Qarabağda müharibənin getməsinin tərəfdarları nə Rusiya, nə də İrandır. Odur ki, Rusiya tərəfi müharibəni dayandırdı və Azərbaycana bu məsələnin tezliklə sərhədlərinin dəyişdirilməyəcəyi prinsipi əsasında həll edəcəyinə söz verdilər. Cənubu Qafqazda müharibənin getməsi, NATO qoşunlarının da bura girməsi deməkdir. Odur ki, Rusiya tərəfi öz mövqelərini Cənubi Qafqazda itirməmək üçün, müharibə onun marağında deyil. Rusiya və İran Cənubi Qafqazda sülhün təmin olunmasını istəyəcəklər. Odur ki, müharibənin olacağına inanıram.

- Son vitse-prezident və bir nazirliyin ləğv edilib, digərinə birləşdirilməsini struktur islahatlarının başlanğıcı kimi qəbul etmək olarmı?
- Bəli. Yeni yaranmış strukturların mahiyyəti ölkədə ciddi siyasi və iqtisadi islahatların həyata keçirilməsinə yönəldilib.

- Hakimiyyətdən gedişinizin 25 ilinə az müddət qalır. O illərə bugünkü baxışınız necədir? Getməsəydiniz hakimiyyətdən, nələr dəyişə bilərdi? Torpaqlarımız itirilərdi yenə?
- Hakimiyyətdən getməyim ölkədə siyasi vəziyyəti daha da kəskinləşdirdi, Qarabağın itirilməsinə səbəb oldu. Hamı bilirdi ki, mən rus hərbiçiləri ilə danışmışdım və martın 6 -da Qarabağdan erməni yaraqlılarını təmizləyəcəkdim. Ancaq qoymadılar. Məni hakimiyyətdən uzaqlaşdırdılar...

musavat.com

Комментариев нет:

Отправить комментарий