Страницы

13.03.2017

Regionumuza soxulan irtica

Qurban Cəbrayıl

"İran bizim varlığımız üçün təhdiddir". Bunu İsrailin Türkiyədəki baş konsulu Şai Kohen deyib. Türkiyə və daha bir neçə ölkənin də rəsmi Tehranın fəaliyyətindən narahatlığını dilə gətirən diplomat, İraq və Suriya böhranlarının İransız həllini mümkün sayıb. Hətta bir qədər də irəli gedərək bildirib ki: "Dünya güclərinin, xüsusilə, ABŞ və Rusiyanın dəstəyi sayəsində bu dövləti təkləmək mümkündür. Ağıllı addımlarla İranın Yəmən, İraq, Bəhreyndəki fəaliyyətlərinə maneçilik törətmək olar. Amma hər yerdə qolları var. Buraya Azərbaycan, Türkmənistan və digərləri də aiddir; bir sözlə, şiələrin olduğu hər yerə qolu uzanır".
Əziz oxucu! Mübarək nəzər-diqqətinə ərz olunanların kimə məxsusluğunu bilməsəydin, hansısa terror təşkilatının rəhbəri tərəfindən söyləndiyini düşünərdin, elə deyilmi?
Amma çox təəssüf ki, ifrat düşmənçiliyə, qarşıdurmaya, qisasçılığa, birini digərinin üzərinə hücuma səsləyən sözləri ölkələrarası normal münasibətlərin qurulması və bölgədə əmin-amanlığın təmininə mükəlləf, sülh missiyası daşımalı bir elçi söyləyir. Yükləndiyi mənfilikləri, kökləndiyi vəhşilikləri, zahiri maskaların örtə bilmədiyi batini şeytansifətlikləri, təmsil elədiyi ideologiyanın mürtəceliklərini beş-altı cümləlik mətbu məlumat vasitəsilə faş eləmək də özəl istedad, qabiliyyət göstəricisidir...
El arasında "aravurmaq", "bir budaqda oturub, min budağı silkələmək", "dünyanı qana çalxamaq" kimi təfsirlənir. Bizim kənddə belə xüsusiyyətlərə malik, azca da mənəvi-əxlaqi cəhətdən problemli qız, gəlin, arvadla ehtiyatlı davranmağa, elələrinin yaşadığı, olduğu yerdən kənar durmağa çalışardı camaat - nahaqdan şərə düşməkdən qorxduqları üçün.
Lakin müasir geopolitikada həmin qəbildən nəsnələr – düşüncələr, sayıqlamalar, əməllər siyasət adlanır. Mütərəqqi beynəlxalq aləm, dinclik, hüzur, səadət arzulu ictimaiyyət sözügedən mübahisəli, münaqişəli situasiyalardan nə qədər uzaq qaçmağa səy göstərsələr də, cəhdləri nəticə vermir. Şər özü gəlib buynuzunu çomağa sürtür, qaşınmayan yerdən qan çıxartmaq istəyir.
Müsəlman aləmi ayrı-ayrı dövlətlərin, xüsusən ərəb liderlərin siyasi eqoizmi, sərvət hərisliyi, kənardan səpilmiş ixtilaf toxumları üzündən daim vəhdət problemi yaşasa da, dünya jandarmeriyası lazımi anda və yerdə birləşməyi, eyni mövqedən çıxış etməyi, batil ideologiyasını, əməllərini doğru qismində sırımağı bacarır.
Elə bu mövzuda da ağız-ağıza verərək oxunan və səsgücləndiricilər vasitəsilə yayılan yeknəsək ABŞ-İsrail xoru bütün planetin zəhləsini töküb. Neçə gün öncə Nümayəndələr Palatasının komitə rəhbəri, respublikaçı Ed Roysun "aydın səmamızı qara buludların alması" ilə bağlı səsləndirdiyi bəyanat və sərgilədiyi süni həyacan bu qəbildəndir. İslam Respublikasının "bölgə ölkələrinə təhlükəsi" proqnozu onun da sayıqlamalarında yer alıb: "İslam İnqilabı Keşikçiləri Korpusu regional sabitlik üçün narahatlıq doğurur və sanksiyalara məruz qalmalıdır". Konqresmenin bildirdiyinə görə, İran Yəmən, Bəhreyn kimi Yaxın Şərq ölkələrinə təhdid yaradır, husi qiyamçılarını Səudiyyə Ərəbistanına qarşı silahlandırır (?!). Diqqət yetirdinizsə, göstərilən nümunələrdə danışan ayrı-ayrı dövlətlərin yetkililrəidir, amma mətnlər sanki eyni adamın qələmindən çıxıb; kim bilir, bəlkə elə mason lojasında yazılıb?!
Başdan-başa yalan, iftira və qızışdırıcı niyyətlərdən ibarət müsahibələrin regionda və müsəlman dünyasında kütləvi xaos, qarışıqlıq törətməyə hesablandığı aydın məsələdir. Rəsmi Ankara və Bakının Tehranla qarşılıqlı anlaşmaya, sağlam əməkdaşlığa söykənən münasibətlərini, nüfuzlu məclislərdə, mötəbər tribunalardan bir-birinin, ən başlıcası isə haqq-ədalətin müdafiəsinə qalxmasını, dövlət rəhbərlərinin yüksək etimaddan qaynaqlanan çoxsaylı görüşlərini, eləcə də cənab İlham Əliyevin qonşu məmləkətə səfərə hazırlaşdığını (o zaman səfər hələ reallaşmamışdı) sadəcə, gözləri götürmür.
O ki qaldı, cari proseslərdə üst-üstə düşməyən müəyyən məqamlara, xarici siyasətdə müxtəlif uyğunsuzluqların mövcudluğu təbiidir; ən əsası, ortada ciddi fikir ayrılığının olmadığını liderlər özləri dəfələrlə bəyan ediblər. Adama deyərlər, Türkiyə, Azərbaycan İrandan, yaxud da əksinə - narazıdırsa elə özləri bir araya gəlib səbəblərini araşdıracaqlar da; daha ortada vasitəçi-yengəyə nə ehtiyac var?! Mason ünsürləri İslam Respublikasının beynəlxalq münasibətlərə verdiyi töhfələri, gərginliyin azaldılması istiqamətindəki xidmətlərini bilərəkdən görməməzliyə vurur, balıqları rahat və sorğu-sualsız qamarlamaları üçün bütün suları bulandırmağa can atırlar.
Axı adını çəkdiyiniz münaqişələrin həllinə bu dövləti sizlər – problemi yaradan ABŞ, İsrail, İngiltərə, Fransa və başqaları dəvət eləyibsiz. İraq və Suriya kələfini dolaşdırıb özünüzü də elə bir bataqlığa salmısız ki, indi nəinki İran, bütün dünya yığılıb dartır, çıxara bilmir; ara yerdə dağılan yaşayış məntəqələri, qədim sivilizasiya məskənləri, mədəni-tarixi abidələr, qırılan da məzlum, günahsız insanlar – qadınlar, qocalar, körpələrdir. Fələstin, Yəmən, Bəhreyn, Qarabağ, digər yüzlərlə çözümümüşkül düyünlərinsə tamam özgə illəti var, mövzunun davamında bir daha üzərinə qayıdacağıq.
Ancaq geniş kütlələr üçün qaranlıq qalan və maraqlı suallar doğuran xeyli mətləblər var. Gör, qos-qoca Cümhuriyyət başqanlığı bir konsula nə boyda səlahiyyət verib ki, o da başından böyük qələtlərə cəsarətlənib. Deyəsən, Ərdoğan hakimiyyəti Saxal əsgərlərinin 2010-cu ildə Qəzzaya humanitar yardım aparan "Mavi Mərmərə" gəmisinə azğın hücumunu və ötən ilin 15 iyul darbesini – dünya güclərinin ölkənin, dövlətçiliyin və xalqın başına gətirdiklərini yavaş-yavaş unutmaqdadır. İkincisi, Benyamin Netanyahunun Vaşinqtona son səfəri və birgə bəyanatlar rəsmi Tel-əvivin Ağ Evin yeni sahibinə "xod" tapmasının göstəricisidir. Beynəlxalq sionizm bu fürsətdən nəinki mövsümi layihələr, hətta uzaq perspektivlər üçün bəhrələnə bilib. ABŞ prezidenti qlobal oyunları pərdə arxasından idarə edən qrossmeysterlərə xatir, BMT qətnamələrində vurğulanan və bütün dünyanın dəstəklədiyi İsrail-Fələstin münaqişəsinin "iki dövlət" prinsipindən əl çəkmədimi?
Bundan başqa, son günlər Tramp komandasının ölkəni Birləşmiş Millətlər Təşkilatı İnsan Haqları Şurasından çıxarmağın mümkün variantlarını nəzərdən keçirməsi barədə məlumatlar yayılıb. Yekun qərarın qəbulunda dövlət katibi Reks Tillerson, BMT yanında daimi nümayəndə Nikki Heyli və prezidentin özünün iştirakı gözlənilir. Rəncidəliyin səbəbləri isə çox primitiv və gülməlidir: administrasiyanın Şuraya olan iradları arasında anti-İsrail siyasəti, ümumi təhlükəsizlik və üzvlərin şübhəli tərkibi (Məsələn, Çin və Səudiyyə Ərəbistanı) və sair var.
Ümumiyyətlə, indi dünya jandarmeriyasının öz mahiyyətini gizlətmək, bundan xəbər tutanları susdurmaq, bəd əməllərinin əleyhinə çıxanlardan incik düşüb qabaqlayıcı tədbirlər görmək cəhdləri çox dəbdədir. Sionistlərin xarici işlər naziri Avidqor Liberman da Almaniyanın "Die Welt" qəzetinə verdiyi müsahibədə Avropanın Yaxn Şərq mövqeyinə kəskin tənqid yağdıraraq, sözügedən siyasəti qeyri-məhsuldar adlandırır. Sən demə, "avropalılar açıq-aşkar şəkildə fələstinlilərin tərəfində" çıxış edirlərmiş. Onların "münaqişənin həllinə verə biləcəkləri ən böyük töhfə isə Yaxın Şərqi unutmaqdır..."  Liberman İranla nüvə anlaşması imzalayan 6 dövləti (o cümlədən Almaniyanı) sərt tənqidə məruz qoyub. Və maraqlıdır ki, həmin sırada sazişin hazırlanmasının fəal iştirakçısı ABŞ-ın (artıq "qələtini düzəltmək" istiqamətində addımlar atdığından) adını çəkməyib.
Beləliklə İsrailin cığal rəhbərliyi və məmuriyyəti hamıdan küsür, inciyir, obyektiv mövqe sərgiləməyə çalışanlara barmaq silkələyir... Təkəbbürü elə həddə çatıb ki, dünyada hamı günahkardır – ondan və ABŞ-dan başqa; ali irqə mənsubluqları kimi cəfəng iddiaları var. Eyni sərsəmliklə Hitlerin nasional-sosialistləri ötən əsrin 40-cı illərində Yer kürəsini qana boyadı, indi sionizm on qat artığını törədir və tərəqqipərvər bəşəriyyəti daha böyük təhlükələr qarşısına atır.
Okeanın o tayına zəhər ötürmələri də faktlarla təsdiqlənən və zaman-zaman aşkara çıxan reallıqdır. Sadəcə, yeni rəhbər siyasətdə naşılığı üzündən diqtələri, sifarişləri gizlətmək, nəsə bir siyasi don geyindirmək iqtidarında deyil. Tramp Vaşingtonda nümayiş zamanı hava ilə doldurulmuş nüvə silahı maketini göstərərək, nüvə arsenalını genişləndirmək niyyətini bəyan edib: "ABŞ nüvə silahı gücü ilə geridə qalıb və o zirvədə olmalıdır". Özərinin 6,800 nüvə silahının, Rusiyanın isə 7000 belə raketinin mövcudluğuna toxunan ABŞ Silahlara Nəzarət Assosiasiyası, prezidentin belə arzuolunmaz sahədə rəsmi Moskva ilə qorxulu yarışa girdiyini təsdiqləyir. Məsələ bundadır ki, ABŞ və Rusiya arasında silahların məhdudlaşdırılması üzrə "Yeni başlanğıc" adlanan müqavilədə gələn ilin fevralın 5-dək hər iki ölkənin 10 il ərzində nüvə silahlarının sayını bərabər səviyyədə azaldılması istənilir.
Lakin Donald Tramp strateji hücum silahlarının məhdudlaşdırılması haqqında müqaviləni ölkəsi üçün uğursuz sayır, birtərəfli adlandırır və yenə də sələfini tənqiq atəşinə tutur: "İranla bağladıqları saziş kimi, olduqca faydasız müqavilədir. Mənim dövrümdə daha yaxşı anlaşmalar imzalanacaq”. Ekspertlərin fikrincə, tərəflər dünyanın təhlükəsizliyi üçün kritik önəm daşıyan "Orta və kiçik mənzilli raketlərin ləğvi" haqqında sazişlə əlaqədar böhran yaranmayacağı təqdirdə, bu müqaviləni də qüvvədə saxlaya bilərlər. Xatırladaq ki, 2010-cu ildə Rusiya prezidenti Dmitri Medvedev və ABŞ prezidenti Barak Obama arasındakı razılaşmaya görə, tərəflər nüvə başlıqlı raketləri 1550 ədədə qədər məhdudlaşdırmaq qərarına gəliblər. Bundan başqa, qitələrarası və ağır bombardmançıların 700-qədər endirilməsi də nəzərdə tutulub.
Hər hansı nüvə sazişinə qoşulmayan, bu səbəbdən də MAQATE ekspertlərini qapıdan içəri buraxmayan, kütləvi qırğın silahlarının məhdudlaşdırılması tələblərini birmənalı şəkildə saya salmayan İsrailsə dəhşətli atom arsenalına malikdir və arada İranın “uranı lazımi sentrafuqadan artıq zənginləşdirməsindən narahatlığını” dilə gətirməyi də unutmur. Lakin İslam Respublikası böyük səbr, təmkin və əzmkarlıqla elmi-texniki tərəqqi yoluna davam etməkdədir. Zəhmətsevər və mütərəqqi fikirli müsəlman qardaş və bacılarımız hətta “nüvə başlığı istehsalına hazırlıq” bəhanəli qadağalar, sanksiyalar dövründən də yaxşı mənada, yararlanmağı bacardılar: özləri üçün lazımi hər şeyin daxildə istehsalı düşmənlərin məkrli niyyətlərini alt-üst elədi; iqtisadi blokada əks-effekt verdi.
İİR-nın ali rəhbəri Seyid Əli Xamneyi cənablarının mütəal Allahın buyruqları, İslam humanizmi və Qurani-kərimin tövsiyələrinə tamamilə zidd sayılan kütləvi qırğın vasitələrinin əldə olunması və yayılmasını dəfələrlə pisləməsi belə, xofluların müxtəlif fitnələrlə dolu qəlblərini aramlaşdıra bilmədi. Beynəlxalq Atom Enerjisi Agentliyinin mütəxəssisləri Buşəhrdə, digər atom reaktorlarında yenidən yoxlamalara başlamaq qərarına gəliblər.
Təzadlısı odur ki, indiyədək hər hansı qövm İslam dövlətinin nəinki tətbiqi yasaqlanmış silahı, adi hücumundan da əziyyət çəkməyib. Şəhidpərvər xalq yalnız müdafiə məqsədilə, İslam inqilabının nəticələrinin məhvindən ötrü üzərinə qaldırılmış Səddam rejiminə və digər xain basqınlara sinə gərib. Hazırda İran hərbçilərinin Suriyada, İraqda görünməsi də daha çox həmin ölkə rəhbərlərinin dəvəti və ərazidə yerləşən müqəddəs ziyarətgahların mühafizəsi məqsədilədir. ABŞ-ın 1945-ci ilin avqustunda – faşizmin neçə ay öncə təslimçilik aktını imzaladığı və müttəfiqlərinin də heç bir təhlükə törətmədiyi bir zamanda Yaponiyanın Xirosimo və Naqasaki şəhərlərinə atdığı atom bombalarının fəsadları isə üstündən 72 il ötüşməsinə baxmayaraq, silinib getmir. Vyetnamda dinc insanlara – qocalara, qadınlara, uşaqlara qarşı işlətdiyi "napali" kimyəvi-bioloji silahları bu gün də bəşəriyyətin yaddaşını və vicdanını qarsımaqda, yandırmaqdadır...
Yaxın keçmişdə baş vermiş, unudulmayan cinayətlər seriyası azmış kimi, rəsmi Vaşinqton yenidən sürətli silahlanmaya start verib. Donald Tramp federal idarələrə "müdafiə xərclərinin" kəskin artırılmasını nəzərdə tutan büdcə hazırlamağı tapşırıb, bunun müqabilində daxili agentliklərin xərcləri xeyli kiçiləcək. "The New York Times" qəzetinin yazdığına görə, Tramp yeni büdcədə ətraf mühitin mühafizəsi üzrə agentliyin və Dövlət Departamentinin məsrəflərini 10 milyardlarla dollar azaltmağı düşünür. Bundan başqa, sosial təminat proqramlarında da ciddi ixtisarların baş verəcəyi gözlənilir. Birləşmiş Ştatlar öz cəbbəxanasını ölümsaçan yeni modellər hesabına sürətlə zənginləşdirir və köhnəlmiş, sıradan çıxmış qurğularını bazara çıxarır.
Yer üzünə çeşidli faciələr və bədbəxtliklər gətirən “matah”a müştəri bolluğu isə müxtəlif regionlarda həssas münasibətləri qızışdırmaq və məhəlli münaqişələrə, müharibələrə yol açacaq yeni konfliktlər yaratmaqla mümkündür. Amerika xalqı özlərinə heç bir aidiyyatı olmayan ucqarlarda övladlarının ölümü ilə barışmadığından belə hallar kəskin daxili təlatümlərə (anaların etiraz nümayişləri zamanı Ağ Ev qarşısına əsgər çəkmələri düzmələrini yada salın) rəvac verməklə yanaşı, liderlərin reputasiyasına da mənfi təsir göstərir. Deməli, rəsmi Vaşinqton vuruşmaqda yox, vuruşdurmaqda maraqlıdır. Onun İŞİD-i öz hərbçilərini qorumaq və digər səbəblərdən meydana çıxardığı da generalitetin etirafları sırasındadır. General Vesli Klark terror qruplaşmasının ABŞ tərəfindən dünyada zombiləşmiş qorxunc qüvvə formalaşdırmaq, Səudiyyə Ərəbistanından pul "sağmaq" və ölkələrin işğalına bəhanə yaratmaq məqsədi ilə qurulduğunu bildirib. 11 sentyabr hücumundan 10 gün sonra Pentaqona getdiyini deyən Vesli, İŞİD-in qurulması barədə qərar verilən görüşdən söhbət açıb. Görüşə müdafiə naziri Donald Ramsfeld və müavini Paul Volfovitz də qatılıbmış: "Sonra Ramsfeld məni aşağıdakı otağa çağıraraq, İraqa qarşı savaşa başlayacaqlarını bildirdi. O, müharibənin səbəbini bilmədiyini, rəhbərliyin başqa çarəsi qalmadığını vurğuladı. "Səddam və Əl-Qaidə qruplaşması arasında əlaqə tapa bildinizmi?"- sualıma nazir belə cavab verdi: "Yox. Bu məsələdə yeni bir şey yoxdur. Sadəcə, İraqa qarşı müharibə aparacağımız barədə qərar verdilər. Terrorçulara qarşı nə edəcəyimizi bilmirəm, amma yaxşı bir ordumuz var. Dövlətləri zəiflədə, çevrilişlərlə birdəfəlik silə bilərik. Bizə bir çəkic lazım idi. Buna görə də İŞİD-i qurduq". Vesli Klark devriləcək hökumətlərin siyahısını da açıqlayıb: "Biz Əfqanıstanı bombalayırdıq. Bir neçə həftədən sonra məsələni müdafiə nazirindən soruşdum. Bir kağıza 7 il ərzində çevriliş hazırlanacaq ölkələrin - Suriya, Liviya, Livan, Somali və İranın adını yazdı”.
Ötən illər ərzində İŞİD xeyli güclənərək saysız-hesabsız vandallıqlar törətdiyindən, beynəlxalq aləmdə terrorizmin xaç atası kimi dillərə düşmək zəminində labüd rüsvayçılıqdan yaxa qurtarmaqdan ötrü indi də faciə-tamaşanın ikinci pərdəsini oynamağa başlayıblar: “Biz müsəlman ölkələrini İŞİD-ə qarşı savaşdıracağıq. Şəriətçi düşməni Yer üzündən silmək üçün İslam dünyasındakı dost və müttəfiqlərimiz kömək olacaqlar” (D.Tramp). Guya İŞİD-ə qarşı mübarizədə 11,7 milyard dollar xərcləndiyi üçün iqtisadi çətinliklər yaşandığını söyləyən biznesmen-prezident, Müdafiə Nazirliyinə qruplaşmanın məhvi üçün xüsusi plan hazırlamağı da tapşırıb.
Necə də Bin Laden ssenrisini xatırladır? Əfqanıstanda SSRİ-yə qarşı yaratdılar, hansı əraziyə girmək lazımsa, "1 nömrəli terrorçu oradadır"- deyə bəhrələndilər, qudurub, cızığından çıxıb üzlərinə ağ olanda aradan götürdülər. Ən qəribə və gülünc isə adı İŞİD-in memarı qismində hallanan birisinin, İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terrorçular siyahısına (?!) salmaq istəməsidir...
Okeanın o tayından çalınan havalara indi bu tərəfdən Aviqdor Liberman züy tutur: "İsrail Səudiyyə Ərəbistanına Yaxın Şərqdə NATO-ya bənzər alyans yaratmağı təklif edir. Terrora qarşı bütün mötədil güclərin birləşməsinin vaxtı gəlib çatıb". Tehran "rejimini" yəhudi dövlətinə təhdid sayan sionist nazirin sözlərinə görə, mötədil sünni dövlətləri onlara yönəlik ən böyük təhdidin İsrail, sionizm və ya yəhudilər deyil, İran olduğunu anlayırlar. Əgər həqiqi koalisiya qurulsa, bununla bağlı öhdəliklərdən də danışmaq olar: "Baxın NATO-ya. Alyans hər bir üzvün digərlərini müdafiə etməyə hazırlığı, digərləri tərəfindən də eyni təminat verilməsi prinsipi üzərində dayanıb". Libermana görə, yəhudi dövləti ərəblərə texnologiyalarla yardım göstərə bilər: "Onlar nə terrorizmlə mübarizə, nə hərbi plan, nə də elmi araşdırmalar sahəsində bizdəki imkanlara malik deyillər". Dəhşətli müharibə layihələri cızılıb. Qərbdən qaynaqlanan irtica yenidən şahə qalxmaq, zəhərli dalğaları ilə fərqi yuyub aparmaq niyyətindədir. Həmin sunami çəkiləndən sonra yerində qalan viranə isə yeni dünya düzəni adlanacaq və (əgər şüurlu varlıqlar yaşasa) ona təzə nizam vermək üçün konfranslar keçiriləcək. Bundan ötrü əksər resurs və vasitələr – kütləvi qırğın silahları, zombilər qrupu, çeşidli bəhanələr, təbliğat mexanizmi, milli satqınlar sürüsü və sair çoxdan hazırdır. Sadəcə, mürtəce qüvvələrin öz təbirincə desək, "dikbaş", "təhlükəli", "naqolay", "ramolunmayan" bir dövlət yolları üstündə keçilməz maneəyə çevrilib. İslam Respublikası 38 ildir nəinki zalıma boyun əyməyərək müstəqil siyasət yeridir, hətta dünya məzlumlarının hüquqlarının bərpasına çalışır. Və bu mübarizənin haqq-ədalətin qələbəsi ilə yekunlaşacağına heç bir şübhə yoxdur.
Məni yalnız ölkəmdən havalanan "xaric" səslər – bozbaş politoloqlar və psevdovətənpərvərlər dəstəsinin vay-şivəni narahat edir. Kim təminat veriri ki, "antiterror əməliyyatı aparan" düz hədəfi nişan alaraq, "terrorçu siyahısına salınanı" sıradan çıxaracaq. Məgər Əfqanstanda, İraqda min dəfələrlə hərbi bazalar əvəzinə, yaşayış məntəqələri vurularaq, dinc sakinlərin qətliamı törədilmədi? Özünü millətçi sayan, o taydakı 30 milyon soydaşımızın başına bomba yağdırılmasını qəbul görən kəslər, imperializmin İrana hücumunun ikinci günü ərazilərimizi bütövləşdirəcəyi xülyasını unudun getsin.
Bundan ötrü ən əlverişli şərait İkinci Dünya savaşının gedişində yetişmişdi, gördünüz ki, heç nə alınmadı. Qərbə əyilməz, inkişaf edən, İslami İran kimi, böyük, güclü Azərbaycan da sərfəli deyil. Hələ qorxun ki, erməni daşnakları tərəfindən işğala məruz qalmış Qarabağımızda kürd dövləti yaratmaq niyyətlərini gerçəkləşdirsinlər. 30 ilə yaxındır, yüz minlərlə məcburi köçkünün təminatında çətinlik çəkən dövlətimiz, Allah eləməmiş, cənubdan gələn qaçqın selini necə yerbəyer edə bilər? Hücuma məruz qalan tərəf də təbii ki, əl-qolunu salıb oturmayacaq və indiki halda İranın Suriya, İraq, Əfqanıstan olmadığını azyaşlı uşaq da yaxşı bilir – deməli, cavab tədbirlərinin nə ilə nəticələnəcəyi... məlumdur.
Ona görə Azərbaycan Respublikasının dövlət, hökumət rəhbərliyi və xalqı bölgədə hər hansı hücum əməliyyatının birmənalı şəkildə əleyhinədir.

vetenugrunda.az

Комментариев нет:

Отправить комментарий