Страницы

25.02.2017

Nyuton naturfəlsəfəsinin əsas mahiyyəti

Rəhim Həsənov
AMEA-nın Fəlsəfə və Hüquq İnistitunun doktorantı

Bir çox tədqiqatçılar bəşəriyyətin düşüncə tarixində üç böyük elmi inqilabın olduğunu vurğulayır və bu elmi inqlabların bayraqdarlarının Aristotel (e.ə.384-322), İ. Nyuton (1643-1727) və A. Eynşteyn (1879-1955) olduğunu göstərirlər. Əsasən təbiət fəlsəfəsi ilə bağlı olan bu fikirlər elmi ideyaların inkişafına böyük təkan vermişdir.[1, səh. 125]. Kainatın geosentirik sistemindən heliosentirik sisteminə keçməsinə əsalanan ikinci elmi inqilabın səbəkarı məşhur ingilis mütəfəkkiri, klassik mexanikanın yaradıcısı İsaak Nyutonun irəli sürdüyü ideyalar naturfəlsəfədə böyük bir iz qoymuşdur.
Nyutonun 1687-ci ildə yazdığı “Natural fəlsəfənin riyazi əsasları” adlı əsəri uzun müddət müzakirə obyektinə çevrilmiş, bu əsərdə irəli sürülən ideyalar düşüncə sahiblərini daima narahat etmişdir. Nyuton bu məşhur əsərini yazdığı zaman astronomiya elmi böyük bir nüfuza malik idi və əsasən yunan naturfəlsəfəsi daha geniş yayılmışdı.  Bu dövrdə Keplerin planetlərin hərəkəti haqqında üç qanunu  hələ də öz lazimi qiymətini almamışdı, Ptolomey (90-168) astronomiyasına alışan insanlara bunlar çox qəribə təsir bağışlayırdı. Müasir astronomiyanın banisi sayılan məşhur alman astronomu İ. Keplerin (1571-1630) planetlərin hərəkəti haqqında qanunları elm adamlarından  dəstək gözləyirdi. İtalyan fiziki və astronomu Q. Qalileyin (1564-1642) dəniz suyunun qabarması və çəkilməsi barəsindəki fikirləri belə yanlış idi.
Ptolomeyin geosentirik modelinə qarşı çıxan Nyuton ideyaları ilk öncə ilahiyyatçıların təzyiq obyektinə çevrilmişdi, bu isə təbii bir proses idi. Nyuton təbiət hadisələrinin izahını verərkən təcrübələrə, mexanika qanunlalarına söykənməklə bərabər, kainatı maddədən və maddənin mexanikliyindən ibarət olduğunu irəli sürməklə kifayətlənmək yersiz olardı. Nyuton dünyada baş verən proseslərin əsasında müəyyən bir ahəngin durduğunu və heç də cansız, rəngsiz, soyuq və ölü bir sistem olmadığını göstərirdi. “Ümumdünya cazibə qanunu Günəş sistemi haqqında heliosentirik təsəvvürü nəinki başa çatdırdı, eyni zamanda kainatda baş verən çoxlu miqdar proseslərin, o cümlədən fiziki və kimyəvi proseslərin izahı üçün elmi əsas verdi, dünyanın vahid fiziki mənzərəsinin əsasını təşkil etdi.” [2, səh.316].
Nyutonun fikrincə günəş sisteminin sistemli hərəkəti, planetlərin və ulduzların eyni ahəngi yalnız fövqəltəbii bir hərəkətin var olmasına dəlalət edilməlidir. Bu fövqəltəbii qüvvə daim, əbədi bir halda bütün kainatı öz hökmü altında idarə edir, kainat bu təbiətüstü qüvvənin məhsuludur və belə bir qüvvə Allahdan başqa heç bir varlıqda mövcud ola bilməz. Nyuton zaman və məkan kateqoriyalarını da Allahın iradəsi ilə bağlayaraq, mütləq zaman və mütləq məkan anlayışlarını ortaya çıxardır.
Ümumdünya cazibə qanununun da təbiətüstü qüvvələrlə bağlı olduğunu iddia edən Nyuton ilk təkanverici qüvvənin də Allah olduğunu qeyd edir və deizm mövqeyini müdafiə edirdi. Nyuton ilk mühərrik və səbəb kimi Allahın varlığını qəbul etməsi ideyası əslində mexanika qanunları ilə zidd olan bir ideya idi. Riyazi mexanizimi ilk dəfə elmə tətbiq edən,  ümumdünya cazibə qanununun riyazi formullarının izahını verən, hərəkət qanunlarının dinamika problemini araşdıran Nyutonun Allahın mövcudluğu fikrini irəli sürməsi bir təsadüf ola bilməzdi.
Nyutonun “Natural fəlsəfənin riyazi əsasları” kitabına ön söz yazan R. Kotes etiraf edirdi ki, Nyuton ingilis fəlsəfəsində təbiət elminin inkişafına böyük və qeyri-adi bir təkan vrmişdir. Bəzi müasirləri isə bunun əksinə gedərək fizikanın fəlsəfi problemlərinin  izahının qeyri-mümkün olduğunu qeyd edir, Nyutonun ideyalarına rişxənd bəsləyirdilər. 
Məşhur holland fiziki X. Hyügens (1629-1695) və alman filosofu Q. Leybnits (1646-1716) Nyutonun cazibə qanununun əsl mahiyyətini və bu qaunun səbəbini göstərmədiyi qeyd edir, Nyutonun ideyalarının fəlsəfəyə zidd olması fikirini irəli sürürdülər. İngilis fiosofu B. Rassel (1872-1970) isə bunlrın əksinə olaraq yazırdı ki, Nyutonun cazibə qanununu o qədər uzun zaman içərisində hakmi mövqeyə malik olmuş və o qədər çox şeyi izah etmişdir ki, burada nöqsan axtarmağa yer qalmamışdır.
Con Bernal (1901-1971) Nyutonun yazdığı “Natural fəlsəfənin riyazi əsasları” kitabını “”yeni elmi Bibilya” deyə adlandırmış və qeyd etmişdi ki, bu kitab “Bibilyada izah olunmuş metodların genişləndirilməsi mənbəyidir”. Bibilyaya istinad edən xristian ilahiyyatçıları isə iki cismin bir-birini cəzb etməsinin qeyri-mümkün olduğunu vurğulayır və Nyutonun cazibə qanununun bütün madiyyatlardan üstün olduğunu diktə edirdilər. R. Bentley, S. Klark kimi ilahiyyatçı filosoflar Nyutona düşmən münasibət bəsləyirdilər, Nyuton sistemini Bibilya sistemi ilə əvəz edirdilər. [3. səh.256].
Ümumiyyətlə, Nyuton kainatın mütləq bir formada mükəmməl olduğunu qeyri-real hesab edir, kainatın mükəmməliyində bir nöqsanın olduğunu vurğulayırdı. Bu nöqsanın səbəbini onunla izah edir ki, əgər kaunat mükəmməl bir formada yaradılsaydı, o zaman Allaha ehtiyac hiss olunmazdı. Elə bu səbəbdəndir ki, tanrı kainatın bütün nöqsanlarına müdaxilə edir, bu nöqsanları ortadan qaldırmağa cəhd göstərir.  Leybinits Nyutonun bu fikirlərini saatsaz ilə saat arsındakı münasibətə oxşadırdı. Kainatda mövcud olan sistem pozulduğu zaman ilk təkanverici nizamlayıcı, tənzimləyici rolunu oynayır.
Nyutonun dini fikirləri ilə elmi fikiləri arasında heç bir fərq mövcud deyildir, bu fikirlər bir-birini tamamlayır. O, Allahı nəzəri və riyazi ifadələrlə izah edərək, kainatdakı ahəngin, uzlaşmanın və intizamın əsasında duran varlığın Allah olduğunu yazırdı. Təbiətdə mənasız və təsadüfi xarakterə malik olan heç bir cisim, heç bir hadisə mövcud deyildir. Nyuton gerçəklikdə mövcud olan bütün sturukturlarının, hətta heyvanların bütün orqanlarının, bizə mənasız görülən hər bir təzahürün fövqəltəbii qüvvələrin məhsulu olması ilə izah edir və bu təzahürlərin yersiz olmadığını göstərirdi. [4. səh.250].
Nyuton klassik mexanikanın və klassik fizikanın təməlin formalaşdıran hərəkətin üç qanunu haqqında məlumat verirdi. Ətalət qanunu, qüvvə və təcilin mütənasibliyi qanunu, təsir və əks-təsirin bərabərliyi qanunu deyə adlandırılan bu üç qanunda bir çox nəticələr əldə edilmişdir. Nyutonun əldə etdiyi nəticələr uzun bir müddət hakimiyyətdə olmuş və XIX əsrin axırlarınadək öz təsirini qoruya bilmişdir. Bu fikiri irəli sürən Eynşteyn qeyd edirdi ki, Nyuton bir sıra dəqiq elmlərin nəzəri əsasının yaradılması sahəsində ilk təşəbbüs göstərmişdir.
Obyektiv gerçəkliyin dərk olunması məsələsinə müsbət münasibət bəsləyən Nyuton gerçəkliyin insanlar tərəfindən dərk olunmasına inanırdı. Bu inama əsaslanaraq cazibə qanunu üzərində iyirmi il çalışmış, ciddi riyazi hesablar aparmış, bu hesabları dəfələrcə təkrarlamış və özünün qeyd etdiyi kimi “olduqca düzgün” bir formaya salmışdır. Nyutonun iyirmi il ərzində apardığı gərgin əməyin, ağır düşüncənin şah əsəri hesab olunan cazibə qanunu bütün siyasi təzyiqlərə, kilsənin və xüsusilə də puritanların təqibinə qarşı Nyuton tərəfindən ardıcıl bir surətdə müdafiə olunurdu.
Kral cəmiyyətinin qurucusu olan kral II Karlın (1630-1685) elm xadimlərini, elmi fikirləri fanatik dünyagörüşlərdən qoruması səbəbi də Nyutonun ideyalarının möhkəmlənməsi və yayılmasına dəlalət edir. Nyutonun dövründə elmi bilklərin sitezləşdirilməsi prosesi gedir, ilahiyyatçıların mürtəce baxışları ifşa olunurdu. Nyutonun özü isə xristianlığın əsasını təşkil edən ata, oğul və müqəddəs ruh üçlüyü konsepsiyasını tək tanrılı bir sistemlə əvəz edirdi. Yerin altında cəhənnəm və yerin üstündə cənnət olması fikirlərinə istehsalı baxışlarla tənqid obyektinə çevirirdi. “Nyuton yaradıcı üçün hələ “ilk təkanı” saxlamışdı, lakin öz Günəş sisteminə sonra hər hansı müdaxilə olunmasını qadağan etmişdi.”[5, səh.173].
Nyutonun məkan və zaman haqqında irəli sürdüyü fikirlərdə materialist və teoloji ünsürlər ehtiva olunur, qeyri-ardıcıl bir mahiyyət kəsb edən bu fikirlərdə mövcud olan ziddiyyətlər hər bir tədqiqatçını özünə cəlb edir. Məkan və zaman haqqında klassik təsəvvürlər yaradan Nyuton mütləq məkan və zamanın mövcudluğuna inanırdı. Bu inam iki yüz il, yəni, Eynşteynin nisbilik nəzəriyyəsinə qədər heç bir ciddi dəyişikliyə məruz qalmamışdır. 
Məkan və zaman kənar təsirlərdən asıl olmayaraq mövcud olub, bərabərsürətli bir tərzdə irəliyə doğru hərəkət edir. Bu sabit hərəkət mexanika qanunlarından asılı olmadığı üçün mütləq bir mahiyyəti özündə ehtiva edir. Nyuton mütləqləşdirmə ideyasının mövcud olması qənaətinə cisimlərin üzərində apardığı çox saylı təcrübələrin sonunda gələ bilmişdi. O, təcrübə vaxtı cisimlərin ölçülərin zaman axını və məkan parametirləri ilə hərəkətin sürət və istiqaməti arasında bir bağlılığın olmadığını müşahidə edir. Eyni zamanda Nyuton mütləq məkan və mütləq zaman arasında asılılığın olmadığını qeyd edirdi. 
Nyutonun məkan və zaman kateqoriyalarını mütləqləşdirmə prosesində bəzi istisnalar da mövcud olmuşdur. Uzun müddət təcrübə aparan Nyuton fəzadakı cisimlərin bir-birinə nisbətən və bir-biriylə asılı olaraq hərəkət vəziyyətlərinin dəyişilməsi prosesi ilə də tanış olmuşdu. Elə bu səbəbdən də nisbi məkan və nisbi zaman  anlayışlarının da var olması mümkün ola bilər. Mexanik fəaliyyətlərin gedişatı zamanı ortaya çıxan nisbilikdən fərqli olaraq, mütləq zaman və mütləq məkan sabit, real və obyektivdir. Mütləq məkan və mütləq zaman anlayışı daha geniş və daha optimal olaraq, nisbi məkan və nisbi zaman  anlayışlarını da özündə ehtiva edir. 
Hisslərlə dərk olunmayan mütləq məkan və mütləq zamandan fərqli olaraq, nisbi məkan və nisbi zaman  anlayışları hisslərlə dərk olunandır. Daim dəyişkən və fəaliyyətdə olan nisbi məkan və nisbi zamandan fərqli olaraq, mütləq məkan və mütləq zaman sabit və bircinsli bir xarakterə malikdir.
Məşhur fransız alimi Laqranj Nyutondan bəhs edən zaman qeyd edirdi ki, yalnız bir kainat olduğu kimi onun qanunlarını da izah edən yalnız bir nəfər ola bilərdi. XVIII yüzillikdə yaşamış fransız riyaziyyatçıları Nyutonun yazdığı “Natural fəlsəfənin riyazi əsasları” əsərini “bəşər ağlının ən böyük əsəri” deyə adlandırırdılar. Zaman keçdikcə Günəş sisteminin nizamının pozulacağından bəhs edən Nyutonun narahatçılığına Leybinits araşdırmaları son qoymuşdu.
Nyutonun apardığı çox saylı tədqiqatların sonunda elmi əqli fikirlər “təbiət fəlsəfəsi” anlayışı ilə əvəz olunmuş, təbiət fəlsəfəsi, təbiət haqqında dəqiq elmin əsaları formalaşmağa başlamışdır. Deduktiv metoda böyük əhəmiyyət verən Nyuton predmetlərin mexaniki yerdəyişməsi haqqında biliklər sistemi əsaında klassik mexanika anlayışını ortaya çıxartmışdır. Nyutonun elm tarixində gördüyü ən əhəmiyyətli işlərdən biri də klassik mexanikanı ideyalar və anlayışlarla sistemləşdirməklə ikinci qlobal elmi inqilabı sona çatdırmış olmuşdur. Bu qlobal elmi inqilab Qaliley dinamikası və Kepler qanunları ilə hərəkətə başlasa da sözsüz ki, həlledici zərbəni Nyuton ideyaları vurmuş, bu barədə son söz, yekun rəy Nyutonun olmuşdur. Nyuton mexaniki təbiətşünaslığın inkişafında keçid pilləsində durur və burada mexaniki təbiətşünaslığın Nyutonaqədərki pilləsi və mexaniki təbiətşünaslığın Nyuton pilləsi.
“Nyuton təbiət hadisələrini riyaziyyat qanunlarına tabe etməyə çalışmış, təbiət hadisələrini hərəkət hadisələrinə görə müəyyən edərək bu qüvvələrə əsasən qalan hadisələrin izahını vermiş, müxtəlif mərkəzi qüvvələrin təsiri altında Günəş sistemi planetlərinin hərəkətini və bu qüvvənin Günəşə doğru yönəldiyini göstərmişdir.” [6, səh.275].
Bir çox tədqiqatçılar Nyuton dövrünü düşüncə və elm tarixində “böyük yüzillik” deyə bəhs edirdilər. Bu “böyük yüzilliyin” əsas səbəbkarı olan Nyuton cavan yaşlarında belə saray adamlarından böyük dəstək görmüşdür. Kembirc universitetində təhsil aldığı müddətdə müəllimlərin “dahi” deyə adlandırdığı İ. Nyuton kral I George (1660-1727) tərəfindən də xüsusi bir iltifat görmüşdür. [7]
Ensikolpedik biliyə malik olan bu məşhur ingilis filosofunu kral I George daima müdafə edir və xüsusilə də onu monadaolgiya nəzəriyyəsinin banisi olan Leybnitsin hücumlarından qoruyurdu. Və elə bu səbəbdəndir ki, Nyuton iztirabsız və qayğısız bir həyar keçirmişdir. Ölümündən sonra da bu dahi alimin fikirləri böyük bir hörmətlə qarşılanmış, Nyutonun davamçıları onun orinal və ölməz ideyalarını təbliğ etmişdir.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:

1. Məmmədov Ə., Bəşirov R. Müasir təbətşünaslığa koseptual yanaşma.   Bakı, 2001
2. Fəlsəfə ensiklopedik lüğəti. Bakı, 1997.
3. Adıvar A.A. Tarih boyunca ilim ve din. İstanbul, Yükselen matbaa, 1969.
4. Gökbörk M., Felsefe tarihi. İstanbul, 1996.
5. Engels F. Təbiətin dialektikası. Bakı, 1966.
6. Azərbaycan Sovet Ensiklopediyası.VII cild. Bakı, 1983.
7. www.ru.wikipedia.org

Комментариев нет:

Отправить комментарий