Страницы

12.03.2017

Xəlil Adıgözəl - Tərsinə

Yaxşıdır ki, zaman hələ dolmayıb,
Yaxşıdır ki, İsrafil sur çalmayıb,
"Olmaz" deyə bir şeyimiz qalmayıb,
Unutmuşuq göy tavandı, yer sinə!
İndi hər şey tərsinədi, tərsinə!

Nə umasan qohumundan, yadından?
Çoxdan çıxıb əsli-kökü yadından!
Kişisini seçmək olmur qadından,
Gözlər badam, dodaq püstə, tər sinə!
İndi hər şey tərsinədi, tərsinə!

Bu dünyada gör nə qədər qonaq var?!
Gör nə qədər üstümüzdə qınaq var?!
Qiyamət var, imtahan var, sınaq var,
Hazırıqmı görən həyat dərsinə?
İndi hər şey tərsinədi, tərsinə!

İtiribdir insan abır, həyasın,
Sanki şeytan zəhərləyib mayasın,
Məzhəb itib, it tanımır yiyəsin,
Bilmək olmur düzü nədir, tərsi nə?
İndi hər şey tərsinədir, tərsinə!

Bu yolların sağı-solu tapıldı,
Kim itmişdi "ağzı dolu" tapıldı,
Nəhayət ki, "haqqın yolu" tapıldı,
Başını kəs, dizini qoy, gər sinə!
İndi hər şey tərsinədi, tərsinə!

Həyat gözəl, ömür yaman qısıqdı,
Səhifələr qəmlə yazıq-yazıqdı,
Ey Rəhm edən! Bu şairlər yazıqdı,
Dözə bilməz bu dərdlərə hər sinə!
İndi hər şey tərsinədi, tərsinə!

Duman yorğan, buludlar taxt olardı,
Həyat gözəl, hamı xoşbəxt olardı,
Adıgözəl, "gözəl" o vaxt olardı-
Çəkə bilsə öz dərdini gər sinə!
İndi hər şey tərsinədi, tərsinə!

Комментариев нет:

Отправить комментарий