Страницы

11.04.2017

Georq Vilhelm Fridrix Hegelin ruh fəlsəfəsi

Rəhim Həsənov

GİRİŞ

Ümumiyyətlə biz düşüncə tarixinə diqqətlə nəzər yetirsək, fəlsəfə insanın içində yaşadıgı dünyanı dərk etmə cəhdidir. Və elə bu cəhd tarix boyu insanları düşünməyə vadar etmiş, gerçəkliyin dərki fikir adamlarını yüzillər boyu narahat etmişdir. Həqiqət nədir? Dünya sonlu yoxsa sonsuzdur? İnsan nədir? İnsan həyatının mənası nədir? kimi suallar tarix boyu müxtəlif cavablarla cavablandırılmış və bəzən belə cavabsız qalmışdır. Gerçəkliyin özünü və gerçəklikdəki baş verən proseslərin mifoloji dünyagörüşlə və elmi yollarla izahı zamanı bir sıra qarşıdurmalar meydana gəlirdi. Belə qarşıdurmaların yaratdıgı mübarizə nəticəsində fəlsəfə formalaşmağa başladı. Müxtəlif inkişaf mərhələlərindən keçərək yaranan fəlsəfə bir sıra dünyagörüşlərini geridə buraxmışdı. Fetişizm, animizm, totemizm və magiya ibtidai insanların düşüncəsinin təzahürü idi. Gercəkliyi fantastik bir surətdə əks etdirən mifoloji dünyagörüşü möcüzələrə inamı ehtiva edirdi.
Canlıların yaranıb, inkişaf edib və ölməsi, göy cisimlərinin hərəkətlərinin hansı səbəbdən baş verməsi kimi hadisələr ilk insanları düşündürürsə də belə bunların izahı mifoloji dünyagörüşündə uzağa gedə bilməmiş, yeni bir düşüncə tərzinin yaranmasına səbəb olmuşdu. Mif təbiət hadisələrinin, cəmiyyətdəki münasibətlərin qeyri-adi formada inkişafıdır, cəmiyyətin erkən inkişaf mərhələsində təbiətin, sosial gerçəkliyin hadisələrinin anlama üsuludur. Bax, bunlara görə də mifologiyanı fəlsəfəyəqədərki dünyagörüşü for-malarından biri hesab etmək olar (41, səh. 47).
İnsanların düşüncə tərzinin mərhələli inkişaf etməsi nəticəsində qədim Yunanstanda dini-mifoloji dünyagörüşü zaman keçdikcə öz yerini fəlsəfəyə verməyə başladı. Kainatın necə yaranması, dünyanın mahiyyəti kimi suallara marağın yaranması fəlsəfi düşüncə tərzinin təməlini meydana gətirdi. Əvvəllər içində yaşadığı dünyanı anlamağa çalışanlar içində yaşadıqları cəmiyyətin və birgə yaşadıqları insanların mənəviyyatını anlamağa cəhd edirdilər. Cəmiyyət hadisələrinin izahını da özündə ehtiva edən fəlsəfə zamanı keçdikcə bir sıra düşüncə adamlarını özündə cəmləşdirdi və belə düşüncə adamlarından biri də klassik alman fəlsəfəsinin yetirməsi, dünya fəlsəfə tarixinin ən nəhənglərindən biri Georq Vilhelm Fridrix Hegel adı altında iz qoymuşdur.
Fəlsəfə tarixində son böyük sistem qurucularından biri olan Hegelin yaratdığı dialektik metod hər zaman maraq doğurmuş, sağlığında belə diqqət mərkəzində olmuşdur. F. Engels bu dahi filosof haqqında belə yazırdı «Hegelin böyük xidməti ondan ibarətdir ki, o ilk dəfə olaraq bütün təbiət, tarix və mənəviyyat aləmini bir proses şəklində, yəni arasıkəsilməyən hərəkət, dəyişilmə, başqalaşma və inkişafda göstərmiş, bu hərəkət və inkişafın daxili rabitəsini aşkara çıxarmağa çalışmışdır» (6, səh. 19).
Şübhəsiz ki, Hegelə yüksək və obyektiv qiymət verən təkcə Engels olmayıb. Monoqrafiyada Hegel fəlsəfəsinin mənfi və müsbər cəhətləri işıqlandırılmış, xüsusilə də ruhun inkişaf mərhələlərinə toxunulmuşdur. Hegel kimi bir dahinin yaratdığı fəlsəfi sistemi dərindən öyrənmək və ona obyektiv, qərəzsiz qiymət vermək lazımdır.
Tədqiqat işinin yeniliyi aşağıdakılardan ibarətdir: 
Ümumiyyətlə götürsək Hegelin yaradıcılığı hər zaman diqqət mərkəzində olmuş, onun yaratdığı obyektiv idealist dialektika həm də materialist tədqiqatçıların marağını özünə cəlb edə bilmişdir. Hegelin fəlsəfi sistemi keçmiş Sovetlər birliyində birtərəfli işıqlandırılmış, öz düzgün qiymətini tapa bilməmişdir. Yetmiş il ərzində təkcə Hegel fəlsəfəsi deyil, materialist dialektikaya uyğun gəlməyən bütün fəlsəfi sistemlər tənqid olunmuş, köhnəliyin qalığı kimi qiymətləndirilmiş, əsas istiqamət materialist dialektikaya verilmişdir. Kommunist rejiminin aparıcı ideyası olan marksizm-leninizm fəlsəfəsinin hakim ideologiyaya çevrildiyi bir zamanda bir çox fəlsəfi sistemlər kimi Hegelin yaratdığı fəlsəfi sistem də təhrif olunurdu. Halbuki, marksizm fəlsəfəsinin təməlini quranlar Hegelin yaratdığı dialektik metoda böyük qiymət vermiş, «Kapital» əsərində Marksın apardığı araşdırmaların əsasını da elə məhz Hegel dialektikası təşkil edirdi. K.Marks və F.Engels materialist düşüncəyə sahib olduqları halda Hegelin yaratdığı idealist sistemə hörmətlə yanaşmışdır, lakin, bütün bunlara keçmiş SSRİ-də obyektiv münasibət bəsləməmiş və bir sıra məsələlər pərdə arxasında saxlamışlar.
Tədqiqat işinin yeniliyi Hegel fəlsəfəsinin müsbət və mənfi tərəflərini obyektiv mövqeydən sərfnəzər edmək, onun dünya fəlsəfə tarixinə etdiyi təsiri və bu təsirin düşüncə tarixində nə kimi rol oynadığını açıb göstərməkdən ibarətdir.
Mövzunun işlənmə dərəcəsi: Kommunist rejiminin məhvindən sonra müstəqilliyini əldə edən ölkəmizdə yeni bir fəlsəfi sistemə olan ehtiyacı onun fəlsəfə tarixinə bir daha yenidən baxması məsələsini ortaya qoyur. Bu zaman bir sıra fəlsəfi əsərlərin yenidən müzakirə edilməsi və obyektiv qiymət verilməsi kimi məsələlər ortaya çıxırdı. Hegel kimi bir nəhəng filosofun yaratdığı sistemdən bir çoxları yan keçə bilməmiş, dəfələrlə müraciət olunmuşdur. Bunlardan BDU-nun dosenti A. Tağıyevin Hegel fəlsəfəsinə göstərdiyi münasibət xüsusilə diqqət cəlb edir. A. Tağıyev 2003-cü ildə «Ruh fəlsəfəsi» 2005-ci ildə isə «Məntiq elmi» adlı Hegelin əsərlərini öz ana dilimizə tərcümə edib və Hegelin hər iki əsərinə obyektiv bir rəy vermişdir.
Monoqrafiyanın məqsəd və vəzifələri: Bu tədqiqat işinin yazılmasında əsas məqsəd Hegelin yazdığı bütün əsərlər haqqında məlumat toplamaq, onun ruh fəlsəfəsinin tədqiqinə çalışmaqdan ibarətdir. Monoqrafiya işində əsas mövzu Hegelin yaratdığı dialektik inkişafın son mərhələsi olan ruh fəlsəfəsinin mahiyyətini açıb göstərmək, «mütləq ruh»un özünə qayıdışını izləmək, Hegelin yaratdığı fəlsəfi sistemin ən ali mərhələsi ilə tanış olmaqdır.
Monoqrafiyanın metodoloji əsasını Hegelin yaşadığı dövrdə ictimai-siyasi mühitin xüsusi icmalı, Hegelin yaratdığı obyektiv idealist dialektikanın əsas mahiyyəti kimi məsələlər təşkil edir. Burada Hegelin yaratdığı fəlsəfə sisteminin varisilik əlaqələri, Hegel triadasının şərhi və onun aparıcı mövzusu olan «mütləq ruh»un keçdiyi inkişaf mərhələləri də tədqiq olunur.

I FƏSİL

Hegel fəlsəfəsinin formalaşdığı sosial-siyasi şərait

1.1. G.V.F.Hegelin həyat və yaradıcılığı

Mütərəqqi burjuaziyanın baxışlarının, dünyagörüşünün ideoloji ifadəsi olan, feodal münasibətlərinin dağılmağa başladığı XVIII əsrin sonu- XIX əsrin birinci rübündə meydana gələn Alman klassik fəlsəfəsi həmin dövrün sosial-tarixi şəraitinin, mənəvi tərəqqinin və elmi inkişafın zəruri nəticəsi kimi ortaya çıxmışdı. Alman klassik fəlsəfəsi yüzillikdən də az bir dövrü əhatə etsə də fəlsəfə tairixində möhtəşəm və şanlı bir iz qoymuşdu.
Müdrik filosofları ilə məşhur olan Alman klassik fəlsəfəsinin nəhəng nümayəndələrindən biri, obyektiv idealizmin tərəfdarı, idealist dialektikanın banilərindən biri də Georq Vilhelm Fridrix Hegel olmuşdur. «Platondan (e.ə. 427-347) bəri yüzlərcə il ikinci böyük universal sistem qura bilmək uğurunda Georq Vilhelm Fridrix Hegeli (1770-1831) hazırlamaq üçün minlərcə düşüncə sahibləri əmək vermişlər. Hegelin yaratdığı sistem gerçəyin önündəki son addımdır. Ondan sonra atılan tək, amma, cox önəmli bir addım gerçəyi bütünlüyü ilə və elmi təməlindən yaxalayacaqdır.» (50, səh.230.)
Təkcə klassik alman fəlsəfəsinin deyil, dünya fəlsəfə irsinin aparıcı simalarından biri olan Georq Vilhelm Fridrix Hegel 27 avqust 1770-ci ildə Ştuttqartın Vürttemberq adlanan bölgəsində bir vergi məmurunun ailəsində dünyaya göz açdı. Hegel ilk dərslərini latın dilini mükəmməl bilən öz anasından aldı. Təhsilini Ştittqart gimnaziyasında davam etdirən Hegel 1788-ci ildə gimnaziyanı bitirərək Tyubingen Xristian Universitetinə daxil oldu. Hegel protestant ilahiyyatçılarının təsiri altında olan bu universitetdə 5 il təhsil aldı. Burada 2 il fəlsəfə, 3 il də ilahiyyat dərsləri tədris olunurdu, bu dərslərə klassik ədəbiyyatdan nümunələr də əlavə olunurdu. 1793-cü ildə universiteti yüksək nəticələrlə bitirən Hegel kilsədə ona təyin olunan vəzifədən imtina edərək Bernə köçdü.
1793-1796-cı illər arasında Berndə yalnız yaşayaraq özəl dərslər verməyə başladı. Elə bu dövrdə də Hegel ilk dəfə olaraq İmmanuil Kantın fəlsəfə haqqındakı yazılarını oxumağa başladı. Hegel üç il yaşadığı Berndə köhnə yunan və latın mətnlərinin tərcüməsi ilə də məşğul olurdu. Hegelin bu dövrdəki yazı fəaliyyətləri Bern təcrübəsi adı altında tanınırdı. Bunlardan birində İsa peyğəmbərin həyatından bəhs olunur və «İncil» Kantın yaratdığı fəlsəfi sistemin təsiri altında şərh olunurdu. 
Digərindən isə İsa peyğəmbərin öz ardıcıllarına məsum və günahsız olmağı öyrətdiyi halda xristian dininin müasir dövrdə dəyişildiyindən və necə nüfuz qazanmasından bəhs olunurdu. Ümumiyyətlə, Hegelin bu dövrdəki həyatı hüzünlü və kədərli, yaradıcılığı isə ziddiyyətli bir mahiyyət kəsb edirdi. Müxtəlif düşüncə tərzlərini tədqiq edən gənc Hegel Kant fəlsəfəsinin təsiri altında qalır.
Hegelin ilk dövrlərdəki yaradıcılığı xristianlığın Kant nöqteyi-nəzərindən şərhinə əsaslanırdı.
Hegel hələ universitetdə oxuduğu zamanlarda məşhur olan alman filosofu kimi gələcəkdə yetişən F.V.C. Şellinqlə və sonralar daha çox şair kimi məşhur olan Helderlinlə dostlaşmışdı. Hegel 1796-cı ildə Vyurtenberqdə birgə təhsil aldığı tələbə yoldaşı Helderlinin məsləhəti üzrə Frankfurt-Mayna köçərək burada ailə müəllimi kimi özəl dərslər verməyə başlayır. Hegel Berndə olduğu kimi burada da sıxıntı və kədər içərisində tənha yaşamağa davam edir. Ətrafında o qədər də geniş bir çərçivəsi olmayan Hegel özündə yaranmış kədərin ortadan qalxması üçün çox çalışması qənaətinə gəlir. Qədim yunan fəlsəfəsini dərindən öyrənir, iqtisadiyyatı və tarixi öyrənməyə maraq yaranır, elə bu dövrdə də siyasətə doğru meyl etməyə başlayır.
1798-ci ildə Bern təcrübələri adlanan yazılarını yenidən işləməyə və Kantın təsirindən xilas etməyə başlayır. Bu dövrdən Kantı tənqid etməyə başlayan Hegel Berndə qələmə aldıqlarını Frankfurt-Maynda yeni bir düşüncə tərzi ilə izah etməyə başlayır. Əsasən İsa peyğəmbərin həyatı və xristian kilsəsinin tarixindən bəhs edən bu yazılar 1907-ci ildə «Xristianlıq dini və onun taleyi» adı altında çap olunub.
Müxtəlif cərəyanları, düşüncə tərzlərini tədqiq etdiyi zaman Hegeldə yaranan ziddiyyət Kantın tənqidi ilə ortadan qalxmışdı. Fransız maarifçilərinin, xüsusilə də Russo, Volter və Monteskyonun əsərləri ilə yaxından tanış olur və 1789-cu il Fransa burjua inqilabı Hegeli özünə cəlb etməyə başlayır. Gəncliyində Fransa burjua inqilabını alqışlayan, Prusiyya feodal monarxiyasına qarşı çıxan Hegel hələ Tyunbingendə oxuduğu zamanlar siyasi klubun fəal üzvlərindən biri olmuşdu. Lakin, Fransa burjua inqilabının məğlub olması Hegeldə siyasi fəaliyyətin zəifləməsinə səbəb olur. Hegel Fransa burjua inqilabının gedişatını yaxından izləmiş, ona müsbət münasibət bəsləmiş, respublika qurluşunun tərəfdarı olmuşdur.
1799-cu ildə Hegelin atası vəfat etdikdən sonra özəl dərsləri buraxır və 1800-cu ildə dostu Şellinqin də çalışdığı Yena Universitetində dərs deməyə başlayır. Elə bu dövrdə ilk məqaləsini yazmağa başlayır. «Fixte və Şellinqin fəlsəfi sistemlərinin fərqi» adlanan məqalə 1801-ci ildə çapdan çıxır. Hegel burada öz dostu Şellinqlə bir sıra ortaq düşüncələri olsa belə Fixteyə üstünlük verir. Hegel 1801-1802-ci illər arasında Yenadakı pedoqoji fəaliyyətinə 11 tələbəyə məntiq və metafizika dərsləri verməyə başlayır. Bir neçə ildən sonra bu tələbələrin sayı 30-a çatmağa başladı və artıq Hegel bu zaman öz fəlsəfi sistemindən tələbələrə dərs verməyə başlayır. 1803-cü ildə Şellinqin Yenadan ayrılmasından sonra Hegelin universitetdə daha nüfuzlu bir şəxs olması halına gətirib çıxartdı. 1805-ci ilin fevral ayında Hegel professor adına layiq görüldü. 1806-cı ilin iyulunda Hegel məşhur alman şairi Hötenin köməkliyi nəticəsindən universitetdən ilk maaşını alır.
Hegel 1807-ci ildə ilk böyük həcmli əsəri olan «Phanomenologie des Geistes» («Ruhun fenomenologiyası») adlı məşhur fəlsəfi traktatını tamamladı. Hegel bu əsərində tarixin və düşüncənin dialektik bir zaman içərisində inkişafda olduğu fikrini irəli sürmüş və bu inkişafın tsiklik xarakterə malik olduğu qənaətinə gəlmişdir. Burada Hegel hesab edirdi ki, hər bir tsikl tezis, antitezis və sintezdən ibarət üç mərhələdən keçir. Hegel bu əsərində bütün maddi dünyanın real gerçəkliyin, ruhun, ideyanın təzahürü olduğu qənaətinə gəlir, bu zaman varlıq və təfəkkürün eyniyyəti fikri ortaya çıxır.
Fenomenologiyada haqqında bəhs olunan dialektik inkişaf, həm varlığın, həm də düşüncənin dialektik bir zaman içərisində inkişafını özündə ehtiva edirdi. Bu dialektik inkişafın ana təməlini triada prinsipi təşkil edir. Hər hansı bir obyektin qərarlaşması, yaranması zamanı irəli sürülən tezis müəyyən məkan və zaman daxilində mövcud olduqdan sonra öz yerini antitezisə verməyə başlayır. Antitezis tezisi inkar edən zaman onun mütərəqqi, pozitiv və həyat qabiliyyətləri tərəfini özündə əxz etdirir və sonrakı inkişafın təməli rolunu oynayır. Bu prosesə isə bədtərəf adı verilir.
İnkar ediləni inkar edən antitezis də öz növbəsində sintez tərəfindən inkar edilir. Buna inkarı-inkar deyirlər.
«Ruhun fenomenologiyası» əsərində sonra da Yenada şansı gətirməyən Hegel 1807-1808-ci illərdə Bamberq şəhərinə gedərək burada nəşr olunan «Bamberq yenilikləri» qəzetinin redaktoru vəzifəsində çalışmağa başlayır. Bu qəzet fransız dilində çap olunan və gündəlik xəbərlərdən bəhs edən rəsmi qəzet idi. Hegel 1808-ci ildə Nürnberq şəhərinə gedərək «Algiden gymnasium» adlı gimnaziyada rektor vəzifəsində çalışmışdır. Hegel bu gimnaziyada 1816-cı ilə qədər rektor vəzifəsini şərəfli bir surətdə yerinə yetirir.
Hegel gimnaziyaya rəhbərlik etdiyi bu səkkiz il ərzində yazdığı Hegel «Philosophische Prodaeutik» («Fəlsəfəyə hazırlıq») adlı əsərində öz fəlsəfi düşüncələrini xülasələşdirərək bir sistem halına gətirdi. Hegelin «Wissenschaft der Logik» («Məntiq elmi») adlı əsəri də gimnaziyada işlədiyi dövürün məhsuludur.
Hegel 1811-ci ildə Mariya von Tiçer adlı bir xanımla ailə həyatı qurur. Hegelin 41 yaşında qurduğu bu izdivacdan Karl və İmmanuil adını verdiyi iki oğlu dünyaya gəlir. Bundan sonra Hegel Yena şəhərində olarkən onun ayrı qeyri-qanuni nigahdan Lüdviq adlı bir oğlu da anadan olmuşdu. Hegel Yenada anadan olmuş oğlunu da bu ailənin tərkibinə daxil edir.
Nürnberqdə də yaradıcılıq fəaliyyəti ilə məşğul olan Hegel 1812-ci ildə «Obyektiv məntiq»i, 1816-cı ildə isə «Subyektiv məntiq»i tamamlayaraq «Məntiq elmi» adı altında topladı. Hegel bu əsəri ilə öz düşüncə sistemini bütöv bir formaya salmasına nail ola bilmişdi. Hegelin «Məntiq elmi» əsərini yazması onun Erlangen, Neydelberq və Berlin universitetlərinə getməsinə səbəb oldu.
1816-cı ildə Hegel Heydelberq universitetinin təklifini qəbul edərək burada dərs deməyə başladı və elə burada da dərs kitabı olaraq işlədilən «Fəlsəfə elmləri ensiklopediyası»nı yazdı. 1817-ci ildə tamamladığı bu əsərdə Hegel «mütləq ideya», «dünya zəkası» və yaxud «dünya ruhu» kimi ideyalarını irəli sürürdü.
1818-ci ildən Hegel Berlin Universitetində dərs deməyə başlayır, 1814-cü ildə Fixtenin vəfatından sonra boş qalmış yeri Hegelə təklif edirlər. 1818-ci ildən ömrünün sonuna qədər Berlin Universitetində çalışan Hegel burada tarix fəlsəfəsi, fəlsəfə tarixi, hüquq fəlsəfəsi, din fəlsəfəsi üzrə dərs deməyə başlayır. Hegelin bütün mühazirələri, tələbələrin və özünün qeydləri toplanaraq ölümündün sonra «Berlin dərsləri» adı altında nəşr olunur.
Berlində fəlsəfə professoru kimi fəaliyyət göstərən Hegel getdikcə daha artıq nüfuzlu bir şəxs halına gəlməyə başlayır. 1822-ci ildən isə qonşu ölkələrə səyahət etməyə başlayaraq, 1822-ci ildə Hollandiyaya, 1824-cü ildə Vyanaya, 1827-ci ildə isə Parisə səyahət edir. 1827-ci ildə Berlinə qayıdaraq burada «Jahrbücher für Wissenschafliche Kritik» adlı jurnalın nəşrinə rəhbərlik edir. 1830-cu ilin iyulunda baş verən Fransa burjua inqilabının nəticələri Hegelə pis təsir bağışlamışdır. 
1830-cu ildə Berlin Universitetinə rektor təyin olunan Hegel 1831-ci ildə Prussiya hökmdarı III Fridrix Vilhelm (1770-1840) tərəfindən medalla təltif olunur. 1831-ci ildə «Məntiq elmi»ni yenidən gözdən keçirmək istəyi Hegelə nəsib olmur. Vəba adlı yolxucu xəstəliyə tutulan Hegel 1831-ci ilin 14 noyabrında vəfat edir. Hegel vəziyyəti nəzərə alınaraq onu məşhur alman filosofu İ.Q. Fixtenin məzarı ilə Karl Solger adlı bir yazıçının məzarı arasında dəfn olunur. Prussiya dövlətinin rəsmi filosofu kimi tanınan Berlin Universitetinin rektorunun dəfn mərasiminin çox təmtəraqlı olması onun necə bir nüfuza sahib olmasına işarə idi.
Ümumiyyətlə, müasirləri və tarixçilər Hegelin xarakterini təsvir edərkən onun çox ağır bir xarakterə malik olduğunu qeyd edirlər. Gənclik dövrlərində belə özünü yaşlı bir adam kimi apardığını, çılğın və şən olmadığını, danışmaqda belə əziyyət çəkdiyini, dərs zamanı rahatsız və qayğılı olduğunu qeyd edirlər. Bunlar bəlkə də onun uzun müddət tənha yaşamasının nəticəsi idi.
Burjua inqilabı ərəfəsində Almaniyanın inkişafının ziddiyyətli cəhətləri Hegelin fəlsəfəsində əsaslı surətdə əks etdirilmişdir. Bir cəhətdən Almaniyada burjua inqilabına ideoloji cəhətdən hazırlanmasının ifadəsi olan mütərəqqi və inqilabi meylləri, digər tərəfdən isə qeyri ardıcıllığı ilə tanınan alman burjuaziyasının mühafizəkar qüvvələri ilə barışığa getmək meyllərindən doğan mürtəce və mühafizakər ideyalar Hegel fəlsəfəsinin xarakterik xüsusiyyətlərindən biridir. Bu ikili və kompromosə getmək meylləri Hegelin gəncliyi ilə yaşlılığı arasında özünü biruzə verir.
Hegel fəlsəfəsi haqqında fikir söyləyən məşhur ingilis filiosofu B. Rassel yazırdı ki, «Hegelin fəlsəfəsi çox çətindir. Mən deməliyəm ki, o, bütün böyük filosofların ən çətin başa düşülənidir» (70, səh.671)
Akademik filosof olan Hegel fəlsəfəsinin əsas mahiyyəti ondan ibarətdir ki, dünyanın əsasında «Mütləq ruh» olan bütöv, tam durur və dünyanın əsasında təkcə  real bir mahiyyət kəsb etmir.
Hegelin obyektiv idealizimi bir sıra cəhətlərinə görə obyektiv idealizm cərəyanının digər nümayəndələrindən müəyyən mənada fərqlənirdi. O, bütün mövcudatın ilkin mənbəyi, ilkin səbəbi kimi «mütləq ideya»nı qəbul edir və bu fikiri öz əsərlərində sübut etməyə çalışırdı. İnsandan asıl olmayan və insandan kənarda mövcud olan, bütün təbiət və cəmiyyət hadisələrini yaradan və müəyyənləşdirən «mütləq ideya» mənəvi ilkin başlanğıc kimi götürülmüşdü. Elə bu səbədən də Hegelin obyektiv idealizim fəlsəfəsi eyni zamanda mütləq idealizm fəlsəfəsi adlandırılmışdır.
Hegel fəlsəfəsinin dalektik idealizm sistemi onu digər obyektiv idealizm tərəfləndarlarından fərqləndirən əsas cəhət idi. Hegelin yaratdığı dalektik idealizm sisteminə görə hər cür hərəkətin, həyatiliyin mənbəyi ziddiyyətdir. Ziddiyyətlərin mövcud olması intellektual və təfəkkür prosesinin var olmasına əsas amildir.
Hegelin yaradıcılığına gəldikdə isə onun üslubunun dəyişkən olduğunu qeyd etmədən yan keçmək olmaz. Hər zaman diqqət mərkəzində olmuş bu məşhur filosof geniş və ensiklopedik yaradıcılığına yəhudilik və xristianlıq barəsində bir sıra mühüm araşdırmalar aparmaqla başlamışdı. İlk dövrlərdə əsasən xristian ilahiyyatına geniş yer verən Hegelin 1793-1796-cı illərdə Bern şəhərində yazdıqları 1907-ci ildə «Xristian dini və alın yazısı» adı altında nəşr olunur. Hegel burada təkcə xristianlığın deyil, eyni zamanda yəhudi dini və tarixi haqqında məlumat verir. Burada xristianlığın təməlini təşkil edən ünsürlər təhlil olunur, xristianlığın yaranma dövrünün tarixi haqqında məlumat verirdi. 
Ümumiyyətlə götürsək Hegelin 1798-ci ilə qədərki bütün yaradıcılığı Kantın təsiri altında formalaşıb. Bu dövrdən sonra isə Hegel Kantı tənqid etməyə və Kantın fəlsəfi sisteminin həqiqəti düzgün əks etdirmədiyinə qərar verir. Bunun əsas səbəbi isə yəqin ki, Hegelin Kantdan fərqli olaraq, dindar və ruhani bir dünyagörüşünə sahib olması idi.
1798-ci ildən Hegel yeni və mükəmməl bir fəlsəfi sistem yaratmağa cəhd göstərir və elə bu cəhdin nəticəsində də yazdığı əsas əsərləri aşağıdakılardır: «Fixte və Şellinqin fəlsəfi sistemləri arasındakı fərq» (1801), «Ruhun fenomenologiyası» (1807), «Məntiq elmi» və ya «Böyük məntiq» (1812-1816), «Fəlsəfə elmləri ensiklopediyası» (1817), «Hüqüq fəlsəfəsi» (1821), «Fəlsəfə tarixinə dair mühazirələr» (1833-1836), «Estetikaya dair mühazirələr» (1835-1838).
Bunlardan əlavə Hegel ayrı-ayrı vaxtlarda «İsanın həyatı», «Fəlsəfə dərsləri», «Fəlsəfə tarixi» və «Dünya tarixi fəlsəfəsi» kimi əsərlər də yazmışdır. Ümumiyyətlə Hegelin yaradıcılığı hər zaman öz dəyərli qiymətini saxlamış, bütün şərhçilər, tənqidçilər onun haqqında yüksək fikirdə olmuşdur. Zəngin və ziddiyyətli bir fəlsəfə kimi özünə diqqət cəlb edən bu düşüncə sisteminin əsasını idealist dialektika təşkil edirdi. Bu dialektikanın təməli ünsürlərini Hegel 1806-cı ildə tamamladığı və 1807-ci ildə nəşr etdirdiyi «Ruhun fenomenologiyası» adlı əsərində hazırlamışdı.
«Ruhun fenomenologiyası» əsərinə K.Marks və F.Engels cütlüyü yüksək qiymət vermiş, bu əsəri «Hegel fəlsəfəsinin həqiqi qaynağı və sirrlərin açarı» olduğunu vurğulamışdır (69, səh.624). Fəlsəfə tarixinə nəzər yetirsək dialektik fikirlərin Hegeldən çox öncə meydana gəldiyinin şahidi olarıq. İlk dialektik fikirlərə Hindistanda, Çində və qədim Yunanıstanda təsadüf edilməsinə baxmayaraq bunlar kortəbii dialektikadan başqa bir şey deyildi və sadəlövh xarakterə malik idi.
XVII-XVIII əsrlərdə irəli sürülən dialektik fikirlərin isə əsas təməlini dialektika deyil, metafizika təşkil edirdi. Hegelin yazdığı «Ruhun fenomenologiyası» elmi-fəlsəfi traktatı isə vəziyyəti dəyişdirməyə səbəb oldu. Bu əsərdə insan şüurunun təkamül mərhələləri tədqiq olunur, ibtidai insan dünyagörüşünün elmə və elmi metodologiyaya necə sahib çıxdığı araşdırılır. Fenomenologiya –şüur hadisələri olan fenomenlər haqqında təlim sözü də elə buradan götürülmüşdür.
Faktlara əsaslanan müxtəlif məlumatların dialektika mövqeyindən ümumiləşdirilməsi, bu məlumatların sistemli bir hala salınması «Ruhun fenomenologiyası» traktatında qarşıya qoyulmuş əsas məsələ idi. Eyni zamanda Hegelin yaratdığı bu dünyagörüşünün əsas təməlini idealizm təşkil edir və bütün fəlsəfi sistemi də idealist dialektika zəmini üzərində qurulurdu. Hegel düşüncə tarixində ilk dəfə olaraq dialektik məntiq sistemi və dialektik metodun yaradılmasına cəhd göstərirdi. Gerçəkliyin dialektik bir zaman içərisində inkişafı qəbul edilir və eyni zamanda ideyaların məntiqi təhlili zamanı bir qismi inkara doğru meyl edir. Hər hansısa bir ideya irəli sürülür, sonra həmin ideyanın mövcud olmadığı düşünülür və başqa bir ideya irəli sürülür. Buradan da iki əks düşüncənin qarşılaşmasından yaranan fikir ilk düzgün fikir mahiyyətini daşıyır. Beləcə, Hegelin «tezis-antitezis-sintez»dən ibarət olan məşhur «üçlüsü», «triada»sı meydana gəlir.
Filosof hesab edirdi ki, tsiklik xarakterə malik olan inkişaf hər hansısa bir obyektin yarandığı, formalaşdığı tezislə başlayır. Bu inkişaf zamanı müəyyən məkan və zaman çərçivəsində tezis antitezislə əvəz olunur. İnkar edən rolunu oynayan antitezis inkar edilən rolunu oynayan tezisin mənfi və köhnəlmiş ünsürlərini rədd edir. İnkişaf triadasının sonunucusu olan sintez isə tezisin və antitezisin müsbət cəhətlərini özündə sitez edir. İnkarı inkar deyə adlandırılan bi proses sonsuz bir mahiyyət kəsb edir.
 T→A→S
              ↓
              T1→A1→S1
                               ↓
                               T2→A2→S2
                                                ↓
                                                ─ ─ ─
                                                ─ ─ ─
                                                         ↓
                                                         Tn→An→Sn
Filosofun məntiqi nöqteyi nəzərincə fikirin bu cür inkişafı fikirin öz təbiətinin nəticəsidir, fikirin xarakterik xüsusiyyətidir. Fikirin bu üslubda inkişafı fikirin özündə ehtiva olunduğundan fikirin və yaxud da tezisin irəli sürülməsi bir qayda olaraq antitezisi də, sintezi də yaratmış olur. «Bu əməliyyar mütləqin sadəcə bir hissəsini temsil etdiyi müddət içərisində sonsuz olaraq davam edə bilir. İnkişaf etmiş fikir, yəni sintez öz sırası gəlincə yeni bir diyalektik əməliyyatın tezisi olur və ondan daha artıq inkişaf etmiş bir fikir ortaya çıxır.»(57, səh. 42)
Hegelin fəlsəfi sistemi obyektiv, mütləq idealizimdir, çünki, onun yaratdığı kimi qəbul etdiyi substansiya mahiyyətini kəsb edən «mütləq ideya» təbiətdən, insanların və subyektiv şüurdan mövcud olan bir qüvvədir. Bu «mütləq ideya» obyektiv və yaradıcıdır, onun bu keyfiyyətlərinin təməlində isə ziddiyyətlərin mübarizəsi durur. «Mütləq ideya»ya immanent xas olan ziddiyyətlərin mübarizəsi öz inkişafında 3 mərhələdən keçir:
1. İdeya özündə.
2. İdeya başqa varlıqda.
3. Özünə qayıdış ideya.
«Gerçək olan hər şey əqlə uyğundur, əqlə uyğun olan hər şey gerçəkdir» kimi məşhur müddəasına görə, inkişaf sayəsində əvvəllər gerçək olan hər şey qeyri-gerçək olur, öz zəruriliyini, yaşamaq hüququnu və əqlə uyğunluğunu itirir. Öz dövrünü başa vurmuş gerçəkliyin yerini yeni-yeni yaşamağa qadir olan gerçəklik tutur. 
Hegel hesab edirdi ki, dünyanın əsasında təkcələr deyil, «mütləq ruh» adlandırılan tam, bütöv bir ideya durur. Eyni zamanda dünya təkcələrin, ruhların məcmusu deyil, bu cür məcmunu Hegel illuziya adlandırırdı. Spinozadan fərqli olaraq Hegel tamı sadə substansiya hesab etmir, əksinə mürəkkəb bir orqanizm, sistem kimi düşünürdü.
Hegelin 1817-ci ildə tamamladığı «Fəlsəfə elmləri ensiklopediyası» dünya fəlsəfi fikir tarixinin ən sanballı əsərlərindən biri hesab oluna bilər. «Məntiq elmi», «Təbiət fəlsəfəsi» və «Ruh fəlsəfəsi» adlı üç hissədən ibarət olan bu əsərlərdə Hegel «mütləq ideya»nın inkişaf prinsiplərini hazırlamışdır. Hegel yaratdığı fəlsəfi sistemdə elm üç hissəyə bölünür:
I. Məntiq- özündə və özü üçün ideya haqqında elm.
II. Təbiət fəlsəfəsi- özünün özgə varlıqdakı ideya haqqında elm.
III. Ruh fəlsəfəsi- özünün özgə varlıqdan özünə qayıdan ideya.
«Məntiq xüsusi ideya, yəni təfəkkürün abstrakt stixiyasında olan ideya haqqında elmdir» (17, səh.95). Lakin, Hegeli bu tərif qane etmir və təfəkkürün yalnız insana xas olmadığını iddia edir. Stixiya və ya ən ümumi müəyyənlik olan təfəkkür varlığın daxili mahiyyətini kəsb edir, «Əgər məntiq elmi təfəkkürü fəaliyyətdə və onun məhsullarında gözdən keçirirsə, onda onun məzmunu fövqəlhissə aləmdir və biz məntiqlə məşğul olarkən o aləmdə oluruq» (17, səh.99). Elə bu səbəbdən də Hegel düşünür ki, varlığın, yəni həm idrakın, həm də təbiətin həqiqi qanunları məhz təfəkkür qanunlarıdır. Məntiqin öyrəndiyi təfəkkür qanunları varlığın ümumi məğzini təşkil edir. «Təfəkkürün məhsulu müəyyənlik və ya fikrin forması ümumiyyətlə, ümumidir, abstraktdır. Deməli, fəaliyyət kimi təfəkkür fəal ümumidir - məhz özünü yaradan fəaliyyətdir, belə ki, törədilən əməl ümumidir. Subyekt kimi təsəvvür edilən təfəkkür kimi təsəvvür edilən təfəkkür düşünən varlıqdır» (17, səh.100).
Hələ əsası qədim Şərq ölkələrində qoyulan dialektikanın inkişafında Hegelin xidmətlərindən danışmaq yerinə düşərdi. O, «Məntiq elmi» adlı məşhur əsərində dialektikanın ən ümumi qanun və kateqoriyalarının şərhini vermiş, dialektika, məntiq və idrak nəzəriyyəsinin eyniliyi və vəhdəti tezisini əsaslandıraraq, dialektik məntiq sistemini izah etmişdir. «Hegel fəlsəfəsinin ən qiymətli nailiyyəti «Məntiq elmi» əsərində tam şərh olunmuş dialektikadır. Hegel dialektikanın ən mühüm qanun və kateqoriyalarının təhlilini vermiş, dialektika, məntiq və idrak nəzəriyyəsinin vəhdəti tezisini əsaslandırmış, ilk dəfə fəlsəfə tarixində dilaektik məntiq sistemini geniş izah etmişdir.» (3, səh. 168)
«Məntiq elmi»ndə Hegel məşhur yunan filosofu Aristotelin məntiq haqqımdakı fikirlərinə yüksək qiymət verir, onu «Məntiq elminin banisi» deyə xatırlayır. Bir zamanlar Aristotelin tədqiq etdiyi kateqoriyalar «Məntiq elmi»ndə Hegel tərəfindən geniş bir surətdə araşdırılır. «Hegel bu əsərində ənənnəvi məntiqin üsulubundan kəskin olaraq ayrıldığını bildirərək antik metafizikanın yerini ala biləcək bir spekulyativ məntiq qurmağa cəhd göstərdi.» (57, səh. 41)
Fəlsəfi kateqoriyaların izahı, onların bir-birilə qarşılıqlı münasibəti kimi məsələləri də «Məntiq elmi»ndə özünə yer tapmışdır. Fəlsəfi kateqoriyalar, müxtəlif proseslərin təbiəti, keyfiyyət dəyişmələrinin kəmiyyət dəyişmələrinə və əksinə keçməsi kimi məsələlər Hegelə qədər formal məntiqdə araşdırılmışdı, elə bu səbəbdən də Hegelin yazdığı «Məntiq elmi» əsəri bir sıra istisna təşkil edirdi. Məntiq elmi qarşıya qoyduğu problemləri daha da artıran Hegel burada keyfiyyət, varlıq, təşəkkül, heç nə, kəmiyyət, ölçü, fərq, ziddiyyət, məzmun, forma, təsadüf, imkan, gerçəklik kimi fəlsəfi terminlərin izahını verir. Hegel bu izahları verərkən, əslində, dialektik məntiqin təməlini hazırlayırdı. Bütün bunların izahını verərkən formal məntiqin təfəkkürün elementar forma və qanunları haqqında elm olduğunu inkar etmir, əksinə, məntiqi gerçəkliyin mahiyyəti haqqında nəzəriyyə adlandırırdı.
«Məntiq elmi» əsərində Hegel tez-tez Kanta müraciət edir, Kantın irəli sürdüyü ideyaları müzakirə edir. «Kant fəlsəfəsində təfəkkürün özünü özündən müəyyənləşdirilməsi prinsipi yalnız formal olaraq irəli sürülür. Ancaq bu təfəkkürün özünü təyin etməsinin necə baş verdiyini və nə qədər uzağa getdiyini Kant göstərməmişdir» (17, səh.175). Hegel «Məntiq elmi»nin «Tənqidi fəlsəfə» adlı bölümünü demək olar ki, Kantın tənqidinə həsr etmişdir.
«Fəlsəfə elmləri ensiklopediyası»nın ikinci hissəsini təşkil edən «Təbiət fəlsəfəsi» Hegelin naturfəlsəfi baxışlarını özündə əsk etdirir. Hegel «Təbiətin fəlsəfəsi» əsərində qarşısına iki məqsəd qoyduğunu qeyd edir: fəlsəfədə mövcud olan metafizik təfəkkür üslubunu inkar edərək, təbiətşünaslığa dialektik ideyalar gətirmək və təbii-elmi biliklər əsasında təbiəti bütöv və inkişaf halında təsvir eləmək. «Məntiq elmi» əsərini «Fikrin münasibətləri», «Mahiyyət haqqında təlim» və «Anlayış haqqında təlim» adı altında üç hissəyə bölən Hegel bu prinsipə davam edərək, «Təbiət fəlsəfəsi»ni və «Ruh fəlsəfəsi»ni də üç hissəyə ayırır. Öz dövrünün bütün fundamental təbii-elmi nəzəriyyələrini birləşdirən və ona dialektik rövnəq verən Hegel «Təbiət fəlsəfəsi»ni «Mexanika», «Fizika» və «Üzvi fizika» adı altında qruplaşdırır. Hegel «Mexanika» bölməsində məkan və zaman anlayışlarını birləşdirərkən Eynşteynin sonralar irəli sürəcəyi nisbilik nəzəriyyəsinin təməlini yaratmışdı. «Mexanika» bölməsində materiya və hərəkət anlayışlarının təhlilinə də təsadüf olunur.
«Təbiət fəlsəfəsi»nin ikinci hissəsini təşkil edən «Fizika» bölməsində işıq, səs, istilik, səma cisimləri, kimyəvi proseslər və onlar arasında olan əlaqələr araşdırılır, bütün fiziki və kimyəvi proseslərin izah olunmasına səy göstərir. Bunları izih edərkən hamısının «mütləq ideya»nın, «dünya ruhu»nun təzahürü olduğunu isbat etməyə çalışır. Hegelin «Təbiət fəlsəfəsi» əsərində dərin fərziyyələrlə yanaşı əsassız ideyalar, fantastik fikirlər də özünə yer tapmışdır.
«Təbiət fəlsəfəsi»nin son bölümü «Üzvi fizika» adlandırılsa da burada əsasən, bitki və heyvan orqanizmlərindən və fiziki coğrafiyadan bəhs olunur. Burada biologiya və zoologiya məsələlərinə geniş yer verilir, təbiətdə baş verən geoloji proseslər izah olunur, kimya və coğrafiya mövzularına da rast gəlmək olur. 
Öz idealist dialektikasını naturfəlsəfəyə də tətbiq edən Hegel təbiətin «ideyanın varlıq forması» olduğunu qeyd edir. Metafizik ənənələrlə əlaqəni kəsməyə çağıran Hegel dialektik prinsip və kateqoriyaların təbiətşünaslıqda da istifadə olunmasını məsləhət görür. «Hegel fəlsəfədə metafizik təfəkkür üsulubunun hakim olduğu bir zamanda təbiətşünaslığa dialektik ideyalar gətirdi.»(25, səh.49)
Təbiətdə müxtəlif və çoxlu ziddiyyətlərin həyatın mənbəyi olduğunu qeyd edir. Ziddiyyətsiz həyatın mövcud olmasını isə gülünc bir hadisə adlandırırdı. Ziddiyyətlərin sonunda yaranan inkişaf ideyası sonralar Ç. Layel və Ç. Darvin tərəfindən faktlarla işıqlandırılmışdır.
Hegelin yaratdığı «mütləq ideya», «dünya ruhu» və ya «dünya zəkası» anlayışlarının fəliyyəti, mahiyyəti öz-özünü dərk etməkdən ibarətdir. Bu dərk etmə üç mərhələdən keçir:
1) ideyanın «xalis təfəkkür stixiyasında», özəl aləmində inkişaf etməsi - Məntiq.
2) ideyanın təbiət, yəni «özgə varlıq» formasında inkişafı - Təbiət fəlsəfəsi.
3) ideyanın ruhda, tarixdə və təfəkkürdə inkişafı - Ruh fəlsəfəsi.
Əgər ideyanın mahiyyəti məntiqlə bir-birilə əlaqəli kateqoriyalar sistemində təzahür edirdisə, təbiətdə isə təbiətin ruhi mahiyyətini təşkil edən kateqoriyalarda aşkar olunur və sonda ideya yenidən özünə qayıdır. İdeya «özgə varlıq» formasında olarkən «özgə varlıq», yəni təbiət inkişaf etmir, təbiətin xarici təzahürü olan məntiq kateqoriyaları bir mərhələdən başqa bir mərhələyə dialektik bir surətdə meyl edir.
«Fəlsəfə elmləri ensiklopediyası»nın üçüncü və son bölümünü təşkil edən «Ruh fəlsəfəsi» «Subyektiv ruh», «Obyektiv ruh» və mütləq ruh adı altındla bölümlərdən ibarətdir. Burada «mütləq ruh» dialektik inkişafın son mərhələsinə çatır, təbiətin idrakından sonra özünə qayıdır. Özündə yaranmış özgələşməni inkar edərək özünə dönüş yolunu başa vurur. Bütün prosesləri təfəkkür prosesinə söykəndiyini iddia edən Hegel ruh fəlsəfəsində bəşəriyyətin düşüncə tarixinin təhlilini verir. Ümumdünya tarixinin son mərhələsində fərdi və ictimai şüur özünüdərk mərhələsinə qədəm qoyur.
«Ruh fəlsəfəsi»nin «Subyektiv ruh» bölümündə psixoloji terminlər, «Obyektiv ruh» bölümündə hüquq və əxlaq məsələləri, «Mütləq ruh» bölümündə incəsənət, din və fəlsəfə məsələləri müzakirə olunur. «Subyektiv ruh» bölümündə ayrı-ayrı xalqların xarakterini də verən Hegel ümumidünya tarixinin üç hissədən ibarət olduğunu qeyd edir:
1. Şərq dövrü.
2. Antik dövr.
3. Alman dövrü.
Bunları mənəvi mahiyyətin dərkinə görə sıralayan Hegel azadlığın dərkinin vacibliyini vurğulayır. Azadlığı insani mahiyyəti olduğunu və Şərq dünyasında heç kim azad olmadığını, alman və xristian dünyasında isə hamının azad olduğunu iddia edir. Alman xalqının müsbət xarakterləri haqqında uzun-uzun danışan Hegel Şərq xalqlarına etinasız münasibət bəsləyir, Şərq xalqlarını ən aşağı səviyyədə xarakterizə edir. 
Georq Vilhelm Fridrix Hegel «Fəlsəfə elmləri ensiklopediyası»nda təfəkkürün və varlığın eyni olması, maddi dünyanın öz inkişafının nəticəsi və daim inkişafda olması kimi müddəalarının geniş bir surətdə izahını əks etdirmişdir. Onun fikrincə təbiət və cəmiyyətin əsasında duran predmet və hadisələrin inkişafını, rəngarəngliyini şərtləndirən mənəvi, mütləq və zəkalı bir başlanğıc vardır. Daim fəaliyyətdə olan bu başlanğıc, yəni, «mütləq ruh» ilkin əsas kimi «öz inkişaf» halındadır. Hegelin obyektiv idealist sisteminin əsasını təşkil edən bu «öz inkişaf» üç mərhələdən keçir:
1). «Xalis təfəkkürün kortəbi inkişafı»nı şərtləndirən, ideyanın özülüyündə mərhələsi − Məntiq. Bu mərhələdə ideyanın məzmunu bir-birilə əlaqədə olan və bir-birinə keçən məntiq kateqoriyaları sistemi özünü biruzə verir.
2). İdeyanın «başqa varlıq», «başqa forma»da, yəni, təbiət formasında inkişaf etməsi mərhələsi olan «Təbiət fəlsəfəsi»ndə təbiətə mənəvi mahiyyət verilir. Hegelə görə təbiət inkişaf etmir, təbiətin mənəvi mahiyyətini təşkil edən məntiq kateqoriyalarının öz inkişafının yalnız xarici təzahürüdür.
3). Hegel ideyanın tarixdə (ruhda) və təfəkkürdə inkişafı «Ruh fəlsəfəsi» «Fəlsəfə elmləri ensiklopediyası»nın sonunci və ən ali bölməsidir.
Ümumiyyətlə, «Fəlsəfə elmləri ensiklopediyası», «Ruhun fenomenologiyası»ndan sonra Hegelin ikinci sanballı əsəri hesab etmək olar. Bu əsər Hegelin sağlığında üç dəfə, 1812, 1827 və 1830-cu ildə çap olunmuşdur. Hər bir sonrakı çapda təkmilləşdirilmə və yenidən işlənmə məsələsini müəllif öz qarşısına bir məqsəd kimi qoyur. Sonda isə «Fəlsəfə elmləri ensiklopediyası» 577 paraqrafdan ibarət olan elmi-fəlsəfi traktat kimi ortaya çıxır.
Hegelin yazdığı əsərlər içərisində xristianlığa həsr olunmuş yazılar da hər bir tədqiqatçının diqqətini özünə cəlb edir. Ümumi cəhətdən götürsək, «Xalq dini və xristianlıq», «Xristian dininin pozitivliyi», «Xristianlıq ruhu və onun taleyi», «İnanc və bilik», «İsanın həyatı» və «Müsbət din fikrinin tənqidi» kimi əsərlərin ana xəttini, aparıcılıq mövzusunu xristianlıq və qismən də yəhudi dininə aid Hegelin apardığı tədqiqatlar tutur. Hegel bu əsərlərdən başqa iki cilddən ibarət «Din fəlsəfəsi» və ya «Din fəlsəfəsi üzrə mühazirələr» əsərini də yazıya almış, burada da xristianlıq dininə geniş yer ayırmışdır. 
«Din fəlsəfəsi»ndə «Allah» anlayışının izahını verərkən qeyd edir ki, onun var olmasının sübuta ehtiyacı vardır, hər hansı bir fikrin, varlığın sübutuna çalışmaqsa məntiqin predmetinə aiddir. Allahın ən ümumi olduğunu göstərən Hegel apardığı məntiqi araşdırmaların sonunda «Ən ümuminin fəaliyyəti yalnız təfəkkürdür» fikrinə gəlir.
Hegel din fəlsəfəsinə həsr etdiyi olduqca geniş həcimli əsərində dini dünyagörüşlər haqqında məlumat verərkən ilk olaraq Şərqdə yaranmış dini ideologiyaların mənşəyi  barədə öz fikirləri bildirir. Bu zaman o bir fəlsəfə tarixçisi mövqeyindən çıxış edərək Yəhudilik, Buddizm, Brahmanizm, qədim Misir dinləri, Çin dinləri və İslam dini haqqında  önəmli bilgilər verir.
Lakin, Hegel Şərq fəlsəfi fikirinə elə də ciddi münasibət göstərməmiş, Şərq dünyagörüşünü, Şərq fəlsəfəsini primitiv hesab edir, fəlsəfənin Qərbdən başladığıını vurğulayırdı. «Hegel Şərq təfəkkürünü fəlsəfi fikirin aşağı səviyyəsi sayırdı.O göstərirdi ki, Şərq xalqlarının fəlsəfəsi müşahidə mərhələsindədir, ona görə də layiqli bir şey verə bilməmişdir.» (41, səh. 43)
Ən ümumi ilə təfəkkürü vəhdətdə götürərək, ən ümuminin təfəkkür üçün mövcud olduğunu, təfəkkürün fəaliyyətinində ən ümuminin dərki olduğunu göstərir. Hegelin yaratdığı «təfəkkür sferası»na allah haqqında olan düşüncələrin sonunda gedib çatmaq olar, çünki, bu sfera ən ali sferadır. Ən ümumi olan Allahla təfəkkür arasında fərq də mövcuddur. Bu fərq təfəkkürün qarşısında qoyduğu ən ümumini dərki zamanı ən ümuminin tək və mütləq olmasında doğur.
Hegelin cəmiyyət, dövlət və hüquq haqqındakı fikirləri də diqqət mərkəzindən xali deyildir. «Hüquq fəlsəfəsi» əsərində vətəndaş cəmiyyətinin dövlətdən əvvəl mövcud olması fikrini irəli sürür. Vətəndaş cəmiyyətindəki sosial ziddiyyətlər mövcud olmasının əsas səbəbi kimi fərdlər və onların mənafelərinin toqquşmasında görürdü. Dövlət qaydalarının müxtəlif olmasını da cəmiyyətdəki ziddiyyətlərə səbəb kimi görürdü.
Siyasi baxışlarını əks etdirdiyi «Hüquq fəlsəfəsi» əsərində konustitusiyalı monarxiyanı ən mükəmməl bir dövlət quruluşu olması fikirini dəfələrlə vurğulayır, bu fikirin doğruluğunu müdafiə edirdi. «Hegelə görə dövlət şəxsi azadlıqları və mülkiyyəti qorumaq üçün yaradılamyıb. Dövlət vasitə deyil, məqsəddir, Allahın dünya üzərində gərdişidir.» (27, səh. 97)
«Tarix fəlsəfəsi» əsərində isə ayrı-ayrı xalqların xarakterlərinin, psixoloji keyfiyyətlərinin yaranmasında coğrafi mühitin etdiyi təsirdən söz açılır. Tarix fəlsəfəsinin insan zəkasının tam təntənəsi olduğundan söz açır. Hegelə görə tarixdə inkişaf müəyyən mərhələlər üzrə gedir, bu da əsasən mütləq ruh və ideyanın davamlı inkişafından ibarətdir. Tarixə nikbin bir dünyagörüşlə baxan Hegel göstərirdi ki, tarix azadlığın inkişafıdır, bu inkişafın sonunda hamı öz azadlığını dərk edəcəkdir. «Dünya ruhunun ağıllı, zəruri təzahürü olan ümumdünya tarixinin əsas və son qayəsi ruhun azadlığını dərk etməsi, anlamasıdır.
Hegelə görə tarixin mənası təsadüfi hadisələrdən deyildir və qanunauyğun bir mahiyyət kəsb edir. Tarix substasional bir xarakterə malikdir və bu substasionallığın əsasında «sonsuz qüdrətə malik olan zəka» durur. Bütün tarixi proseslər bütövlük təşkil edir, «mütləq ruhun» «yaşayış yerini» dəyişməsi məsələsi ortaya çıxır. Əvvəllər Şərq ölkələrində olan «mütləq ruh» Yunanıstandan və Romadan sonra Prussiya dövlətində bərqərar olmuşdur. Hegel «Tarix fəlsəfəsi» əsərində əsası Herder tərəfindən qoyulan tarixsizm ─ yəni, tarixin mənası nəzəriyyəsini inkişaf etdirməyə cəhd göstərmişdir və bir sıra digər maraqlı fikirlərdə irəli sürmüşdür.
Tarix fəlsəfəsi haqqında Hegelin söylədiyi fikirlər tədqiqatçıların daim diqqət mərkəzində olmuşdur. Heç də təsadüfi deyildir ki, Hegeldən sonra yaşamış Avropalı filosoflar tarix fəlsəfəsinin üç hissəyə bölünməsini belə Hegelin adı ilə əlaqələndirirdilər:
1) Hegelə qədərki dövr;
2) Hegel dövrü;
3) Hegeldən sonrakı dövr;
Hegel qeyd edirdi ki, biz tarixi bərqərar olmuş sistem kimi qavramalıyıq və tarixdən yalnız müsbət cəhətləri götürməliyik. Filosofun nöqteyi-nəzərincə tarixin əsas əlamətlərindən biri məhz tarixdə böyük faciələrin var olmasıdır.
Əgər tarixi tədqiqatların başalnığıcında hansı fövqəltəbii qüvvənin durduğu sualına monoteist dinlər Allahı, Platon «ideyalar aləmi»ni görürdüsə, Hegel bu föfqəltəbii qüvvənin «mütləq ideya» olduğunu vurğulayırdı. «Hegel qeyd edurdi ki, Allah əslində öz-özünü inkişaf etdirən bir aləmdir ki, burada insan öz fəaliyyəti ilə idealı reala çevirir.»(2, səh.376)
«Fəlsəfə tarixinə dair mühazirələr» və ya «Fəlsəfə tarixi» əsərində Hegel öz dövrünə qədər yazılmış fəlsəfi əsərlərə bir baxış keçirmiş, əsasən antik dövr filosofları haqqında məlumat vermişdir. İlk dəfə olaraq Hegel fəlsəfə tarixinə bir tədqiqatçı kimi obyektiv qiymət vermiş, fəlsəfi təlimlərin bir-birinə qarşı qoyulması, əks tərəflərin qarşılaşdırılması fikri ilə razı olmamışdır. Fəlsəfə tarixini fəlsəfi düşüncələrin, biliklərin inkişafı kimi nəzərdən keçirmişdir.
Hegel «Fəlsəfə tarixi» əsərində Şərq dünyası adı altında verilən başlıqda Hindistan, Çin və İranı eyni bir bölgüyə daxil edir. Bu ölkələr arasında Hindistana, Hind təfəkkürünə daha çox üstünlük verən Hegel Hindistanı sehirli, mistik bir məkan kimi xarakterizə edir. «Çinə bənzər bir biçimdə Hindistan da antik olduğu qədər bu günə aid bir görünüş olsa da öz daxili dünyasındakı yetkinliyə mükəmməl bir formada çatmışdır. Hindistan hər zaman xəyalların ilham qaynağı və bizə hələ də sehirli bir dünya, pərili bir diyar olaraq görülür.» (79, səh.1). Hegel «Fəlsəfə tarixi» əsərində tilsimli ölkə deyə adlandırdığı Hindistanın tilsimindən özü də ayrıla bilmir, Hind fəlsəfə tarixi haqqında yetərli məlimat verir, kastaların bölgüsün, brahmanlar və Hind adət-ənənələri haqqında söhbət açır.
Əgər biz fəlsəfə tarixinə diqqətlə nəzər yetirsək, Şərq-Qərb fəlsəfi ənənələrinin kompartavist, müqayisəli təhlilinin yaranmasında Hegelin oynadığı rol təkzibedilməz bir mahiyyət kəsb edir. Avropamərkəzçiliyin yaranmasına səbəb olan Hegelin Şərq fəlsəfəsinin səciyyəvi xüsusiyyətləri barədə irəli sürdüyü ideyalar mübahisə doğurmaya bilməzdi.             Ümumdünya tarixini «ümumdünya məhkəməsi» deyə adlandıran Hegelə  görə Qədim Şərq dünya ruhunun hələ ilkin mərhələsidir, yəni körpəlik çağıdır. «Beləliklə ümumdünya tarixi Şərqdən Qərbə doğru isyiqamət götürür; lakin, tarixi inkişaf prosesində Şərq öz maşrutu ilə hərəkət edərək lazımi mənzilə yetişə bilməmişdir. Qərbi və Şərqi bir çox əlamət və keyfiyyətlərinə görə müqayisə edən dahi filosof Şərqin despotizimə meylli olduğunu dəfəlrlə qeyd etmişdi.
Hegel göstərirdi ki, Şərqli xarakterində zahirən bir-biri ilə ziddiyyət təşkil edən iki cəhət özündə birləşmişdir: hamının (bütün ondan asılı olanların) üzərində hökm etmək ehtirası və özünün asılı olduğu adama kölə etiqadı. Hegel öz fikirlərini əsaslandırmaq üçün bir çox Şərq xalqlarının həyat tərzindən bir çox misallar da gətirirdi...» (81, səh 1)
Şərqdə Hegelə görə azadlıq məhdudu bir səviyyədə özünə yer tapmışdır, özgürlüksüzlüyün, ənənəviçiliyin və fərdiyyətsizliyin adı Hegelə görə Şərqdir. Burada Şərq ayrıca olaraq nə iqtisadi kateqoriya deyil, nə də coğrafi bir termin deyil. Bu göstəricilərlə Şərqin əlaqəsi olsa belə, burada Şərq, yalnızca insanın dünyaya baxışlar sistemi kimi nəzərə alınmalıdır. Bu baxımdan Şərqə Qərbin tam olmasa da bəzi bölələrində və ya bəzi təbəqələrində rast gəlmək mümkündür. Yəni onlar da bu mənada Şərqli  ola bilir, Şərqli dünyagörüşü ilə düşünürlər. Digər tərəfdən iqtisadi və coğrafi mənada Şərqin özündə də Qərbin aşılmamış formasına rast gəlmək mümkündür. 
Lakin, Hegel birmənalı olaraq Şərqə laqeyd münasibət bəsləyə bilməzdi, çünki, özünün də qeyd etdiyi kim Ümumdünya tarix öz inkişaf stimulatorunu məhz Şərqdən götürmüşdü. «Sonralar Avropanın dahi filosofu Hegel etirafla yazacaq: «Biz Şərqdən gəlirik; ümumdünya tarixi Asiyadan Avropaya hərəkət edib... Şərqin ilkin şərti və zəmini ailəyə əsaslanan millilikdir»» (75, səh.1)
Şərqlə Qərbi dəfələrlə qarşılaşdıran Hegel qeyd edirdi ki, Şərq şüuru Qərb şüuruna nisbətən daha poetik səciyyə kəsb edir. Hegel bu nisbəti xarakterizə edərkən yunan xalqını Qərb xalqları içərisində istisna təşkil etdiyini vurğulayır.
Mədəniyyət barəsinə gəldikdə isə Hegel deyirdi ki, Şərq mədəniyyəti Tac Mahal kimi misilsiz böyük incilər yarada bilər. Lakin Şərq mədəniyyəti əsl mədəniyyət yarada bilməz. Bunu Hegel onunla xarakterizə edirdi ki, Şərqdə yalnız bir şəxs öz azadlığını dərk edir, bir nəfər azaddır- o isə despotdur, hökmdardır. 
Hegel incəsənətin özünün də üç sahəyə bölündüyü fikrini irəli sürür: simvolik incəsənət, klassik incəsənət və romantik incəsənət. Simvolik incəsənətin əsas səciyyəvi xüsusiyyəti burada yaradılanların ideyaya uyğun gəlməməsidir, incəsənət burada məqsəddən kənar bir hal daşıyır. Hegelə görə incəsənətin nəzəri formada inkişafının ilk təzahürü olan simvolik incəsənət öz xarakteristikasını Şərq mədəniyyətində, xüsusilə də qədim Hind, İran və Misir incəsənətində özünə yer tapmışdır. 
Xristianlıq dini barəsində mühazirələrə qulaq asaraq böyüyən Hegel islam dininə, islam fəlsəfəsinə də laqeyd münasibət bəsləyirdi. Və o qeyd edirdi ki islam artıq çoxdan tarixi səhnədən çıxmiş və Şərq ətaləti və aramlığına qayıtmışdır. Lakin, daha sonralar islam aləmində baş verən proseslər Hegelin bu mövzu barədə səhv etdiyinin şahidi oluruq.
Hegel din barəsində, həqiqət barəsində söhbət açdığı zaman qeyd edirdi ki, əsl həqiqət yalnız və yalnız konkret bir şey olmalıdır. Həqiqətin konkret olmasına bir çox misallar gətirən Hegel bu nöqteyi nəzərdən də Xristianlığı digər dinlərdən üstün tutumuş, əsasən Şərqdə özünə vüsət tapan İudaizimin və İslamın əsl mahiyyətini xarakterizə edə bilməmişdir. İudaizm və İslam kimi Şərq dinlərində  Tanrı ideyası mücərrəd bir mahiyyət kəsb edir, bu mahiyyətdə konkretlik çalarları müşahidə olunmur. Xristianlıq dinində isə İudaizm və İslamdan fərqli olaraq İsus Xristos obrazı bu mücərrəd Tanrıya konkret olan bir «görünüş» əta edir. Hegel elə hesab edirdi ki, mücərrəd Tanrı obrazı qarşısında Şərq insan zəngin ilahi duyğulardan mərhum olur, bu ilahi duyğular yalnız xristian dünyası üçün nəzərdə tutulmuşdur. Çünki, onlar konkret olaraq ilahi duyumu İsa peyğəmbərin obrazı qarşısında hiss edə bilirlər.
«Estetikaya dair mühazirələr» adlı əsərində estetikanı sistemli bir halda araşdırır, tarixilik və ziddiyyət prinsipini burada da tətbiq edir. Hegelə görə incəsənət mütləq ruhun aşağı forması olmaqla dinin tələbatından irəli çıxmışdır. Romantik və klassik incəsənətə üstünlük verərək bu incəsənətin dinə və fəlsəfəyə yaxın olduğu qənaətinə gəlir. «Öncə Klassik sənət Simvolik sənəti inkar edir. Sonra Romantik sənət Klassik sənəti inkar edir. Və bu zaman Simvolik sənətdən Ruhun sonsuzluğunu götürüb, onu yeni yönümdə ─ Klassik sənətdən aldığı aydın konkretlikdə anlamağa başlayır.»(22,  səh.244). Hegel incəsənəti mütləq ruhun dərk olunması forması hesab edir və incəsənətin mütləq ruhun qeyri-kamil forması olduğu qənaətinə gəlir.
Estetik şüur haqqında Hegelin söylədiyi fikirlər də tədqiqtçılarda daima maraq doğurmuşdur. «Bütün ideyaları əhatə edən ali zəka məqamı estetik şüurdur. Həqiqət və fayda doğma tellerlə ancaq gözəllikdə birləşir.»(39, səh.113.)
Göründüyü kimi Hegelin yaradıcılığında dövrünün bütün elmi-fəlsəfi məsələlərinə toxunmuş, bunları obyektiv idealist dialektika mövqeyindən şərh etmişdir. Burada Hegelin bütün əsərləri haqqında məlumat verilməyə cəhd göstərilmişdir.

1.2. Hegelin yaşadığı dövrdə ictimai-siyasi 
və sosial-mədəni mühit

G.V.F.Hegelin yaşadığı dövrdə, xüsusilə də XVIII yüzilliyin axırı və XIX yüzilliyin ilk onillikləri Avropada ictimai-siyasi vəziyyət o qədər də ürəkaçan deyildi. Bu dövrdə baş verən Fransa burjua inqilabı bütün Avropanı, o cümlədən də Almaniyanı ziddiyyətli və təlatümlü bir vəziyyətə salmışdı. Fransa kralı XV Lüdövikin (1715-1774) əyləncəyə olan meyli, dövlət işlərinə məsuliyyətsiz və səhlənkar münasibəti nəticəsində Fransa monarxiyasının beynəlxalq nüfuzunun aşağı düşməsinə səbəb oldu. Bu dövrdə Fransada köhnə qayda-qanunlar, silki qurluş, feodal münasibətlər, katolik kilsəsinin hökümdarlığı hökm sürür, bu da üçüncü silkin (aşağı təbəqənin) narazılığına səbəb olurdu. Bütün bu hadisələr Avstriya da daxil olmaqla 360 xırda dövlətdən - kiçik qraflıqlar, knyazlıqlar, baronluqlar, azad imperiya şəhərləri və krallıqlardan ibarət olan qonşu Almaniyaya da öz təsirini göstərməkdə idi. Hegelin yaşadığı dövrdə parçalanmış alman dövlətləri içərisində Rusiya krallığı öz iqtisadi və hərbi gücünə görə digər 360 dövlətin içərisində fərqli bir əhəmiyyət kəsb edirdi. Bu dövlətlər arasında hərc - mərclik, özbaşınalıq hökm sürür, hər hakim özünü məğlubedilməz bir qüvvə hesab edirdi. Saraylarda hökm sürən çəkişmə və özbaşnalıq da dövlətin arasındakı ziddiyyətdən artıq deyildi. 
Almaniyada belə bir vəziyyət hökm sürdüyü halda Fransada üçüncü silk ağır vergilərə etiraz edir, ziyalı təbəqələr isə xalqı inqilaba səsləyirdi. 1787-1789-cu illərdə Fransada ticarət-sənaye böhranı yarandı, işsizlik artdı, kənd təsərrüfatı iflas bir vəziyyətə düşdü. Üçüncü silkə malik olan burjuaziya, kəndlilər, sənətkarlar və fəhlələr, birinci silk olan ruhanilərin və ikinci silk olan zadəganların narazı qalan hissəsi izahat tələb edirdi. Kral XVI Lüdovik (1774-1792) 1789-cu ildə artıq 175 ildə çağrılmayan Baş Ştatları Versalda topladı. Toplantıdan narazı qalan üçüncü silk Müəssisələr Məclisini yaratdı və xalqı inqilaba səslədi. Beləliklə, tarixə Fransız burjua inqilabı kimi düşən bu hərəkat 1789-cu il 14 iyulunda başladı. Alman liberal burjuaziyası fransız inqilabını dəstəkləyir, Müəssisələr Məclisinə və ya Milli Məclisə təbrik məktubları göndərirdi. Almaniyanın ziyalı təbəqəsi də bu inqilaba biganə qala bilməzdi. Fixte və Şiller Fransız respublikasının fəxri vətəndaşı adına layiq görülür. Höte tarixdə yeni bir eranın başladığından bəhs edir, Hölderlin, Şellinq və Hegel bu inqilabı yaxından izləyirdi. Almaniyanın bəzi yerlərində inqilab çağrışları edilsə də, bunlar cavabsız qalır, xalq bu çağrışa laqeyd münasibət bəsləyirdi.
1793-cü ildə yakobin diktaturasının Fransada hakimiyyətə gəlməsindən sonra yakobinçilərin terorçuluq hərəkətləri inqilabı gözdən salmağa, inqilaba qarşı koalisiyanın yaranmasına səbəb oldu. Hələ 1792-ci ildə Avstriya və Prussiya Fransa inqilabına qarşı birləşmiş, 1792-ci il avqustun 19-da 80 minlik Prussiya ordusu Fransa inqilabına müdaxilə etmişdi. Lakin, inqilabçılar Valmi döyüşündə Prussiya qoşununu məğlub etmiş, eyni taleyi Avstriya ordusunun da başına gətirmişdilər.
İri fransız burjuaziyasının mənafelərinə xidmət edən, qətiyyəti, səriştəsi və çalışqanlığı ilə fərqlənən Napoleon Bonapartın özünü birinci konsul təyin etməsi Fransa tarixində yeni dövrün başlanması demək idi. 1799-cu ildə Bonapartın yaratdığı hərbi-diktatura rejimi 1804-cü ilə qədər sürdü. 1804-cü ilin mayında Napoleon Bonapart özünü «fransızların imperatoru elan edərək xarici dövlətlərə qarşı işğalçılıq siyasəti yürütməyə başladı. Napoleonun işğalçılıq planlarına alman torpaqları da daxil idi.
1805-ci ildə Avstriyaya, 1806-cı ildə Prussiyaya hücum edərək alman torpaqlarını öz əsarəti altına aldı. Napoleonun təhriki ilə Avstriya imperatoru «Müqəddəs Roma İmperiyası»nın titulundan imtina etdi, eyni zamanda Napoleonu İtaliyanın kralı elan etməyə də məcbur edildi. 1807-ci ildə Prussiyanı sülh müqaviləsi imzalamağa məcbur edən Napoleon 1812-ci ildə Rusiya imperiyası ərazisinə soxuldu. 1814-cü ildə Almaniyanın Leyptsiq şəhəri yaxınlığında döyüş Napoleonun məğlubiyyətinə səbəb oldu, nəticədə isə Burbonlar sülaləsinin hakimiyyəti Fransada bərpa edildi». 
Bu dövrdə yəni XIX əsrin birinci yarısında Almaniya parçalanmış halda qalmaqda idi, orta əsrlər dövründə yaranmış 360 xırda dövlətlərin bəzilərinin bir-biri ilə birləşməsi vəziyyəti dəyişdirmirdi. Bu dövlətlərdən əksəriyyəti formal olaraq «Müqəddəs Roma İmperiyası»na daxil idi. Fransız ordularına məğlub olmuş qürurlu alman xalqı artıq vahid bir bayraq altında birləşmənin zəruri bir proses olduğunu anlamışdılar. 
1815-ci ildə çağrılmış «Vyana konqresi» dünyanın siyasi xəritəsində bir sıra dəyişikliklərə səbəb oldu. Bu dəyişikliklərdən biri də alman dövlətlərindən «Almaniya ittifaqı»nın yaranması idi. Pomeraniya, Vestfaliya və Reyn vilayəti İsveçdən alınaraq Prussiyaya birləşdirildi. Almaniyanın şimalında yerləşən Prussiya krallığı «Almaniya ittifaqı»nın ən güclü dövləti olaraq qalmaqda davam edirdi. Hələ Napoleonun dövründə Reyn və Vestfaliya əyalətlərində feodal qaydaları ləğv edilmiş, kapitalizmin yaranması üçün zəmin hazırlanmışdı. 
Bu dövrdə Berlin dünyanın ən böyük sənaye mərkəzlərindən birinə çevrilmiş, sənaye istehsalının həcminə görə Almaniya yalnız Fransa və İngiltərədən geri qalırdı. Ağır sənaye Saksoniya krallığında və Prussiyanın Sileziya əyalətində inkişaf etməkdə idi, daş kömür və metal istehsalına Rur hövzəsində geniş təsadüf olunurdu. Reyn çayı boyunca isə toxuculuq sənayesi inkişaf etmişdi. 
Almaniyanın Fransa və İngiltərədən iqtisadi geriliyinin əsas səbəbi sex qaydalarının, feodal torpaq sahibliyinin, ölkədaxili gömrükxanaların, polis və məmur özbaşınalığının hökm sürməsi idi. Hər bir alman dövlətinin ölçü, çəki və pul sistemi ayrı idi, mütləqiyyət quruluşu da Almaniyanın inkişafı üçün əngəl yaratmaqda davam edirdi.
1815-ci ildə Vyana konqresində Polşanın yenidən birləşdirilməsində iştirak edən Avstriya və Prussiya arasında ədavət qalmaqda davam edirdi. Vyana konqresində Poznan ərazisi Prussiyaya, Qalitsiya əyaləti isə Avstriyaya verilmişdi, lakin bu bölgü heç tərəfi qane etməmişdi. Bütün bunlar «Almaniya ittifaqı»nın möhkəmliyinin sarsılmasına və Almaniyanın iqtisadi və hərbi cəhətdən digər qonşu ölkələrdən geri qalmasına səbəb olurdu.
Almaniya monarxları içərisində mütərəqqi baxışları ilə seçilənlər də istisna deyildi. Kral Vürtenberq konstitusiyalı monarxiyanın tətbiq olunmasına cəhd göstərsə də nəticəsiz qaldı. Ayrı-ayrı təbəqələrdən nümayəndələr toplayan kraldan konstitusiya əvəzinə köhnə quruluşun bərpa edilməsini tələb etdilər. Sonralar F. Engels rişxəndlə bunu alman torpağı üçün adi bir hal olduğunu yazırdı.
Hegelin yaşadığı dövrün sosial-mədəni mühitinə baxdığımız zaman fərqli bir mənzərə ilə qarşılaşırıq. Bu dövrdə Almaniya «şairlər və mütəfəkkirlər ölkəsi» kimi məşhurlaşmış, xüsusilə də poeziya, musiqi və fəlsəfə sahəsində bəşəriyyət tarixinə böyük töhfələr vermişdi. XVIII-XIX yüzilliklər içərisində Almaniyada Motsart, Qaydn, Bethoven, Şubert, Veber kimi bəstəkarlar, Şiller, Höte, Villand, Hölderlin, Hofman, Heyne kimi şair və yazıçılar, Kant, Herder, Fixte, Şellinq, Hegel, Şopanhauer, Forster, Feyerbax və Şleqel qardaşları kimi düşüncə adamları yaradıcılıq fəaliyyəti ilə məşğul olmuş, Almaniyada mədəniyyətin və elmin çiçəklənməsinə əvəzsiz xidmət göstərmişlər.
Ümumdünya fəlsəfə tarixində alman klassik fəlsəfəsinin seçkin bir rola malik olduğu danılmaz bir faktdır. XVIII yüzilliyin 70-ci illərində Almaniyada şair və dramaturq Fridrix Şillerin (1759-1805) rəhbərliyi altında «Fırtına və təzyiq» adlı ədəbi cərəyan meydana gəlmişdi. Musiqi tarixində dönüş yaradan İohan Sebestyan Bax (1685-1750) və Volfqanq Amadey Motsart (1756-1791) kimi qüdrətli bəstəkarlar, Hegelin müasiri olmuş, astronomiya sahəsində inqilabi dönüş yaratmış İmmanuil Kant (1724-1804) kimi mütəfəkkirlər bu dövrdə Almaniyada xüsusi bir diqqətə malik idilər.
Fransız burjua inqilabının başladığı zaman Hegel 19 yaşında idi və bu inqilab onun bütün ruhuna təsir etmişdi. Hegel bu inqilaba gənclik ehtirasları ilə o qədər aludə olmuşdu ki, Tübingendə yaranmış siyasi klubun fəal nümayəndələrindən biri halına gəlmişdi. Hegel bu dövrdə Şarl Lui Monteskyo (1689-1775) və Jan Jak Russonun (1712-1778) əsərləri ilə tanış olur, onların inqilabçı ideyalarına bir sıra digər alman ziyalıları kimi şərik çıxır. Almaniyada da respublika qurluşunun yaradılmasının vacibliyi haqqında düşünürdü. Napoleonun alman dövlətlərinə hücumu və almanları məğlub etməsindən sonra fransız xalqına qarşı olan etimadı itirməyə başlayan alman burjuaziyası fransız maarifçilərinə yenə də hörmətlə yanaşırdılar. Didro, Russo, Volter, Robspyer, Holbax, Helvetsi, Monteskyo, Mabli, Morelli kimi fransız maarifçi mütəfəkkirləri təkcə alman ziyalıları deyil, Avropanın bütün ziyalı maarifçiləri tərəfindən rəğbət hissi ilə qarşılanırdı.
Bir çox tarixi tədqiqatçılar belə qənaətə gəlirlər ki, fransız maarifçilik fəlsəfəsi olmasaydı, klassik alman fəlsəfəsi də meydana gəlməzdi. Əgər belə demək mümkünsə, alman idealizmi fransız materializmindən ortaya çıxmışdır. XVII yüzillikdəki fransız materializminin əsas üstün cəhətləri fəlsəfi baxışların latın dilində deyil, öz milli dilində yazılması idi. Ensiklopediyalar, lüğətlər, polemik məqalələr və həcvlər şəkilində yazılan bu yazılarda əsas məqsədi milli burjuaziyanın qabaqcıl və ziyalı təbəqəsini maarifləndirmək, onlara fərqli bir dünyagörüşü aşılamaq idi.
XVIII yüzilliyin sonu – XIX yüzilliyin əvvəllərini əhatə edən klassik alman fəlsəfəsinin əsas fərqləndirici xüsusiyyətlərdən biri di onda dialektik ünsürlərin daha çox nəzərə çarpması idi. Bu fəlsəfənin nümayəndələri içərisində Kant dualizimə, Fixte subyektiv idealizmə, Şellinq və Hegel obyektiv idealizmə, Feyerbax isə materializmə meyl edirdi. Müxtəlif fəlsəfi cərəyanın nümayəndələri olsalar belə klassik alman fəlsəfəsində bütün sistemlər əslində bir-birinin məntiqi cəhətdən davam olmasından başqa bir şey deyildi. Məsələn, Kantın «özündə şey»in dərk edilməsi zaman yaranan ziddiyyətə Fixtenin subyektiv idealizmində, Şellinq və Hegelin obyektiv idealizmində də rast gəlmək mümkündür. Klassik alman fəlsəfəsinin nümayəndələri arasında birgə çalışmalar da istisna deyildi. 1801-ci ildə Hegel Yenada olarkən burada Tyubingendəki Vyurtenberq məktəbindən birgə təhsil aldığı tələbə yoldaşı F.V.Y. Şellinqlə «tənqidli fəlsəfə qəzeti» mətbuat səhifələrinə çıxardılar. Bu qəzetdə əsasən Kantın, Fixtenin, Şellinqin və Hegelin yazıları nəşr olunur, əlavə olaraq ədəbi janrdakı əsərlərə də rast gəlmək olurdu.
XVIII yüzilliyin sonlarında Almaniyada Kantın təbii-elmi və fəlsəfi yaradıcılığı geniş yayılmış, bu dövrdə Kant «Almaniyanın birinci filosofu» kimi şərəfli bir ada layiq görülmüşdü. Bu amil Hegelin də uzun müddət Kant dualizminin təsir altında qalmasına səbəb olmuşdu. Lakin, Hegelin yazdığı «Xristianlıq ruhu» əsəri Kantın inkarı olub, «Praktik zəkanın tənqidi» əsərinin özünəməxsus izahını hədəf obyektinə götürmüşdü.
Göründüyü kimi XVIII-XIX yüzilliklərdə ziddiyyətli və təlatümlü hadisələrin baş verməsinə baxmayaraq Avropada xüsusilə də Fransa və Almaniyada mənəvi mədəniyyət özünün ən yüksək bir zirvəsinə çatmışdı. Fransa burjua inqilabının yaratdığı qarşıdurmalara, Napoleonun qəsbkar və işğalçı yürüşlərinə baxmayaraq, Hegelin yaşadığı dövrdə elm və incəsənət öz dəyərini itirməmiş, Berlin, Vyana və Paris kimi şəhərlər elm və incəsənət ocaqlarına çevrilmişdi. Hegelin 1822-1827-ci illərdə yay tətilləri zamanı Avropanın bir sıra təhsil ocaqlarını gəzməsi, xüsusilə də fransız ziyalıları ilə yaxından dostluğu Avropa təhsilində humanist fikirlərin mövcud olmasına bir nümunə idi.

II FƏSİL

Georq Vilhelm Fridrix Hegelin ruh fəlsəfəsi

Subyektiv ruh. Burjua inqilabı ərəfəsində Almaniyanın inkişafının ziddiyyətli cəhətləri Hegelin fəlsəfəsində əsaslı surətdə əks etdirilmişdir. Bir cəhətdən Almaniyada burjua inqilabına ideoloji cəhətdən hazırlanmasının ifadəsi olan mütərəqqi və inqilabi meylləri, digər tərəfdən isə qeyri ardıcıllığı ilə tanınan alman burjuaziyasının mühafizəkar qüvvələri ilə barışığa getmək meyllərindən doğan mürtəce və mühafizakər ideyalar Hegel fəlsəfəsinin xarakterik xüsusiyyətlərindən biridir. Bu ikili və kompromosə getmək meylləri Hegelin gəncliyi ilə yaşlılığı arasında özünü biruzə verir. 
Hegelin obyektiv idealizimi bir sıra cəhətlərinə görə obyektiv idealizm cərəyanının digər nümayəndələrindən müəyyən mənada fərqlənirdi. O, bütün mövcudatın ilkin mənbəyi, ilkin səbəbi kimi «mütləq ideya»nı qəbul edir və bu fikiri öz əsərlərində sübut etməyə çalışırdı. İnsandan asıl olmayan və insandan kənarda mövcud olan, bütün təbiət və cəmiyyət hadisələrini yaradan və müəyyənləşdirən «mütləq ideya» mənəvi ilkin başlanğıc kimi götürülmüşdü. Elə bu səbədən də Hegelin obyektiv idealizim fəlsəfəsi eyni zamanda mütləq idealizm fəlsəfəsi adlandırılmışdır.
Hegel fəlsəfəsinin dalektik idealizm sistemi onu digər obyektiv idealizm tərəfləndarlarından fərqləndirən əsas cəhət idi.
G. V. F. Hegel «Fəlsəfi elmlər ensiklopediyası»nda təfəkkürün və varlığın eyni olması, maddi dünyanın öz inkişafının nəticəsi və daim inkişafda olması kimi müddəalarının geniş bir surətdə izahını əks etdirmişdir. Onun fikrincə təbiət və cəmiyyətin əsasında duran. Predmet və hadisələrin inkişafını, rəngarəngliyini şərtləndirən mənəvi, mütləq və zəkalı bir başlanğıc vardır. Daim fəaliyyətdə olan bu başlanğıc, yəni, «mütləq ruh» ilkin əsas kimi «öz inkişaf» halındadır. Hegelin obyektiv idealist sisteminin əsasını təşkil edən bu «öz inkişaf» üç mərhələdən keçir:
1). «Xalis təfəkkürün kortəbi inkişafı»nı şərtləndirən, ideyanın özülüyündə mərhələsi − Məntiq. Bu mərhələdə ideyanın məzmunu bir-birilə əlaqədə olan və bir-birinə keçən məntiq kateqoriyaları sistemi özünü biruzə verir.
2). İdeyanın «başqa varlıq», «başqa forma»da, yəni, təbiət formasında inkişaf etməsi mərhələsi olan «Təbiət fəlsəfəsi»ndə təbiətə mənəvi mahiyyət verilir. Hegelə görə təbiət inkişaf etmir, təbiətin mənəvi mahiyyətini təşkil edən məntiq kateqoriyalarının öz inkişafının yalnız xarici təzahürüdür.
3). Hegel ideyanın tarixdə (ruhda) və təfəkkürdə inkişafı «Ruh fəlsəfəsi» «Fəlsəfə elmlər ensiklopediyası»nın sonunci və ən ali bölməsidir.
Haqqında söhbət açacağımız «Ruh fəlsəfəsi» əsərində dialektik inkişaf edən ruhun üç əsas pilləsi göstərilir: subyektiv ruh (antropologiya, fenomologiya, psixologiya), obyektiv ruh (hüquq, əxlaq, mənəviyyat) və mütləq ruh (incəsənət, din, fəlsəfə). «Fəlsəfi elmlər ensiklopediyası»nın bu mərhələsində («Ruh fəlsəfəsi») «mütləq ideya» yenə də öz-özünə qayıdır, cəmiyyətin mədəniyyəti və ictimai şüurunda ictimai fəaliyyətin müxtəlif növlərində təzahür edir. Kant aqnostiziminin inkarını göstərən Hegel varlıq və təfəkkürün idealist eyniyyət prinsipini irəli sürərək, xarici aləm və təfəkkür qanunlarının vəhdəti ideyasına əsas önəm verirdi.
G. V. F. Hegelin yazdığı «Fəlsəfi elmlər ensiklopediyası»nın 377-577-ci paraqraflarını əhatə edən «Ruh fəlsəfəsi» nin bölümlərində ruhun inkişafının ardıcıl mərhələləri öz əksini tapmışdır. Hegel ruhun tədqiqinə subyektiv ruhla başlayarkən qeyd etmişdir ki, «subyektiv  ruh» da ideyanın gerçəkləşməsi kimi dərk edilməlidir.
Başlıca mövzu insan olan ndə ictimaiyyətin tarixi − ictimaiyyətin mənəvi inkişaf tarixi kimi qiymətləndirilmişdi. Fərdi və ictimai şüurun, bəşəriyyətin əqli cəhətdən inkişafı haqqında idealist nəzəriyyənin əsaslarını verən Hegel ümumdünya tarixini üç əsas dövrə bölürdü:
1) Şərq dövrü.
2) Antik dövr.
3) Alman dövrü.
Hegelə görə Şərq dövründə yanız despot, yəni bir nəfər, antik dövrdə və ya yunan-roma dövründə bəziləri, alman və ya xristian dövründə isə hamı azaddır. Azadlığın mənasını ruhun özünüdərkində görən filosof onu dərk olunmuş zərurət sayırdı.
Alman və ya xristian dünyasını üstün tutan filosof Şərq xalqlarına çox soyuq və etinasız bir münasibət bəsləyirdi. Şərq xalqlarını Hegelə görə azadlığın mahiyyətini başa düşmürlər və elə bu səbədən də onlar hamısı quldur. Bunun tam əlsini təşkil edən alman dövründə isə hamı özünün mənəvi dünyasının mahiyyətini dərk edir və elə buna görə də bütün xristian dünyası azaddır. Filosof şərq xalqlarını tərəqqisi olmayan və sanki gələcəyi də qaranlıq və cəhalət içərisində olan xalqlar kimi təsvir edirdi.
Subyektiv  ruhun təhlili ilə ruhun özinkişafının araşdırmalarına başlayan Hegel qeyd edirdi ki, «təkcə mütləq ruh deyil, subyektiv  ruh da ideyanın gerçəkləşməsi kimi dərk edilməlidir.» İnsanın şərhinə geniş yer verilən bu fəlsəfədə ruh fəaliyyətdə olaraq, göydə, yerdə − ümumiyyətlə mövcud olan hər şeydə özünü dərk edən qüvvə kimi göstərilir.
Ruh insanın mahiyyəti, azadlıq, heç bir zorakılığı qəbul etməyən düşüncə ruhun fəaliyyəti, bu fəaliyyət isə ruhun mahiyyətidir. Hegel ümumbəşəri ruhun tarixi inkişafında hər bir insanın inkişafının səbəblərini idealist fəlsəfi sistemə uyğun olaraq ictimai şüurda, mənəvi istehsalda görən filosof maddi istehsalın bu sahədəki rolunu inkar edirdi.
Hegelə görə insanın ruhdan ibarət olan mahiyyəti əsl insani mahiyyətdir. Bütün elmi və fəlsəfi biliklər də insanın insani mahiyyətinin, ruhunun dərkinə yönəlməlidir. hegel ruhu mənlik şüurunun, praktiki və nəzəri fəaliyyətin birliyi və şüurun zəkada həyata keçən vəhdəri kimi başa düşürdü. Filosofun fikrincə ruh öz-özünü dərk edərkən, hissi və təbii olanı aradan qaldıraraq öz-özünə qədər yükələ bilir. Ruhun varlığı isə onun idrak kimi başa düşülən əməlidir. Ruh yüksək fəaliyyətə malik olmaqla hər şeydən əvvəl mənlik şüurunun fəaliyyətidir.
Mahiyyət etibarilə «mütəq  ruh»u materiyadan təcrid edən və ona qarşı qoyan filosof mütləqləşdirilmiş anlayış yaradırdı. Hegelin təfəkküründə Allah-insan ideyasının yaranmasına xristian dinin Allah-oğul tezisində öz təsirini göstərmişdi.
İdeyanın inkişaf sistemi olan «Ruh fəlsəfəsi» təfəkkürün dialektik metodu kimi çıxış edir. Hegelin bu metodundan yaranan paradoksal fikirə görə, ruh təbiətdən yaranır və ona görə yaranı ki, təbiətin özü də ruhdan yaranır.
Hegelin düşüncə tərzinə, formasına görə burada zidd olan heç bir fikir yoxdur. Çünki, onun yartdığı fəlsəfi sistemdə ruh təbiətəqədərki substansiya, mahiyyəti kimi götürülən mütləq ideyanın başqa bir formasıdır. Elə bu səbəbdən də ruh təbiətdən yaransa da sonlu, fərdi və təkcə ruh olan insana, təbiətə və onun maddi təcəssümü olan insan bədəninə münasibətdə də ilkin olanıdır, birincidir. İnsanın, təbiətin seyrindən alınan xarici duyğuları daxili duyğulardan fərqləndirərək Hegel insanın fiziki hərəkətlərini onun ruhi təməlindən yarandığını qeyd edirdi.
«Ruh fəlsəfəsi»nin ilk bölümü olan «Subyektiv  ruh» antroplogiya ilə başlayır. Hegelin «Antropologiya» anlayışı müasir anlayışdan fərqli cəhətlərə malik idi. Müasir dövrdə antroplogiyaya biocoğrafi planda götürülən insan haqqında elm kimi başa düşülürsə, «Təbiət fəlsəfəsi» əsərində mütəfəkkir bu elmi insanın ruhi fəaliyyətinin tədqiqi ilə məşğul olan elm kimi qiymətləndirirdi.
Filosof antorpologiyanın predmetinin özündə ruh və ya bilavasitə ruh adlanan təbii ruh olduğunu göstərirdi. Hegel subyektiv ruhun da üç hissəyə bölünməsi fikirini irəli sürürdü:
1) Təbii ruh.
2) Şüur.
3) Ruh.
Subyektiv ruhun üç əsas hissəsini, formasını göstərərək təbii ruha irqi fərqləri aid edirdi. Və elə bu təbii ruhu bədən ruhunun substansiya kimi öz inkişafının ilkin forması adlandırırdı. İnsanın psixi həyat tərzini ciddi surətdə araşdıran bu qənaətə gəlir ki, insanda «antroploji inkişaf” ruhun fiziki bədənlə mübarizəsindən və onun üzərindəki qələbəsindən yaranır.
Hegel «Antropologiya» adlı bölmədə «xüsusi təbii ruhlar» deyə adlandırdığı irqlərin və «yerli ruhlar» deyə adlandırdığı ayrı-ayrı millətlərin psixologiyasından, onlar arasında olan fərqlərdən bəhs edirdi. Təbii ruhi qabiliyyətlər adlandırdığı istedad və dühanın nisbətini araşdıraraq göstərir ki, bu ruhi qabiliyyətlər öz-özlüyündə dühaya və istadada çevrilmir. Yalnız məntiqi təfəkkürə tabe olduqdan sonra təkmilləşmə prosesi gedir.
Bu fikirləri inkişaf etdirən Hegel belə bir fikirə gəlir ki, elm və mədəniyyət şəraitində temperament öz mənasını itirsə də xarakterdə fərd öz davamlı müəyyənliyini əldə edir. Millətçi dünyagörüşünün dərin kök saldığı Hegel fəlsəəsində dialektik metod cəmiyyət elmlərində tətbiq edilməmiş və cəmiyyət hadisələri bu metoddan kənarda qalmışdır. Prussiya monarxiyasının bütün çatışmayan cəhətlərinə, naqisliklərinə və ziddiyyətlərinə baxmayaraq ən yüksək mütərrəqi quruluş hesab edirdi. Hegel bu ictimai siyasi qurluşu ictimai inkişafın zirvəsin və son nöqtəsi hesab edərək bundan sonra ancaq «tarixi təkrarı» fikrində idi.
Hegel ruhun «antroploji inkişaf»ının müəyyən mərhələlərində inkişafını üç hissəyə bölmüşdü. İlk mərhələ olan təbii ruhun təbiətlə passiv mərhələsində insan təbiətinə iqlimin təsiri, irqdə və millətlərin xarakterində olan fərqlər, temperament, yaş və cins fərqləri, duyğuların fizioloji hiss orqanları ilə bağlılığı izah edilir. Yuxugörmə, ruhun ana bətnində varlığı, dühalıq, maqnetizm, dəlilik və vərdiş isə rih və bədənin vəhdətinə qarşı ruhun mübarizə apardığı ikinci mərhələdə göstərilir. Sonuncu mərhəldə isə təbii ruh öz fizikliyini itirir və özünü “mən” kimi anlamağa cəhd edir.
Dövlətin fərd üzərində üstünlüyünü sabit ideya kimi qəbul edən Hegel burjua dəyərlərinə münasibətdə nihilist xarakterli deyildi. O, dövlətin ilahi mahiyyət daşıdığı ideyasından çıxış edərək, ictimai müqavilə nəzəriyyəsini inkar edərək, onun ilahi mənşəyə malik olduğunu qeyd edirdi.
Reallıqda özünü iradə kimi yerinə yetirən zəka qüvvəsinin təcəssümünü dövlətdə görür və zəkanı isə dünyanın ilahi mahiyyətini təşkil edən qüvvə kimi görürdü. Cəmiyyətin inkişafını Hegel inqilablarda deyil, öz başlanğıcını ilahi zəkadan götürən zadəganların siyasi instiktlərindən doğan reformlarda görürdü. Müharibənin əxlaqi əhəmiyyəti olduğunu iddia edən filosof ifadə edirdi ki, xalqların əxlaqi sağlamlığını təşkil edən insan mənəviyyatını uzun sürən sülhdən yarana bilən çürümədən qoruyur.
Hegelə görə gəncin fikirində yaranmış ideya mövcud reallığın tam əksini, ziddiyyətini təşkil edir və böyüklərin təsiri ilə bu ziddiyyət aradan götürülməlidir.
Hegel gənclərə gerçəkilik, həyat nə qədər dəyişkən və acı olsa da ona uyğunlaşmağı məsləhət görürüdü. «İtaət etməsini bilməyən hökm etməsini də bilməz» deyən filosof uşaqların təhsil və tərbiyə sisteminə, intizamına böyük diqqət yetirirdi.
Təkəbbürlü və lovğa gənclərdə olan ziddiyyət yaşlı nənəsildə özünü biruzə vermirdi. Dünyanı tam dəyişdirmək istəyən gənclərdən fərqli olaraq, tərəqqi və təkmilləşmə gedən yaşlı nəslin yaradıcılıq imkanları geniş olduğundan onlar inqilaba meyl etmirlər. Filosof  bununla göstərmək istəyirdi ki, ibtidaidən aliyə, sadədən mürəkkəbə doğru gedən inkişafın qabağında heç bir qüvvə dayana bilməz.
Hegel oyaqlığı «ruhun birbaşa formasını yaradan subyektivlik şimşəyi» yuxunu isə ruhun heyvani halı adlandırırdı. Ruhun antropoloji inkişafının sonuncu forması olan xalis təbii ruhun sonuncu forması kimi yuxu və oyaqlıq verilmişdi. O, hesab edidi ki, özünü ətraf maddi aləmdən ayıran ruh məhz oyaq ruhdur. Oyaqlığı ruhun sadə vəhdətdə əks olan halı, yuxunu isə ruhun neytral vəhdətə salınmış vəziyyəti kimi dəyərləndirən filosof oyaq ruhu yuxu ilə müqayisədə tərəqqi kimi qələmə verirdi.
Hegel hiss orqanlarının da təbiətindən bəhs edərkən, onları ideallaşdırmaq cəhdləri özünü biruzə verirdi. O, antropologiya mövzusuna aid etdiyi  daxili duyğulıardan, təbiət və formasına görə  fərqli olan duyğunun da şəhini verir. Hegel insanın «mən»inin də hiss edən ruh olduğunu da yazırdı. O, «hiss edən ruh» paraqrafında qeyd etmişdir ki, özü üçün abstrakt mövcud olan hissi ruh şüurlu «mən»i yox, şüuraltı «mən»i əks etdirir. Abstrakt  mövcud olan ruhu isə «düha», «dəlilik» və «vərdiş» kimi anlayışları vardır.
Hegel şəxsdə, fərddə akriv olaraq fəaliyyət göstərən möhtəşəm gücü düha kimi qələmə vermişdi. İnsan «mən»inin yaranmasının bir pilləsi olan düha «iradəli və düşünən azad ruh» deyildir. Özünü «mən» kimi dərk etmək səviyyəsinə qalxa bilməyən «mən» psixi həyatın təbii həyatdan ayrılmış bütün ibtidai formalarının bir sistemdə birləşdiyi mərkəzdir. Özünü «canlı maqnetizm» hadisəsində göstərən «mən» hələ də «uşağın ana bətnindəkinə oxşar passiv» həyatdır və bu həyat yalnız hissi həyatdır.
Hegel canlı və ya heyvani maqnetizm dedikdə bir «mən»in başqa «mən»in təsiri altına düşməsindən ibarət olan hipnoz hadisəsi adlandırırdı.
Hegelə görə orqanizm elə bir bütöv sistemdir ki, bu sistem özünün bütün gücləri ilə və üzvləri ilə bir araya gəldikdən sonra öz funksiyasını yerinə yetirə bilər. Onun yuxarıda göstərilən bu fikiri P. K. Anoxinin «funksional sistemlər» nəzəriyyəsinin yaratmasına böyük təsir göstərmişdi.
Hegel psixi xəstələr haqqında yürütdüyü fəlsəfi fikirlərində fransız psixiatrı Filip Pinelin güclü təsiri hiss olunur. Hegel psixi xəstəliyin mahiyyətini «Ruh fəlsəfəsi»ndə belə təsvir edirdi ki, orqanizmin hər hansı bir ayrıca sistemi bədənin ümumi fizioloji həyatından ayrılır. Və elə ayrılmadan da insan orqnizimi zəifləyərək nəticədə kənar, yad qüvvələrin təsiri altına düşür. Psixi xəstəlikləri də buna bənzədən filosof subyektin özü-özü ilə zidiyyətdə olmasının nəticəsini müəyyən bir buovlmada görürdü.
Hegelin fəlsəfi sistemi elə qurulub ki, bu sistem daim inkişaf edərək bir mərhələdən digər mərhələyə, sadədən mürəkkəbə doğru dəyişir. «Düha» anlayışından «dəliliyə» buradan da «vərdişin» şərhinə keçən filosof bu keçiddə də məntiqi inkişaf qanununa riayət edir.
Hegelin «dəlilik» anlayışı ruhun bir tərəfdən özünə yiyələnməsi, digər tərəfdənsə  özünə yiyələnə bilməməsi arasında ziddiyyətlidir. Lakin, bu ziddiyyət, bu ikiləşmə mövqeyində o, üstünlüyü sonuncu mərhələyə, sonunucu qütbə verirdi.
«Düha» və «dəlilik» anlayışlarından sonra ruhun inkişafı cəhətdən ən ali pillə olan «vərdiş»i saf ideallığa gətirilmiş maddilik kimi başa düşürdü. Vərdişin formalarının ruhun fəaliyyətin bütün pillələrini əhatə etməsini qeyd edən filosof insanın yalnız vərdiş sayəsində düşünən varlıq olduğunu vurğulayırdı.
Ruhun antropologiyası burada sona çatdıran filosof antropologiyaya daxilində duyan ruhun keçməsinə gəlib çıxması ilə bədəni «vərdiş» vasitəsilə ideallaşdırırdı. Hegel «Ruh fəlsəfəsi»ndə müsbət mənada şərh etdiyi «Təbiət fəlsəfəsi»ndə heyvani orqanizimlərinin həyat prosesinin sonlu, ziddiyyət və gərginliyin olmaması kimi, ölümün ilk momenti və ölü sükunəti kimi göstərirdi. Müsbət mənada şərh etdiyi antropologiya bölməsində isə «hiss edən ruh»dan «gerçək ruh»a keçidi kimi, irəliyə doğru inkişaf edən ruhun bir həlqəsi kimi şərh edirdi.
Hegel bədəni özünə tabe edən «mən»i ideallaşdırsa da onu maddilikdən, cisnanilikdən azad edə bilmədi və elə burada «mən» xalis ən ümumi, universal fikir səviyyəsinə yüksələ bilmir.
«Şüur» və «mənlik şüuru» isə o zaman yaranır ki, təbii ruh öz təbiiliyini madiyyatını itirsin və öz cismani, fiziki varlığını aradan qaldırsın. Təbii ruhun təbiiliyini məhv edən gerçək və ya həqiqi «mən» isə «mən»in inkar halından əmələ gəlir.
Hegel nin antropologiya bölməsində gördüyümüz kimi, ruhun öz maddiliyini, fizikiliyini, cismaniliyini aradan qaldırılması prosesi izlənmişdir və elə bu maddiliyi, təbiiliyi də məhz ruh yaratmışdı.
Fenomologiya (fenomenlər haqqında elm) bölməsində də ruh xalis forma almır və yenə də mahiyyət kimi deyil, təzahür kimi çıxış edir. Burada predmetlərin dərk edilməsi formasında çıxış edən ruh bu dərketmə nəticəsində idrakın özünü dərk etməyə yönəlir.
Hegel ruhun özünə sonsuz münasibətinin və onun inkişafını şərtləndirən şüuru refleksiya pilləsindən ibarət olan hadisə kimi qiymətləndirmişdi. Öz fəaliyyətinin predmetini subyekt, idrak və ruh üzərində seçən, ruhun xarici və daxili duyğularından alınan çox saylı təsəvvürlərdən hər dəfə lazım olanı seçir və onlardan yeni təsəvvür, yeni məzmun hazırlayır. Özündən və öz şüurundan predmetləri xaric edərək yadlaşdıran ruh hissi şüur pilləsində şey illüziyasını yaradır.
Hegel «Ruhun fenomologiyası» adlı bölməni eyni adda yazdığı ilk məşhur və iri tutumlu əsərinin qurluşuna uyğun olaraq qurmuşdu. Filosofun şüur, mənlik şüuru və ağıl deyə üç hissəyə böldüyü bu əsərdə özünüdərk və şüur anlayışları geniş yer tutur.
«Gerçək ruh» adlı bölmədə fiziqonomik fikirlər də verən filosof insan üzünü ruhun ali görüntüsündən və ilk təzahüründən yarandığını vurğulamışdı. Ruhun daha mükkəməl ifadəsi və ikinci təzahürü isə insanın nitqi vasitəsilə müəyyən edilir.
Ruhun xaricində mövcud olan obyektlər haqqında «mən»in bilik almasını şüur kimi qələmə verən filosof «mən»i ruhun özünə sonsuz və subyektiv münasibəti adlandırırdı.
Hegel həqiqi ruhun şüur və hissi bilik səviyyəsində məlumatlı və müfəssəl ruha çevrildiyini qeyd edirdi. Məlumatlılığa xas olan ruhi həqiqətin başlanğıc mərhələsi və eyni zamanda həqiqətə doğru hərəkət edən ruhun birinci forması adlandırırdı. Ruhun xaric edib yadlaşdırdığı predmeti yenidən ideallaşdıran Hegel yazırdı ki, «şüur kimi ruhun məqsədi ondan ibarətdir ki, özünün bu hadisəsini öz mahiyyətilə eyniləşdirsin, özünün məlumatlı olduğunu həqiqətə yüksətsin.»
Ruhun fenomeloji inkişafında yuxardıda göstərdiyimiz üç pillədən biri olan şüur öz növbəsində üç hissəyə parçalanır:
1). Hissi şüur.
2). Qavrayışlı şüur.
3). Düşünən şüur.
Hissi şüurda obyekt birbaşa olaraq hisslər vasitəsilə dərk edilən şüurdur. Duyğu sahəsinə aid olan hissi şüurda Allahın birbaşa bilməyinin mümkünlüyünü iddia etsələr də iddiadan başqa heç nə əldə etmək olmur.
Qavrayışlı şüurda isə şüurun predmeti şeylərin mənası olur və təkcələr ən ümumiyə münasibətdə olsalar da təkcə ilə ümuminin həqiqi vəhdəti həyata keçirilmir.
Düşünən şüur və ya düşüncə pilləsində şüur predmet dərk edilir. Şüur ilk pillələrində özünü biruzə verən ziddiyyətlər birada həllini tapır.
Və ən nəhayət subyektiv inkişafın son bölməsi olan psixologiya yanaşma olan «istək» anlayışı ruhun fəal təbiətin bildirən bir termindir. Hegel «istəyin» fəallığını, aktivliyini «mən» və «mən»in predmeti arasında olan ziddiyyətdən doğduğunu və bu ziddiyyətin həll olunmalı olduğunu vurğalıyırdı. İnkişafının birinci mərhələsində özünüdərkin özünü göstərdiyi forma olan istək subyektiv olmalı olan abstraksikiyanın ziddiyyətidir. Subyektin obyektə münasibətində istək vasitəsulə istəyə uyğun olan predmetin rolunu xüsusi qeyd edirdi.
Hegel özünüdərk yolunda mənəvi reallığının inkişafı zəruri tarixi mərhələsindən keçərkən özgələşmə kateqoriyası ilə əvəz olunur. Məkan və zaman daxilində yaranan hər hansı bir hadisənin qanunauyğun nəticəsində, nəticəsi formasında göstərilən özgələşmə insan fəaliyyətinin nəticələrinə olan münasibətin müəyyən üsuludur.
Hegel ruhun inkişaf mərhələlərində psixologiya pilləsində nəzəri ruhu və praktiki ruhu bir-birindən fərqləndiridi. Ətrafda mövcud olan nəzəri ruhdan, ətraf aləmdə hələ də mövcud olmayan praktik ruhu əks qütblərdə tuturdu. Hələ də subyektiv ruh çərçivəsində qalan nəzəri və praktik ruhu fəallıqlarına görə bir-birindən ayırmaq  olmaz. Hegel bu fikirləri inkişaf etdirərək qeyd edirdi ki, nəzəri ruhu passivliyinə və praktiki ruhu aktivliyinə görə bir-birindən fərqləndirmək olmaz.
Hegelin əsərlərində Kantın aqnostiziminin tənqidinə ciddi surətdə yer verilmişdi. O, həqiqətin dərk olunmasını sonsuz proses kimi göstərərək, dünyanın mahiyyəti olan ideya, zəka, düşüncə, idrak anlayışlarını da şərh edirdi. Psixologiyada ruhu idrak kimi nəzərdən keçirən filosof «Məntiq elmi» əsərində apardığı bölgüyə uyğin olaraq, idrak kateqoriyalarını ruhi intelligensiyaya nəzəri ruha və praktiki ruha ayırırdı. İntelligensiya kateqoriyasını həqiqət məsələsi kimi gözdən keçirən filosof bu kateqoriyanın idrak və iradədən ibarət olduğunu göstərirdi.
İnsan zəkasının rəhbər rolu barəsindəki ideyalar Hegel fəlsəfəsində insandan ali olan zəka (dünya ruhu) ilə əvəz olunurdu. Obyektiv qanunauyğun prosesin iştirakçılarının şüurlu məqsədlərindən asıl olmayan zərurət kimi zəka anlayışı təsəvvür olunurdu. Həm də bu zərurətin mənbəyini insanların fəaliyyətində görərək, Allahın və təbiətin bu sahədəki rolunu görmürüdü. İnsanı mənəvi fəaliyyətdə olan subyekt kimi görən Hegel insanı ümumi əhəmiyyətli xarakter daşıyan ruhun və zəkanın vəhdəti kimi görürdü.
Hegel əsası məşhur fransız filosofu R. Dekart (1593-1650) tərəfindən qoyulmuş antropoloji rasionalizimi daha da inkişaf etdirərək zəkaya və təfəkkürə üstünlük verirdi. Filosof insanı digər canlılardan fərqlədirilməsində və onun bəşəriyyətə aid olmasını bildirən keyfiyyət kimi irəli sürürdü.
Əgər Hegel antropologiyada ruhun və bədənin ziddiyyətini əsas götürürdüsə və hiss edən ruhu təhlil edirdisə, fenomologiyada isə maddilik və ruhun arasında olan ziddiyyətlər və bu ziddiyyətlərin aradan qaldırılmasında ruhun fəllığını araşdırırdı. Psixologiyada isə aparıcı ziddiyyət kimi subyektivlik və obyektivlik anlayışlarının vəhdətinə intelligensiyanın inkişafı nəticəsində nail olunur. Hegelin fikrincə bizim düşündüyümüz şeylər, düşüncəmizdə mövcud olanlar eyni zamanda obyektivliyə malik olurlar və bunlar da subyektivliklə obyektivliyin vəhdətinə doğru inkişaf edirlər.
«Psixologiya» bölməsində inkişaf prosesini yuxarıda göstərilən vəhdətə doğru irəli inkişaf etdirən filosof burada da kateqoriyaların inkişafına meyl edirdi. İntelligensiyadan təsəvvürə, təsəvvürdən təfəkkürə ardıcıl və məntiqi keçid də buradan yaranır. 
İntelligensiyanın ilk forması kimi verilən seyr maddi xarakterli təkcə obyektlər haqqında birbaşa və bilavasitə bilikdir.
Psixologiyanı idrak formaları və iradə haqqında elm kimi qiymətləndirən Hegel «nəzəri ruh»un araşdırılmasına seyrin şərhi ilə başlayırdı. Seyrdə məzmunun, mənanın predmetliliyini üstün tutan filosof təsəvvür mərhələsinə çatmaq üçün refleksiyanın seyrdən keçməli olduğunu yazırdı. Obyektin insana aid olmasından və ya olmamasından asılı olmayaraq, yaddaşda canlandırılan obraz ilk dəfə seyr formasından keçib, təsəvvür formasına ayaq basmalıdır.
Elə bu fikirlərdən də məntiqi nəticə çıxardan Hegel qeyd etmişdi ki, hissi seyrin materiallarının, obrazlarının birləşməsindən təsəvvür anlayışı meydana gəlir. Obrazların sintezindən yaranan təsəvvür, seyr ilə təfəkkür anlayışları arasında orta və aralıq bir mövqeydən çıxış edir. Təsəvvürün fəaliyyətinin seyrdən başladığını, seyrdən yaranmış materiallardan yarandığını ifadə edərək, təsəvvürün də inkişaf mərhələlərini göstərmişdi.
Yadasalma olan ilk mərhələdə daxili varlığlmızın qaranlıq qalmış yerlərindən yaddaşda canlanan obraz yaradırıq. Hissi seyr vasitəsilə əldə olunan materialları qeyri-şüuri və çətinliklə yada salırıq və elə bu da ilk növbəsində təsəvvürün ilin forması olur. Bu mərhələdə təkcə varlıq kimi seyr etdiyimiz obyektdə deyil, eyni zamanda yada salınan obyektə də aid etmək olur.
Təxəyyül, yəni xəyala gətirmə adlanan mərhələdə isə yaddaşdan alınmış canlı obrazları ümumiləşdirmə prosesi gedir. Bu obrazlar birləşdikdən sonra ümumi təsəvvür yaranır. Ən ümumi təsəvvür adlandırdığı təxəyyüldə obyekt təkcə yada salınmır, eyni zamanda sintez edilir. Materiallardan asılı olmayaraq aparılan təxəyyül prosesində şüur özünü duyğu materiallarından asılı olmamasını göstərir. Bu zaman şüur materialdakı lazımsız və təsadüfi tərəfləri ataraq yalnız mühüm və önəmli olanları saxlayır. Onu təkcəlikdən ümumiliyə doğru yüksəldərək nəticədə ümumi və universal təsəvvürə çevrilir. Xarici xarakterə məxsus olan obrazlı təsəvvürdən fərqli olaraq, ümumi təsəvvürdə ruhun öz daxili fəaliyyəti aşkar edilir.
Hegel bu fikiri ilə yalnız ayrı-ayrı şeylərin mövcud olduğunu, ümumi məfhumların isə adlaradan başqa bir şey olmadığını iddia edən nominalizmin əleyhinə çıxış edir. «Biz adların vasitəsi ilə düşünürük» deyən Hegel təfəkkürü getdikcə hisslərdən uzaqlaşdırır və nəticədə yenə də ideallaşdırma prosesini inkişaf etdirmiş olurdu. İşarəyə olduqca lazımlı bir şey kimi baxaraq dərk edən intelligensiyanın adlardan və sözlərdən ibarət olan işarələr sistemini yaratmışdı.
Hegel simvollaşdırma hadisəsinə ryhun hissi seyrlə qarşılaşmasını və onun verdiyi obyektə «onun özünə yad olan məna» verməsi kimi baxırdı. Filosof fikrin həqiqi varlığına uyğun olaraq göstərdiyi nitq, söz «özündə yüksək daxililiyin» izlərini daşıyan xaricilikdir. Hegelə görə boş formaya deyil, mahiyyətə və məzmuna xas olan fikridə subyektivlik və obyektivlik bir-birinə uyğun gəlməlidir.
Hegel təfəkkürün fəaliyyətinin izahı ilə psixologiyada «nəzəri ruh»un tədqiqini sona çatdırırdı. O, təfəkkürə keçməzdən qabaq, təsəvvürün son pilləsi olan yaddaş haqqında da məlumat onu təxəyyülün son forması kimi nəzərdən keçirmişdi.
Təsəvvürün fəaliyyəti özünün daxilində formalaşaraq, daxili xarakterdə konkret bir formaya sahib olur. Yaddaşın varlığı isə adı və mövcud varlığı özündə saxlamaqla biruzə verirdi. Yaddaşın inkişafında üç formanı fərqləndirən filosof onları adı saxlayan, bərpa edən və mexaniki yaddaş deyə bölürdü. Birincisi onunla bağlı olur ki, insan adın mənasnı yadda saxlayaraq, dil işarələrini gördükdə onlara obyektiv cəhətdən bağlı olan təsəvvürləri xatırlayır.
Bərpaedici yaddaşda isə predmet seyrsiz və obrazsız dərk olunur. Filosofun nöqteyi-nəzərindən yaddaş adda predmetə və predmetlə birlikdə- ada malik olur və bu fikir sadəcə olaraq bərpaedici yaddaşa aid edilir.
Yaddaşın son forması olan mexaniki yaddaşda isə əlaqələri heç bir məna daşımayan xüsusi adların mexaniki formada əzbərlənməsidir. Burada «mən» mənadan mərhum olan sözlərin cəmini özündə hər zaman və davamlı qaydada saxlayan «boş çəmbərdir».
Gənclərin və qocaların arasında olan yaddaş fərqi tutan Hegelə görə gənclərdə olan istedad yaxşı yaddaşdan faydalanır. Filosof gənclərdə olan yaxşı yaddaşın səbəbini onların qocalardan az düşünməyində görürüdü.
Hegel təfəkkürü intelligensiyanın inkişafında sonuncu və ali mərhələ kimi göstərmişdi. Bir sıra anlayışlar kimi təfəkkürü də üç yerə bölərək, onun fəaliyyət mərhələlərini göstərirdi:
1). Mühüm olanın təsadüfdən ayrılması- abstraktlaşdırma.
2). Mühakimə və ya əqli nəticə aktı.
3). Anlayışlarla fikri əmliyyat.
Filosof bu fikirdə qeyd edərək yazmışdı ki, «Kantadək bizdə dərrakə və düşüncə arasında heç bir fərqləndirilmə aparmamışdır». Hegelə görə təfəkkür və varlıq özündə fərqliliyi saxlayaraq eyniyyətdə olmalıdır.
Təfəkkürün zəka, spekulyativ fəaliyyəti arasında gedən ziddiyyəti əks etdirən filosof, forma və məzmun arasında olan münasibətə yenidən qayıdırdı. İdrakın inkişafında, tərəqqisində zəruri mərhələ olan, formal təfəkkür mərhələsində də Hegel çatışmazlığın olduğunu göstərmişdi.
Abstrakt və formal təfəkkürün həqiqətin mahiyyətini, gerçəkliyin məzmununu parçaldığını düşünən filosofun fikirincə təfəkkür yalnız idrak səviyyəsinə qədər inkişaf edə bilər. Təfəkkür cəmiyyət ruhuna, ümumdünya tarixinə, «obyektiv ruh»a gəlib çıxmaq üçün psixoloji inkişaf şkalasında «istək» pilləsindən keçərək «praktik ruh» olmalıdır.
«Praktik ruh» haqqında «Məntiq elmi» əsərində geniş söhbət açan mütəfəkkir «Ruh fəlsəfəsi» əsərində bu problemin ümumi tezis və müddəalarından bəhs etmişdi. Fərdi psixoloji planda nəzərdən keçirilən «praktik ruh» psixolgiya bölməsində çox yığcam bir formada şərh olunur.
Təkcənin və fərdin subyektiv psixi həyatı formasında nəzərdən keçirilən bu sahəyə aid olan psixoloji anlayışlar sevinc, məmunluq, ümid, qorxu və utancaqlıqdır. Hegel istəklər, maraqlar və ehtiraslar kimi anlayışları idraka və ağıla aid edərək təhlil edir.
Məşhur alman filosofunun dünyagörüşünə görə ümumbəşər tarixinin və hər bir insasnın başlıca məqsədi azadlığı gerçəkləşdirmək və dərk etməkdir. İnsasnın xöşbəxtliyi, səadəti isə yalnız azadlıq dərk olunaraq, həyata keçəndən sonra baş verir.
Hegel «azadlıq şüurunun tərəqqisi»ndə ümumdünya tarixinin mahiyyətini və onun inkişafını əsas götürmüşdü. Tərəqqinin meyarını azadlığa bağlayan Hegel burada nöqsana yol verirdi. Çünki, o təkcə şüuri deyil, həm də real olan azadlıq anlayışını və onun mahiyyətini şüurun inkişafında görürdü.
Hegel insanların aktiv yaşam mövqeyini xüsusi əhəmiyyətini qeyd edərək, onların bu mövqeyinin səbəbi kimi ehtiraslar və qabilliyyətləri göstərərək, tarixin möhtəşəmliyinin də bunlar üzərində qurulduğunu iddia edirdi. Zərurətin dərk olunması ilə azadlığın real formasına nail olmaq arasımdakı əlaqəni göstərən filosofun düşüncəsinə görə tarixi zərurəti dərk edib reallaşdırmaq yolu ilə azad cəmiyyət yaratmaq olar.
F. Hegel ayrı-ayrı şəxsiyyətlərin istəkləri, meylləri və ehtirasları, eyni zamanda onların təsadüfi əməlləri ilə tarixin möhtəşəm hadisələri arasında olan əlaqənin əleyhinə çıxış edirdi. Hegelin «dünya ağılının hiyləgərliyi» deyə adlandırdıığı obyektiv qanunauyğunluqların inkişafı ilə insan fəaliyyətini əlaqələndirirdi.
Fərdlərin maraqları və hərəkətlərindən tarixi prosesin qanunauyğunluluğunu yarandığını da qeyd edirdi. Tarixdə ümumdüunya ruhunun ifadəsi kimi, reallaşması kimi maraqların və mənafelərin mübarizəsini göstərirdi. Hegelin fikrincə ümumdünya tarixinin inkişafı- fərdi və ümuminin inkişafının dialektikasının və azadlığının dərk olunmasına doğru yönələn tərəqqi prosesidir.
Hegelin fikirincə ümumiəhəmiyyətli xarakter daşıyan ruhun və zəkanın daşıyıcısı olan insan yalnız özünün azad və ümumi olduğunu dərk etdikdə şəxsiyyətə çevrilir. Antik dövrün yunan stoiklərinin azadlıq haqqındakı düşüncələri ilı razılaşan Hegel qeyd etmişdi ki, «fikir azadlığın həqiqəti, yalnız həyatdan mərhum olan xalis fikirdir; deməli, bu azadlıq da canlı azadlığın özü olmayıb azadlığın yalnız anlayışıdır».
Obyektiv ruh. Hegel «Obyektiv ruh» adlanan bölümdə mənəviyyat (ailə-cəmiyyət-dövlət), hüquq və əxlaq haqqında olan düşüncələrini əks etdirir. «Ruh fəlsəfəsi»nin ən yığcam olan bu bölümündə ruhun inkişafı özünün bütöv ofadəsini fərdi və təkcə “mən»in, sonlu subyektin praktiki fəaliyyətindən çox cəmiyyət fəaliyyətində, insan növünün, bu sonsuz subyektin tarixi praktikasında və ümumdünya tarixi prosesdə tapır. Burada azadlığın mütləq mərhələsinə çatan ruh, ilk öncə ruhun inkişafının obyektiv mərhələsinə baş vurmalıdır.
Həcmcə «Ruh fəlsəfəsi»nin ən yığcam bölməsi olan «Obyektiv ruh» bölməsində azadlıq anlayışı ilk dəfə olaraq dövlət hüquq təsisatı formasında həqiqətə çevrilir və real olur. Burada ruh öz subyektivliyindən çıxaraq, azadlığın xarici reallığını dərk edir və onu obyektivləşdirir. Ruhun obyektivliyi öz hüququna daxil olduqdan sonra obyektiv ruh sferası siyasi-hüquqi gerçəkliyə çevrilir.
Hegel hüquq anlayışına üç nöqteyi nəzərdən şərh vermişdi:
1). Hüquq azadlıqdır- hüquq ideyası.
2). Azadlığın müəyyən forması və pilləsi kimi- xüsusi hüquq.
3). Pozitiv hüquq- burada hüquq artıq qanun kimi çıxış edir.
Bunlardan əlavə Hegel hüquq anlayışının da üç pillədən keçdiyini də vurğulayırdı:
1). Abstrakt hüquq.
2). Əxlaq.
3). Mənəviyyat.
Abstrakt hüquq haqqında təlimdə müqavilə, mülkiyyət və qeyri-həqiqət problemlərini qarşısına qoyur. Xüsusi mülkiyyətin azad inkişafını vətəndaş cəmiyyətinin vacib və labüd şərti sayan filosof, vətəndaş cəmiyyətinin dövlətdən əvvəl meydana gəlməsi fikrini təsdiqləyirdi.
Hegel dövlətin müqavilə yolu ilə, müqavilə nəticısində yaranması fikrini təkzib edirdi. Onun fikrincə, «dövlət Allahın dünya üzərində təntənəli yürüşüdür, gərdişidir.» İlahi ideyadan yaranan dövlət daha yüksək inkişaf pilləsində duraraq, azadlığın gerçəkləşməsi və əxlaqi bütövlük uğrunda çalışır.
Hamının qanun qarşısında bərabərliyi, fərdi hüquq və azadlıq ideyaları kimi prinsipi Hegel tərəfindən heç də sadəcə olaraq rədd edilmir, yalnız özünə məxsus olan bir şəkildə şərh edilir. Hegelin fikrincə, cəmiyyətdə mövcud olan qanunların, dövlət qurluşunun, əxlaq qaydalarının, ideologiyaların və dilin yaratdığı vəziyyətdə, şəraitlərdə insan özünü azad və dərk olumuş hesab etsin.
Azadlığı özündə varlıq kimi görən Hegel, azadlığa, «azadlıq dövlət anlayışının təşkilindən başqa bir şey deyildir» kimi qiymər verirdi. Azadlıq haqqında «təbii hüquq» və «təbii şərait» kimi anlayışları inkar edən filosof, həqiqi azadlığa o vəziyyətdən çıxmağı tələb edirdi. Çünki, o şərait hüququn pozulmasından yaranan zorakılıq şəraitidir. Hegelin fikrincə dövlətin vətəndaşı öz vəzifəsi, peşəsi və göstərdiyi hər hansı bir fəaliyyəti nəticəsində ağıllı varlıq səviyyəsinə yüksəlir şəxsiyyət kimi azad olur.
Dövlətin dindən yarandığını və inkişaf etdiyini qeyd edən filosof, dövləti ruhun ruh üçün yaratdığı dünya olduğunu hesab edirdi. «Ağıllı dövlət»i  «axmaq dövlət»dən fərqləndirən Hegel «axmaq dövlət»i, sonlu dövlət, məhv ola bilən dövlət adlandırıdı. «Ağıllı dövlət» isə ilahi mahiyyətə malik olan sonsuz dövlət, əbədi dövlət deyə adlandırırdı. Lakin, filosofun fikrincə  «ağıllı dövlət» kimi «axmaq dövlət»də də müəyyən dərəcədə ruh prinsipi vardır. Hegel xalq suverenliyinin demokratik ideyasını tənqid edərək, vərəsəli konustitusiyalı monarxiyanın suverenliyini əsaslandırırdı. Alman dövlətini ən kamil, ən üstün siyasi qurluş, alman burjua cəmiyyətini isə tarixi inkişafın tacı adlandıran filosofun fikrincə «bundan daha yüksəyə qalxmaq olmaz».
Siyasi cəhətdən ziddiyyətli mövqeydən çıxış edən Hegel, bir tərəfdən burjua antifeodal inqilabının tərəfində durur, digər tərəfdən isə Prusiya monarxiyasına, Bismark hakimiyyətinə uyğunlaşmağı zəruri hesab edirdi. Əsərlərində Fransa burjua inqilabının güclü təsiri hiss olunan filosofun bu ziddiyyətli mövqeyi marksizm nümayəndələri tərəfindən, xüsusilə də F. Engels tərəfindən geniş şərh olunmuşdu.
Qərəz və rifah, xeyir və vicdan, həyat və günah kimi anlayışları əxlaqda birləşdirən filosof, əxlaqı insanın qəlbində, düşüncəsində, vicdanında qəbul olunaraq, bəyənilən anlayış kimi göstərirdi. Hegelin fikrincə Avropa mənasında olan azdlıq subyektiv və əxlaqi azadlığın birləşməsindən yaranır. Xeyir və şərin fərqini isə insan bu azadlığa arxalanaraq əldə etməlidir. Əxlaqın dinlə bağlılığını qeyd edən Hegel əxlaqın hansısa bir avtoritet tərəfindən zorla qəbul edilməsinə etiraz edirdi. Əxlaqı xeyirdən üstün tutan Hegel «mənəvi, intellektual kimi anlaşılan əxlaq, ümumiyyətlə iradənin daxilindədir və ona görə də qəsdi, qəzəbi və eləcə də əxlaqi şəri özündə birlşdirir».
Xöşbəxtlik və xeyiri fərqləndirərkən, xöşbəxtliyi birbaşa mövcud olan varlıq kimi, xeyiri isə əxlaqa münasibətdə gerçəkilik, həqiqət əldə etməsi kimi göstərmişdi. Hegelə görə xeyir analyışı iradənin ümumi cəhətlərini əks etdirdiyi üçün müəyyən mənada xüsusiliyə də malik olmuşdur. Subyekt üçün nə isə təsadüfi bir şey olan xeyir anlayışının əksini, ziddini şər anlayışında təzahür olunmuşdur. Burada şəri məhv edərək ondan imtina etməli, xeyirin geçəkləşməsinə şərait yaratmalıdır. Xeyirxahlığı ilə seçilən ruhun öz xüsusi maraqlarının, fikirlərinin həyata keçməsinə imkan verməlidir.
«Obyektiv ruh» bölməsində dövlətçilik və mənəviyyat haqqında fikirlərini davam etdirən Hegel, kəbin münasibətlərinin yaranmasında ailə üzvlərinin gizli mənəvi yaxınlığını səbəb kimi göstərirdi. Monoqam kəbini ailə üzvlərinin ayrılmaz birliyi, sevgi birliyi kimi göstərərək bu fiziki birliyi əxlaqi birliyin nəticəsi kimi göstərirdi. Hegelin düşüncəsinə görə ruh ailə səviyyəsində duyan ruh olur. Tərbiyə şəraitində uşaqların müstəqil şəxslərə döndüyünü iddia edərək, tərbiyəni «ikinci  ruhi doğuş adlandırırdı».
Hegelin dövlətçilik və hüquq haqqındakı ideyalarında Platonun aristokratik siyasi doktirnasının təsiri sezilir. Hegel dövləti bütöv bir sistem kimi qəbul edərək göstərirdi ki, dövlət cansız mexanizm deyildir, iradə azalığına və fəaliyyət üsulunu seçmək hüququna malik olan fərdlərin, təkcələrin canlı orqanizimidir. Hegellə Platounun dövlət haqqında düşüncələri arasında fərq də var idi. Hegelin fikrincə, fərd özünün həqiqi yaşam tərzinə uyğun fəaliyyət göstərərsə sosial orqanizimin bir parçasına çevrilir və sosial mühitdə öz həqiqi mövqeyini tutmuş olur.
Hegel fəlsəfəsində cəmiyyət ilə fərd, dövlət ilə vətəndaş, təkcə ilə ümumi arasında heç bir ziddiyyət də yoxdur. Dövlət qurluşu və qanunvericiliyin ilahi bir mahiyyət kəsb etdiyini vurğulayan Hegel dövlətin mövcudluğunu tanrının dünyada addımlaması kimi xarakterizə edirdi. Dinin həqiqətindən meydana gələn dövlət azadlıq anlayışının gerçəkləşməsinə xidmət etməlidir.  
Hegel ümumbəşər tarixində ilahi zəkanın mücəssəməsini göstərərək, zəkanı dünyanın ilahi mahiyyəti kimi nəzərdən keçirmişdi. Hegelin dövlət fəlsəfəsinin və onun prinsiplərinin obyektiv cəhətdən qiymətləndirilməsi, obyektiv ruh mərhələsində dünya ruhunun inkişaf vəziyyəti «Ruh fəlsəfəsi» əsərində öz əksini tapmışdır.
Hegel dövləti bütöv və canlı ruh kimi götürərək, «hələ anlayış kimi də olunmayan tək ağıllı iradə» anlayışından yaranan ayrı-ayrı funksiyalardan ibarət olduğunu yazırdı. Bir mahiyyət, məzmun kimi obyektiv azadlığı ifadə edən qanunların üç növünü göstərirdi. Birincisi, şəxsin subyektin birbaşa sərbəst iradəsindən və xüsusi maraqlarından yaranan şəraiti məhdudlaşdır və qadağan edir.
Hegelin «mütləq son və ümumi iş» deyə adlandırdığı qanunun ikinci növündə universaldan, ən ümumi olandan ayrılaraq artan, ictimai təbəqələrin funksiyalarından, ayrı-ayrı şəxslərin fəaliyyəti əks olunur. Qanunun üçüncü formasında qanunlar azad iradənin mahiyyəti və dəyişilməz əxlaq qaydaları sistemində ayrı-ayrı şəxslərin dünyagörüşü forması yaranır.
Hegel hər bir obyektiv ruhun yer tapdığı azadlıqda həqiqi qanunun olduğunu deyirdi. İnsanları öz hüquqlarına görə üç imtiyazlı təbəqəyə bölürdü:
1). Zadəganlar.
2). Burjuaziya.
3). Bürokratiya.
Cəmiyyətin bu imtiyazlı silklərindən kənarda qalan, uzaq olan hissəsini isə Hegel formasız kütlə adlandırırdı. Bu kütlədən yaranan əməllərin isə dəhşətli, ağısız, kortəbii və vəhşi nəticələr verdiyini vurğulayırdı.
Monarxiyalı dövlət qurluşunu zəkaya uyğun qurluş adlandıran filosof onu «gözəl Afina demokratiyası»nın sonrakı inkişaf forması kimi başa düşürdü. 
Hegel obyektiv ruh deyə adlandırdığı mənəviyyat və dövlətçilik haqqında fikirləri «Ruh fəlsəfəsi»nin sonuncu bölümünə keçməsinə şərait yaratmışdı.
Mütləq ruh. Və ən nəhayət bizim gəlib çıxdığımız «Mütləq ruh» adlanan sonuncu bölümdə idrak, «mütləq ruh» özünü dərk edir. Təfəkkürün təfəkkürü deyə adlandırılan ruhun qanunauyğun inkişafının bu sonuncu mərhələsində öz mahiyyətini, öz barəsindəki biliyi, yəni «mütləq ideyanın anlayışını» əldə edir. Sonlu ruhu əharə edən «Mütləq ruh» bölümü əvvəlki iki bölümdən fərqlidir.
«Mütləq ruh» adlanan bu sonuncu və ən ali bölümdə onun üç forması, pilləsi nəzərdən keçirilir. Ruhun aşağı forması kimi bütünlüklə dinin tələbatından yaranan incəsənət, bəşarət və özünü açma dini və məntiq şəkilində təcəssüm edən fəlsəfə bölmələrində «mütləq ruh»un pilləli formada şərhi verilir.
Hegel ifadə etmişdi ki, «mütləq ruh»un mərhələsinə qədər, ruhun heç bir əvvəlki iki mərhələsində ruhun özü haqqında olan fikirləri ruhun özü söyləmir. Yalnız «mütləq ruh» pilləsində ruh özünüdərk səviyyəsinə, mərhələsinə çata bilmişdir.
Hegel qeyd etmişdi ki, ruhun dərk olunması prosesi ondan xəbərsiz olaraq filosoflar, yəni Hegel tərəfindən həyata keçirilir. Hegel fəlsəfi sistemində «mütləq ideya» kimi göstərilən Allah «mütləq ruh»un ən yüksək və ən ali bir formasıdır. «Mütləq ruh»un müəyyən bir formaya düşüb, təşəkkül tapması isə ictimaiyyətin fəaliyyəti və insan başında yaranan dərk etmə prosesi nəticəsində meydana çıxır. Buradan yaranan «insan Allahdır» nəticəsinə filiosof xristianlığın təsirini göstərsə də, nifrət bəslədiyi Şərqdə yaranmış olan sufizm cərəyanı bu ideyaya təsir göstərməyə bilməzdi. «Xalis ağılın gücünü» əsas tutan spekulyativ fəlsəfi dünyagörüşünə baş vuran Hegel idealist nəzərilik, mücərrədlik və açıq teologiya sistemini yaratmışdı.
Hegelin düşüncəsi nöqteyi-nəzərindən Allahın Allah kimi çıxış etməsinə, Allah formasına almasına səbəb yalnız özü-özünü dərk etməsidir. Özü özünün mənasını başa düşməsini özünüdərk adlandıran Hegel qeyd etmişdi ki, «insanın Allah haqqındakı biliyi isə sonradan insasnın özünün Allahda dərkinə qədər inkişaf edir». 
Allah və insan arasında o qədər də çox fərq olmadığını düşünən mütəfəkkir ruhu Allahın oxşarı və insanda ilahi, mənəvi olan kimi mənalandırırdı. Bu fikrin təkcə xristianlıqda olduğunu iddia edən Hegel insanın bu anlayışının nə Şərqdə, nə Platonda, nə də Aristoteldə, eyni zamanda stoiklərdə də olmadığını xüsusi bir şəkildə qeyd etmişdi.
«Mütləq ruh» haqqındakı şərhindən sonra Hegel «mütləq ruh»un ən alt və ilk forması olan incəsənətin şərhinə başlayır. İncəsənəti daha çox dinlə bağlayan filosof xalqlarda incəsənətin inkişafı ilə dinin inkişaf tempinin eyni olduğunu iddia edirdi.
Dialektik və məntiqi inkişafı burada da tətbiq edən filosof incəsənətin inkişafını təkmilləşən formalar pilləkəninə bənzədirdi. Elə bu cəhətdən də incəsənətin inkişafında üç sahə göstərilirdi:
1). Simvolik incəsənət.
2). Klassik incəsənət.
3). Romantik incəsənət.
İncəsənəti ilk forması olan simvolik incəsənətdə formaya mənfi münasibətdə çıxış edən incəsənətdə «ideyaya uyğun tərtibat hələ tapılmayıb.» İncəsənətin ikinci forması olan klassik incəsənətdə antik dövrdəki Allahın insan şəkilində olması ideyası özünü biruzə verir. Qədim Yunanıstanda və Romada yaranmış bu incəsəntdə hissilik elementləri hökm sürür.
İncəsənətin sonuncu və ən ali forması olan romantik incəsənət mənəviyyat baxımından digər növlərdən yüksəkdə durur. Bu baxımdan dinə və fəlsəfəyə daha yaxın olan bu incəsəntdə Allah görünməz və rəhmli təsvir olunur. Romantik incəsənəti mütləq ruhun bədii estetik bir tənəzzül olduğunu deyən filosof incəsənəti hər şeydən əvvəl mütləq ruhun dərk olunmasında bir vasitə kimi göstərirdi.
Hegel ruhun azadlığa doğru səyahətində incəsənəti bir vasitə kimi görürdü. Bu məşhur alman filosofu incəsənəti dialektikanın inkişaf prinsiplərinə zidd bir anlayış hesab edirdi. İncəsənət haqqında yazdığı fikirlərində də onun inkişafının mümkün olmadığını sübut etməyə çalışırdı. Yeni dövrdə incəsənətin inkişaf tsiklinin dayandığını iddia edən filosofun bu ideyaları A.İ.Gertsen və N.Q. Çernışevski tərəfindən geniş bir surətdə tənqid edilmişdi.
Hegel estetik fəaliyyəti izah edərkən ziddiyyət və tarixilik prinsipini əsas götürmüşdü. Bu da estetik fəaliyyətin sistem halını araşdırmağa, onu cəmiyyət həyatının ziddiyyətli cəhətləri ilə müqayisə etməyə,estetik olanların mənasını anlamaq üçün onun əhəmiyyətini aşkara çıxartmağa imkan vermişdir. Hegel obyektiv idealist olduğuna görə incəsənəti mütləq ruhun birinci və kamil olmayan forması kimi araşdırırdı.
«Mütləq ruh» bölümünün ikinci mövzusu, predmeti dindir. Ruhun inişafında incəsənətdən yüksək formada göstərilən din mütləq ruhun məzmunu kimi, yəni həqiqi din kimi səciyyələndirilir. Hegel burada ruhun ruh olmasına səbəb kimi «özü üçün ruh» olmasını göstərirdi. Hegelin yaratdığı mütləq dində «mütləq ruh» artıq mücərrəd və abstrakt olan anlayışları deyil, özünü aşkar etmiş, ruhu açığa çıxartmış olur.
Ruhu Kainatın bir parçası, kəsimi kimi qəbul edən Hegel, ruhu mütləq ideyanın gerçəkliyə çevrilmiş forması kimi götürərək, onu mütləq ideyaya uyğun olan bilik kimi başa düşürdü. Hegelin «Ruh fəlsəfəsi»ndə mahiyyət, substansiya kimi göründüyü bu ideya həm təbii, həm də ruhi reallıq formasında çıxış edir. Təbii və ruhi reallıq isə substansiyanı aşkar etməyin, özünü dərk etməyin vasitələri yaxud köməkçiləri kimi çıxış edir.
Hegel dini inancların qanunauyğun şəkildə meydana gəlməsini və inkişaf prosesini izləmişdi. Dinin tarixi haqqında geniş biliyə malik olan Hegel xristian dinini, İsa təlimini başqa dinlərdən və təlimlərdən üstün tuturdu. Allahı özü-özünü inkişaf etdirən dünya kimi qəbul etdirən Hegel, xristianlığı mütləq ruhun son inkişafı kimi göstəridi.
Allahın sübut olunmazlığını göstərən Kantın əleyhinə çıxan Hegel dialektikası forma və mahiyyətin bir-birindən ayrılmasına imkan vermirdi. Qeyd edirdi ki, məqsəd vəzifədən ayrılmayan kimi forma da mahiyyətindən ayrı fəaliyyət göstərə bilməz.
Hegel bir sıra dinlərdən, o cümlədən də, İslam dinidən bəhs etsə də yalnız özünün həqiqi din olmasını «doğma oğlu vasitəsilə göstərən din» olan xristianlığa üstünlük verir. Hegel ruhu mənlik şüurunun və şüurun zəkada həyata keçirilən vəhdəti, praktik və nəzəri fəaliyyətin vəhdəti kimi başa düşürdü. Ruhun varlığı isə onun idrak kimi başa düşülən əməlidir. Hegelə görə ruh təbii olanı, hissi olanı aradan qaldıraraq, özü-özünü dərk etmə prosesində iştirak edir. Bu proses və əməliyyatda isə ruh özü-özünə «mütləq ruh» səviyyəsinə qədər yüksəlir.
«Mütləq ruh»un son inkişafında «Ruh fəlsəfəsi»nin ən son bölməsi olan «Fəlsəfə» bölməsi gəlir. Hegel fəlsəfə anlayışını daha çox dinlə əlaqələndirərək fəlsəfəni dinə tabe edir.
Hegel burada ifadə edir ki, «dinə görə fələsəfədə Allah çox azdır, fəlsəfəyə görə isə dində Allah həddindən artıqdır.» O, ateizm anlayışına Allahın az olması kimi səciyyələndirərək, artıq ateizimin əksi kimi verdiyi panteizmdə Allahların kəmiyyət baxımından çox olmasını və panteizimin geniş yayıldığını iddia edirdi.
Hegel tək olanın dərkinin İslam dünyasında paklıq, saflıq, ucalıq və alilik kimi nəzərdən keçirildiyini qeyd etmişdi. Hegelin «Məhəmməd təsəvvür üslubu» da deyə müraciət etdiyi İslam dinində Allahı ən ümumi olaraq, ayrı-ayrı varlıqları, növləri özünə birləşdirmiş formada təsəvvür edirdi. Burada ayrı-ayrı varlıqların öz həqiqi varlıqlarından heç nə qalmadığını qeyd edən filosof, İslamın çatışmayan cəhətlərini mahiyyətin, substansiyanın insanı, subyekti və ruhu müəyyənləşdirmək səviyyəsinə çata bilməməkdə görürüdü.
Hegel «Mütləq ruh»un bölmələri kimi bəhs etdiyi incəsənət, din və fəlsəfə bütövlükdə mütləq ideyanın, yəni Allahın, həqiqətin və azdlığın dərkidir. Hegel «mütləq ruh»un bu üç formasında ideyanın, Allahın dərk olunmasını məntiqi yolla sübut etməyə çalışmışdır.
Hegelə görə «ilkin varlığın immanent, daxili özünüdərk kimi təzahürü olan» fəlsəfə və din fərqli xarakterlərə də malikdirlər. Filosofun fikirincə, bu təzahürlər, zahirə çıxanlar dini icma şəkilində dini şüurda, fəlsəfə elmi, xüsusilə də məntiq formasında fəlsəfədə özünü göstərir.
Politeist dinlərə nisbətən, monoteizimə üstünlük verərək, bütpərəstlərin Allah deyə başa düşdükləri predmeti qeyri-müəyyən Allah deyə adlandırırdı. Hegel tarixin qaçılmaz finalı kimi mütləq biliyi və ona uyğun gələn rasionallaşdırmış cəmiyyəti görürdü. Hegel fəlsəfəsini tərk etməyən və onu daim izləyən azalıq anlayışı, filosofa görə bəşər həyatının mənası yalnız dərk olunan azadlıqdır. Hegel belə hesab edirdi ki, dünya tarixi azadlıq şüurunda tərəqqidən ibarətdir. Real azadlığı şüurun azadlığı hesab etməsi, eyniləşdirməsi ideyası isə onun idealizimidən meydana gələn təzahür idi. Bütün bunlara baxmayaraq Hegel çox düzgün olaraq qeyd edirdi ki, azadlıq insana əzəldən, anadangəlmə verilmir. İnsan azadlığa müəyyən mərhələlərdən keçdikdən sonra tədricən nail ola bilər.
Hegel fəlsəfəsində təfəkkürün özü-özündə qapanıb qalması onun fəlsəfi sisiteminin ən böyük qüsuru olmuşdu. Dialektik inkişaf mahiyyət etibarilə qapalı dairə üzərində hərəkətdən ibarət olmuşdur. Əgər Kainatda təbiət və insanı ayrı hesab edirsə, Hegel fəlsəfi sistemində təbiət və insan, subyekt və obyekt, ideal və real eyniyyət prinsipinə, şüarına əsaslanır.
Hegel psixofiziki problemə də yaxınlaşaraq, ölüm və ölüməzlik haqqında da fikirlərini irəli sürürdü. Psixofiziki problemi yəni, ruh və bədənin qarşılıqlı təsiri problemini «Ruh fəlsəfəsi» əsərində ortaya qoyan filosof onun həlli yollarını araşdırırdı. Təkcə ruhi varlıq deyil, fiziki varlıq da olan insan bədənində fiziki və cismani olan tərəf sonlu, cismani təkcəliyi ilə ruhi subsansionallıq arasında hər bir insanda öz təcəssümünü tapan ziddiyyət yaranır və bu ziddiyyətdən ölüm yaranır, ziddiyyətin həlli kimi ölüm meydana çıxır.
Azadlığı dərk olumuş zərurət sayan Hegel, ilk dəfə zərurət və təsadüf anlayışlarını bir-birinə qarşı qoyaraq indeterminizm mövqeyindən çıxış edirdi. Hegelə görə təsadüfi olan hər bir əlaqə səbəbsiz baş vermir, sadəcə olaraq özü-özündən izah edilə bilmir.
«Ruh fəlsəfəsi»ndə gördüyümüz kimi Hegel təzahürlər dünyasının mahiyyətlər dünyasında üzə çıxmasına inanırdı. «Gerçək olan hər şey əqlə uyğundur, əqlə uyğun olan hər şey gerçəkdir» kimi məşhur müddəasını irəli sürən Hegel inkişaf sayəsində əvvəllər əqlə, gerçəyə uyğun olan hər bir şeyin qeyri gerçək olmasına inanırdı. Öz zəruriliyini, yaşamaq hüququnu və əqlə uyğunluğunu itirən, ömrü bitmiş olan gerçəkliyin yerini yeni yaşamağa qadir olan gerçəkilik tutur.
Özündə varlıq kimi, özü-özündə var olan ruh kimi göstərən Hegelin fikrincə ruhun mənası onun azadlığında, özündən kənarda yerləşən materiyanın məqsədini isə onun azadlığında görürdü.
«Cəmiyyət öz keçmişindən hər zaman gülərək ayrılır» deyən Hegel bu fikiri bəlkə də özündən sonra özü haqqındakı düşüncələlərə şamil etməmişdi. Lakin, bi danılmaz fakdır ki, Hegelin fəlsəfəsindən çıxan nəticələrə bir sıra məşhur filosoflar öz subyektiv fikirlərini, rəy və iradlarını bildirmişlər.
Hegelin dialektik inkişaf sistemini yaratması və onun cəmiyyətin əsasında iqtisadi münasibəttlərin durması haqqında fikirləri marksizm fəlsəfəsinini yaranmasına təkan vermişdir.
Hegel fəlsəfi sisteminin müsbət və mənfi cəhətlərini göstərən olk məşhur filosof onun şagirdi Feyerbax olmuşdur. İdealizimlə dinin əlaqəsini göstərən Feyerbax Hegel fəlsəfəsinin müsbət cəhəri olan, onun dialektikasının da inkarını verərək onu rədd edirdi.
Antik dövr fəlsəfəsinin, xüsusilə də Platonun və Aristotelin, fransız marifçilərinin təsiri Hegel fəlsəfəsinə ciddi bir formada təsir etmişdi. Platonun dövlət haqqındakı ideyaları, Aristotelin ruhun bədəndən üstün olması haqqında və dialektik kateqoriyalar haqqında olan fikirlər Hegelin baxışları ilə üst-üstə düşür və vəhdət təşkil edirdi.
Hegel fəlsəfə sahəsindəki xidmətlərdən biri də ilk dəfə olaraq “inkar» terminini fəlsəfəyə gətirərək, «inkarı inkarı» ümumi dialektik qanun şəkilində fəlsəfəyə tətbiq etməsi olmuşdur. Əsası Aristotel tərəfindən qoyularaq dialektikada tətbiq olunan kateqoriya anlayışına münasibətdə əgər Marks üç cüt kateqoriya ilə çıxış edirdisə, Hegel altı cüt kateqoriyanın olduğunu nümayiş etdirirdi.
J. J. Russo (1712-1778), F. M. A. Volter (1694-1778), Ş. L. Monteskyo (1689-1755) kimi fransız maarifçilərinin inqilabi-demokratik fikirləri ilə bağlı olan Hegel bu filosoflar işərisində J. J. Russoya üstünlük verirdi. Bunun təsiri nəticəsində Hegel əsərlərində xüsusilə də «Ruh fəlsəfəsi» əsərində Russodan sitat gətirirdi. Marksın sözlərilə desək «fransız inqilabının alman nəzəriyyəsini» tapmağa cəhd göstərirdi.
Əgər biz fəlsəfə tarixinə nəzər salmış olsaq görərik ki, Hegel fəlsəfəsinə ən layiqli qiyməti o dövrdə digər məşhur alman filosofu F. Engels vermişdir. Engels qeyd etmişdi ki, əgər Hegel fəlsəfəsi olmasa idi, alman elmi sosializimi yarana bilməzdi. Hegelin dahiliyini nəzərə çatdırmaq üçün Hegelə əks cəbhədə duran materialist filosofların bir idealist filosof haqqında nə düşündüyünü göstərmək olardı. Hegel haqqında demək olar ki, ondan sonra meydana çıxan bütün materialist və idealist filosoflar onun haqqında yüksək fikirdə olmuş və Hegelin təsir hədəfindən çox da uzağa düşə bilməyiblər.
İdeya cəhətdən ateist və materialist olmuş, Hegelin ən məşhur şagirdi, alman klassik fəlsəfəsinin son nümayəndəsi olan  L. Feyerbax (1804-1872) yazırdı ki, «mən öz müəllimimi yarım il dinlədikdən sonra müəyyən etdim ki, mənə teologiya, ilahiyyat yox yalnız və yalnız fəlsəfə gərəkdir. Mən xəyalçı deyil, oxumalıyam! Mənə etiqad deyil təfəkkür gərəkdir.» O, özünün dünyanı və təfəkkürü dərk etməsində Hegelin təsiri olduğunu vurğulayaraq yazırdı ki, «Qəribədir ki, yalnız quru və soyuq mütəfəkkir məni şagird və müəllim arasındakı səmimiyyəti anlamağa məcbur etdi».
Fəlsəfə tarixinin inkişafında iki mərhələni: 1)antik yunan fəlsəfəsi, 2) klassik alman fəlsəfəsini fərqləndirən Engels əgər yunan fəlsəfəsinin nəhəng nümayəndəsi kimi Aristoteli göstərirdisə, dəfələrlə söz açdığı klassik alman fəlsəfəsində Hegeli fərqləndirirdi.
«Ruh fəlsəfəsi» əsərində ruhun özünə qayıdışını, spiralvari hərəkətini göstərən Hegelin yaradıcılığı təkcə ruhun inkişaf formalarını izləməklə qalmır. Əksinə olaraq Hegel çox geniş və hərtəfli yaradıcılıqla məşğul idi. Çox geniş fəlsəfi ümumiləşdirmələr aparmaq üçün təbiətşünaslıqla məşğul olur, maqnetizm və optika sahələri üzrə eksperiment və müşahidələr aparır, riyaziyyatda differensial hesablamalar aparır, fizika, kimya, təbii tarixlə, xüsusilə bütün humanitar və ictimai elmlərlə məşğul olurdu.
Hegelin fikirincə bu cür geniş bir formada mənəvi mədəniyyəti ensiklopedik cəhətdən əhatə etmədən fəlsəfəylə məşğul olmaq, filosofluq etmək yalnız boş söz oyunundan başqa bir şey deyildir.
Göründüyü kimi Hegel heç də «ensiklopedik zəka» və «birinci müəllim» adı ilə tanınan Aristoteldən nəinki geridə qalmırdı, hətta onu müəyyən formada qabaqlayırdı.
Hegelin naturfəlsəfi baxışlarının geniş yer aldığı «Təbiət fəlsəfəsi» əsərində fəlsəfi və təbii-elmi nailiyyətlərinin birləşdirilməsinin zəruriliyini vurğulamışdı. Bu əsərin «Mexanika» adlı ilk bölməsində Hegelin söylədiyi məkan və zamanın vəhdəti ideyası A. Eynşteynin nisbilik nəzəriyyəsindən tam 100 il qabaq söyləmişdi.
Hegelin yaratdığı nəhəng fəlsəfi sistem fəlsəfə tarixində böyük bir iz buraxdı, Hegelin yaratdığı fəlsəfi təlim müxtəlif mövqedən şərh edildi. XIX əsrin 30-40-cı illərindən başlayaraq Hegelin təliminə əsaslanaraq yaranan Hegelçilk cərəyanı bu dahi filosofun fəlsəfi düşüncələrinə olan marağı daha da artırdı. Hegelin davamçıları olan Hegelçilik müxtəlif düşüncə baxımından bir neçə hissəyə bölünür:
1. Ortodoksal Hegelçilik- Hegelin təlimini heç bir dəyişikliyə məruz qoymadan qorumağa çalışdılar. J. K. Rozenkras,K. Mixelet, K. Prantl, J. E. Erdman, K. Fişer, E. Zeller, F. T. Vişer bu təlimin əsas nümayəndələridir.
2. Yeni Hegelçilik- Hegelin idealist fikirlərinə daha çox üstunlük verirdilər. «Sağcı» Hegelçilik də deyə adlandırılan bu təlim daha çox Almaniyada və İtaliyada özünə tərəfdar tapdı. K. Göşel, H. Hinrixs, H. Habler, R. Kroner, S. Mark, A. Libert bu təlimin əsas nümayəndələridir.
3. «Solçu» Hegelçilik və ya gənc Hegelçilər. Hegelin ilahiyyatla bağlı olan fikirlərini təkzib edir, tarixi proseslərdə subyektiv amilin roluna üstünlük verirdilər. Bu təlimin əsas nümayəndələri A. Ruqe, B. Bauer, L. von Steyn, M. Hess və başqalarıdır. «Solçu» Hegelçililər 1838-ci ildə A. Ruqe və T. Eştermeyerin rəhbərliyi ilə davamlı olaraq nəşr olunan «Halische Jarbücher für deutsche Wissenshaft und Kunst» adlı bir jurnalda «Sağcı» Hegelçililəri tənqid obyektinə çevirirdilər.
4. Marksizm. Bu təlimin baniləri olan K. Marks və F. Engels Hegelçiliyin dialektik metodunu materialist bir mövqeydən şərh etdi. Hətta bir çox tədqiqatçılar Hegeli komunizimi ayaqda tutan üç sütundan biri kimi xarakterizə etmişlər. Marksizm eyni zamanda Hegelin siyasi fikirlərindən də bəhrələnmişdi. «Siyasət sahəsində Hegelin bir çox ideyaları üzrə polemika aparması nəticəsində K. Marksın siyasi baxışları formalaşmış və inkişaf etmişdir.» (30, səh. 128).
5. Müasir fəlsəfi cərəyanlar da dolayı yolla Hegelçilikdən bəhrələndilər. Bu cərəyanlar içərisində fenomenologiya, ekzistensializm və Frankfurt məktəbinin nümayəndələri daha çox fərqlənir. Hegel fəlsəfəsindən müxtəlif yöndən təsirlənən bi müasir fəlsəfi cərəyanların içərisində içərisində fenomenologiyanın banisi E. Hüsserl (1859-1938), ekzistensializmin banisi və əsas nümayəndələrindən biri olan M. Haydegger (1889-1976) və Frankfurt məktəbinin banisi M. Horkhaymer (1895-1973) Hegel fəlsəfəsinə böyük önəm verirdilər.

III FƏSİL

Hegelin fəlsəfi dünyagörüşündə ruhun məntiqi inkişaf mərhələləri

3.1. Ruh fəlsəfəsində subyektiv ruh bölümü

Georq Vilhelm Firidrix Hegelin yazdığı «Fəlsəfə elmləri ensiklopediyası»nın (Encyklopadie der Philosophischen Wissenschaften Grundrissede) 377-577-ci paraqraflarını əhatə edən «Ruh fəlsəfəsi»nin bölümlərində ruhun inkişafının ardıcıl mərhələləri öz əksini tapmışdır. Hegel ruhun tədqiqinə subyektiv ruhla başlayarkən qeyd etmişdir ki, «subyektiv  ruh» da ideyanın gerçəkləşməsi kimi dərk edilməlidir.
Başlıca mövzu insan olan «Ruh fəlsəfəsi»ndə ictimaiyyətin tarixi- ictimaiyyətin mənəvi inkişaf tarixi kimi qiymətləndirilimişdi. Fərdi və ictimai şüurun, bəşəriyyətin əqli cəhətdən inkişafı haqqında idealist nəzəriyyənin əsaslarını verən Hegel ümumdünya tarixini üç əsas dövrə bölürdü:
1). Şərq dövrü.
2). Antik dövr.
3). Alman dövrü.
Hegelə görə Şərq dövründə yanız despot, yəni bir nəfər, antik dövrdə və ya yunan-roma dövründə bəziləri, alman və ya xristian dövründə isə hamı azaddır. Azadlığın mənasını ruhun özünüdərkində görən filosof onu dərk olunmuş zərurət sayırdı. Alman və ya xristian dünyasını üstün tutan filosof Şərq xalqlarına çox soyuq və etinasız bir münasibət bəsləyirdi. Şərq xalqlarını Hegelə görə azadlığın mahiyyətini başa düşmürlər və elə bu səbədən də onlar hamısı quldur. Bunun tam əlsini təşkil edən alman dövründə isə hamı özünün mənəvi dünyasının mahiyyətini dərk edir və elə buna görə də bütün xristian dünyası azaddır. Filosof şərq xalqlarını tərəqqisi olmayan və sanki gələcəyi də qaranlıq və cəhalət içərisində olan xalqlar kimi təsvir edirdi.
Haqqında söhbət açacağımız «Ruh fəlsəfəsi» əsərində dialektik inkişaf edən ruhun üç əsas pilləsi göstərilir: subyektiv ruh (antropologiya, fenomologiya, psixologiya), obyektiv ruh (hüquq, əxlaq, mənəviyyat) və mütləq ruh (incəsənət, din, fəlsəfə). «Fəlsəfə elmləri ensiklopediyası»nın bu mərhələsində («Ruh fəlsəfəsi») «mütləq ideya» yenə də öz-özünə qayıdır, cəmiyyətin mədəniyyəti və ictimai şüurunda ictimai fəaliyyətin müxtəlif növlərində təzahür edir. Kant aqnostiziminin inkarını göstərən Hegel varlıq və təfəkkürün idealist eyniyyət prinsipini irəli sürərək, xarici aləm və təfəkkür qanunlarının vəhdəti ideyasına əsas önəm verirdi.
Hegelə görə insanın ruhdan ibarət olan mahiyyəti əsl insani mahiyyətdir. Bütün elmi və fəlsəfi biliklər də insanın insani mahiyyətinin, ruhunun dərkinə yönəlməlidir. hegel ruhu mənlik şüurunun, praktiki və nəzəri fəaliyyətin birliyi və şüurun zəkada həyata keçən vəhdəri kimi başa düşürdü. Filosofun fikrincə ruh öz-özünü dərk edərkən, hissi və təbii olanı aradan qaldıraraq öz-özünə qədər yükələ bilir. Ruhun varlığı isə onun idrak kimi başa düşülən əməlidir. Ruh yüksək fəaliyyətə malik olmaqla hər şeydən əvvəl mənlik şüurunun fəaliyyətidir.
Mahiyyət etibarilə  «mütəq  ruh»u materiyadan təcrid edən və ona qarşı qoyan filosof mütləqləşdirilmiş anlayış yaradırdı. Hegelin təfəkküründə Allah-insan ideyasının yaranmasına xristian dinin Allah-oğul tezisi öz təsirini göstərmişdi.
İdeyanın inkişaf sistemi olan «Ruh fəlsəfəsi» təfəkkürün dialektik metodu kimi çıxış edir. Hegelin bu metodundan yaranan paradoksal fikirə görə, ruh təbiətdən yaranır və ona görə yaranı ki, təbiətin özü də ruhdan yaranır.
Hegelin düşüncə tərzinə, formasına görə burada zidd olan heç  bir fikir yoxdur. Çünki, onun yartdığı fəlsəfi sistemdə ruh təbiətəqədərki substansiya, mahiyyəti kimi götürülən mütləq ideyanın başqa bir formasıdır. Elə bu səbəbdən də ruh təbiətdən yaransa da sonlu, fərdi və təkcə ruh olan insana, təbiətə və onun maddi təcəssümü olan insan bədəninə münasibətdə də ilkin olanıdır, birincidir. İnsanın, təbiətin seyrindən alınan xarici duyğuları daxili duyğulardan fərqləndirərək Hegel insanın fiziki hərəkətlərini onun ruhi təməlindən yarandığını qeyd edirdi.
«Ruh fəlsəfəsi»nin ilk bölümü olan «Subyektiv  ruh» antroplogiya ilə başlayır. Hegelin «Antropologiya» anlayışı müasir anlayışdan fərqli cəhətlərə malik idi. Müasir dövrdə antroplogiyaya biocoğrafi planda götürülən insan haqqında elm kimi başa düşülürsə, «Təbiət fəlsəfəsi» əsərində mütəfəkkir bu elmi insanın ruhi fəaliyyətinin tədqiqi ilə məşğul olan elm kimi qiymətləndirirdi. 
Filosof antorpologiyanın predmetinin özündə ruh və ya bilavasitə ruh adlanan təbii ruh olduğunu göstərirdi. Hegel subyektiv ruhun da üç hissəyə bölünməsi fikirini irəli sürürdü:
1) təbii ruh;
2) şüur;
3) ruh.
Subyektiv ruhun üç əsas hissəsini, formasını göstərərək təbii ruha irqi fərqləri aid edirdi. Və elə bu təbii ruhu bədən ruhunun substansiya kimi öz inkişafının ilkin forması adlandırırdı. İnsanın psixi həyat tərzini ciddi surətdə araşdıran bu qənaətə gəlir ki, insanda “antroploji inkişaf” ruhun fiziki bədənlə mübarizəsindən və onun üzərindəki qələbəsindən yaranır. 
Hegel «Antropologiya» adlı bölmədə «xüsusi təbii ruhlar» deyə adlandırdığı irqlərin və «yerli ruhlar» deyə adlandırdığı ayrı-ayrı millətlərin psixologiyasından, onlar arasında olan fərqlərdən bəhs edirdi. Təbii ruhi qabiliyyətlər adlandırdığı istedad və dühanın nisbətini araşdıraraq göstərir ki, bu ruhi qabiliyyətlər öz-özlüyündə dühaya və istadada çevrilmir. Yalnız məntiqi təfəkkürə tabe olduqdan sonra təkmilləşmə prosesi gedir.
Bu fikirləri inkişaf etdirən Hegel belə bir fikirə gəlir ki, elm və mədəniyyət şəraitində temperament öz mənasını itirsə də xarakterdə fərd öz davamlı müəyyənliyini əldə edir. Millətçi dünyagörüşünün dərin kök saldığı Hegel fəlsəəsində dialektik metod cəmiyyət elmlərində tətbiq edilməmiş və cəmiyyət hadisələri bu metoddan kənarda qalmışdır. Prussiya monarxiyasının bütün çatışmayan cəhətlərinə, naqisliklərinə və ziddiyyətlərinə baxmayaraq ən yüksək mütərrəqi quruluş hesab edirdi. Hegel bu ictimai siyasi qurluşu ictimai inkişafın zirvəsin və son nöqtəsi hesab edərək bundan sonra ancaq tarixin təkrar olması fikrini irəli sürürdü.
Hegel ruhun “antroploji inkişaf”ının müəyyən mərhələlərində inkişafını üç hissəyə bölmüşdü. İlk mərhələ olan təbii ruhun təbiətlə passiv mərhələsində insan təbiətinə iqlimin təsiri, irqdə və millətlərin xarakterində olan fərqlər, temperament, yaş və cins fərqləri, duyğuların fizioloji hiss orqanları ilə bağlılığı izah edilir. Yuxugörmə, ruhun ana bətnində varlığı, dühalıq, maqnetizm, dəlilik və vərdiş isə rih və bədənin vəhdətinə qarşı ruhun mübarizə apardığı ikinci mərhələdə göstərilir. Sonuncu mərhəldə isə təbii ruh öz fizikliyini itirir və özünü “mən” kimi anlamağa cəhd edir.
Dövlətin fərd üzərində üstümlüyünü sabit ideya kimi qəbul edən Hegel burjua dəyərlərinə münasibətdə nihilist xarakterli deyildi. O, dövlətin ilahi mahiyyət daşıdığı ideyasından çıxış edərək, ictimai müqavilə nəzəriyyəsini inkar edərək, onun ilahi mənşəyə malik olduğunu qeyd edirdi.
Reallıqda özünü iradə kimi yerinə yetirən zəka qüvvəsinin təcəssümünü dövlətdə görür və zəkanı isə dünyanın ilahi mahiyyətini təşkil edən qüvvə kimi görürdü. Cəmiyyətin inkişafını Hegel inqilablarda deyil, öz başlanğıcını ilahi zəkadan götürən zadəganların siyasi instiktlərindən doğan reformlarda görürdü. Müharibənin əxlaqi əhəmiyyəti olduğunu iddia edən filosof ifadə edirdi ki, xalqların əxlaqi sağlamlığını təşkil edən insan mənəviyyatını uzun sürən sülhdən yarana bilən çürümədən qoruyur.
Hegelə görə gəncin fikirində yaranmış ideya mövcud reallığın tam əksini, ziddiyyyətini təşkil edir və böyüklərin təsiri ilə bu ziddiyyət aradan götürülməlidir.
Hegel gənclərə gerçəkilik, həyat nə qədər dəyişkən və acı olsa da ona uyğunlaşmağı məsləhət görürüdü. Gənc nəsillərə itaət etməninin vacibliyindən söhbət açan filosof uşaqların təhsil və tərbiyə sisteminə, intizamına böyük diqqət yetirirdi.
Təkəbbürlü və lovğa gənclərdə olan ziddiyyət yaşlı nənəsildə özünü biruzə vermirdi. Dünyanı tam dəyişdirmək istəyən gənclərdən fərqli olaraq, tərəqqi və təkmilləşmə gedən yaşlı nəslin yaradıcılıq imkanları geniş olduğundan onlar inqilaba meyl etmirlər. Filosof  bununla göstərmək istəyirdi ki, ibtidaidən aliyə, sadədən mürəkkəbə doğru gedən inkişafın qabağında heç bir qüvvə dayana bilməz.
Hegel oyaqlığı «ruhun birbaşa formasını yaradan subyektivlik şimşəyi» yuxunu isə ruhun heyvani halı adlandırırdı. Ruhun antropoloji inkişafının sonuncu forması olan xalis təbii ruhun sonuncu forması kimi yuxu və oyaqlıq veeilmişdi. O, hesab edidi ki, özünü ətraf maddi aləmdən ayıran ruh məhz oyaq ruhdur. Oyaqlığı ruhun sadə vəhdətdə əks olan halı, yuxunu isə ruhun neytral vəhdətə salınmış vəziyyəti kimi dəyərləndirən filosofoyaq ruhu yuxu ilə müqayisədə tərəqqi kimi qələmə verirdi.
Subyektiv  ruhun təhlili ilə ruhun özinkişafının araşdırmalarına başlayan Hegel qeyd edirdi ki, «təkcə mütləq ruh deyil, subyektiv  ruh da ideyanın gerçəkləşməsi kimi dərk edilməlidir.» İnsanın şərhinə geniş yer verilən bu fəlsəfədə ruh fəaliyyətdə olaraq, göydə, yerdə- ümumiyyətlə mövcud olan hər şeydə özünü dərk edən qüvvə kimi göstərilir.
Ruh insanın mahiyyəti, azadlıq, heç bir zorakılığı qəbul etməyən düşüncə ruhun fəaliyyəti, bu fəaliyyət isə ruhun mahiyyətidir. Hegel ümumbəşəri ruhun tarixi inkişafında hər bir insanın inkişafının səbəblərini idealist fəlsəfi sistemə uyğun olaraq ictimai şüurda, mənəvi istehsalda görən filosof maddi istehsalın bu sahədəki rolunu inkar edirdi.  
Hegelin yaratdığı fəlsəfi sistemin ən ali forması olan ruh fəlsəfəsi «mütləq ideya»nın inkişafında üçüncü və sonuncu mərhələni yaradır. «Mütləq ideya» təbiəti dərk edərək ruhun özgələşmiş formasından özünə qayıdır. «Mütləq ideya» insan şüurunun və fəaliyyətinin müxtəlif növlərində öz mahiyyətini dərk edir və «mütləq ruh» zirvəsinə ucalır. Ruh fəlsəfəsinin «subyektiv ruh» bölümündə antropologiya məsələlərinin şərhinə toxunulur, bu mövzunun izahı zamanı da Hegel öz idealist fikirlərindən əl çəkmir. Hegelin antropologiya mövzusunu «Təbiət fəlsəfəsi»ndə izah etməməsi təsadüfi bir xarakter deyildi. Antropologiyanı insanın ruhi həyatını öyrənən elm kimi qiymətləndirən Hegel ruhun bütün fəaliyyətinin təbiətlə bağlı olduğunu da inkar etmir, ruhu və bədəni vəhdətdə götürürdü.
Elə bu səbəbdən də ayrı-ayrı coğrafi regionda yaşayan insanlar bir-birindən fərqli xüsusiyyətlərə malikdirlər. «Ruh öz substansiyasında, təbiət ruhunda ümumi planetar həyatla, iqlim fərqlərilə, fəsillərin, sutkaların və s. dəyişməsi ilə- onda bir qədər tutqun ovqatda olan təbii həyatla yaşayır» (18, səh.103). Hegelə görə insanın ətraf mühitdən, coğrafi regiondan asılılığının qarşısını yalnız bir yolla- savad və təhsil əldə etməklə almaq olar. Hegelə görə ruh təbiətin həqiqətlərini özündə əks etdirir və təbiətlə münasibətdə mütləq birinci kimi çıxış edir. İdeyanın təsvirindən ibarət olan xarici təbiət ruhdan öncə mövcud olmuşdur. Ən ümuminin və ya məntiqi ideyanınsa hər ikisindən əvvəl mövcud olması dialektik inkişaf nəzəriyyəsini ortaya çıxarırdı. Hegel bu qənaətə gəlir ki, ruh özü-özünü anlayan ideyadan başqa bir şey deyildir. Hegelə görə ruh təbiətin bir hissəsi olan heyvanlara da məxsusdur, lakin heyvan ruhu azadlıq duyğusundan mərhumdur, heyvanın duyduğu, hiss etdiyi anlayış, predmet haqqında sadə təsəvvürləri belə yoxdur. Şüurun və mənlik şüurunun düşüncədə yaranan vəhdəti, praktik və nəzəri fəaliyyətin vəhdəti olan ruh ümumdünya tarixini yaradır. Ruhun varlığının əsas xüsusiyyəti idrak üçün fəaliyyətdə olmasıdır. Bu fəaliyyət zamanı ruh özündə təbii və hissi olan hər bir şeyi ortadan qaldırır, dərk etmə prosesində özünə qədər yüksəlir. Mütləq olan hər bir şeyin ən yüksək, ən ali forması ruhdur.
Hegel ruh anlayışının izahını verdikdən sonra «təbii ruh»un izahını verməyə başlayır. Subyektiv ruhun üç forması olduğunu söyləyərək, buraya «təbii ruh», «şüur» və «ruh» anlayışlarını aid edir. «Təbii ruh»un əsas fərqləndirici xüsusiyyəti onun cismanilikdə irqi fərqlər kimi ortaya çıxmasıdır. Elə antropologiyanın izahı da buradan başlayır. Hegel antropologiyanın izahına astrologiyanın inkarı ilə başlayır, planetlərin və ulduzların canlıların fəaliyyətin heç bir təsir göstərə bilmədiyini sübut etməyə çalışır. İnsan ruhu özünü təbiətə hökmran bir qüvvə kimi göstərməli, astronomik və kosmik dəyişikliklərə əhəmiyyət verməməlidir.
Yerin öz təkində baş verən metroloji təsirlərə gəldikdə isə bunun bütün canlılara təsirinin əhəmiyyətli olduğundan söhbət açır, yunanların və romalıların antik dövrdə təbiət hadisələrinə nə qədər bağlı olduğunun yersiz olmadığı vurğulanır. Bu zaman Hegel belə bir qənaətə gəlir ki, tarixdə baş verən bütün hadisələr, məğlubiyyət və qələbələr belə yer, atmosfer, fəsil və iqlim dəyişiklikləri ilə bağlıdır. Yerdə baş verən metroloji dəyişikliklər ordunun və sərkərdənin fiziki və mənəvi cəhətdən təsir edir, hər iki tərəfin taleyi də elə bu təsirdən asılıdır.
İnsan irqlərinin müxtəlifliyi, fiziki və zahiri görünüşdəki fərqin yaranmasına xüsusi təbii ruhlar səbəb olmuşdur. Kafkaz, həbəş və monqol irqlərinə bölünən insanların foziologiyasından olan fərq onların psixologiyasına da təsir etmiş, mənəvi baxımdan da fərqə səbəb olmuşdur. Hegelə görə həbəş irqinin insanları ruh cəhətdən aşağı təbəqəni təşkil edirlər. Dünyanın ən gənc irqi olan zəncilərdə fetişləşdirilmə daha çox yayılmışdır. «Onların dinində də bir uşaqlıq var, onların duyduğu ali bir şeyi saxlaya bilmirlər, bir anda şüurlarından gəlib gedir. Ali olanı qarşılarına çıxan ilk daşa keçirir, fetişləşdirir və əgər o daş onlara yardımçı olmursa stayiş etdikləri bu daşı atırlar» (18, səh.111). Zənci irqinin nümayəndələri mənəvi cəhətdən əsarətdədirlər, bu əsarətdə olan yalnız xristian dinini qəbul etdikdən sonra azad ola bilərlər. Zənciləri ruhu özünə qapılmış haldadır və inkişafdan meyli ən aşağa səviyyədədir.
Monqol irqinin mənəvi xüsusiyyətlərini pedantizm və rahatsızlıqda günahlandıran Hegel bu irqə mənsub olanların ruhunda inkişafa doğru bir meyl olduğunu göstərir. Lakin bu inkişaf öz hədəfinə tam çata bilmir və nəticədə ruh öz azadlığının mütləq dərkinə nail olmur. Azadlığın dərk olunmasını dini dünyagörüşlə bağlayan Hegel belə bir fikir irəli sürür ki, monqol irqinə formalaşmış allah predmeti sonlu təbiətə malikdir. Buradakı allah anlayışı təbiətdən ayrılsa da yenə təbiətə doğru meyl edir, nəticədə isə ruh əsl azadlığını tapa bilmir. Elə bu səbəbdən də monqol irqinin insanları da özünün şəxsiyyət olduğunu qavraya bilmir.
Ən ali irq olan kafkaz irqində isə ruh tərəqqiyə və yaratmağa doğru meyl edir. Bu irqin nümayəndələri olan insanlar - yəhudilər, müsəlmanlar və xristianlar ən ümumi olanı düzgün anlayır. Hegel Şərq xalqlarına etinasız münasibət bəslədiyi halda İslam dininə böyük qiymət verir. Müsəlmanların xüsusilə də ərəblərin Allaha sonsuz bir hisslə bağlı olduqlarını, özlərinin bütün varlıqlarının allah üçün yaranması fikri müsbət bir xarakter kimi izah olunur. İslam dininin ən zəif cəhəti Hegelə görə allah anlayışının konkret bir formada olması idi. Qafqaz irqinin digər nümayəndələri olan xristianlar isə ən müəmməl bir təbəqədə yerləşirlər. Bir xristianın və ya avropalının ruhunun mahiyyəti elə özünüdərkdən ibarətdir. «Avropa ruhu özünü dünyaya qarşı qoyur, ondan azad olur, ancaq yenicə bu əksiliyi bərtərəf edir, özünə, öz sadəliyinə, öz başqasına, çoxluğa qayıdır. Buna görə də burada başqa irqlərə yad olan biliyə sonsuz canatma hökm sürür. Avropalını dünya maraqlandırır, o dünyanı anlamağa qavramağa, özündə əks olanı özününkü etməyə, dünyanın bütün xüsusi hadisələrində cinsi, qanunu, ən ümumini, fikri, daxili məntiqi seyrə can atır» (18, səh.115).
Malay və amerika irqlərini də xarakterizə edərək bunların mənəvi əsarətdə olduqlarını, bu əsarətdən çıxış yolununsa yalnız xristianlıqda və avropalaşmada olduğunu vurğulayır.
Hegel ayrı-ayrı xalqları yerli ruhlar deyə adlandırır və yerli ruhların mənəvi xarakteristikasını verərkən, onların düşüncə səviyyələrini, həyat qabiliyyətlərini özünəməxsus bir tərzdə yorumlayır. İnkişaf etmiş yerli ruhlar deyə adlandırdığı yunan, italyan, ispan, ingilis, fransız və alman xalqlarının eyni ardıcıllıqla xarakterizə edir. Yunanların tarixi keçmişinə daha çox nəzər yetirən Hegel italyan, ispan, ingilis, fransız və alman xalqlarını «Avropanın xristian xalqları» deyə adlandırır. Və bu xalqların psixoloji, mənəvi, fiziki xarakteristikasını, dini və siyasi dünyagörüşünü müzakirə edir. «Hegel deyir ki, Ruh özünüanlamada irəliləmək üçün bir ulusu seçir və onun maddi, mənəvi irəliləyişində özünü bilmək yolunda irəliləyir. Həmin xalq daha ruhu irəliyə apara bilməyəndə, Qut onu özbaşına buraxır, təsadüfi məqsədlərin ixtiyarına verir, başqa ulusu seçir, onun etdukləri, gördükləri və anladıqları ilə irəliləyir. Beləcə, Şərq xalqları ilə ucalıb, sonra yunanlara, sonra romalılara keçir» (22, səh.226)
Milli və irqi xüsusiyyətlər o dərəcədə möhkəm təsirə malikdirlər ki, təbii və yerli ruhlar dəyişik mühitə düşsələr belə, bu heç bir xarakteri dəyişdirmir. Təbii və yerli ruhların xarakteristikasını verərkən, ilk öncə onların tarix səhnəsindəki çıxışları nəzərə alınır, ümumdünya tarixinin izahına böyük önəm verir. Avropa millətlərinin, yerli ruhların psixologiyasından, mənəvi keyfiyyətlərindən bəhs edərkən mükəmməl və tamamlanmış millətin alman milləti olduğundan bəhs edir. Digər avropa millətlərinin, xalqlarının mənfi keyfiyyətləri olduğu halda almanların heç bir mənfi xarakteri olmadığını iddia edir. Düşüncəsinin, təfəkkür tərzinin dərinliyi ilə seçilən almanlar nəinki avropanın, hətta bütün dünyanın yerdə qalan bütün digər millətləri içərisində fərqli və üstün xarakterlərə malikdir və əgər belə demək mümkünsə, ən ali və tam inkişaf etmiş «yerli ruh»dur.
Hegel «yerli ruh»lar deyə adlandırdığı ayrı-ayrı millətlərin xarakterini özünəməxsus bir tərzdə izah etdikdən sonra insanları temperamentinə görə də fərqləndirir. «Təbii ruh», «yerli ruh» anlayışlarından sonra üçüncü və son bölgü «fərdi ruh» anlayışının izah edilməsinə başlayır. Əgər «təbii ruh» irqləri, «yerli ruh» xalqları təmsil edirdisə «fərdi ruh» insanların özünəməxsus xüsusiyyətləri, talantı və temperamenti ilə izah olunurdu. «Fərdi ruh»un xarakterinin formalaşmasında təbii və yerli ruhların da təsiri öz əhəmiyyətini göstərir. Hegelə görə fərdi ruh öz fərdiliyi ilə müxtəliflik yaratsa belə buna o qədər də diqqət yetirmək lazım deyil. Fərdi ruhun yaratdığı fərqlər mükəmməl bir təhsilin sonunda dəyişilə bilər, yəni fərdi ruhun yaratdığı fərqlər müvəqqətidir. Elə bu səbəbdən də fərdi ruhun yaratdığı fərqlərə müəllim əhəmiyyət verməməli, bu fərqlər yalnız ailədə nəzərə alınmalıdır.
Fərdi ruhun xarakterlərinin fərqlənməsində temperament, talant və düha anlayışları önəmli bir əhəmiyyət kəsb edirlər. Temperamentlərin sanqvik, fleqmatik, xolerik və melanxolik deyə dörd hissəyə bölür və bunların hər birinin psixoloji xarakterləri haqqında məlumat verir, onların fərqli və oxşar cəhətlərini müzakirə edir. Temperamentin dörd növə bölünməsini qədim yunan fəlsəfəsindəki dörd fəzilətlə bağlı olduğunu iddia edir. Hegelə görə temperamentin bölgüləri arasında əsas fərq təbii ruhların öz işinə nə dərəcədə bağlı olması zamanı ortaya çıxır.
Hegelin nöqteyi-nəzərindən belə fikir ortaya çıxır ki, temperamentlər arasındakı fərqlər savadlanma nəticəsində ortadan qalxdığı halda xarakterlər arasında olan fərqlər dəyişməz qalır. Fərdlər arasında olan psixoloji fərqlərin əsasını da elə xarakterdəki dəyişikliklər təşkil edir. Xarakter insanın mahiyyətini, onun ümumi məzmununu təşkil edir, xaraktersiz insan nə bir fərd kimi mövcud olur, nə də bir şəxsiyyət kimi formalaşa bilir.
Təbii özəlliklər deyə adlandırdığı talant və düha anlayışları insanlarda olan təbii qabiliyyətin məcmusu kimi izah olunur. «Talant və dühalıq təbii ruhun təbiətdən aldığı müəyyən yönəlişləri bildirir. Amma düha talantdan genişdir: sonuncu yalnız xüsusi sferasında yenini yaradır, düha isə yeni üslub yaradır. Lakin həm talant, həm də düha hər şeydən öncə sadə qabiliyyətlər olduğundan, əgər onların məhvi, mənəvi dağılması və ya pis bir orjinallığa keçməsi istənilmirsə qəbul edilmiş ümumi bir üsulla təkmilləşdirilməlidir» (18, səh.124). Yaradıcılıq istedadının yüksək dərəcələri olan talant və düha yalnız insana aid olub, onun istedadının spesfik xüsusiyyətlərinin göstəricisi roluna malikdir. Lakin, talantı ağıldan üstün tutmaq, dühanınsa hər şey demək olduğunu zənn etmək yanlış fikirdən başqa bir şey deyildir. Talantdan üstün keyfiyyətlərə malik olan dühanın irəli getməsi üçün məntiqi təfəkkürün rolu vacibdir. Ağılın talantdan üstünlüyü onunla xarakterizə olunur ki, ağıl dünyanı dərk etməyə, dünyanın mahiyyətini anlamağa can atır. Bu isə sadə qabiliyyətlərin öhdəsindən gələ biləcəyi bir iş deyildir. Məntiqi təfəkkürün dühadan üstün olması da buna bənzər bir hadisədir. Məntiqi təfəkkür insanın nə haqda düşündüyünü və insan ağlının predmetinin nədən ibarət olması məsələsini müəyyənləşdirir. Bunlarsa dühanın deyil, məntiqi təfəkkürün fəaliyyət sferasına daxildir. 
Hegel təbii ruhun izahından sonra yeni bir mövzuya «Təbii dəyişkənliklər»ə müraciət edir. Əgər əvvəlki mövzuda millətlərin, irqlərin və fərdlərin xarakteristikasından bəhs edirdisə, bu mövzuda ayrı-ayrı yaş dövrlərinin psixologiyasını verir və ruhun bədəndəki inkişafının mahiyyətinin nədən ibarət olduğunu izah edir. Burada Hegelin pedaqoji fikirlərinə də təsadüf edilir, insan həyatında təlim-tərbiyənin böyük rol oynadığından söhbət açılır. Ruhun mənəvi inkişafında maarifin rolu dəyişdirici və istiqamətverici bir mövqeyə malikdir. İnsanların yaş dövrlərini uşaqlıq – gənclik – qocalıq kimi sıralayaraq fərdi ruhun inkişafının əsas əlamətlərini izah edir. Hegelə görə fərdi ruhda ideal olanın fəaliyyətə başlaması ilk uşaqlıq çığırtısı ilə başlayır. İnsanlar uşaqlıq dövründə ilk çığırtı ilə ətraf aləmdən öz tələbatlarını tələb edirlər. İnsanlar bu ilk səsə məsuliyyətli bir şəkildə cavab verməli, onun mənəvi və maddi tələbatlarını ödəməli, gələcək həyata mükəmməl bir fərd kimi yetişdirməlidirlər.
Hegel ana bətnindəki uşağı bitkilərə bənzədir, bu dövrdəki, bu şəraitdəki insan orqanizmi ilə bitki orqanizmi arasında bir yaxınlıq görür. Yenicə anadan olmuş uşaqsa heyvan orqanizmi ilə bir oxşarlıq təşkil edir. İnsanın dünyaya gəlməsini, onun ana bətnindən yeni bir dünyaya, fərqli bir həyat tərzinə ayaq basmasını Hegel böyük inqilab hesab edirdi. Artıq bu həyat tərzində ətraf aləmdən ilk informasiyalar əldə etməyə başlayır. Uşaqda yaranan hissiyyat anlayışı ətraf mühitin predmetlərindəki fərqi duymağa xidmət edir və bu zaman ilk duyğu anlayışı formalaşır, ilk duyğu üzvü olan lamisə ortaya çıxır. Ruhi inkişafın nəticəsində insan sadə məlumatlar əldə edir və müstəqil varlıq kimi özünü anlamağa başlayır. Uşağın əldə etdiyi təcrübə onun bədənində ideal olanın varlığına bir sübutdur. İdeal olanın ilk təzahür forması olan dildir, dil vasitəsilə uşaq öz daxili mənini əks etdirir. Elə bu «mən»i dərk etmək qabiliyyəti uşaqda ruhi inkişafın ən önəmli bir mərhələsidir.
Uşağın ilk fəaliyyəti olan oyun zaman keçdikcə öz yerini təlimə verməlidir. «Bu vaxtdan etibarən uşaqlar hər şeyi özəlliklə də (bir-birindən fərqli) tarixləri bilməyə həvəsli olurlar: onlar üçün özlərinin bilmədikləri təsəvvürlər önəmli olur. Ancaq burada ən başlıcası onlar nə olmalıdırlarsa hələ o deyillər hissinin baş qaldırması, aralarında yaşadıqları böyüklər kimi olmaq istəyidir. Buradan da uşaqlarda təqlidçiliyə canatım yaranır» (18, səh.134). Uşaqlarda təqlidçiliyə meyl yarandığı vaxt tərbiyə vacib bir qüvvə kimi ortaya çıxmalıdır. Bütün uşaqların təsəvvüründə ideal bir şəxs durur, bu ideal şəxs uşağın hansı sahəyə meyl etməsinə səbəb olur. Elə bu səbəbdən də tərbiyə avtoritar bir qüvvə tərəfindən aparılmalı, eyni zamanda uşaqları sərbəst düşünməyə, müstəqil fikir irəli sürməyə alışdırmaq lazımdır. 
Uşağa verilən tərbiyənin içərisində intizam böyük bir mahiyyət kəsb etməli, inadçıllıq, azğınlıq, ədabazlıq kimi mənfi hərəkətlərə xitam verməlidir. Müdrikliyə gedən yol itaətkarlıqdan keçir, itaətkarlıq və intizama alışmasalar gerçəklikdəki hadisələrin əsl mahiyyətini düzgün qavraya bilməz, obyektivliyin dərkinə biganə qalarlar. Hegelə görə uşaqlıq dövründə təbii ruh mahiyyətcə xeyir və şər qisimlərinə bölünmür, bu dövrdə təbii ruh xeyir və şərin nədən ibarət olduğunu dərk edə bilmir. Elə bu amili nəzərə alaraq uşaqlıq dövründə təbii ruha istiqamət verməli, onda yarana biləcək şər ünsürlərə qarşı ehtiyatlı olmalı, əvəzində isə xeyirin nədən ibarət olduğunu onlara öyrətmək və xeyir keyfiyyətləri aşılamaqdır. 
Tərbiyədən sonra uşaqların həyatına təsir edə bilən ən vacib ünsür təlimdir. Elə məhz təlim sayəsində uşaqlar düşüncə və təfəkkür qabiliyyətlərinə yiyələnə bilərlər. Təlim zamanı heç bir ləngiməyə yol verilməməli, təlimdə gerçəkliyin bütün həqiqətləri uşağın təsəvvüründə erkən və düzgün canlandırılmalıdır. Buna isə ailədə deyil, məktəbdə nail olmaq daha caiz və daha məqsədəuyğun hesab olunur. Məktəbdəki pedaqoji proseslərdə bütün uşaqları eyni qaydaya tabe edir, eyni tədris üsulları, eyni dərs vasitələri ilə təlim diktə olunur. Hamının eyni bir dəyərə malik olduğu məktəb mühitində ailədən fərqli olaraq vətəndaş cəmiyyətinin ünsürlərinə də rast gəlinir, uşağın ailə mühitindən məktəb mühitinə cəlb olunması prosesi onun cəmiyyətdə ilk çıxışı kimi izah olunur.
Hegelə görə gənc insanın ruhu hər zaman yaşadığı mühitlə əkslik, ziddiyyət təşkil edir. Gəncin şüurunda yaranmış ideya dünyanı dəyişdirməyə, inqilab etməyə meyl edir. Hər bir fərdin həyatına cinsi yetkinlik dövrünün başlaması artıq uşaqlıq dövrünün bitdiyini və gənclik dövrünün başladığına bir işarə hesab oluna bilər. Uşaqlıq dövründən fərqli olaraq gənc daima öz ətraf mühiti ilə ziddiyyət içərisində yaşayır. «Onun idealında olan substansional ən ümuminin mahiyyətcə dünyada artıq öz inkişafını tapdığını və gerçəkləşdiyini gəncin xəyalçı ruhu anlamaq durumunda deyil. Bu ən ümuminin gerçəkləşməsi onun üçün öz idealından geri qalmış görünür» (18, səh. 137). Gəncin təfəkküründə yaranmış bu ideya dünya ilə ziddiyyətin əsasını təşkil edir, onun uşaqlıq dövründəki «dünya ilə harmoniya» fikrindən alıb uzaqlara doğru götürməyə başlayır. Hegelə görə gəncin şüurunda yaranmış bu ziddiyyətin, bu əksliyin qarşısını almaq üçün onun mükəmməl bir təhsilə ehtiyacı vardır. Yalnız bundan sonra gənc özünün yaratdığı ideal təsəvvürlərdən xilas ola bilər və özünü inqilaba olan meylindən azad edər. Bunun üçün gəncin şüurunda ruh düşgünlüyünü vacib bir qüvvə kimi ortaya çıxartmaq lazımdır. Öz idealını gerçəkləşdirməyə can atan gəncin fəaliyyət zamanı xırdalıqlarla qarşılaşması hadisəsi ruh düşgünlüyünü bir proses kimi ortaya çıxarır, lakin təbii cəhətdən zəif olan insanlarda ömrü boyu davam edir. Hegel belə qənaətə gəlir ki, fərd gənclik dövründən başlayaraq, dünyanı bitgin bir şəkildə qavramağa başlamalıdır.
Hegelə görə dünyanı qavramağa başlayan gənc artıq yaşlı insan olur. Dünyanı dərk edən yaşlı insan artıq öz idealının mənasız olduğunu anlayır, idealının məhvi ilə bağlı fərddə yaranmış kədər duyğusu yaş ötdükcə itib-batır. Hegel belə qənaətə gəlir ki, ayrı-ayrı fərdlərin fəaliyyəti üçün geniş bir məkan var və bu məkanda inkişafa aparan hər cür fəalliyyətə qadağa qoyulmamalı, əksinə hüdudsuz bir şərait yaradılmalıdır. Özünün yaratdığı dialektik sistemə görə yaşlı nəsil mükəmməl bir dünyagörüşünə sahibdir, gerçəklikdəki bütün predmetlərlə onun qarşılıqlı təsiri məqsədəuyğun bir tərzdə aparılır. Onu da qeyd etmək yaxşı olardı ki, Hegel yaşlı insan dedikdə orta yaşlı və yuxarı yaşlı insanları nəzərdə tuturdu.
Bütün bunlarla birlikdə yaşlı nəsildə dünyanı dəyişdirmək, onu yenidən qurmaq, yəni, inqilab etmək kimi fikirləri yoxdur. Hegelə görə bunun əsas səbəbi yaşlı nəslin fəaliyyət dairəsinin daha da genişlənməsi ilə yaradıcılıq imkanlarının ən ali səviyyəyə çatmasıdır. Yaşlı insan qocaldığı zaman onun həyatı maraqsız olmağa başlayır, bir zamanlar onun yaratdığı idealı artıq həyata keçməyib, gələcəkdə keçməsinə, mövcud olmasına isə heç bir ümid yoxdur. Lakin o həyatda topladığı təcrübəni gənc nəslə öyrətməyə artıq dərəcədə həvəslidir, çünki o, artıq bir müdrik kimi təkmilləşmiş həyatını yaşayır. Gənc fərdlər təlim-tərbiyə prosesində öyrəndiyi hələ azdır, onların müdrik və yaşlı insanın nəsihətinə hər zaman ehtiyacları vardır və bu ehtiyac ödənilməsi verilmiş təlim-tərbiyənin heç bir əhəmiyyəti olmaz, elə buna görə yaşlı nəslin müdrik insanları gənclərin həyatına ağıllı müdaxilə etməli, yaddaşlarına hopmuş təcrübəni gənc nəslə ötürməlidir.
Hegel yaş dövrlərinin sonunda insanın «canlı təkcəliyin abstrakt inkarı» olan ölüm hadisəsinin yaranmasının labütlüyünü vurğulayır. «Canlı varlığın təbiətdə üç forması vardır: hissetmə, qıcıqlanma və özünü törətmə» (17, səh.399). Özünü törətmədən sonra canlı varlıq təkcə olduğundan sonsuz bir güc olan ümumi varlığın iradəsinə tabe olur. Çünki insan həyatı ziddiyyətlərdən ibarətdir, ölüm isə bu ziddiyyətləri aradan qaldırır. 
Hegel xalis təbii ruhun axırıncı formalarının yuxu və oyaqlıq olduğunu göstərir. Yuxu ruhun neytral və heyvani bir halıdır, bu zaman ruhi fəaliyyətin nəticəsində yalançı və saxta təsəvvürlər formalaşır. Yalnız nadir hallarda yuxunun gerçək həyatla bağlantısı ola bilər, çünki təfəkkür və düşünmək yalnız insana aid olan bir xüsusiyyətdir. Oyaqlıq zamanında isə ruh predmetlə ya əksilik, ya da vəhdət təşkil etməlidir. Oyaqlıq durumunda insan özünü mən kimi qavrayır, başqa sözlə desək təfəkkür fəaliyyətə keçir. Ruhun oyaq vəziyyətində konkretlik, aydınlıq, şüur fəaliyyəti kimi proseslər vaş verir, bu proseslərə yuxu halında rast gəlmək olmur.
Yuxu ilə oyaqlıq arasındakı oxşar cəhət isə orqanizminin üzvi həyat deyilən vəziyyətində ortaya çıxır. Üzvi həyata – həzm sistemi, qan dövranı, tər ifrazı və tənəffüsü aid edən Hegel bu proseslərin yuxuda da davam etdiyini söyləyir. Hegelə görə üzvi həyatda baş verən proseslər orqanizmin bütün ömrü boyu davam edir və bu proseslərin öz dövrünü başa vurması ölüm hadisəsini ortaya çıxarar. Bu isə həm yuxunun həm də oyaqlığın inkarı deməkdir.
Düyğu insan və heyvan ruhlarında eyni əhəmiyyət kəsb edir. Duyğu hiss üzvüləri vasitəsilə baş versə belə Hegel hiss orqanlarını ideallaşdırmaq kimi qeyri-adi bir fikir irəli sürür. Lamisədən başqa bütün hiss üzvləri perdmetlə birbaşa təmasda olmasını da elə bununla izah edir. 
Hegel duyğu ilə əlaqədar olaraq «hiss edən ruh» anlayışını da ortaya çıxarır, onun mahiyyətini təhlil edir. Hiss edən ruh duyan ruh insanın şüuraltı «mən»i ilə xarakterizə olunur. Mahiyyətcə abstrakt olan hissi ruh «düha», «dəlilik» və «vərdiş» formalarında təzahür edir. Düha insanda «mən»in yaranmasında bir mərhələ təşkil edir, buradakı «mən» anlayışı ibtidai bir səviyyədə «mən» hələ hissi həyatını yaşayır. Müasir dövrdə canlı maqnetizm deyə adlandırılan hadisəyə Hegel «heyvani maqnetizm» adını verir və qeyd edir ki, dühada passiv həyat keçirən «mən» özünü «heyvani maqnetizm» hadisəsi zamanı biruzə verir. Hegelə görə «heyvani maqnetizm» hadisəsinin əsas mahiyyəti bir «mən»in başqa «mən»in təsir obyektinə çevrilməsidir. 
Heyvani maqnetizm hadisəsinə böyük önəm verən Hegel bu hadisəni müxtəlif vəziyyətlərdə, müxtəlif situasiyada izah edir. Tarixdə zaman kahinlərinin bu işi mükəmməl bildiyinə və bu hadisə ilə yüksək düşüncəli adamların məşğul olduğuna nümunələrlə sübut etməyə başlayır. Əsas mahiyyəti ruhun gipnoz altına almaqdan ibarət olan bu hadisə ruhi və cismani olanı vəhdətə olmasına bariz nümunədir. Bu olayın heyvanlar üzərində təsir etməsi onlarla ruhi olanın varlığına bir daha sübutdur. 
Hegel ruhi xəstəliklərin mahiyyətini izah edərkən qeyd edir ki, bu yalnız orqanizmin hansısa bir üzvünün fizioloji yaşamının məhvi ilə ortaya çıxa bilər. Çünki, orqanizmi bütün bir sistem təşkil edir, bu sistemin pozulması ilə müxtəlif səpkidə psixi xəstəliklər ortaya çıxır. Hegel nəinki ruhi xəstəliklərin, hətta, psixoloji hadisələrin izahını verərkən P.K. Anoxinin nəzəriyyələrinə isnad edir. Ruhi xəstəliklərin ağılzəifliyi, dağınıqfikirlik, anlamazlıq, sərsərilik, ağılkütlüyü, azğınlıq və ya quduzluq kimi formaları olduğunu göstərir, bunların hər birinin xarakteristikasını verir. Bu xəstəliklərin hər biri üçün ortaq cəhət insanın ruhi həyatının sağlam şüurdan, dərakədən ayrı düşməsidir. Bu zaman insan öz mənəviyyatı ilə ziddiyyətdə olur, öz-özü ilə uzlaşa bilmir. Nəticədə isə hansısa bir müəyyənlik tərəfindən əsarət altına alınan orqanizm hansısa bir kənar qüvvənin təsiri altına düşür.
Hegelin ruhi xəstəliklərin mahiyyəti haqqında verdiyi izah məşhur fransız psixiatrı Filip Pinelin fikirləri ilə üst-üstə düşür. Hegelə görə düşüncəli şüurun qeyri-adi hərəkətini dəlilik kimi izah etmək olmaz, dəlilik yalnız duyan şüurun üzərində təsir obyektinə malikdir. Düşüncəli insanın özü və ətraf aləm barəsində yanılması hadisəsi heç də dəliliyə dəlalət eləmir, insan dərin düşüncəyə az əhəmiyyətli hadisələrə diqqət yetirməməsi hadisəsi Arximed və Nyuton kimi dahilərdə də təsadüf edilən bir psixi prosesdir.
Hegelin yaratdığı məntiqi inkişaf prosesində «düha» və «dəlilik»dən sonra «vərdiş» anlayışı ortaya çıxır. Ruhun inkişafında ali pillə təbəqəsini təşkil edən vərdiş maddiliyin ideallığa çevrilmiş formasıdır. «Ruhun özünü beləliklə abstrak ən ümumi varlıq hesab etməsi və hissdəki (həmçinin şüurdakı) bütün xüsusini yalnız ondakı bir tərifə müncər etməsi- vərdiş adlanır. Beləliklə ruh məzmuna malik olur və onu özündə elə saxlayır ki, belə təriflərdə o duyan ruh kimi mövcud olmayıb, ona müəyyən bir münasibətdə olur, onlardan fərqlənməyib, onlara dalmış olmayıb ancaq onları özündə saxlayır və onlarda hər bir duyğu kimi qeyri - şüuri hərəkət edir» (18, səh.244-245). Bu fikri ilə vərdişi ideallaşdıran Hegel duyan ruhu gerçək ruha çevirir, elə burada da antropologiya haqqındakı fikirlərini bitirərək inkişaf dialektikasının final mərhələsinə çatdırır. Burada «mən» bədəni özünə tabe etsə də fiziki və maddi olandan tam azad ola bilmir və öz cismaniliyini qoruyub saxlaya bilir. 
Ümumiyyətlə Hegelin vərdiş anlayışına verdiyi izah burada «Təbiət fəlsəfəsi»ndə verdiyi izahdan tamamilə fərqlənir, antropologiyada ruhun inkişafı kimi izah edildiyi halda «Təbiət fəlsəfəsi»ndə ölümün ilk təzahürü kimi göstərilirdi. Antropologiyada isə vərdiş «hiss edən ruh» «gerçək ruha» çevrilməsi prosesində bir körpü rolunu oynayır.
Ruhun fəaliyyətinin bütün mərhələlərində təsadüf edilən vərdişin sayəsində bədən ruhun nüfuz dairəsinə tabe edilir və nəticədə təbii ruhun insan üzərində hökmranlığı yaranır. Bu insanın mimikasında, vərdişin yaratdığı digər fiziki hərəkətlərdə də müşahidə olunur. Artıq təbii ruhda cismani və maddi hərəkətlər öz dəyərini itirir, bu isə insanda şüurun və mənlik şüurunun yaranmasına bir işarə hesab oluna bilər. Antropologiyanın inkişafında üçüncü və sonuncu mərhələ olan gerçək ruh insanda iradi hərəkətlərin yaranmasına səbəb olur. İmkan halında olan «mən» burada artıq «gerçək mən» formasında ortaya çıxır, təbii ruh burada artıq öz inkişafını başa vurur.
Antropologiyadan sonra baş verən proseslər «Ruhun fenomenologiyası» adı altında adlandırılır. Hegel  «Ruhun fenomenologiyası» deyə adlandırdığı bu bölümdə şüur və şüur hadisələrini müzakirə edir, fenomologiyanın inkişaf mərhələləri olan şüur, mənlik şüuru və ağıl haqqında məlimat verir. Artıq burada təbii ruhun yaratdığı təbiilik və maddilik tamamilə ortadan qalxmışdır. Maddiliyin, cismaniliyin aradan götürülməsilə ruhun inkişaf tarixində antropologiya öz inkişaf dövrünü başa vurmuşdur. Ruhun inkişafında yeni mərhələni təşkil edən fenomenologiyada ruhu mütləq ruha doğru yol alır. Lakin fenomenologiyada da ruh hələ də öz xalis formasında deyildir, yəni, hələ də mahiyyət deyil, təzahür kimi ortaya çıxır. Fenomenologiyada predmetlərin idrakını qarşıya qoyan ruh bu təzahürü, bu görüntüyü də öz maraq dairəsinə cəlb edir. Hegelə görə predmetin dərki ilə idrakın dərki arasında heç bir fərq yoxdur, predmetin dərki elə idrakın dərki deməkdir. Bunun əsas səbəbini onunla izah edir ki, şüur, subyekt, ruh öz fəaliyyətini, dərk olunacaq predmetləri özü seçir. Duyğular vasitəsilə əldə edilmiş müxtəlif məlumatlardan, təsəvvürlərdən ruhun özünə lazım olanlar seçilir, eyni zamanda seçilən məzmunlardan yeni bir mahiyyət ortaya çıxarmağa müvəffəq olur.
Ruhun fenomenologiyasının izahına hissi şüur anlayışının izahı ilə başlayan Hegel qeyd edirdi ki, bu şüurun inkişafında ilkin mərhələni təşkil edir. Hissi şüurun əsas fərqləndirici xüsusiyyəti obyektin ona yalnız və yalnız hisslər vasitəsilə çatmasıdır. Burada obyekt bilavasitə formasında özünü göstərən mövcud olan obyektdir. Bu bilavasitəlikdə həqiqət olmadığından obyektin, predmetin mühüm olan varlığına diqqət yetirmək vacibdir. Hegel bunu onunla izah edir ki, din, əxlaq, hüquq kimi mənəvi xarakterlər hissi şüurda əks oluna bilməz. «Belə ki, hissi şüurda mütləq zərurət, ədəbi, sonsuz, içəri olana sonluluq, dalğınlıq, özü-özündə dışarılıq görünüşü verilir. Ona görə də yeni zamanda allahı bilavasitə bilməyin mümkünlüyünü qəbul etmək istəsələr də bu zaman yalnız allah vardır – o bizdən kənarda mövcuddur və duyğu üçün bu və ya başqa xassələrə malikdir deməklə məhdudlaşırlar» (18, səh.269-270).
Ruhun fenomenologiyası şüur, özünüdərk və ağıl kimi mərhələlərdən keçərkən bunlarda şüur da üç mərhələli inkişafdan keçir. Hissi şüur, qavrayışlı şüur və düşünən şüur kimi qruplaşdırılan bu üç mərhələdən ikincisi qavrayışla şüur hissi şüurdan bir sonrakı mərhələni təşkil edir. Hissi şüurdan fərqli olaraq qavrayışlı şüurda şeylərin mahiyyəti şüurun təsir obyektinə çevrilir. Qavrayışda təkcələr ən ümumi olana münasibətdə ortaya çıxır, lakin təkcə ilə ümuminin vəhdəti məsələsinə hələ də rast gəlmək mümkün olmur. Duyğular vasitəsilə dağınıq halda əldə edilən məlumatların qavrayışda yeni bir biçimdə toplanması və bunların arasında əlaqələrin axtarılması «mən»in özünə doğru dərinləşməsinə səbəb olur.
Hegel qavrayışı mənlik şüuru kimi izah edir və burada təcrübənin və müşahidənin roluna xüsusilə böyük əhəmiyyət verir. Hegelə görə Kant fəlsəfəsində şüurun ruhu dərk etdiyi pilləsi əslində qavrayışlı şüurdan başqa bir şey deyildir. Şüur burada «mən»ə dərinləşdiyi zaman əslində obyektə, predmetə doğru dərinləşir. Təkcəliyi bərtərəfləşdirən şüur şeyi ideal bir formada müəyyənləşdirir və bunun nəticəsində «mən» predmetin daxili meyarlarına nüfuz edir. Lakin, təkcə ilə ən ümumi olan birlik təşkil edə bilmir və bu da onların qarışmasına səbəb olur. Təkcə şeylərin müşahidəsi nəticəsində ziddiyyətlərlə qarşılaşır, bu da qavrayışın ziddiyyətlərdən ibarət olmasına gətirib çıxarır.
Bu ziddiyyətlərin həll olunması üçün şüurun yeni bir pilləyə ehtiyacı vardır. Bu mərhələ, bu pillə şüurun inkişafında son mərhələ olan düşünən şüurdur. Burada artıq obyekt subyektə çevrilir, şüur özü-özünü predmetə çevirir, özü üçün mövcud olur. Hegelə görə düşüncədə şüur predmetdən öz-özünə dönüş mərhələsini həyata keçirir, öz təəssüratını özü üzərində canlandırır, yəni, özünə refleksiya prosesini həyata keçirir. Burada predmet artıq «mən» kimi müəyyənləşir, artıq düşünən şüura çevrilir.
Bu zaman şüur yeni bir mərhələyə münçər olur və artıq mənlik şüuruna çevrlir. Bu isə şüurda özünüdərk məsələsini qarşıya qoyur. Özünüdərk şüurunun təməlini təşkil edən, onun bünövrəsini yaradan bir anlayışdır. Özünüdərkdə artıq reallıq mövcud deyildir, burada azadlıq mücərrəd bir mahiyyət kəsb edir. «Mən» = «mən» deyimində mütləq idrak və azadlıq prinsipi ifadə olunur. Azadlıq və idrak budur ki, mən «mən» = «mən» formasına yüksəlirəm, mən hər şeyi mənə məxsus bir şey kimi «mən» kimi dərk edirəm, hər bir obyekti mən sistemdə bir həlqə olaraq özüm kimi başa düşürəm - qısa deyilərsə eyni bir şüurda mən həm «mən»ə həm də dünyaya malik oluram, dünyada özümü, özümü isə dünyada yenidən tapıram, öz şüurumda olan obyektivliyə malik oluram (18, səh.275). Hegel özünüdərk anlayışını belə xarakterizə edirdi.
Ruhun fenomenologiyasında şüurdan sonrakı mərhələni yaradan özünüdərk anlayışının təsnifatını verərkən onun istək, tanıyan özünüdərk, ən ümumi özünüdərk kimi Hegel tərəfindən sıralanırdı. Bütün bunlar özünüdərkin yəni mənlik şüurunun inkişaf mərhələlərini yaradan anlayışlardır və özünüdərkin məqsədinə doğru getdiyi yolda təzahür edilir. Eyni zamanda bu anlayışlar ruhun fenomenologiyasından psixologiyaya keçid mərhələsini təşkil edir. Ruhun fəal xarakterini ortaya çıxaran istək anlayışı özünüdərk prosesinin yaranmasına səbəb olur. Burada ruhun fəallığı «mən» lə predmetin arasında ziddiyyətin yaranmasına bais olur. Lakin, özünüdərk prosesi mütləq bir fəaliyyətdir, bu isə onun varlıq olmaması deməkdir. Özünüdərk və ya mənlik şüuru bu səbəbdən də ziddiyyətin öhdəsindən gəlməyi bacarır, yəni, predmeti əhatə dairəsinə almağa nail olur. Şeylərdə çatışmayan, bitərəf qalan yalnız onun zahirində idi, mənlik şüuru isə onun daxilini əhatə edir. Hegel bu mövzuya «Ruhun fenomenologiyası» əsərində də toxunmuş, lakin burada fərqli bir yöndən izah etmiş, insanlara deyil, heyvanlara müncər etmişdi.
Özünüdərk anlayışının ikinci mərhələsi tanıyan özünüdərk bir özünüdərkin başqa bir özünüdərklə münasibətini xarakterizə edir. Burada təkcə ilə ən ümumi olanın birləşməsi prosesi başlayır. Bu proses onların bir-birini tanıması ilə xarakterizə olunur. Obyektiv mahiyyətə malik oan «mən» başqa bir «mən»ə çevrilir. Hegelə görə insanın digər insanlara qarşı qeyri-münasibət göstərməsi ruhun təbiət şeylərini özünə ram etməsi istəyində yaranır. Ağa ilə kölə münasibətlərinin hökm sürdüyü bir zamanda azadlığın olmaması təbii bir haldır. Əgər ağa köləni əsarətdə saxlayırsa, deməli, özünü başqasında görmək hissindən də mərhumdur. Bu da ağanın özünün də tam azad olmasından aşkara çıxan bir prosesdir. Bu isə Konfutszının özünə vəfa görmədiyin işin başqasına da vəfa görmə fikri ilə eyniyyət təşkil edirdi. 
Əsl azadlıq isə insanın özünü başqasında da azad hiss etməsidir, azadlıq eyniyyət təşkil etməli və hamı üçün eyni mahiyyətə malik olmalıdır. İnsanın özünü ağanın əsarətindən azad etməsi yalnız mübarizə nəticəsində təzahür edə bilər. Köləlikdən azad ola bilən insan özünü maddi varlıq kimi, ruhi varlıq kimi başa düşür. İnsan özünü ruhi varlıq kimi hiss etdiyi zamansa ədalətsizlik ortadan qalxır. Hegelə görə əgər hansısa bir insan özünün azadlığını əldə etmək üçün risk eləmirsə, öz həyatını azadlığı naminə təhlükəyə atmırsa o insan kölə olmağa layiqdir, başqa sözlə köləliyə məhkum edilmişdir.
Özünüdərk anlayışının son mərhələsi özünüdərkin əsas mahiyyəti də elə azad özünüdərkdir. Özünüdərkin bu ən ümumi yeni görüntüsü – öz obyektivliyində özü-özü ilə eyniyyətdə olan və buna görə də özünü ən ümumi subyektivlik kimi bilən anlayışı ruhiliyin hər bir önəmli növünün - ailənin, vətənin, dövlətin, eləcə də bütün fəzilətlərin - sevginin, dostluğun, igidliyin, şərəfin, şöhrətin substansiyasının dərki formasıdır (18, səh.290). Göründüyü kimi mənlik şüuru ən ümumi özünüdərklə əxlaqi substansiyalar olan ailə, cins, vətən və allah sevgisi kimi məsələlər qarşıya qoyulur. Ümumi işlər mahiyyətinə malik olan bu məsələlər spekulyativliliyi ortaya çıxarar. Hegelin yaratdığı fəlsəfi sistemdə spekulyativlik ziddiyyətlərin həll olunmasında zəkaya, ağıla uyğun olan müsbət bir anlayış kimi izah olunur. Özünüdərk prosesinin son mərhələsində ağıl ideya formasında qarşımıza çıxır.
«Ruhun fenomenologiyası»nın sonuncu mərhələsi olan ağıl yaxud zəka özündə və özü üçün əsl həqiqətdir. Ağıl prosesində bir-birinin əksi olan özlüklərdə özgə varlığı artıq ortadan qalxmış olur. Burada şüur, özünüdərk və ya mənlik şüuru birgə halına gəlir. Ruhun predmetinin mahiyyəti özünə və özü üçün müəyyənləşmiş bir seyri formalaşdırır. Ağlın ən ümumi xarakteri obyekt mahiyyətinə şamil olan şüurda və özlüyündəki ən ümumi «mən»ə qarşı yönələrkən onunla eyniyyət təşkil edir. «Zəka dünyaya belə mütləq inamla yaşayır ki, o eyniyyət yarada və öz əminliyini həqiqətə ucalda bilər: təfəkkür dünya bir də onun üçün özündə əhəmiyyətsiz olan əkslik yaratmaq cəhdi ilə yanaşır» (18, səh.402).
«Subyektiv ruh» bölümündə «Psixologiya» sonuncu yarımbölməni təşkil edir. «Subyektiv ruh»un bu bölümündə ruh artıq təbii ruh olmaq mahiyyətindən mərhum olur və nəticədə ruhun fəaliyyət formaları kimi təzahür edir. Hegel ruhun fəaliyyət formaları dedikdə seyr, təsəvvür, yaddaş, xoşbəxtlik, istək və zorakılıq kimi anlayışları nəzərdə tutur. Psixologiyada da ruhu idrak kimi nəzərdən keçirən Hegel bu sahəni ruhi intelligensiya, nəzəri ruh və praktik ruh deyə üç hissəyə bölür. Hegelin apardığı bu bölgü «Məntiq elmi»ndə idrak kateqoriyaları üzərində tətbiq etdiyi bölgü ilə üst-üstə düşür. İntelligensiya və ya idrak prosesinə həqiqət məsələsi kimi baxaraq Kantın aqnostik fikirlərinə öz etirazını bildirir. Burada Hegel aqnostisizmə qarşı A.Dantenin ideyalarını qoyur, Danteni müdafiə edir. Hegelə görə idrak prosesi sonsuz ola bilməz, həqiqətin dərkinin mümkünsüzlüyünü qəbul etmək acı böhtandan başqa bir mahiyyət kəsb etmir. Nisbi həqiqətlər inkişaf prosesinin sonunda mütləq həqiqətə çevrilir, nəticədə aqnostisizmin labüd məhvi ortaya çıxır. «İdrak sonludur, idrakın bu ümumi sonluğu əksliklərin müqəddiməsi olan mühakimə ilə bağlıdır və bu müqəddiməyə idrak fəaliyyətinin özü açıq-aydın ziddir. İdrakın bu ümumi sonluğu əsasən onun öz ideyası ilə müəyyən olur. Belə ki, sonlu idrakın ayrı-ayrı momentləri idrakın bir-birindən fərqli növlərinə uyğun forma alır və bu momentlər müstəqil olduqlarından onlar bir-birilə anlayış bağlılığında deyil, refleksiya bağlılığındadırlar» (18, səh.403).
«Psixologiya» bölümündə Hegel ruhu nəzəri, praktiki və azad ruh deyə üç kəsimə bölür. Burada nəzəri ruh mövcud olanı seyr edir, praktiki ruh mövcud olmayanları yaradır, azad ruh hər ikisinin vəhdətindən yaranır, yəni, hər ikisində olan ayrı-ayrı cəhətləri özündə birləşdirir. Nəzəri ruhun əsas spesifikası onun yaradıcı mahiyyətə malik olmasıdır, lakin bu yaradıcılığın məhsulları formal xarakterə malikdir. Əgər nəzəri ruh müstəqil bir obyektdən təzahür edilirsə, praktiki ruh əks mənbələrin ortaya çıxardığı bir anlayışdır. Nəzəri və praktiki ruhu aktiv və passiv ruhdan geri qalmasını onun passiv olması demək deyildir. Azad ruh isə aktivliyinə görə nəzəri və praktiki ruhdan fəallığı və məhsuldarlığı ilə fərqlənir.
Nəzəri ruhun bölgüsünə gəldikdə onun üç hissəyə bölünməsini qeyd etmək yerinə düşərdi. Seyr, təsəvvür və təfəkkür kimi sıralanan bu anlayışlar nəzəri ruhun fəaliyyətlərində ortaya çıxaraq seyr edir, təsəvvür edir və xəyala dalır. Bunlardan obyektlə bilavasitə təmasda olan seyr daha çox maddi, təbii əlamətlərlə müəyyənləşir. Nəzəri ruhun ikinci forması təsəvvür mahiyyətinə malik olub, yada salma, təxəyyülün gücü və yaddaş kimi inkişaf mərhələlərini özündə əks etdirir. Yada salmanın əsas mahiyyəti bizə aid olan hər hansısa bir məzmununun qeyri-iradi olaraq bərpa edilməsidir. Təsəvvürün ən mücərrəd, ən abstrakt mərhələsi olan yada salmadakı məzmun hələ də seyrdə, intelligensiyada olan məzmundan ibarətdir. 
Təsəvvürün ikinci mərhələsini təxəyyülün gücü seyrdəki məzmunla əkslik təşkil edir. Təxəyyülün gücündə təkcə yada salma prosesi deyil, burada məzmun analiz edilir, onu ümumiləşdirərək ən ümumi bir formaya gətirir. Obrazları müəyyənləşdirən təxəyyülün gücü özünü üç formada büruzə verir. İlk öncə obrazları varlıq formasına gətirir, ikinci formada obrazları bir-birinə aid edir və son formada intelligensiyanın ən ümumi təsəvvürlərini obrazla eyniləşdirərək obrazlı varlıq ortaya çıxarır. Bu obrazlı varlıq isə simvoldan və işarələrdən ibarət olub fantaziyanı yaradır.
Ümumiyyətlə təxəyyülün gücü yaradıcı və assosiativ olmaqla iki hissəyə ayrılır. Təxəyyülün yaradıcı gücündə obrazlar təkrar yaradılır, xalis fikir formasında ortaya çıxır. Təxəyyülün assosiativ (əlaqələndirici, birləşdirici) gücü yaradıcı gücünün yaratdığı obrazları bir-birinə aid edir, burada insanların istedadlığı, itiağıllılığı üzə çıxır, biri digərindən fərqlənir. Bu zaman ortaya «vergili insan» anlayışı da şamil olur, Hegelə görə «vergili insan» dərin mahiyyətə malik obrazların tədqiqi ilə məşğul olur.
Hegel təxəyyülün gücünün izahını verdikdən sonra təsəvvürün son pilləsi olan yaddaşın izahına baxış keçirir və bu zaman yaddaşın üç növünü bir-birindən fərqləndirir: ad saxlayan yaddaş, bərpaedici yaddaş, mexaniki yaddaş. Adından da göründüyü kimi ad saxlayan yaddaş adın mahiyyətini onunla əlaqədar olan təsəvvürləri özündə əks etdirir. Bərpaedici yaddaşa predmeti seyrsiz və obrazsız dərk edir, insan bu zaman əsasən adlar vasitəsilə düşünür, təsəvvür adlarda ortaya çıxır, adlar bərpaedilənin mənası anlamına gəlir. Mexaniki yaddaşa heç bir anlama malik olmayan sözlərin adların yaddaşda mexaniki bir surətdə özünə yer tapması prosesidir. Mexaniki yaddaşın bir növ praktikaya ehtiyacı vardır və qocalara nisbətən cavanlarda çox güclü bir əhəmiyyətə malikdir. Hegelə görə gənclik dövründəki insanlar öz istedadlarını yaddaşla birləşdirməyi bacara bilsələr onlar böyük nailiyyətləri əldə edə bilərlər.
Nəzəri ruhun sonuncu pilləsində yer alan təfəkkür seyr vasitəsilə ona məxsus olan predmeti dərk edir. Bilmək, tanımaq qabiliyyətlərini özündə əks etdirən intelligensiya təfəkküründə özü-özünü özü üçün idrak obyektinə çevirir. «İdrakda təfəkkürün formalarının fəaliyyəti onların tənqidi ilə eyni zamanda baş verməlidir. Təfəkkür formaları özü-özünü araşdırır, öz hüdudlarını özü müəyyən etməli və özünün yetərsizliyini aşkar etməlidir. O zaman bu, artıq təfəkkürün ondan sonra gözdən keçirəcəyimiz dialektik fəaliyyət olaraq və burada biz hələ onun barəsində yalnız onu qeyd etməliyik ki, dialektikaya təfəkkürün fəaliyyətinə gətirilmiş bir şey kimi deyil, onun özünə xas olan bir özəllik kimi baxılmalıdır» (17, səh.144). Göründüyü kimi Hegel «Fəlsəfə elmləri ensiklopediyası»nın paraqraf qırxında təfəkkürü bu sözlərlə ifadə edir və təfəkkürün dialektk fəaliyyətindən bəhs edəcəyinə söz verir. Təfəkkürün dialektik fəaliyyəti üç pilləli bir fəaliyyətdir: dərrakə, mühakimə və əqli nəticə. Hegel dərrakənin izahını verərkən Kantın bu haqda olan fikirlərini təkzib edir, düşüncə ilə dərrakə arasındakı fərqləndirilməyə etiraz edir. Təfəkkürün ikinci forması olan mühakimə predmetin təkcəliyində birləşən ümumi cəhətləri müzakirə obyektinə çevirir. Yalnız təfəkkürün son mərhələsində anlayış olduğu kimi qavranılır, burada varlıq özü üçün mövcud olur, obyektlə azad əlaqəyə girir.
Praktiki ruhun inkişafı da üç mərhələdən ibarət bir mahiyyətə malikdir, bu mərhələlər praktiki hiss, istək və zorakılıq, xoşbəxtlik formalarında təzahür edir. Bilavasitə təkcə məzmununa malik olan praktiki hissdə iradə yalnız özünə nəzərən azad mahiyyətə malikdir. İradənin obyektiv ruh olması üçün ilk öncə öz anlayışını azadlıqla eyniləşdirməlidir. Həzz, sevinc, kədər, peşmanlıq, utancaqlıq, məmnunluq, razılıq- bunlar praktiki hissin müxtəlif formalarıdır. Praktiki hissin predmeti formasında allah, hüquq, əxlaq, mənəviyyat, qanun və s. kimi anlayışlar də təzahür edə bilər.
Praktiki ruhun ikinci forması olan istək və zorakılıq iradəli intelligensiyanın inkişafının son mərhələsidir. Hegel istək anlayışının ehtirasdan və şəhvətdən fərqli və üstün xarakterə malik olduğunu izah edir. Şəhvət subyektivlik və obyektivlik arasında əkslik mərhələsində olduğundan təkcə kimi təzahür edir. İstəksə bunun tam əksinə olaraq tam kimi çıxış edir və ən ümumini təmsil edir. Ehtiras isə mahiyyət etibarilə nə xeyirə, nə də şərə aid edilə bilməz, burada bütün həyatı maraqların – istedadının, xarakterinin, öz ruhunun, həzzinin ifadəsi öz əksini tapır. Hegelin nöqteyi nəzərincə öz istəkləri ilə silahlanmış insan hələ azad insan demək deyildir. Çünki, istəkləri təkcə mahiyyətinə malik olan praktiki hisslər yaradır. Subyektin istəyi, məqsədi eqoizimlə qarışdırılmamalıdır. Eqoizm özünün şəxsi maraqlarını, istəklərini obyektiv mahiyyətdən üstün tutur, bir növ özünə aludə olur.
Praktiki ruhun son inkişaf mərhələsi olan xoşbəxtlik azad ruha keçid mərhələsini hazırlayır. Xoşbəxtliyin əsas məzmunu onun təsəvvürdə gerçəkləşəcək bir şəkildə mövcud olmasıdır, təsəvvürün mücərrəd xarakterinə malik olan ən ümumidir. Xüsusi istəklərin bu ən ümumiyə tabe edilməsi burdakı inkişafın əsas mahiyyətidir. Yalnız bu ən ümumilik refleksiyanın ən ümumiliyi olduğu üçün istəklərin xüsusi olması ucbatından xarici bir mahiyyət kəsb edir.
Hegelin nəzərincə praktiki ruhun inkişafında əsas məqsəd xüsusi məzmunlu istəklərin xoşbəxtliyə ram edilməsidir. Ümumiyyətlə praktiki ruhu fərdin subyektiv xarakterlərə malik olan psixi prosesləri kimi nəzərdən keçirir. Hegelə görə nəzəri və praktiki ruhun vəhdət formasına gəlməsindən azad iradə yaranır. Gerçək bir mahiyyətə malik olan bu azad iradə azad ruhun yaranmasına səbəb olur. Azad ruh, gerçək olan bir ruhdur, azadlıq ruhun əsl mahiyyətidir. Hegelə görə azadlıq ideyası Afrikada və Şərq ölkələrində heç bir zaman olmamışdır, gələcəkdə də olmayacaq, yunanlar və romalılarda isə azadlıq yalnız xarakteri, təhsili və fəlsəfəsi ilə seçilən insanlarda təzahür edir. Allah sevgisini də özündə birləşdirən azadlıq ideyası yalnız xristianların mənəviyyatında özünə yuva tapa bilmişdir. Hegelin nöqteyi-nəzərindən baxarsaq kölə müdrik həbsxanada zəncirlərlə təcrid olunsa belə azad olaraq qalır. İnsanın xoşbəxtliyi əldə etməsi və azad ruh kimi formalaşması cəmiyyətdən kənar mövcud ola bilməz. Subyektiv ruhun inkişafının son mərhələsi olan azadlıq ruhun və ürəyin prinsipi, anlayışı kimi də izah olunur. «Hegel azadlığı əsl daxili ziddiyyət hesab edirdi. Onun fikirincə azadlıq odur ki, insan yalnız özündən asılı olsun.»(34, səh.455.)

3.2. Ruh fəlsəfəsində obyektiv ruh bölümü

Azadlıq anlayışının meydana gəlməsi ilə «Subyektiv ruh» bölümü özünün bütün mərhələləri, dialektik pillələri və anlayışları ilə başa çatmış olur. Və ən nəhayət «Ruh fəlsəfəsi»nin ikinci mərhələsi olan «Obyektiv Ruh» bölümünün izahına ehtiyac yaranır. Hegel «Obyektiv ruh»da hüquq, mənəviyyat, əxlaq, dövlət və ümumdünya tarixinin mahiyyətini açıb göstərir, bu anlayışların izahını verir. «Ruhla yaradılmalı olan və ruhla yaradılan dünya kimi azadlığın yer aldığı reallıq formasında-bu obyektiv ruhdur» (18, səh.81). Hegel «Ruh fəlsəfəsi»nin əvvəlində bölgü apararkən obyektiv ruhu belə fərqləndirmişdi.
Bir mütləq ideya kimi obyektiv ruhun əsas xüsusiyyəti onun özündə mövcud olmasıdır. Ruh özünün tam azadlığını mütləq ruhda tapsa da, bu pilləyə çatmaq üçün obyektiv ruhda özünü əks etdirməlidir. Subyektiv ruhun obyektiv ruhdan fərqli cəhətləri onun fərdi «mən»də deyil, toplum və cəmiyyət fəaliyyətində, ümumdünya tarixi prosesində özünü büruzə verməsidir. Obyektiv ruhun yalnız özündə mövcud olması onun sonlu mahiyyətə malik olması üçün zəmin yaradır.
«Obyektiv ruh»un bölgülərinə gəldikdə isə onun üç hissəyə bölündüyünü- (hüquq, əxlaqilik və əxlaq) qeyd etmək yerinə düşərdi. Hegelin apardığı bölgüdə ilk yeri tutan hüquq onun yazdığı «Hüquq fəlsəfəsi» əsərində geniş şərh olunur. Hüqüqun özü də üç mərhələli inkişafı özündə birləşdirir və mülkiyyət, müqavilə və hüquq hüququn pozulmasına qarşı bölgülərlə bölünür. Hüquq və borc anlayışlarını eyniləşdirən Hegelə görə borcu olmayanın hüququ, hüququ olmayanın borcu yoxdur. Cəmiyyətin və dövlətin məqsədləri, maraqları ayrı-ayrı şəxslərin maraqları ilə üst-üstə düşür.
Hegelə görə mülkiyyətin yaranmasına səbəb şəxsin öz daxilinə qapanmasıdır. Mülk, şey həm mücərrəd, həm də xarici xarakterləri özündə birləşdirir. Mülkiyyətdə təsadüf də nəzərə çarpır, bu əsasən onunla izah olunur ki, mülkiyyət sərbəst iradənin fəaliyyəti nəticəsində meydana gəlir. Bu sərbəst iradənin nəticəsində insan şeyə, mülkə müxtəlif münasibət formalaşdıra bilər. Elə bu səbəbdən də mülkiyyət mülk kimi əlaqələndirici formasına malik olub, vasitə rolunu oynayır.
Mülkiyyət şəxsiyyətin məqsədi rolunu oynayır. Hegelin mülkiyyət anlayışı Platonun siyasi doktirnası ilə üst-üstə düşür. Burjua aristokratiyasının tərəfdarı olan Hegel XIX əsrdə Qərb aristokratiyasının, burjua mülkiyyətinin ən güclü dəstəkləyicilərindən biri kimi məşhur olmuşdu.
Müqavilə hüququn ikinci pilləsini təşkil edir, müqavilənin əsas səciyyəvi cəhəti iki iradənin razılığının gerçəkləşməsi, reallaşmasıdır. Əgər insan öz iradəsini başqasının istəyinə uyğunlaşdırırsa, şeyə olan münasibətdə öz şəxsi iradəsini geri götürürsə bu zaman müqavilənin zəruriliyi ortaya çıxır. «Hegel dövlətin ilahi mahiyyət daşıdığı ideyasından çıxış edərək onun ilahi mənşəyə malik olduğunu qeyd edir və bu zəmində də ictimai müqavilə nəzəriyyəsini təkzib edir. Dövlətin mənşəyini müqavilə prinsipi əsasında şərh edən nəzəriyyə heç də ilahi bir qurum kimi deyil, əksinə olaraq, insani bir qurum kimi dəyərləndirir. Hegel bu nəzəriyyəni ideyadan mərhum olan abstraksiya kimi səciyyələndirir» (11, səh.144).
Hegelə görə müqavilə tərəflərdən heç birindən asılı olmayan bir anlayışa malikdir, özü üçün və ya özündə mövcud bir mahiyyəti özündə saxlayır. Əgər müqavilə tərəflərdən hansısa birindən asılı olaraq qalsaydı, onda bu sonsuz xarakterə malik olar və tamamilə başqa bir mahiyyət kəsb edərdi. Müqavilədə iradə, istək və intellidensiya bitmiş və tam bir formaya malik olmalıdır.
Əgər müqavilə zamanı aksidental və ya təsadüfi iradənin razılığı gerçəkləşirsə, onda bu müqavilənin məhvi, ləğvi labüd bir xarakteri də özündə tutur. Artıq bu zaman təsadüfi olan iradənin fəaliyyəti nəticəsində müqavilə hüququn çərçivəsindən kənara çıxır və bu da hüquq pozğunluğuna gətirib çıxarır, bu isə artıq müqavilənin sona çatmasına bir işarədir. 
Müqavilənin ləğvinin nəticəsində hüququn pozulmuş hüquqa olan münasibəti zərurət formasında ortaya çıxır. Bu zaman hüququn son inkişaf mərhələsi olan hüqüq hüququn pozulmasına qarşı özü də bir neçə mərhələdən təşkil olunur. Azadlığın mövcudluğunu bildirən hüquq anlayışı kənar qüvvələrin və başqa şəxslərin münasibət formalarının müxtəlifliyi ucbatından bölünmə prosesinə məruz qalır. Bilməməzlikdən yaranan hüquq pozuntusu, yalan anlamında olan hüquq pozuntusu və zorakılıqdan yaranan hüquq pozuntusu kimi özünü göstərir. Bilməməzlikdən yaranan hüquq pozuntusuna əsas səbəb hüquq görüntüsünün fərqli əsaslara malik olmasıdır. Burada şəxslərin şəxsi və şey yönündən fərqli olan fərdi iradələri hüququn nəzarətinə tabe edilir.
Yalan anlamında olan hüququn yaranmasına səbəbsə onun şər mahiyyətli iradə tərəfindən törədilməsidir. Burada hüquqa kənardan verilən mahiyyətlə onun daxilindəki mahiyyət fərqli bir məzmuna malikdir. Eyniyyət mühakiməsi ilə sonsuz mühakimə anlayışları öz mahiyyətlərini saxlamağa nail olurlar. Hüquq pozuntusunun son forması isə cinayət əhəmiyyətini daşıyır və ağılsız mahiyyətli hərəkətin nəticəsində ortaya çıxır. Zorakılıqdan yaranan hüquq pozuntusu özündə və özü üçün olan hüququn qəsdən pozulması ilə xarakterizə olunur. Burada şəxs yalnız özünün formal olaraq qəbul etdiyi qanunlar sistemini ictimaiyyətə qarşı qoyur. Xüsusi iradəyə malik olan hakim cinayətkar şəxsin formal qanunlarını inkar edir, yəni ona hüquqa uyğunlaşdıraraq cinayətkarın iradəsini özündə hüquq özünü gerçəkləşdirərək zorakılığa qarşı çıxır.
Bu prosesləri «Hüquq fəlsəfəsi» əsərində geniş və ətraflı bir surətdə izah edən Hegel «Ruh fəlsəfəsi»nin «Obyektiv ruh» bölümündə qısa və yığcam şərh verir. Ümumiyyətlə Hegel hüququn inkişaf mərhələlərini göstərərkən hüquq və subyektiv iradə arasındakı fərqli xarakterlərin olduğunu vurğulamaqdan da yayınmamışdır. Hegelin nöqteyi-nəzərindən subyektiv iradə hər zaman hüquqdan üstün olmalıdır. Eyni zamanda subyektiv iradə ağıllı iradə, yəni əxlaqiliyə əsaslandıqda həqiqi və gerçək bir mahiyyət kəsb edir.
Hüququn inkişafı prosesində ortaya çıxan əxlaqilik anlayışı azad iradənin hüdudları çərçivəsində mövcud olur və fəaliyyət göstərir. Əxlaqi qanunlar insanın düşüncə tərzində, vicdanında, anlayışında, dünyagörüşündə, könlündə özünə yer tapmışdır, bunlar nə hüquq qanunları ilə, nə də avtoritetin hakimiyyəti ilə müəyyən oluna bilməz. Hegelə görə əxlaqi və subyektiv azadlıq yalnız avropa azadlığı ilə eyniyyət yarada bilər, yəni, əxlaqi azadlıq qeyri Avropa ölkələrində hələ mükəmməl bir səviyyədə bərqərar ola bilməmişdir. Mahiyyət etibarilə iradənin daxilinə yerləşən əxlaqilik anlayışını dar və geniş anlamda şərh etmək olar. Dar anlamda götürdüyümüz zaman əxlaqilik anlayışı xeyir anlayışı ilə eyniyyət təşkil edir.
Əxlaqilik anlayışının geniş anlamda izahına gəldikdə isə qəsd, məram və xeyir, xeyir və şər kimi mahiyyətləri özündə birləşdirir. Geniş mənada götürülən əxlaqiliyin ilk inkişaf mərhələsi olan qəsd subyektin düşüncəsinin, iradəsinin təzahürüdür. Bu təzahür nəticənin fəaliyyətində elə dəyişikliklə müşahidə olunur ki, bu dəyişikliyin nəticəsində xarici subyektin hərəkəti təhrif olunur. «Bütün bu dəyişikliklərin subyektin fəaliyyətinə aid olduğuna baxmayaraq, təkcə buna görə o hələ o dəyişiklikləri öz hərəkəti saymır, ancaq hərəkətdəki o şeyi öz dühası sayır ki, özünün düşüncəsində və iradəsində olmuş olsun, yalnız özünün qəsdi, niyyəti olmuş olsun» (18, səh.378).
Göründüyü kimi Hegel qeyd edir ki, qəsdin əsas fərqləndirici xüsusiyyəti təkcənin dünyagörüşündə əsasən günahsızlıq təsəvvürünün yaranmasıdır. Təbii vəziyyət situasiyası ilə zorakılığın, özbaşınalığın hakim olduğu bir vəziyyətdir. Lakin cəmiyyət, toplum hər zaman təbii vəziyyətə qarşı çıxmış, bu vəziyyəti hüququn gerçəkliyə çevrilməsi ilə aradan götürmüşlər. Başqa sözlə təbii vəziyyət təbii hüququn tətbiqi ilə inkar olunur.
Əxlaqiliyin ikinci səviyyəsini nümayiş etdirən məqam və xeyir anlayışları varlığın substansional mahiyyətini ifadə edir. Əgər qəsd birbaşa mövcud varlığın özünə aiddirsə, məramsa mövcud varlığın məqsədinə müncər olur. Xeyirin əsas fərqləndirici xüsusiyyəti isə əxlaqa olan dolğun münasibəti ilə xarakterizə olunur. Məhz bu münasibətin nəticəsində xeyir həqiqilik kimi çıxış edir, xoşbəxtliksə xeyirdən fərqli bir mahiyyətə malikdir. Xoşbəxtlik də qəsd kimi mövcud varlığın elementlərindəndir, lakin xoşbəxtlik mövcud varlıqda bilavasitə yolla yaranan təsəvvürdür.
Hegelə görə xeyir mücərrəd, abstrakt bir xarakterə malikdir və elə bu səbəbdən də başqa bir subyektdə mövcud ola bilər. Hegelin nöqteyi-nəzərindən məqamın əsas fərqləndirici xüsusiyyəti ən ümumi olanın abstrakt və ya mücərrəd forması olmasıdır. «Empirik – konkret hərəkətə münasibətdə refleksiya bu formaya bu və ya başqa özəllik verə bilər və bununla da onun önəmli sonuncunda məqamın önəmliliyi ilə hərəkətin gerçək önəmi arasında böyük ziddiyyət yaranır (məsələn, cinayət zamanı xeyir məqam)» (18, səh.379).
Hegel əxlaqiliyin son mərhələsi olan xeyir və şərin izahını verməyə başlayır. Xeyir özlüyündə iradənin müəyyənləşdirilmiş ən ümumiliyi olsa da abstrakt xüsusiliyə malikdir. Xeyirin abstrakt, mücərrəd xüsusiliyə malik olmasına səbəb müəyyənləşmə prosesinin ən ümuminin daxilində deyil, xaricində mövcud olmasıdır. Bu müəyyənləşmə zamanı qeyri-müəyyənliyin ortaya çıxması xeyirin müxtəlifliyinə səbəb olur. Hegelin nöqteyi-nəzərincə xeyirin müxtəlifliyi, fərqli xarakterləri özündə birləşdirməsi dialektik mahiyyətə malikdir. Lakin bu fərqlər xeyirin vəhdəti sayəsində ortadan qalxaraq bir-birilə uzlaşma prosesinə məruz qalır. Xeyirin arasında yaranan bu fərqlər subyekt tərəfindən bərtərəf edilir. 
Hegelə görə subyekt üçün xeyir və şər anlayışları zərurət deyil və bu anlayışlar yalnız təsadüflər toplusundan ibarətdir. Elə bu səbəbdən də subyekt xeyirə zidd olaraq ortaya çıxan şər hadisələri törətməyə qabil olur. Özlüyündə dəyərsiz məqsədləri birləşdirən şər öz təkcəliyini həlledici hesab edən subyektlərdə daha tez təzahür edir. Hegel bu zaman özü-özünə sual verir ki, xeyir mahiyyətli olmaq xoşbəxtlik, şər mahiyyətli olmaq isə bədbəxtlik deməkdirmi? Sualı özü cavablandırarkən bu ziddiyyətin həlli yollarını axtarır. «Eyni zamanda dünya özündə xeyirxah hərəkətin gerçəkləşməsinə imkan verməli, eləcə də xeyirxah subyektə özünün xüsusi maraqlarını gerçəkləşdirməsini təmin etməlidir, şərə isə imtina etməli və onu məhv etməlidir» (18, səh.380-381).
Obyektiv ruhun son inkişaf pilləsi olan əxlaq Hegel tərəfindən geniş şərh olunan mövzulardan və ya bölmələrdən biridir. Həm subyektiv, həm də obyektiv ruhun həqiqətlərini özündə əks etdirən əxlaq anlayışı obyektiv ruhun tamamlanma mərhələsidir. Əxlaqın gerçəkləşmə prosesi ailədə, vətəndaş cəmiyyətində və dövlətdə bir zərurət kimi ortaya çıxır. Hegelə görə əsl əxlaqi düşüncə tərzi fərdləri, təkcə varlıqları bir-birilə qarşılıqlı anlaşması prosesidir. Bu qarşılıqlı anlaşma zamanı fərdlərin həqiqi cəmiyyətdə var olması etibar anlayışı ilə xarakterizə olunur.
Etibar əxlaqi fəaliyyətin bütövlüyünü ifadə edən fəzilətdir və bu fəzilət ədalətlilik və xeyirxahlıq kimi keyfiyyətləri də özündə əks etdirir. Əxlaqda düşünən intelligensiyaya malik olan şəxsin nöqteyi nəzərincə əxlaq onun son məqsədi kimi çıxış edir. Bu zaman şəxs əxlaqın təsadüfi bir mahiyyətə malik olduğuna varmır, ona mütləq bir fəaliyyət kimi baxır. Bilavasitə ən ümumi gerçəklik olan əxlaq insanların ətraf mühitə, öz varlığına, davranışına, cisminə göstərdiyi münasibətdə aşkar olur. Şəxsin öz borcunu yerinə yetirməsi, əxlaqı təsadüfdən zərurətə çevirməsi özünün gerçək azadlığını tapmasına səbəb olur. Subyektiv azadlığını əldə edənlərlə eyniyyət təşkil edən məsələlərdən biri də ədalətlilik və xeyirxahlıq kimi fəzilətlərin şəxsin xarakterində və temperamentində özünə dərin yer tapmasıdır.
Əxlaq özü də bir neçə inkişaf mərhələlərindən keçir, bu mərhələlər ailə, vətəndaş toplumu və dövlət quruluşudur. Hegelə görə ruh ailədə duyan ruh kimi mövcud olur. Ailə şəxslərin bir-birinə qarşılıqlı olaraq hörmət və etibar etməsidir, başqa sözlə ailə cinsi münasibətlər zəminində yaranan sevgi birliyidir. Təbii və ya bilavasitə ruh xarakterinə malik olan ailədə əxlaqi ruh substansional varlıq xarakterini də özündə əks etdirir. Şəxslərin ailədə birləşməsi zamanı yalnız və yalnız təkcəlik istisna təşkil etməlidir. Yerdə qalan bütün substansional xarakterlər ailədə vəhdət halında birləşməlidir.
Subyektiv yaxınlıqdan yaranan bu birləşmə kəbin vasitəsilə həyata keçirilməlidir. Şəxslərin ayrılmaz birliyi üçün monoqam kəbir ən bariz bir nümunə olmalıdır. Kəbin aktının formalaşmasından sonra yaranan uşaqların ikinci dəfə yaranması ruhi xarakter kəsb etməlidir. Bu ruhi cəhətdən yaranma, yəni tərbiyə vasitəsilə uşaqlar həyatda müstəqil şəxslərə çevrilə bilərlər. Hegelə görə hələ kəbin aktı ilə uşaqların təməli qoyulduğundan onların tərbiyəsi ilə də kəbin aktında yaranan birlik- ər və arvad eyni dərəcədə məşğul olmalıdırlar. Ər və arvadın ümumiliyi təkcə bununla bitmir və üç sahə üzrə birlik yaratmalıdırlar. Bunlar cismani birlik, mülkiyyət birliyi və tərbiyə birliyidir. Bu birliyin əsas məqsədlərindən biri də uşaqların gələcək həyatını təmin etmək və onların yeni bir ailə yaratmasına şərait hazırlamaqdır. Hegelə görə ər və arvadın birinin həyatının sona çatması ilə, ölümü ilə kəbin pozulmuş olur və nigah aktı öz mahiyyətini tamamilə itirmiş olur. Ailənin üçüncü birliyini xarakterizə edən hüquqi münasibətlər birliyi də bu zaman sona çatmış olur. Hegelə görə hüquqi münasibətlər birliyi digər birliklərdən tamamilə fərqli bir mahiyyət kəsb edir, hüquqi münasibətlər birliyi ailə anlayışına nisbətən yad olsa da ruhun yeni inkişaf mərhələlərində böyük əhəmiyyət kəsb etməyə başlayır.
Bu mərhələlərdən biri olan vətəndaş toplumu əxlaqın ikinci inkişaf pilləsində özünü göstərməyə başlayır. «Fridrix Hegel «Hüquq fəlsəfəsi» əsərində qeyd edirdi ki, vətəndaş cəmiyyətində əməyin inkişafı, sosial fərqlərin yaranması və sosial ziddiyyətlərin əmələ gəlməsi nəticəsində dövlət yaranır» (2, səh.233). Lakin, biz hələ dövlətdən deyil, ondan əvvəlki inkişaf mərhələsi olan, dövlətin yaranmasında amil kimi ortaya çıxan vətəndaş cəmiyyətindən və bu cəmiyyətin inkişaf pillələrindən bəhs edəcəyik. Vətəndaş toplumu və ya vətəndaş cəmiyyəti özündə şəxslər kütləsini, ailələr çoxluğunu, bir qisim müstəqil fərdləri özündə ehtiva edir. Burada nə fərd- cəmiyyət, nə də vətəndaş dövlət qarşıdurmasına rast gəlmək mümkün deyildir.
Hegelin fikrincə şəxslərin vətəndaş cəmiyyətində mövcud olan birliyin atomistika sistemi ilə oxşar bir mahiyyət kəsb edir. Vətəndaş cəmiyyətində insanların, ayrı-ayrı şəxslərin vəhdəti mütləq vəhdət deyildir. Fərdlər özlərinə məxsus olan xarakterləri, xüsusiyyətləri və özəlikləri ilə bir ayrıcalıq təşkil edirlər. «Hegelin vətəndaş cəmiyyətində real ictimai münasibətlər, sosial ziddiyyətlər göstərilir. Xüsusi mülkiyyətin azad inkişafı vətəndaş cəmiyyətinin vacib şərtidir. Hər bir fərdin cəmiyyətdə vəzifələri olduğu kimi cəmiyyətin də fərdə qarşı vəzifələri vardır. Cəmiyyətdəki ziddiyyətlərin əsasını fərdi, xüsusi və ictimai mənafelər və dövlət qaydaları arasındakı müxtəliflik təşkil edir» (2, səh.110).
Vətəndaş cəmiyyətində fərdlərin şüurları və maraqları, mənafeləri və məqsədləri bir-biri ilə ziddiyyət təşkil etsə belə onlar ən ümumi mənafe üçün eyni qaydaları mənimsəyərək birləşməyə məcbur olurlar. Hegelə görə fərdlərin vətəndaş toplumunda birləşməsi prosesi özlüyündə zərurətdən yaranır. Bu zərurət təbii xarkterə malikdir və vətəndaş cəmiyyətində yaranan birliyə fərdlərin maddi maraqları əsas amil rolunda çıxış edir.
Vətəndaş toplumu özlüyündə aşağıdakı sahələrə müncər olur, bu sahələr tələbatlar sistemi, ədalət məhkəməsi və polis kateqoriyasıdır. Tələbatlar sistemi ayrı-ayrı şəxslərin özünə məxsus olmasını ifadə edir. Hegelə görə tələbatlar siteminin özü də üç sahəyə bölünür, bunlar əmlaka, mülkiyyətə olan tələbat, istehsal və istehlak mədəniyyətinə olan tələbat və bir də əxlaqa, mənəviyyata olan tələbat. Bunların hər birinin oxşar və fərqli cəhətlərini göstərən Hegel qeyd edirdi ki, tələbatlar ümumi və fərdi mahiyyətləri özündə əks etdirmək qabiliyyətinə malik ola bilər. Mülkiyyətə olan tələbata gəldikdə isə bunların qeyri-bərabərsizliyi labüddür. «Hegel deyirdi ki, əmlakın bölgüsündə bərabərlik tətbiq olunsa belə, o qısa müddətdən sonra pozulacaqdır. Buna görə də həyata keçirilməsi mümkün olmayan şeyi həyata keçirməyə cəhd göstərmək lazım deyildir. Guya ədalətin mülkiyyət bərabərliyini tələb etdiyi müddəası yalandır, çünki ədalət hər bir adamın müəyyən xüsusi mülkiyyətə (lakin bərabər maraqda yox) malik olmasını nəzərdə tutur» (2, səh.150).
İstehsal və idrak sferasında mədəniyyətin yaranmasına olan tələbatın əsas xarakterik cəhəti əməyin mücərrədləşdirilməsi, abstraktlaşdırılması prosesidir. Hegel əməyin abstraktlaşdırılması dedikdə insan əməyinin maşın əməyi ilə əvəz olunması prosesini nəzərdə tuturdu. Hegelə görə insan kütlələri arasında zümrələrin mövcud olmasına əsas səbəb talant və bacarıqların müxtəlif olmasıdır. Bu isə mənəviyyata olan tələbat zamanı ortaya çıxır. Müxtəlif zümrələrdə mövcud olan fərdlər talant və bacarığa olan münasibətinə nəzərən ixtiyari və təsadüfi olaraq iki hissəyə ayrılır. 
Zümrələrin özünə nəzər yetirdikdə isə onlar da müxtəlif qruplar halında mövcud ola bilərlər. Zümrələr tarix boyu müxtəlif qruplar altında mövcud olmuş, vətəndaş cəmiyyətinin tarix boyu müxtəlif dövlət quruluşlarında özünə yer tapması zümrələr arasındakı fərqi silə bilməmişdir. Hegelə görə zümrələri əsasən üç qrupa ayırmaq olar:
1). Təbii zümrə.
2). Reflektiv zümrə.
3). Düşünən zümrə.
Təbii zümrənin əsas təməli maddi xarakterə malikdir, məhsuldar torpaq təbii zümrənin əsas xüsusiyyətlərindən biridir. Təbii zümrə substansional cəhətdən inama və etibara bağlı olur. Zümrənin ikinci növü olan reflektiv zümrə fərdin özünün xüsusi bacarığı, talantı, dərk etmə qabiliyyəti, fəallığı, çalışqanlığı önə çıxır. Elə bu səbəbdən də reflektiv zümrə mahiyyət etibarı ilə aksidental, təsadüfi xarakteri özündə əks etdirir. Zümrənin son forması olan düşünən zümrəyə təbii və reflektiv zümrədəki xüsusiyyətlər də aid oluna bilər. «Düşünən zümrə ümumi maraqlarla ilgilənir: o, ikinci zümrə kimi özünün bacarığı ilə əldə etdiyi həyatı yaşayır və birinci zümrəyə oxşar olaraq isə ictimai tamın təmin etdiyi varlıq kimi yaşayır» (18, səh.387).
Vətəndaş toplumunun ikinci inkişaf pilləsi olan ədalət məhkəməsi hər şeydən əvvəl formal hüquqa malik olması ilə izah olunur. Ədalət məhkəməsində şüur özünü abstrakt şüura çevirir və ən ümumi bir formada hüquq anlayışını qanunlara diktə edir. Mücərrəd şüurun hüququ düzgün gerçəkləşdirməsi üçün qanunun qüvvədə olması vacib bir şərtdir. Vətəndaş cəmiyyətinin mühüm bir meyarı olan qanunlar bütün fərdlər, şəxslər və təkcələr üçün ali olan anlamına gəlməlidir. Hegelə görə qanunlar məzmunlu və məzmunsuz olaraq bölünürlər, məzmunlu qanunlar hüquqa uyğun gələn qanunlar, məzmunsuz qanunlarsa hüquqa uyğun gəlməyən qanunlardır. Qanunvericiliklər tərəfindən yaradılan qanun məntiqə, hüquqa, ağıla və idraka uyğun gəlməlidir, məhz belə qanunlar məzmunlu qanunlar hesab oluna bilər. 
Məzmunlu qanunlara əhəmiyyət verməyənlər, onları şər və qəbahətli hesab edənlər qanunun aliliyinə və hökmranlığına xələl gətirmiş olurlar. Hegel burada belə bir fikir irəli sürür ki, əgər bir halda göy cisimlərinin, heyvanların özlərinə məxsus olan qanunları varsa, insanların da qanun yaratması labüddür. İnsanlar təkcə qanunu yaratmaqla qalmayıb, bu qanunlara itaət etməyi bacarmalıdırlar. Əgər fərdin dərk etdiyi qanun ədalətli qanun deyilsə, o aksitendal mahiyyətə malikdir və özbaşınalığın yaranmasını bildirir. Hegel təbiət qanunlarını ətraflı bir surətdə təsvir etdiyi halda cəmiyyət qanunlarına o qədər də geniş izah ayırmırdı. «Hegel qeyd edirdi ki, fəlsəfə təbiətin qanunlarını olduğu kimi öyrəndiyi halda, hüquq və dövlət problemləri haqqında göstərişi fəlsəfənin özündən gözləyirlər. Əsil vəzifə burada həqiqətin mümkünlüyünü başa düşməkdir. Təfəkkür və varlıq qanunları eyni olduğu üçün, bu elə ağlın, fəlsəfənin dərk etmək qabiliyyətindən irəli gəlir. Hər bir fərd öz zəmanəsinin övladı olduğu kimi, fəlsəfə də dövrün, təfəkkürdə ifadə olunmuş ruhudur» (18, səh.110).
Hüquqa azad iradənin mövcud olması kimi baxan Hegelin dialektika nəzəriyyəsinə əsasən cəmiyyətin hüquqları öz yerini azadlıq ideyasına verir və burada söz məhz gerçəkləşən azadlıqdan gedir. Hüququn müəyyənləşməsi prosesi məhkəmə aparatında özünə yer tapır. Məhkəmə zamanı işi araşdıran hakim müttəhimin hərəkətində hüquqda təsadüfi mahiyyət kəsb edən işləri ortaya çıxarar. Müttəhimin təsadüfi mahiyyətli hərəkəti, yəni cinayət prosesi ortaya çıxırsa cəza tətbiq olunur. Bu zaman ədalət məhkəməsi obyektiv sübutlara daha çox üstünlük verməli və subyektivlikdən yayınmalıdırlar. Son qərarı verən hakim isə ən ümumiyə əsaslanan xüsusi subyektivliyə malikdirlər. 
Vətəndaş cəmiyyətinin son formasında təzahür edən polis və korporasiya ayrı-ayrı şəxslərin rifahına xidmət etmək məqsədilə formalaşıb. Hegelə görə polis və korporasiya ayrı-ayrı şəxslərin rifahının təmin olunmasına kömək göstərə də bilər, kömək göstərməyə də bilər. Dövlətin substansional, ali formasına əsaslanan polis və ya dövlət polisi ən ümumilik münasibətini özündə ehtiva edir. Ən ümumiliyin xarici təzahürü olan dövlət polisi vətəndaş cəmiyyətində intizamı saxlayan fəal güc formasında çıxış etməlidir. «Hegel cəmiyyəti bir insan vücuduna bənzədir. Hegeldən sonra bəzi elm adamları da cəmiyyəti bir insan vücudu olaraq görür və incələyirlər.» (55, səh.503)
Ayrı-ayrı şəxslərin xüsusi məşğulluq və maraqları ilə məhdudlaşan korporasiyada vətəndaş xüsusi şəxs kimi qərar tutur. Burada xüsusi şəxsin mülkiyyəti zəmanət alır, eyni zamanda şəxsin özünün də özəl maraqları burada gizli qalır. Xüsusi şəxslərin korporasiyada hüquqla müəyyən edilmiş borcları olur və buradakı fəaliyyət əxlaqa və şüura əsaslanır.
Hegelin yaratdığı «Obyektiv ruh» bölümündə əxlaqın son pilləsini dövlət təşkil edir. Hegelin nöqteyi-nəzərincə dövlətin yaranmasında əsas amil zorakılıqdır. Dövlətdə əxlaqi ideya özünü reallığa çevirir, yəni gerçəkləşmə prosesinə məruz qalır. Digər əxlaqi substansiya olan ailə və vətəndaş cəmiyyəti dövlətdə vəhdət halında çıxış edir. Dövlət eyni zamanda ağlın təzahürü və gerçəkləşməsini də özündə ehtiva edir. «Fridrix Hegel «Hüquq fəlsəfəsi» əsərində qeyd edirdi ki, vətəndaş cəmiyyətində əməyin inkişafı, sosial fərqlərin yaranması və sosial ziddiyyətlərin əmələ gəlməsi nəticəsində dövlət yaranır. Dövlət «Allahın dünyada gedişidir», yalnız dövlətdə həqiqi azadlıq mümkündür. Dövlət quruluşunun möhkəmliyini məmurlar təyin edir (burokratiya)» (2, səh.223).
Hegelə görə dövlət fərd üzərində hər zaman üstün bir qüvvəyə malik olmalıdır. Dövlət ilahi bir mahiyyəti özündə ehtiva edir, dövlətin insani müqavilə əsasında yaranması fikrinə etiraz edirdi. Hegelin dövlət və dövlətçilik haqqındakı fikirlərə Platonun göstərdiyi təsir göz qabağında idi. Hegel dövləti bütöv bir sosial orqanizm hesab edir, burada fərdlər canlı orqanizm kimi dövlətin daxilində mövcud olmalıdırlar. Dövlətin tərkib ünsürlərini yaradan fərdlər iradə azadlığını və fəaliyyət formalarının azadlığını dövlətdə ehtiva etməlidir. 
Dövlətin əsas atributlarından biri konstitusiya olmalıdır, konstitusiya daxili dövlət hüququ xarakterini də özündə ehtiva etməlidir. Konstitusiyada daxili formaları əks olunur, dövlətin özünə aid olan inkişafını xarakterizə edir. Dövlətin digər dövlətlərə münasibəti zamanı isə xarici dövlət hüququ dövlətlərə münasibəti zamanı isə xarici dövlət hüququ anlayışı ortaya çıxır.
Ümumiyyətlə dövlət üç mahiyyəti özündə ehtiva edir: 
1). Daxili dövlət hüququ.
2). Xarici dövlət hüququ. 
3). Ümumdünya tarixi. 
Daxili dövlət hüququ və yaxud konstitusiya qanunlar küliyyatına müncər olur. Obyektiv azadlığın mahiyyətini ifadə edən qanunlar da özlüyündə üç mahiyyət ifadə edir. Birbaşa subyekt üçün olan qanunlar azad iradəyə və xüsusi maraqlara məhdudiyyət qoyur. «Ancaq onlar ikincisi mütləq son məqsəd və ən ümumi işdir; beləliklə onlar ən ümumidən ayrılan və getdikcə qol-budaq atan zümrələrin funksiyaları ilə, eləcə də ayrı-ayrı şəxslərin özəl qayğısı və fəaliyyəti ilə doğulurlar; üçüncüsü qanunlar ayrı-ayrı şəxslərin azad iradəsinin substansiyasını və onların mütləq əxlaqi qaydalar qismində düşüncə tərzlərini oluşdurur». (18, səh.394).
Azadlığın və bərabərliyin özünə yer tapdığı konstitusiyada xalqın təfəkkür səviyyəsi özünə gizlin yer tapmışdır. Hegelin nöqteyi-nəzərincə konstitusiya xalq ruhunun gerçəkləsməsi formasıdır. Əsas qanun kimi mövcud olan konstitusiyada qanunların ağıllı və düşünülmüş formada tərtibatı onun əsas xarakterindən biri olmalıdır. Dövlətin içərisində ailə və vətəndaş cəmiyyətindən yüksəkdə dayanan hökümət konstitusiyanın və dövlətin mövcud olmasında, onun qorunub saxlanmasında böyük bir əhəmiyyət kəsb etməlidir. Hegelə görə ən mükəmməl konstitusiya monarxiyalı konstitusiyada əks olunmuş konstitusiyadır. Burada inkişaf etmiş ağıl reallığa çevrilir, digər konstitusiyalı quruluşlarda isə belə hadisə təzahür etmir. Hegel burada o qənaətə gəlir ki, İngiltərənin konstitusiyası ən azad, ən mükəmməl bir konstitusiyadır.
Dövlət quruluşlarını demokratiya, aristokratiya və monarxiyaya bölən Hegel despotizmin yalnız Şərqdə mövcud olması qənaətinə gəlir. «Hegelin «Hüquq fəlsəfəsi»ndə burjua nəzəriyyəsi üçün səciyyəvi olan olan fərd-cəmiyyət, vətəndaş-dövlət qarşıdurması yoxdur. Burada nə etatizm üçün səciyyəvi olan azadlıq, yəni dövlətin, bütövün azadlığı, liberalizm üçün səciyyəvi olan azadlıq, yəni fərdin azadlığı mütləqləşdirilmir. Hegel aristokratik siyasi doktrianın təqdimatını fəlsəfi zəmində verdiyindən iddia edir ki, əgər azadlıq öz mənbəyini ilahi zəkadan götürürsə, dövlətin azadlığı fərdin azadlığını boğmur, onu tamamlayır» (11, səh.143-144).
Vətəndaş cəmiyyətinə mənsub olan zümrələr xüsusi və ya özəl şəxslərin qarışığından yaranır. Xüsusi şəxslərin cəmiyyət və dövlət işlərində iştirakı önəmli bir əhəmiyyət kəsb edir. Özəl şəxslər ümumi dövlət işlərində dövlət məmurlarından daha çox təfəkkürü və xüsusi ağlı ilə fərqlənir. Vətəndaş cəmiyyətində zadəganlar təbii əxlaqi ruhu özündə müəyyənləşdirən silk kimi çıxış edir. Hegelin yaratdığı formasız kütlə anlayışı kortəbii, ağılsız, dəhşətli və vəhşi xarakterləri ilə önə çıxır, 
bunlarsa cəmiyyətin silklərindən kənar hissəsinin yaranmasına səbəb olurlar.
Dövlətin ikinci formasını ifadə edən xarici dövlət hüququ xalqın bilavasitə gerçəkləşməsi ilə müəyyən olunur. Xarici dövlət hüququ əsasən müharibə vəziyyətində olan dövlətlərin müqəddəratının həll edilməsində əhəmiyyətli rol oynayır. Dövlətin müharibə və yaxud sülh şəraitində olması, beynəlxalq hüququn formalaşmasında xarici dövlət hüququ əhəmiyyətli rol oynayaraq dövlətin tanınmasında, onun mövcudluğunun qorunub saxlanılması kimi məqsədlərə xidmət edir. 
Hegelin nöqteyi-nəzərincə müharibənin xalqlar üzərində böyük bir əxlaqi əhəmiyyəti vardır. Müharibə xalqların əxlaqi cəhətdən saflaşdırılmasında böyük bir önəmə malikdir. Yer üzərində müharibələrsiz bir həyat tərzinin, yəni əbədi sülhün mövcud olması xalqların bir-birini tanıması deməkdir. «Müharibə insan mənəviyyatını uzun sürən çürümədən mühafizə edir. Amma Hegelin müharibəni bəşər tarixinin təbii və nəcibləşdirici hadisəsi kimi qiymətləndirilməsini, hüquqi, o cümlədən beynəlxalq hüququ insanlar arasında sadəcə olaraq şərtləşmə hesab etməsini, müharibəni beynəlxalq münasibətlərdə qəti hökm verə bilən və verməli olan hakim kimi qiymətləndirməsini, haqsızlığa və ədalətsizliyə qarşı Hegel tərəfindən ifadə olunmuş qəzəbi, Hegelin dünyanı öz həqiqi mahiyyətinə qaytarmaq əzmini və bu qayıdış yolunda eybəcərliyə qarşı amansızlığını «müharibə təbliğatı» kimi qiymətləndirmək məncə bayağı olurdu» (11, səh.145).
Dövlətin üçüncü və son forması olan ümumdünya tarixi ayrı-ayrı xalqların ruhunun dialektik inkişafının xarakteristikası ilə müəyyən olur. Hegelə görə əgər hansısa bir xalqın dövlət quruluşu mövcud olmayıbsa, onda önəmli bu xalqın tarixi də yoxdur. Dövlət qurmayan xalqlar vəhşi xalqlar hesab olunur, xalqın mövcudluğunun əsas mahiyyəti onun dövlət qurması ilə müəyyən olur. Tarixin predmeti xalqların bir-birinə qarşı münasibəti və xalqın öz daxilində baş verən proseslər olmalıdır, fərdlərin şəxsi fəaliyyəti tarixinə aid edilməməlidir.
Bəşəriyyətin tarixi ilahi bir zəkanın nəzarəti altında formalaşmış, bu da səviyyəli və səviyyəsiz xalqların bərqərar olmasına səbəb olmuşdur. Səviyyəli xalqlar tarixdə dövlət yaradaraq, tərəqqinin gerçəkləşməsində vəsilə rolunu oynamışlar. Hegelə görə tərəqqinin əsas mahiyyəti dünya ruhunun inkişaf mərhələlərinin irəliyə doğru ardıcıl olaraq dəyişilməsindədir. Yəni, ümumdünya tarixi təsadüfi hadisələrdən deyil, zərurətdən ibarətdir və müəyyən bir qanunauyğunluğu özündə ehtiva edir. Hegel əsası Herder tərəfindən qoyulan tarixisizim (tarixin mənası) inkişafında böyük rola malikdir. Hegelə görə tarixdə dünya ruhunun inkişafında son və əsas məqsəd azadlığın mahiyyətinin başa düşülməsi və həyata keçirilməsidir. Bu məqsəd, bu amal bütün tarixi hadisələrdə dəyişiklikliyin təzahür etməsinə baxmayaraq bütün tarix boyu izlənən bir prosesdir. Hegel tarixin müxtəlif dövrlərində fərdlərin fəaliyyətinin əsasında maddi tələbatların durduğunu iddia edirdi. Fərdlərin, insanların bu fəaliyyəti dünya ruhunun mücəssəməsi olub, ehtirasları və mənafeləri də özündə gizlədə bilmişdir.
Əgər Hegel qədər tarixi proseslərin arasında insan zəkasının durduğu iddia edilirdisə, Hegel bunu insandan yüksəkdə duran zəka ilə, yəni dünya ruhu ilə əvəz etdi. «Ruhun və zəkanın bu cür mistikləşdirilməsi pərdəsi arxasında Hegel, fəlsəfi fikrin inkişafı üçün yeni və son dərəcə mühüm olan bir məsələ irəli sürdü. Söhbət tarixi prosesin obyektiv qanunauyğun xarakterinin aşkar edilməsindən gedir» (11, səh.418).
Hegelin nöqteyi-nəzərincə ümumdünya tarixində gedən proseslər insanların şüurlu fəaliyyətindən, onların məqsədlərindən asılı deyildir. Tarixdə baş verən bütün proseslərin, çevrilişlərin, səviyyəli və səviyyəsiz xalqlara bölünməsinin arxasında gizli bir zərurət hökm sürür. Hegelin ümumdünya tarixi yarımbölməsi əsasən tarix fəlsəfəsinə həsr edilmişdir və onun tarix fəlsəfəsinin əsasında iki əsas ideya durur. Bunlardan birincisi tarixi substansional bir xarakterə malikdir və bu substansionallığın arxasında dünya ruhu durur. İkincisi isə ondan ibarətdir ki, tarixi proseslər bütöv bir mahiyyətə malikdir və ruhun azadlığının dərkinə yönəlmişdir.

3.3. Ruh fəlsəfəsində mütləq ruh bölümü

Ümumdünya tarixinin izahı ilə mənəviyyat və dövlət haqqında Hegelin fikirləri sona çatır, bu isə «Obyektiv ruh»dan mütləq ruha keçidin əsasını təşkil edir. «Mütləq ruh» ruh fəlsəfəsində sonuncu və ən ali bir bölmə anlamına gəlir.  Təfəkkürün təfəkkürü olan mütləq ruh bütün dialektik inkişafın sonu olaraq, öz dərinliyində özünə qayıtma proseslərini özündə ehtiva edir. Mütləq ruh ruhun səyahətinin son mərhələsidir, burada əsas məqsəd idrakın özünü dərk etməkdir. Mütləq ruh Hegelin yaratdığı nəhəng və bütöv sistemin final mərhələsini yaradır. Hegelin nöqteyi-nəzərincə insanın mahiyyəti onun ruhun mövcud olmasıdır və elə buna görə də fəlsəfə və elmin əsas məqsədi, əsas amili insanın mahiyyəti olan ruh dərk etməkdən ibarət olmalıdır. Ruhun dialektik öz inkişafı incəsənət, din və fəlsəfədə final mərhələlərini yaşayır və bu uzun bir düşüncə yolçuluğunun sona çatması üçün zəmin hazırlayır. «Mütləq ruh» bölümündə ruh həqiqətin, gerçəkliyin dərk olunmasına nail olur. «Gerçəkliyin insan vasitəsilə bilinməsi və insan təfəkkürü ilə iradəsinin tarixdə, incəsənətdə, dində, fəlsəfədə ifadəsini taparaq tanrıyla bütünləşmə olaraq ələ alınmışdı. Dialektik zaman hər bölümdə ətraflı bir surətdə incələnir, sonunda başlanğıc nöqtəsinə dönülməsilə birlikdə başlanğıcda gizli olan bilgi addım-addım açıq bir hala gəlir» (43, səh.128).
 Sonlu ruhu əharə edən «Mütləq ruh» bölümü əvvəlki iki bölümdən fərqlidir. Əgər «Rüh fəlsəfəsi»nin «Subyektiv ruh» və «Obyektiv ruh» bölümü sonlu ruhu idarə edirsə «Mütləq ruh» bölümündə bunun əksi olan bir proseslə qarşılaşırıq. Hegelə görə ruhun sonlu xarakter daşımasına onun xarakterik əlaməti kimi baxmaq olmaz. Onun dünya ruhunun momenti kimi qavramaq daha məqsədə müvafiq hesab olunmalıdır.
Özünün özgə varlıqdan özünə qayıtması prosesi «Ruh fəlsəfəsi»nin «Mütləq ruh» bölümündə incəsənət, din və fəlsəfədə gerçəyə çevrilir. Hegelin öz-özündən inkişaf edən mütləq ideyası, dünya zəkası və ya dünya ruhu yalnız «Mütləq ruh» bölümündə özünün ruh olduğunu dərk edir. «Ruhun obyektivliyinin və onun ideallığının yaxud onun anlayışının özündə və özü üçün var olan və özünü əbədi yaradan vəhdəti kimi mütləq həqiqi ruh – bu mütləq ruhdur» (18, səh.81). Hegel «Ruh fəlsəfəsi»nin əvvəlində apardığı bölgüdə mütləq ruha belə bir tərif verərək, onun əsas xarakteristikasının nədən ibarət olduğunu açıb göstərir.
Təkcə «Ruh fəlsəfəsi»nin deyil, üç «Fəlsəfə elmləri ensiklopediyası»nın da son bölümü olan «Mütləq ruh», «İncəsənət» və «Fəlsəfə» yarımbölmələrini özündə ehtiva edir. İncəsənət mütləq ruhun inkişafında ilkin mərhələni təşkil edir, ruhun özü haqqında biliyi incəsənətlə başlayır. Hegelə görə incəsənət dinin tələbatından yaranmışdır, incəsənətlə dinin inkişaf səviyyələri eyniyyət təşkil edir. Hegel «Ruhun fenomenologiyası» əsərində dinə aid olan bölmədə incəsənət haqqında ideyalarını irəli sürməsi də təsadüfi bir xarakter deyildi.
Hegel incəsənətin özünün də üç sahəyə bölündüyü fikrini irəli sürür: simvolik incəsənət, klassik incəsənət və romantik incəsənət. Simvolik incəsənətin əsas səciyyəvi xüsusiyyəti burada yaradılanların ideyaya uyğun gəlməməsidir, incəsənət burada məqsəddən kənar bir hal daşıyır. Klassik incəsənət antik dövrdə Yunanstanda və Romada yaradılan incəsənət anlamına gəlir. Klassik incəsənətdə varlığın tamamlanması hissilik elementləri ilə bağlıdır. Romantik incəsənətə gəldikdə isə allah görünən bir formada deyil, daxili istəklərdən törənmiş kimi təsvir olunur, allahın mərhəmətli olması onun romantik görünüşü kimi xarakterlər daha çox mahiyyət kəsb edir. 
 Mütləq ruhun ilkin və qeyri-kamil mərhələsi olan incəsənətin ən mükəmməl forması romantik incəsənət hesab olunur. Romantik incəsənətdə mənəvilik anlayışı digərlərindən daha yüksəkdə duraraq, dinə və fəlsəfəyə daha yaxın olması ilə səciyyələnir. İncəsənətin dinlə qırılmaz ilgisi barədə belə bir qeyd edilməlidir ki, incəsənətin yalnız özünü azad edən, ancaq hələ mütləq mənəvilik olmayan dinə mənsub ola bilər. İdeyanın azad müəyyənliyinin açılmadığı və hələ dərk olunmadığı dinlərdə incəsənətə tələbat mahiyyət haqqında təsəvvürün seyrdə və fantaziyada şüura çatması üçün gərəkli olmasını bildirir (18, səh.428).
Hegelə görə incəsənət əsərinin ən kamil nümunəsi allahı qeyri-subyektiv bir formada ifadə etmək bacarığıdır və bu zaman bütün təsadüflərdən incəsənət adamı imtina etməlidir. İncəsənət əsərinin əsas mahiyyəti texniki və mexaniki üsullarla müstəqil və sərbəst bir formada həyata keçməsidir. Bu zaman incəsənət adamı Allah ustası kimi mövcud olur, lakin onun yaratdığı «Allah» anlayışı hələ də gerçək Allah anlayışı ilə eyniyyət təşkil etmir, burada fərqli mahiyyətlər önə çıxmağa başlayır. Başqa sözlə desək «mütləq ruh» hələ də məqsədəuyğun inkişaf səviyyəsində deyildir, bunun üçün onun yeni inkişaf mərhələlərinə ehtiyacı vardır.
Belə inkişaf mərhələlərindən biri də incəsənətdən sonra mütləq ruhun reallaşdığı forma dindir. Hegelə görə həqiqi dinin mahiyyəti yalnız mütləq ruhdan ibarət olmalıdır. Lakin dinin mahiyyətinin mütləq ruh olması heç də onun formaca azad olması demək deyildir. Burada dinin məzmununu təşkil edən allah ideyası təbiətin kor qüvvələrindən ibarət olmalıdır. Hegelə görə bu xarakterə yalnız xristian dinində təsadüf etmək olar. Yəni xristian dinində allahın məzmunu və yaxud mütləq ruhun məzmunu düzgün və həqiqətə uyğun bir formada dərk edilir. Mənlik şüuru və özünüdərk prosesi yalnız xristian dinində düzgün təzahür edir və həqiqətin əsas məzmununu dərk etdiyi zaman ruh azad ola bilər.
Hegelin düşüncə tərzinə görə, allah özünün mahiyyətini dərk etdiyi üçün allah olmuşdur. «Allah özünü anladığına görə allahdır; onun özü haqqındakı biliyi onun insanda sonrakı özünüdərkdir. İnsanın allah haqqında biliyi isə insanın özünü allahda dərkidir» (18, səh.431). Hegel yəhudi və islam dinində allah haqqında yaradılmış təsəvvürlərin düzgün olmadığı qənaətinə gəlir və bu axtarışın davamı olaraq xristianlıqdan başqa bütün dinlərin zəif və çatışmayan cəhətlərini müzakirə obyektinə çevirir, onları bütlərə və allahlara inamda, adi hissi seyrin mistikləşdirilməsində günahlandırır.  «Hegel dini inancların qanunauyğun şəkildə yaranması və inkişafını izləmişdir. O dinin tarixi haqqında çoxlu mühazirə oxumuş, onun qanunauyğunluqlarını izləmişdir. Lakin, islam dini onun sxeminə uyğun gəlmədiyi üçün əsasən xristianlığı mütləq ruhun inkişafı kimi şərtləndirmişdir.» (2, səh.376)
Hegel qeyd edirdi ki, düşüncələrin ən alisi Allah haqqında, mütləq ruh haqqında düşünməkdən ibarətdir. Bu hiss insanı təkcələrdən və zəruri olanlardan də yüksəklərə qaldırır. Lakin allahı xarici bir şey kimi təsəvvür etmək möhfümatçılıqdan başqa bir şey demək deyildir. Allahı Lüteran kilsəsinin təlqin etdiyi kimi təbii olaraq içdən, daxildən duymaq lazımdır. Allahı bu cür duymaq, qavramaq dinin əsl məzmunundan biri olmalıdır.
Dinin insan həyatına və dövlət quruluşuna təsiri Hegel tərəfindən razılıqla qarşılanır və dəstəklənirdi. Əgər din insanın vicdanında və inancında özünə yer tapmışdırsa, deməli onun həyatında da bir şeylərin dəyişilməsi məsələsi ortaya çıxır. İnsan fəaliyyətini dinin yaratdığı davranış fəaliyyəti ilə müəyyən etməli, dini borc insanın əsl məqsədinə çevrilməlidir. Din və dövlət anlayışlarının hər ikisinə də hörmətlə yanaşan Hegel dövlətlə dinin razılaşması prinsipinə tərəfdar çıxır, bu prinsipi dəstəkləyirdi.
Mütləq ruhun sonuncu inkişaf mərhələsi olan fəlsəfə həm «Ruh fəlsəfəsi»nin və həm də «Fəlsəfə elmləri ensiklopediyası»nın sonuncu bölümü anlamını özündə daşıyır. «Dini təsəvvürdə aşkarlanmış məzmundakı ayrılıq və vasitələnmə genişlənir və müstəqil formalar nəinki bir bütün halına gəlir, hətta sadə ruhi seyrdə birləşirlər və nəhayət özünüdərkə malik olan təfəkkür səviyyəsinə qalxırlar. Bununla da bilik təfəkkür vasitəsilə dərk olunmuş məzmunca müxtəlif olan və azad zərurət kimi dərk olunmuş incəsənət və din anlayışlarından ibarətdir» (18, səh.434-435).
Hegel fəlsəfəni ateist fikirlərin mövcud olmasında təqsirli hesab edir, lakin ateist fikirlərin artıq az-az səsləndiyini qeyd edir. Allahın həddindən çox olduğu panteizmdə isə çox geniş yayılmış, dindarlığı təhlükə altına ala biləcəyi bir səviyyəyə gəlib çatmışdır. Hegel burada «Bhaqavad-Gita»dan sitat gətirərək bu qənaətə gəlir ki, panteizmdə allah bütün mövcud olan şeylərin toplamı anlamına gəlir. Bu isə həqiqəti və azadlığı düzgün dərk etmək üçün bir maneə kimi ortaya çıxır. Ümumiyyətlə Hegel incəsənət, din və fəlsəfə bölümlərində ruhun dərk olunmazlığı fikrinə etiraz edir. Xüsusilə din və fəlsəfədə allahın dərkini məntiqi yollarla sübut etməyə başlayır. Hegelə görə fəlsəfə incəsənət və dinin vəhdətindən irəli gəlmiş, özündə incəsənətdəki seyri və dindəki totallığı ifadə edir.
«Mütləq ideya»nın öz qarşısına qoyduğu bu özünüdərk prosesi «Ruh fəlsəfəsi»nin «Mütləq ruh» bölümündə məqsədinə nail ola bilir. Burada «mütəlq ideya», «dünya zəkası» və ya «dünya ruhu» incəsənət, din və fəlsəfə bölümlərində öz məzmununu qavrayaraq dərketmə proseslərini sona çatdırır. Hegel burada gerçəkliyin və idarkın inkişafının başa çatdığını etiraf edərək «Fəlsəfə elmləri ensiklopediyası»nı da sona çatdırmış olur.

"Təbiət bizə qısa ömür verib, amma gözəl yaşanmış həyat haqqında xatirə əbədidir". Siseron

NƏTİCƏ

Klassik alman fəlsəfəsində obyektiv idealist dialektika ilə önə çıxmağa müvəffəq olan G.V.F.Hegelin yaratdığı fəlsəfi sistem onun vəfatından sonra da hər zaman diqqət mərkəzində olmağı bacarmışdır. Hegelin yaratdığı fəlsəfi sistem ümumilikdə heç də kortəbii bir qurluşa malik deyildi, bu fəlsəfi sistemin əvvəli və axırı mövcud idi və bu fəlsəfi sistemin əsasını dialektika təşkil edirdi. Biz yeni dövr fəlsəfəsinə nəzər saldığımız zaman bu dövrdə Hegelin ilk dəfə olaraq metafizik metodu tənqid etdiyinin şahidi olarıq. Əksiliklərin vəhdəti və mübarizəsi prinsipi Hegel fəlsəfəsinin «ana xəttini» təşkil edir. Hegelin dialektikası ilə onun yaratdığı fəlsəfi sistem arasında ziddiyyətlərə də təsadüf etmək olar. Bu əsasən onunla izah olunur ki, Hegel dialektik inkişafı bütün sahələrdə sanki sona yetirir. Buna misal olaraq fəlsəfi sistemini idrak sahəsində «mütləq həqiqətin son pilləsi» adlandırdığını göstərə bilərik. 
Həqiqət anlayışına bir proses kimi baxan Hegel ilk dəfə olaraq fəlsəfəyə nisbi həqiqət adlı bir anlayışı da daxil edir. Bu nisbi həqiqətin inkişafı nəticəsində, inkişafının sonunda həqiqət prosesi gerçəkləşir və ən nəhayət varlıqla təfəkkür eyni bir mahiyyət kəsb edir. Hegelin yaratdığı fəlsəfi sistemdə dialektikanın üç əsas qanunu olan əksliklərin vəhdəti və mübarizəsi kəmiyyət dəyişilmələrinin keyfiyyət dəyişilmələrinə keçməsi və inkarı inkar qanunu öz əksini tapmışdır. Bu qanunlarla Hegel yaratdığı fəlsəfi sistem arasında bir bağlılıq müşahidə olunur və bu bağlılıq son mərhələyə qədər izlənilir. 
Hegelin fəlsəfi sistemi hər zaman hörmət və diqqət mərkəzində olmuşdur. Təkcə idealist filosoflar deyil, eyni zamanda materialist filosoflar da Hegel fəlsəfəsinin təsiri altında qalmışdır. Onun yaratdığı mükəmməl fəlsəfi irs, dialektik idealizm metodu və Hegel şəxsiyyəti marksizm cərəyanın nümayəndələrini də özünə cəlb etməyi bacarmışdır. Marksizm fəlsəfəsinin görkəmli nümayəndələrindən biri olan F.Engels haqlı olaraq qeyd edirdi ki, əgər klassik alman fəlsəfəsi, xüsusilə də Hegel fəlsəfəsi olmasaydı alman elmi sosializmi yaranmazdı. Marksizm fəlsəfi sistemini yaradanlar Hegelin dialektik metodunu bir örnək kimi götürmüş, onu marksist dünyagörüşünə uyğunlaşdırmağa çalışmışlar. Marksın yazdığı «Kapital» əsərindəki tarixi və sosial tədqiqatlarda, Engelsin yazdığı «Təbiətin dialektikası» əsərindəki dialektik fikirlərdə Hegelin təsiri müşahidə olunur. Ümumiyyətlə marksizmin baniləri Hegel fəlsəfəsindəki dialektik metodu mənimsəyərək, onu idealist fikirlərdən məhrum edərək, materialist bir səpkidə öz fəlsəfi sistemlərini qurmağa çalışırdılar. «Nəzəri təfəkkür yalnız qabiliyyət şəklində anadangəlmədir. Bu qabiliyyət inkişaf etdirilməli, təkmilləşdirilməlidir, bunun üçün isə bütün öncəki fəlsəfəni öyrənməkdən hələ ayrı bir vasitə mövcud deyildir» (7, səh.25). Elə burada Engels belə qənaətə gəlir ki, dialektik fəlsəfənin təbiətşünaslıq üçün ilk başlıca forması vardır, bunlardan biri antik yunan fəlsəfəsi, ikincisi isə klassik alman fəlsəfəsidir.
Klassik alman fəlsəfəsinin digər nümayəndələrindən biri olan L.Feyrbax öz müəllimi haqqında qeyd edirdi ki, mən Hegeli dinlədikdən sonra mənə nəyin lazım olduğunu anladım. Feyrbax etiraf edirdi ki, Hegelin təsiri nəticəsində mən özümü və dünyamı dərk etdim. Mən teologiyanın və fəlsəfənin nə olduğunu və fəlsəfənin gərəkli olduğunu Hegelin sayəsində anladım. 
Hegelin fəlsəfi düşüncə sistemi sağlığında olduğu kimi ölümündən sonra da tərəfdarları ilə daha da genişlənərək öz varlığını davam etdirir. Hegelçilik adı ilə tanınan fəlsəfi sistem gerçəkliyin izahında ortaya çıxan müxtəlif dünyagörüşlərin isbatından beş qrup altında toplanmışdır. Bunlar ortodoksal Hegelçilik, yeni Hegelçilik, «sol» və ya gənc Hegelçilik, Marksizm və Modern Hegelçilikdən ibarətdir. Bunların müxtəlif sahələrə bölünməsinə əsas səbəb Hegelin fəlsəfi sistemindəki ziddiyyətin mövcud olması idi. «Düşüncəsi anlayışları birləşdirmə, özündən əvvəl gələn parça-parça və mərhələli düşüncələrin hamısını toplama və keçid mahiyyətinə malikdir. Bu səbəblə həm idealist, həm də realist ola bilir, düşüncə sistemi müxtəlif mütəfəkkirlər tərəfindən müxtəlif istiqamətlərdə izah olunurdu» (57, səh.42).
Ümumiyyətlə fəlsəfi təfəkkürün inkişafı tarixində Hegelin əsas xidməti dünyanın dialektik anlayışını, gerçəkliyin idrakına dialektikcəsinə yanaşmanın prinsiplərini sistematik bir formada işləyib hazırlamaqdan ibarətdir. Eyni zamanda onu da qeyd etmək yerinə düşərdi ki, Hegel dialektik fikirlərin banisi deyildi. Fəlsəfə tarixinə biz əgər diqqətlə nəzər salsaq dialektik fikirlərin qədim şərq ölkələrində və Antik Yunanstanda da mövcud olduğunun şahidi olarıq. İlk dəfə Hindistanda və Çində meydana gələn dialiktik fikirlər Antik Yunanstanda müəyyən bir inkişaf mərhələsinə yüksələ bilmişdi. Hegel fəlsəfə tarixində ilk dəfə olaraq gerçəkliyin dialektik anlayışının metodunu, dialektik məntiq sistemini, dialektik düşüncə üsulunun əsas prinsiplərini işləyib hazırlamış, bunları idealist təməllər üzərində şərh etməyə çalışmışdır və buna nail olmağı bacarmışdır. Lakin Hegel dialektikası həll olunmaz ziddiyyətlərdən də xali deyildi. Hegelin «Mütləq ideya» anlayışının dərk olunması prosesini son mərhələ hesab etməsi və elə burada dünyəvi əqlin sonuncu pilləsinin ortaya çıxması kimi ideyası dialektikaya zidd olan fikirlərin əsasını təşkil edirdi.
Hegelin fəlsəfi sistemi bütövlükdə götürüldükdə böyük əhəmiyyət daşıyırdı. Yaratdığı fəlsəfi sistemlə Hegel fəlsəfə tarixinə obyektiv, mütləq idealizmin ən nəhəng nümayəndəsi kimi daxil olmuşdur. Bir çox tədqiqatçılar Hegel fəlsəfəsini klassik alman fəlsəfəsinin kuliminasiya nöqtəsi kimi baxır, Hegel fəlsəfəsinin orjinallığını yüksək qiymətləndirirlər. Fəlsəfə tarixində dialektik düşüncə tərzinin klassik bir üslubda şərhi və izahı da elə məhz Hegelin adı ilə bağlıdır. Hegel dialektikanın banisi hesab olunun Heraklitə hər zaman hörmət bəsləmiş, bütün ideyalarının əsasında Heraklitin kəlamları durduğunu vurğulamışdır.
Gerçəklikdəki bütün hadisə və proseslərin əsasında dialektikanın durduğunu vurğulayan Hegelin yaratdığı fəlsəfi sistemdə inkişaf prinsipi yalnız ideal hadisələrə şamil edilirdi. Eyni zamanda bir sıra məntiqi kateqoriyaların inkişafında sünilik və sxematiklik əlamətləri də nəzərə çarpırdı. Hegel fəlsəfəsinin ən əlamətdar xüsusiyyətlərindən biri də dialektikadan ardıcıl sosial nəticələr əldə edə bilməməsi idi. Mövcud sosial-siyasi quruluşla barışmaq və ona bəraət qazandırmaq kimi xüsusiyyətlər də Hegel fəlsəfəsinin zəif cəhəti hesab olunurdu. Hegelin ruh fəlsəfəsindəki millətçi fikirləri, Şərq xalqlarına etinasız münasibəti və xristianlığın geniş bir surətdə təbliği kimi zəif cəhətləri onun şöhrətinə heç də xələl gətirmədi. Hələ Hegelin sağlığında yarandığı və ilk Hegelçilər adı ilə tanınan fəlsəfi məktəb öz varlığını 1848-ci ilədək qoruya bildi. Bu məktəbin yaradıcısı olan Hegelin tələbələri və pərəstişkarları 1835-ci ildən başlayaraq bu məktəbi müxtəlif qruplara parçaladılar. İlk Hegelçilik məktəbinin parçalanmasına 1848-ci il Almaniya burjua inqilabı böyük təsir etmişdi. Məşhur türk fəlsəfə tarixçisi A.Adıvar Hegeli XIX yüzilliyin ilk yarısındakı idealist filosofların ən məşhuru və düşündürücüsü olduğunu qeyd edərək onu aşağıdakı sözlərlə xatırlayırdı. «Əvvəllər Yunan fəlsəfəsi və mədəniyyəti ilə məşğul olan Hegel Avropanın elmi fəlsəfəsi, incəsənəti yalnız və yalnız qədim Yunanstandan aldığına inanmış və hətta bir zamanlar Yunanların dinini Xristian dininə tərcih edəcək yolda «İsanın həyat»ı adlı bir əsər də yazmışdır» (45, səh.417 - 418).
Burada müəllif yəni, A.Adıvar Hegel fəlsəfəsinin ən zəif yerinin onun təbiət fəlsəfəsinin izahında romantizmə yuvarlandığını düşünür. Hegel fəlsəfəsinin bu xüsusiyyəti Şellinqin təsiri altında formalaşmış və Nyuton mexanikasının tərkibinə doğru yönəlmişdi. Hegel Nyuton mexanikasını əsla qəbul etməyərək, idealist təkamül nəzəriyyəsini ortaya atırdı. 
Hegel elə bir fəlsəfi sitem yaratmışdır ki, bu fəlsəfi sistem təkcə alman xalqı deyil, bütün bəşər xalqları obyektiv bir surətdə mənimsəyərək ondan faydalana bilər. Hegel zəkasının, dühasının yaratdığı bu mənəvi və zəngin sərvət elmin bütün sahələrinə dair olan materialları özündə cəmləşdirmişdir. Mükəmməl fikir xəzinəsini yaradan Hegel, həqiqətin və gerşəkliyin dərk olunmasında bəşəriyyətin yolunda işıq saçan bir mayak kimidir. 
İnsanların yoluna işıq saçan bu mayak, bu düha günəşi insanlara azadlığın mahiyyətini, azadlığın dərkini zəruri və lazımlı bilir və bütün gərgin və ziddiyyətli ömrünü də azadlığın dərkinə sərf edir.
F. Engels  «Anti-Dürinq» əsərinin səhifələrində qeyd edirdi ki, Hegelin böyük xidməti ondan ibarətdir ki, ilk dəfə olaraq bütün təbiət, tarix və mənviyyat aləmini, bir proses şəklində, yəni, arasıkəsilməyən hərəkət, başqalaşma, dəyişilmə və inkişafda görürdü, bu hərəkət və inkişafın daxili əlaqəsini göstərməyə çalışmışdır.
Son dövrlərdə ümumdünya miqyasında dialektik alman fəlsəfəsinə, xüsusilə də Hegel fəlsəfəsinə maraq ciddi bir surətdə artmışdır. Bu da Hegelin − bu məşhur alamn filosofunun, mütəfəkkirinin müasir dünya elmini bu gün də narahat edən, yaxından maraqlandıran subyekt və obyekt, ruh və mənəvi, maddi və cismani kimi problemləri ilə məşğul olmasıdır.
Və elə bütün bu maraqların nəticəsində vaxtaşırı olaraq Beynəlxalq Hegel konqresləri keçirilir. Ölümündən sonra da diqqət mərkəzinə çevrilən Hegel fəlsəfəsi son dövrlərdə dünya miqyasında dəfələrlə yad edilir. Artıq Beynəlxalq Hegel konqresləri bir ənənə halına gəlmişdir. 1964-cü ildə Zalçburqda, 1966-cı ildə Praqada, 1969-cu ildə Parisdə genişmiqyaslı bir formada Hegel konqresləri keçirilmişdir. Eyni zamanda 1970-ci ildə Berlində keçirilən Hegelin ikiyüzilliyinə dair həsr olunmuş beynəlxalq miqyaslı konqresdə Hegelin ad günü bəşəriyyətin mənəvi bayramı kimi qeyd edilmişdir. Bu konqreslərdə Hegelin estetikası, hüquq fəlsəfəsi və tarix fəlsəfəsi müzakirə obyektinə çevrilmişdir. Bütün bunlar Hegel fəlsəfəsinin hələ də öz dəyərini itirmədiyini və bundan sonra da itirməyəcəyinə bir misal ola bilər. Biz Hegel fəlsəfəsini dərindən öyrənməli, onu müsbət və mənfi tərəflərini sərfnəzər etməliyik. Eyni zamanda Hegelin həyatı, Hegel şəxsiyyəti bizlər üçün bir örnək olmalı, həyatımızın doğru axınına xidmət etməlidir. İnsanların praktiki və eləcə də mənəvi fəaliyyətinin ayrı-ayrı sahələri üçün lazım olan bu fəlsəfi sistem, bu mirası mənimsəmək, obyektiv dəyərləndirmək lazımdır. Biz inanırıq ki, bu məşhur alman filosofunun müdrik fikirlərindən, mütərəqqi və dahi ideyalarından xalqımız müsbət nəticə götürəcəkdir. 
 Hegel elə bir fəlsəfi sitem yaratmışdır ki, bu fəlsəfi sistem təkcə alman xalqı deyil, bütün bəşər xalqları obyektiv bir surətdə mənimsəyərək ondan faydalana bilər. Hegel zəkasının, dühasının yaratdığı bu mənəvi və zəngin sərvət elmin bütün sahələrinə dair olan materialları özündə cəmləşdirmişdir. Mükəmməl fikir xəzinəsini yaradan Hegel, həqiqətin və gerşəkliyin dərk olunmasında bəşəriyyətin yolunda işıq saçan bir mayak kimidir. 
Hegelin «Ruh fəlsəfəsi» və onun ümumi fəlsəfi dünyagörüşü ilə qısa tanışlıqdan sonra, fəlsəfə tarixində, fəlsəfi biliklərin inkişafında hansı rolu oynadığını və hansı yeri tutduğunu müəyyən mənada da olsa anlamış, başa düşmüş oluruq.
Təkcə klassik alman fəlsəfəsində deyil, ümumdünya fəlsəfə tarixində Hegel fəlsəfəsi, müəyyən mənfi xarakterlərə, məhdud cəhədlərə baxmayaraq özünə bilik zirvəsində əvəzolunmaz bir yer tutumuşdu. Biz Hegel haqqında səlahiyyətli söz sahiblərinin, dühalarının fikirini, düşüncəsini verməklə onun nəhəng bir zirvədə olduğunu nəzərə çatdırmış oluruq.
Hegelin fəlsəfəsində yaranmış böhranlara isə öz dövrünün, zəmanəsinin, mühitinin məhsulu kimi baxmaq olar. Özü də zəmanəsinin yetirməsi olduğunu söyləyən Hegel qeyd edidi ki, «talant və düha təbii ruhun təbiətdən aldığı müyyən yönəlişlərdən biridir.»
 Hegel fəlsəfəsindəki bu ziddiyyətlərin əsas səbəbi azadlığın mahiyyəti haqqında irəli sürdüyü dolaşıq fikirlər idi. İnkişafı triada formasında təşkil edən Hegel inkişafın Qərbdə sona çatdığını etiraf etməklə böyük səhvə yol veriridi. İnsanların yoluna işıq saçan bu mayak, bu düha günəşi insanlara azadlığın mahiyyətini, azadlığın dərkini zəruri və lazımlı bilir və bütün gərgin və ziddiyyətli ömrünü də yalnız azadlığın dərkinə sərf edir və bir sıra nüanslardan özünü kənar saxlayırdı.
XVIII-XIX əsrlərdə «şairlər və mütəfəkkirlər ölkəsi» kimi şöhrət tapan Almaniyada yaşayıb-yaradan Hegel də bu dövrun, bu mühitin məhsulu idi. Almaniya tarixində istedadlar və dühalar dövrü kimi məşhur olan bir dövrdə yaşayan G.V.F. Hegel bu gün də geniş və təntənəli bir surətdə yad edilir və xatırlanır.
İnsanların praktiki və eləcə də mənəvi fəaliyyətinin ayrı-ayrı sahələri üçün lazım olan bu fəlsəfi sistem, bu mirası mənimsəmək, obyektiv dəyərləndirmək lazımdır. Biz inanırıq ki, bu məşhur alman filosofunun müdrik fikirlərindən, mütərəqqi və dahi ideyalarından xalqımız müsbət nəticə götürəcəkdir. 
Qərbin bu möhtəşəm düşüncə sahibinin fikirləri heç bir tərəddüd və ziddiyyətə yol verilmədən, düzgün və uğurlu bir biçimdə Şərqdə və xüsusilə də Azərbaycanda elm və mədəniyyətin, mükəmməl bir fəlsəfi dünyagörüşünün yaranmasına müsbət təsir göstərəcəkdir. 
Haqqında söhbət açdığımız dahi filosof Hegel fəlsəfəni xalq ruhunun bir tərəfi, bir hissəsi kimi göstərmişdi və onu «öz dövrünün fəxri» deyə adlandırıdı. Və biz ümid edirik ki, bütün Azərbaycan xalqı və xüsusilə də gənc nəsil yeni ictimai-siyasi qurluşun formalaşmasında, müstəqil Azərbaycan Respublikasının hərtəfli olaraq son inkişaf zirvəsinə çatmasında bir mükəmməl fəlsəfi sistem olan Hegel fəlsəfəsinin müsbət məqamlarından istifadə edəcəklər.

Комментариев нет:

Отправить комментарий