Страницы

05.02.2017

“Dollarları Dubayda, xarici banklarda gizlədiblər” - Deputatdan qalmaqallı müsahibə

Milli Məclisin deputatı Yevda Abramov modern.az saytına müsahibə verib. Müsahibədə bəzi məsələlərə kəskin münasibət bildirib. Abramovun müsahibəsindən bəzi hissələri təqdim edirik.

“Mənim mənsub olduğum ailənin qaydaları imkan vermir ki, yalan informasiyanı Milli Məclis kimi ciddi bir yerə gətirim. Mən Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü kimi məsuliyyəti dərk edirəm. Mənim hər çıxışım, hər açıqlamam bir mesajdır. Yuxarı orqanlara xəbərdarlıqdır ki, bizim vəziyyətimiz çox ağırdır. Demək istəyirəm ki, bizim yüksək vəzifəli məmurlarımız lazım olan işlərlə məşğul olmurlar. Mən dedim ki, bu məmurlar əsas məsələləri atıb qoyun sürüləri, heyvandarlıqla məşğuldurlar. Bu, adi vətəndaş üçün qadağan deyil. Amma nazir üçün qadağandır. Siz və sizin kimi sadə vətəndaşların bir qoyun sürüsü olsa, buna şad olaram. Bununla Azərbaycanda kənd təsərrüfatı məhsulları artacaq. Lakin qoyun sürüləri Azərbaycanın dağ örüş yerlərini zəbt edirsə, həmin kəndlərdən köç edirsə, həmin kəndlərin bələdiyyələrinə, yerli icra strukturlarına kömək etmək lazımdır. İnsanların evi var, villası var. Sağlıqlarına qismət olsun. Mən bunun paxıllığını çəkən deyiləm. Mənim də imkanım olsa idi, dağlarda villa tikərdim. Amma mən bankomatdan aldığım maaşla bu villanı tikə bilmərəm.
Mənim yanıma seçicilər gəlir. Onların bəziləri böyrək dəyişmək, ciyər dəyişmək üçün məndən kömək istəyirlər. Elə bilirlər ki, mən tanınmış oliqarxam. Elə bilirlər ki, millət vəkillərinin hamısı imkanlı adamlardır. Bu gün də onların beyinlərində belə bir assosiasiya var ki, hər bir millət vəkilinin böyük torpaq sahəsi, bir neçə yerdə evi, çox bahalı avtomobilləri var. Ancaq onlar bilmir ki,  elə millət vəkilləri var ki, ömrü boyu maaşla dolanır. Amma mən yenə də seçicilərimdən incimirəm. Onları qəbul edirəm və real vəziyyəti başa salıram. Bacardığım qədər onlara yardım olunması üçün sponsor da tapıram. Mən Mixail Xodorkovski, Roman Abramoviç deyiləm. Mən Yevda Abramovam.
Mesaj verdim ki, əllərinizdəki pulları investisiya kimi ölkə iqtisadiyyatına yatırın. Bildirdim ki, Azərbaycanı dirçəldək. Azərbaycanın maliyyə-bank sistemində böyük çətinliklər var. Bu çətinlikləri isə məmurlar yaradıb. Qonşu Rusiya, Qazaxıstana fikir verin. Bu ölkələr milli valyutalarının qiymətlərini necə gözəl tənzimləyiblər! Amma biz tənzimləyə bilmədik. Heç tənzimləyə də bilmirik.
Vəziyyətdən çıxış yolu kimi, variantlardan biri budur ki, bazara çoxlu dollar çıxarılsın. Dollarlar isə evlərdədir, məmurlardadır. Bu dollar bazara çıxmalıdır ki, pul bahalaşsın, dollar ucuzlaşsın. Bazara isə dollar gəlmir. Bazara dolları Rövnəq Abdulayev, SOCAR verir. O birilər isə hamısı gizlədib. Məmurlar dollarları Dubayda, xarici ölkə banklarında gizlədiblər. Mən çağırış edirəm ki, bu dollarları ölkəyə gətirsinlər.
Mən Milli Məclisdə təklif etdim ki, valyutadəyişmə məntəqələrini açın. Hər ölkədə yüzlərlə valyutadəyişmə məntəqələri var. Elə yer var ki, bir küçədə 50 dənə valyutadəyişmə məntəqəsi var. Görün bizdə necədir! Deməli, bu gün heç kimdən dollar ala bilmirsən, kiməsə verməyə də qorxursan. Çünki səni tuturlar. Niyə axı? Azad cəmiyyətdə bu, niyə belə olmalıdır?! Niyə oğlumun mənə göndərdiyi valyutanı, dolları qorxa-qorxa dəyişməliyəm?
125 deputatın hamısı ağzını açıb "İstefa!” desə də, heç kim istefa verməyəcək.  İstefa mədəniyyəti xüsusi mədəniyyətdir. Biz kresloya asanlıqla gəlmirik ki, oradan asanlıqla çıxıb gedək. Elə yapışqanla kresloya kleylənirik ki!.. Və başa düşürük ki, vəzifədən gedəndən sonra bizi heç kim işə götürməyəcək.
Bu, Amerikanın ədliyyə naziri, prokuroru deyil ki, gülə-gülə istefa versin. Onlar bilir ki, istefa verəndən sonra Amerikanın hansısa ştatında gözəl bir iş təklifi alacaq. Niyə? Çünki onun intellektual bacarığı var. Çünki bu ölkədə səriştəli kadra qiymət verilir. Ona görə də Trampla işləməz, başqa bir yerdə işləyər. Bizdə isə fərqlidir. Bizdə bilirlər ki, vəzifədən getsə, heç harda işləyə bilməyəcək. İstər nazir olsun, istərsə də, başqa bir məmur. O istefa versə də, gedib yığdığı sərvətləri xərcləyəcək. Vəssalam! Bilirsiniz həm də nəyə görə iş tapa bilməyəcəklər? Çünki vəzifədə olduğu dövrlərdə elə bir müsbət imic yarada bilmirlər ki, yenidən xalq da onları qaytarsın. İndi vəzifəsindən gedən nazirləri Azərbaycan vətəndaşları geri qaytararmı? Dünyada buna inanmaram. Yaxşı olsaydılar, qalıb işləyərdilər də. Onları heç nazir müavini də təyin etməzlər. Buna görə də, Azərbaycanda istefadan qorxurlar. Biz öz günahımızı boynumuza götürməyə hazır deyilik. Məmurlarımız heç zaman "bu hadisələrə görə əsas günahkar mənəm" demir. Hamımız gözləyirik ki, cənab prezident nə deyəcək. Hamımız gözləyirik ki, ölkə başçısı nə fərman verəcək. Yaxşılığa görə də, cənab prezidentin sərəncamını gözləyirik, pisliyə görə də. Buna görə də deyirəm ki, cənab prezident hamımızın yerində işləyir. Təsəvvür edin, məmurlar, deputatlar deməli olan sözü cənab prezident deyir. Halbuki millət vəkilləri o problemləri Milli Məclisin iclasında qaldıra bilər. Hansısa rayondakı icra başçısının özbaşınalıqlarını deputatlar zalda deyə bilər. Onlar gözləməli deyil ki, ölkə başçısı regionların hesabat məruzəsində kimisə tənqid etsin. Cənab millət vəkili, bəs sən harada idin?! Deputatların da özünün məsuliyyəti var. Biz "hə, bizi seçiblər, 5 ildən sonra yenə görüşərəm” deməməliyik”.

Комментариев нет:

Отправить комментарий