Страницы

23.04.2017

Vicdan məhbusunun anası: Ortada tək qalmışıq

Blogger Rəşad Ramazanov artıq 4-cü ildir ki, həbsdədir.  O, 2013-cü ildə 9 il müddətinə azadlıqdan məhrum edilib. Bloggerə qarşı CM-in 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamaq və satmaq) maddəsi ilə ittiham irəli sürülüb. 
Öz facebook səhifəsində din, azadlıq, ədalət mövzularında statuslar yazan Ramazanov ittihamı qəbul etməyib, sosial şəbəkələrdə hakimiyyəti tənqid etdiyi üçün siyasi motivlərlə, saxta ittihamla həbs edildiyini düşünür.
Son zamanlar bloggerin səhhətində problemlərin olması ilə bağlı xəbərlər gəlir. 
Toplum.Tv Rəşad Ramazanovun anası Zemfira Ələkbərova ilə söhbətləşib yaranmış suallara cavab tapmağa çalışıb.

-Rəşadla görüşürsünüz? Görüşlərinizə problem yaradılmır?
-Yox, görüşlərimizə problem yaradılmır. Ayda iki dəfə görüş verilir. Ancaq ayda iki dəfə getmək imkanımız olmur. Yalnız bir dəfə gedə bilirik.

-Son dəfə Rəşadı nə vaxt görmüsünüz? Vəziyyəti necədir?
-Özüm bir ildən çoxdu gedə bilmirəm, onun dərdindən yataq xəstəsi oldum deyə. Yoldaşı axırıncı dəfə martda getmişdi yanına. İmkan olsa, bu ay da gedəcək. O tutulanda ağ ciyəri xəstə idi. Su çəkilmişdi ciyərlərindən. İndi bir dəridir, bir sümük.

-Rəşad necə oldu siyasi proseslərə qoşuldu? Nə zamansa həbs olunacağını gözləyirdinizmi?
-Heç bir partiyanın üzvü deyil. Nəsə fikrində belə olub, özündən yaranıb, necə olub, mənim xəbərim olmayıb. O, Bakıda olurdu. Necə oldu bu proseslərə qoşuldu, xəbərim olmadı. Yalan deyərəm. Nə vaxtsa həbs olmağına gəlincə, bəlkə o gözləyirdi, amma mənim onun fəaliyyətindən xəbərim olmadığı üçün həbs olunacağını da gözləmirdim.

-Rəşadın mübarizə yoldaşlarından  kimlər maraqlanır onunla?
-Heç kəs maraqlanmır. Tək qalmışıq ortada. 

-Rəşadın həbsindən sonra ailənin durumu necədi?
-Ailəsi indi atasının himayəsindədir. Mən də 240 manat pensiya alıram. Oğlumun evinə gedəndə uşaqları deyir: "Nənə nə gətirmisən?” Bu pulla həm kommunal xərcləri ödəyirəm, həm özümüzə xərcləyirəm, həm də Rəşadın ailəsini saxlayıram. Mən neçə yerə bölüm 240 manatı? 

-Sizcə, hakimiyyət gənclərdən nə istəyir?
-Hakimiyyət gənclərdən onların siyasətini dəstəkləməyi istəyir. "Başınızı salın aşağı, işinizlə məşğul olun”, -deyir. Mənim oğlum dokturanturada oxuyurdu. Öz biliyi ilə girmişdi. Ata-ananın bir övladıdır. Oğlumu bağışlamalarını istəyirəm. 

-Bir çox siyasi məhbus vaxtından əvvəl əfv olunaraq azadlığına qovuşur. Nə zamansa Rəşadın da əfv olunaraq vaxtından əvvəl azadlığına qovuşacağına inanırsınızmı?
-İnanıram. Elə bilirəm ki, oğlum da nə vaxtsa, vaxtından əvvəl əfv olunacaq. 

-Rəşad azadlığa çıxdıqdan sonra onun yenidən mübarizə aparmasına münasibətiniz necə olacaq?
-Mənfi olar. Uşaqları yazıqdır. Gəlsin işləsin. Mən təkəm. Gəlsin ailəsinin, uşaqlarının yanına. Onu istəyirəm ondan. 

-Bir vicdan məhbusunun anası kimi bu gün meydanda mübarizə aparan gənclərə nə demək istərdiniz?
-Bu gün aparılan mübarizənin nəticəsi yoxdur. Gənclər bu gün mübarizə aparsalar da, bu mübarizəni dəstəkləyən yoxdur. Həqiqəti deyirəm mən. Bu 4 il ərzində Rəşadla bir adam da maraqlanmayıb. Nə deyim, Allah Rəşad başda olmaqla hamının qapısını açsın.

Vüsal Əfəndi                   toplum.tv

Комментариев нет:

Отправить комментарий