Страницы

17.02.2017

Şəklini bağrıma sıxıram

Fəxrəddin Əli

Mənə sözbaz adı qoyandan bəri,
Sinəmdə yüz kitab söz gəzdirirəm.
Adını yazmışam hər vərəqində,
Hər gün oxuyuram, göz gəzdirirəm.

Danışıb gülürsən bir şeirimdə,
Ya bir şeirimdə lal kimi dinməz.
Səninçün o qədər şeir yazaram,
Barmağım day qələm götürə bilməz.

Darıxmağım elə darıxmaqdı ki,
Burnumun ucu da hiss edə bilmir.
Sənə hisslərimi bildirməsəm də,
Gözlərim bildirir, gizlədə bilmir.

Sən mənim ağacdan düşən yarpağım.
Sən gecə tək uçan quşumsan mənim.
Yazda xəzəlimsən, payızda qarım,
Yayda boranımsan, qışımsan mənim.

Yenə də zəngini gözləyən mənəm,
Yenə də yoluna baxıram sənin.
Hələlik sevgilim, öpürəm səni,
Şəklini bağrıma sıxıram sənin.

Комментариев нет:

Отправить комментарий