Страницы

06.04.2017

Ağ yollar

Əfrahim Hüseynli

YÜKÜN ÖZ YÜKÜN OLSA...

Yollar gümanda qalsa,-
Bir üzü şaxta-qarsa...
Yükün öz yükün olsa,
Daşımağa nə var ki.

Bir kitablıqsa ömür,-
Bölündü sətir-sətir.
Ömrü özünə xətir
Yaşamağa nə var ki.

İllər qısadan-qısa,-
Çatdıq payıza-qışa...
Adamlar dağ olmasa,
Dağ aşmağa nə var ki.

Dayana ucada haqq,
Sına önündə nahaq,-
Bu torpağa üzüağ
Qarışmağa nə var ki.

Dönə sular da selə,
Daşı əridə bilə,-
Küsdüyün dünya ilə
Barışmağa nə var ki.

MƏLƏKLƏR DAYANIB BAŞIMIZ ÜSTƏ

Yolların kəsəyi, daşı özümüz,
Ağ yollar üstündə naşı özümüz,
İllərin gözünün yaşı özümüz,-
İlahi, bu yükü necə Yer çəkir?

Gün gəlir, ay gəlir yaşımız üstə,
Qurular kül olur yaşımız üstə...
Mələklər dayanıb başımız üstə,
Bizim əlimizdən gör nələr çəkir.

Gümanın sarayı qurulub harda?-
Yol gəzib arayan qalıbdı darda.
Duman yaylığını çəkib bu yurda,
Köçünü nə axşam, nə səhər çəkir.

Qurudu biçənək, qurudu çəmən,-
Ürəyidaş oldu hər gəlib-gedən...
"Uğrunda ölərəm!" deyənlər, Vətən,
Çəkəndə yükünü birtəhər çəkir.

Doğmanın çoxu da olarmış yuxu,-
Etdiyin yaxşılıq özü də qorxu...
Gözümdən düşübdü adamın çoxu,-
İllərdir bu yükü çəkənlər çəkir...

ÜRƏK DƏ ƏVVƏLKİ ÜRƏK DEYİLMİŞ

Yarımçıq taxt qurdum... dağıla görüm! 
Təzədən sorğuya, suala dönüm?.. 
Qayıdıb gəlsəm də... nağıla dönüm, 
Sevincin yolu heç gerçək deyilmiş! 

Göy üzü qaraldı hər axşam-səhər,- 
Yağan yağış idi, yoxsa ki, qəhər? 
Çəmən gözü yaşlı... gülünə qədər,- 
Çiçək də elə bil çiçək deyilmiş?! 

Mənim getməyimi yüz yerə yozma, 
İşıq gələn yolu gümandan asma! 
Günahlar içində azdım... sən azma!- 
Yediyim çörək də çörək deyilmiş! 

Nələr itirmişəm... gəzdim hər gecə,- 
Bu sirri özümlə böldüm gizlicə. 
Dağlardan, daşlardan dönüb gəlincə,- 
Gördüm küləklər də külək deyilmiş? 

Uzaqlıq ömrümə kəsildi qənim,
Qaldı məndən uzaq yelkənsiz gəmim. 
Dedim ki, dayanar... dözdü ürəyim,- 
Ürək də əvvəlki ürək deyilmiş.

Комментариев нет:

Отправить комментарий