Страницы

16.03.2017

SMOLENSKİN MÜDAFİƏSİ

 Rusiyada “Smuta” deyilən qarışıqlıq dövründə polyak qoşunları ölkəyə soxuldular. Polşa kralı Siqizmundun rəhbərlik etdiyi ordu Smolenski mühasirəyə alsa da, polyaklar şəhəri asanlıqla tuta bilmədilər. Smolensk qalasının mühasirəsi 21 sentyabr 1609-cu ildən 3 iyun 1611-ci ilə kimə davam etdi. Smolenskın müdafiəsi dünya hərb tarixində tam blokada şəraitində ən uzun müqavimətlərindən biri sayılır.
 Siqizmundun göndərdiyi elçi təslim olmaq təklifini çatdırarkən, şəhərin müdafiəsinin başında duran voevoda Mixail Şein ona bildirdi ki, əgər bir də belə təkliflə gəlsə, onu Dnepr çayında boğacaqlar. Şəhər divarlarının içində ruslar ciddi nizam-intizam yaratmışdılar. Hərənin keşiyində durduğu öz qüllə ərazisi vardı və postundan kənarlaşan adamın yerindəcə öldürülməsi əmri verilmişdi. Ruslar kəskin müqavimət göstərdilər. 22 minlik polyak ordusu dəfələrlə cəhd etsə də, 5,4 min rusun qoruduğu şəhərə girə bilmədi. Polyakların hər atdığı top mərmisinə ruslar üçqat top atəşi ilə cavab verdilər. Həm də üzə çıxdı ki, rusların topları polyakların toplarından daha uzağı vura bilir. Əldən düşmüş polyaklar hər dinclərini almaq üçün döyüşü dayandırdıqda, ruslar xəlvətcə qaladan çıxıb onlara ağır zərbələr vurdular, bir dəfə isə hətta Polşa bayrağını ələ keçirib apardılar. Bir müddət sonra polyak qoşunun köməyinə Litva qoşunu da gəldi. Qala divarlarını yarmaq üçün Riqadan böyük kalibrli toplar gətirildi. 18 iyul 1610-cu ildə top atəşindən qala divarında böyük deşik açıldı, amma polyaklar üç dəfə şəhərə girsələr də, müdafiəçilər onları qırıb çatdılar və geri otuzdurdular. Ruslar Riqa toplarının qoyulduğu sahəyə kimi yeraltı lağım atdılar, batareyanın altına barıt qoyub partlatdılar və topları göyə uçurdular. Polşa kralı yeni topların gətirilməsi üçün iki ay gözləməli oldu.
 21 noyabr 1610-cu ildə polyaklar qala divarını partladaraq yeni deşik açdılar, amma yenə də dəfələrlə şəhərə soxulmağa çalışsalar da, qan su yerinə axdı, cəhdləri uğursuz alındı. 1611-ci ilin yazında polyaklar şəhərə artilleriya zərbələri endirdikdən sonra böyük qüvvə ilə hücuma keçdilər. Aclıq, soyuq və xəstəliklərdən əldən düşmüş şəhər sakinləri küçə döyüşlərində sönük müqavimət göstərdilər. Şəhər əhalisinin bir hissəsi Monomax məbədinə yığışdı. Məbəddə müdafiəçilərin barıt ehtiyatı saxlanılırdı. Polyaklar məbədin qapılarından içəri doluşarkən ruslar barıtı partlatdılar. İçində çoxlu qadın və uşağın da olduğu sakinlər qırılsa da, özləri ilə o dünyaya çoxlu sayda polyak əsgərlərini apardılar. Müdafiəçilərin başçısı Mixail Şein 15 ratniklə qüllələrdən birinə çəkilib uzun müddət atışdı, özü təkbaşına 10 almanı öldürdü. Polyaklar onu əsir götürüb kral Siqizmundun yanına gətirdilər. İki illik müqavimət, verilən itkilər və prestijinin düşməsi kralı elə əsəbləşdirmişdi ki, Şeinə çoxlu işgəncə verdirdi. Müdafiəçilərin şücaətindən dəhşətə gələn Siqizmund sağ qalan şəhər sakinlərinə rəhm etdi və onlara icazə verdi ki getsinlər. Şeinə isə qandal vurduraraq Polşaya göndərtdirdi. Yalnız 8 ildən sonra Rusiya hökumətinin danışıqları nəticəsində Şein və onunla birlikdə əsirlikdə olan patriarx Filaret azad olunub vətənə qayıtdılar.
 Smolenskin mühasirəsi zamanı polyak qoşunu 30 min əsgər itirdi. Yerdə qalan əsgərlər elə bir acınacaqlı kökdə idilər ki, kral Siqizmund yürüşü dayandırıb Moskva üzərinə getmək fikrindən əl çəkdi, əsgərlərini başlı-başına buraxıb Polşaya qayıtmalı oldu.

İbrahim Sel, “Avrasiya tarixi” kitabından

Комментариев нет:

Отправить комментарий