Страницы

20.04.2017

AXCP-də mühacir skandalı – partiya üzvündən heyrətamiz açıqlamalar

Özünü müxalif biri hesab edən Fikrət Hüseynli məni DTX ilə hədələməyə başladı...

Neçə illərdir ki, Azərbaycandan Avropaya mühacirətə adam yollayan cinayətkar bir şəbəkənin mövcudluğu barədə mətbuatda yazılar dərc olunur, faktlar, dəlillər, zərərçəkmişlər ortaya çıxır. Bu kimi hadisələr daha çox AXCP ətrafında cərəyan edir. musavat.com-a edilən növbəti şikayət də elə AXCP ilə bağlıdır.
Belə ki, AXCP üzvü olan gənc- partiyanın Xətai rayon şöbəsinin üzvü Tural Hüseynov (Azərtürk) “mühacirət biznesi” ilə məşğul olan “mafiya”nın toruna düşüb.
Tural Hüseynov başına gələnləri belə nəql edir: “Mən yaşadığım və haqsızlığa məruz qaldığım bir hadisə ilə bağlı sizlərə məlumat vermək istəyirəm. Yəqin çoxlarınıza məlumdur ki, son zamanlar bir çox vətəndaşlarımız ölkəni tərk edərək Avropaya getmək haqqında düşünür. Sirr deyil ki, bu fikrə düşən insanlar Avropaya getmək üçün sənəd düzəldən işbaz alverçilərlə kontakt yaratmağa çalışırlar... Bir neçə ay bundan əvvəl mən də belə bir fikrə düşdüm. Ailəmi götürüb Almaniyaya getmək istəyirdim, məni də bu yola sövq edən öz səbəblərim var idi. Sənəd işlərində kömək edəcək etibarlı birini axtarırdım və sonda bu işlərlə məşğul olan biri ilə əlaqə yarada bildim. Düzü, özünü haqq adamı kimi tanıtdığına, həm də Qənimət Zahidin yanında işlədiyinə görə bu adama etibarım var idi. Həm də AXCP-çilərlə sıx əlaqədə olduğundan bu şəxsi normal biri hesab etdim və düşündüm ki, cəbhəçi olduğuma görə məni aldatmaz. Bir neçə ailənin də Avropaya mühacir kimi gedib çıxmasını təşkil etdiyi üçün onun işinə heç bir şübhəm qalmamışdı. Kim fikirləşərdi ki, özünü demokratik düşərgənin mübariz nümayəndəsi kimi təqdim edən bu adam sözün əsl mənasında dələduz, fırıldaqçı imiş. Bu şəxsin adı Fikrət Hüseynlidir. Hollandiyada mühacir həyatı yaşayan, “Turan Tv”nin (rəhbəri hazırda Fransada yaşayan “Azadlıq” qəzetinin baş redaktoru, AXCP funksioneri Qənimət Zahiddir -red.) efirində “Cəbhə Xətti” verilişinin aparıcısı, özünü insan haqları müdafiəçisi kimi tanıdan Fikrət Hüseynli... Onunla ilk əlaqəmiz skaypla oldu. Məndən bu işin həll olunması üçün 5700 dollar pul istədi. İlk növbədə tapşırdı ki, elə günü sabah pulu avroya çevirim, qardaşı Hüseynov Elxan Nurəli oğlunun adına olan «Unibank» hesabına 2000 avro köçürdüm. Qeyd edim ki, Fikrətin qardaşı da Hollandiyada yaşayır və bu məbləğ bilavasitə Hollandiyaya gedib (pulun köçürüldüyü haqqında qəbz əlimdədir və surətini sizə təqdim edirəm). Mənim işim Bakıda görüldüyü halda bu 2000 avro Hollandiyaya niyə gedirdi? Demək, bu adam o pulu bəri başdan nağd edib öz cibinə qoyur. Sonra mənə Bakıda onun işgörəni olan Mətləb adlı bir şəxs zəng vurdu və özünü turizm firmasının nümayəndəsi kimi təqdim etdi (sonra öyrəndim ki, bu adam o şirkətdə çalışmır). Bu Mətləb adlı şəxs mənə turizm firmasının bank hesabını verdi və mən Fikrətin tapşırığı ilə o hesaba 1135 avro pul köçürdüm. Bu pulun müqabilində firma mənim sənədlərimi viza almaq üçün hazırlayacaqdı, guya qanuni şəkildə. Beləliklə, bu işin görülməsi üçün cəmisi 1135 avro pul lazım imiş, 2000 avronu isə Fikrət heç bir iş görmədiyi halda mənimsəyirmiş. Çünki Bakıda görülən digər işlərə mən yenidən öz cibimdən pul xərcləmişəm. Sonra Fikrət mənə bildirdi ki, iş yerim haqqında sənədlərim olmalıdır. Mən də o sənədləri topladım, amma Fikrət hansısa arayışın və möhürün çatışmadığını dedi. Fikrət vatsapla mənə səs yazısı göndərərək dedi ki, bu işi sənə 100 manata düzəldə bilərik, belə şeylər praktikada çox olub, birinci dəfə deyil və mənim Mətləbə 100 manat verməyimi istədi. Bir gün sonra isə Fikrətin əlaltısı mənə sənəd verdi, o vaxt heç ağlıma da gəlməzdi ki, onların düzəltdiyi bu sənəd saxtadır. Sonra bütün bu sənədlər, içində Fikrətin əlaltısının düzəltdiyi saxta sənəd də daxil olmaqla, Macarıstan səfirliyinə təqdim olundu. Bir müddət sonra Macarıstan səfirliyi mənə və yoldaşıma viza icazəsi verdi, amma iki körpə övladıma icazə verilmədi. Mən də təbii ki, övladlarımı qoyub xaricə gedə bilməzdim. Fikrətlə əlaqə saxlayıb etirazımı bildirdim. Dedim ki, ya mənim işimi tam gör, ya da mənə yarımçıq iş lazım deyil, pulumu qaytar! O isə dedi ki, bu xırda məsələdir, konsul bu icazəni vermək üçün zamin istəyir. Sənə bir nəfər zamin duracaq adam lazımdır, o adamı tap, yenidən konsulun qəbuluna düş. Ona yenidən inandım. Onun dediyi kimi etdim və yenidən viza icazəsi ala bilmədim. Elə hər şey bundan sonra başladı. Fikrət yeni yalanını ortaya atdı: bildirdi ki, yoldaşınla ikiniz gedin bir həftə Avropada gəzin gəlin, iki ay sonra yenə də bu xərcləri çəkərək başqa səfirliyə müraciət edib, gedə bilərsiz. Amma qeyd etdi ki, bunun baş tutacağına da heç bir zəmanət vermir. Təbii ki axırıncı pulumu bu işlərə xərclədiyimə görə mən bu riskə gedə bilməzdim. Həm də artıq Fikrət o qədər yalan danışmışdı ki, ona inanmırdım. Bu insan başladı məni hər üsulla aldatmağa. Pulumu geri tələb edəndə isə bildirdi ki, mənim sənə verəcək pulum yoxdur. İddia etdi ki, qalan pulu Macarıstan səfirliyinə rüşvət kimi vermişəm. Bunu da araşdırmaq lazımdır. Daha sonra özünü müxalif biri hesab edən Fikrət məni DTX ilə hədələməyə başladı. Düşündüm ki, məni DTX ilə hədələyən biri elə özü DTX agenti olar. Məni gömrükdə mal qaçaqçısı kimi ilişdirəcəyini bildirdi. Əgər məsələni ictimailəşdirsəm, mənim özümün biabır olacağımı, heç kimin mənə inanmayacağını dedi. Almaniyada və Hollandiyada yaşayan qohumlarımla təhdid edərək onların və AXCP adının da hallanacağını dedi. Bildirdi ki, onun arxasında AXCP kütləsi, müxalif dairə var, mənim arxamda isə heç kim yoxdur. Yəni onun dələduz olduğunu ictimailəşdirsəm, AXCP də zərbə alacaq. Əlimlə verdiyim halal pulumu bu adam mənə qaytarmaq istəmədi".
T.Hüseynov deyir ki, Bakıda turizm firmasına müraciət edib, onlara köçürdüyü puldan 1000 avro qaytara bilib: “”Turizm.az" adlı bir firmadır, ofisi Zivərbəy Əhmədbəyov küçəsində yerləşir. Fikrətin dediyinə görə, bu məbləğin hansısa bir hissəsini o geri qaytarıb, amma heç özü də dəqiq bilmir ki, nə qədərini o qaytarıb, nə qədərini firma. Çünki hər dəfə mənə üst-üstə düşməyən məbləğlər yazırdı. Bu işi həmən ictimailəşdirmək istədim. Lakin üzvü olduğum AXCP və bilavasitə onun sədri Əli Kərimli gəldi gözümün qabağına. Bildim ki, bu insidentdən iqtidar nümayəndələri AXCP-yə və birbaşa Əli bəyə zərbə vurmaq üçün maksimal dərəcədə istifadə edəcək. Eləcə də “Turan Tv”yə. Mən isə üzvü olduğum partiyaya bu ləkənin gəlməsini istəməzdim. Qənimət bəyə olan böyük hörmətimdən məsələni birinci ona bildirdim. Amma Fikrət Qənimət bəyi yalan sözləriylə hadisələrin guya belə olmadığına inandırdı. Daha sonra Milli Şura üzvü Eldəniz Quliyevə məsələni bildirdim. Eldəniz bəy bu məsələnin ictimailəşdirilməsinin əleyhinə oldu. Deyirdi ki, yəqin Fikrətin ağlı başına gələr. Amma bu adamın başı ancaq haram və əyri yollarla pul qazanmaq istiqamətində işləyir. Eldəniz bəy Əli bəylə görüşməyimi təklif etdi. Bir neçə gün sonra isə Əli bəylə görüş aldım. İstədim ki, Əli bəy də içimizdə olan dələduzdan xəbərdar olsun. Fikrətin adını çəkən kimi Əli bəy o insan haqqında bundan əvvəl də neqativ sözlər, dolandırıcılıq əməllərini eşitdiyini Eldəniz bəyə bildirmişdi. Mənə isə dedi ki, o insanı tanımır və onun bizim partiya ilə heç bir əlaqəsi yoxdur, amma Fikrətin tutduğu bu pis əməlin bizə də təsiri olacaq, çünki o mənim dostum Qənimət Zahidin yanında işləyir. O, Qənimət bəylə əlaqə saxlayıb Fikrət Hüseynlinin bu cür işlərlə məşğul olduğunu və faktlarla məni aldatdığını bildirdi. Qeyd etdi ki, o insan “Turan TV”dən uzaqlaşdırılmalıdır və mənim halal pulum geri qaytarılmalıdır. Əli bəy “Fikrət partiyanın üzvü olmadığından ona təsir gücüm bu ola bilər” dedi. Əli bəydən ayrıldıqdan bir neçə saat sonra Fikrətdən mənə xəbər gəldi ki, “kimə istəyirsən de, kimi istəyirsən üstümə göndər, mən heç kimi saymıram və heç kimdən də qorxmuram”. Belə çıxır ki, Əli bəydən və yanında işlədiyi Qənimət bəydən də. Bildirdi ki, məsələni ictimailəşdirsəm, onun arxasında olan kütlənin əlindən evdən bayıra bir addım ata bilməyəcəm. Bu adam cəbhəçini cəbhə yoldaşlarıyla hədələyir, çox gülüncdür. Elə məsələ də bu yerdə qaldı... Bütün bu hadisələrdə Fikrətlə olan yazışmalar, dəlil-sübutlar, səs yazıları, bank qəbzləri, aldığım sənədlər hamısı bir fakt kimi əlimdədir. Bu işdə bu faktlara ehtiyac varsa, onları da paylaşa bilərəm. Bütün screenləri, dəlil-sübutları və səs yazılarını açıqlamağa hazıram. Mənim arxamda Allah var və mən haqq olduğuma əminəm. Buna Eldəniz bəylə Əli bəy də şahiddir. Bu məsələni ictimailəşdirməkdə məqsədim yalnız belə dələduzun əməllərinin ifşa olunması və mənim kimi digərlərinin aldadılmamasına nail olmaqdır. Bu tip insanlar bizim aramızda, bilavasitə müxalif dairə içində olmamalıdır. AXCP-nin adından sui-istifadə etməməlidir, bu partiyanın üzvlərinə qarşı inanclarından və etibarlarından istifadə edib dələduzluq etməməlidir. Belə tipajlar bizim adımıza ancaq və ancaq ləkə gətirir. Fikrət Hüseynli Avropa ölkəsi olan Macarıstanın rəsmi səfirliyinə rüşvət verdiyini iddia edir. Bir neçə nəfərdən eşitdiyimizə görə, o, Avropaya çatdıra bildiyi adamların orada oturum alması üçün Azərbaycan Respublikası Ağır Cinayətlər Məhkəməsinin sənəd və möhürünü saxta şəkildə düzəldir və onlardan istifadə edərək hazırladığı saxta sənədləri lazımi yerlərə təqdim edir. Adını da belə qoyur ki, guya onun bu məhkəmədə tanışları var və onlar da aldıqları pul müqabilində bu sənədləri ona göndərirlər. Maraqlıdır, müxalifəti təmsil edən birinin hökumətlə necə əlaqəsi ola bilər?! Faktiki olaraq belə nəticə hasil olur ki, bu adam Avropanı da saxta sənədlər təqdim etməklə barmağına dolayır".
Yazıda adları çəkilən hər kəsin mövqeyini dərc etməyə hazırıq. Lakin bəri başdan onu deyək ki, AXCP üzvünün verdiyi bu açıqlama bir cinayət şəbəkəsinin ifşasıdır. Burada dəhşətli iddialar var. Sənəd saxtakarlığından tutmuş, Avropa ölkəsi olan Macarıstan səfirliyinə rüşvət verilməsi, «Turizm.az» adlı şirkətin köməyi ilə beynəlxalq cinayət şəbəkəsinin qurulması da bu iddiaların içindədir. Müsavat Partiyasını və onun rəhbərliyini qərəzli şəkildə “saxta mühacirət” işinə cəlb edən istintaq orqanları bu faktları araşdırmalıdır. Dəfələrlə yazdığımız kimi, Azərbaycandan “saxta mühacirət” prosesi tamamilə fərqli ünvandan yönəldilir və bu yazıda həmin ünvana dair ciddi faktlar mövcuddur.

Комментариев нет:

Отправить комментарий