Страницы

20.05.2017

Firdovsi Rəsul - Unudacağam

Yenə də sən yoxsan, hava qaralıb
Bu sənsiz gecəyə sərxoş qonağam.
Birinci qədəhdə yadıma salıb,
Sonuncu qədəhdə unudacağam.

İkinci qədəhdə əsəcək əlim,
Xəyalın başımda dumanlanacaq.
Dağların dumanı çəkilir, gülüm,
Həsrətin başımdan çəkilmir ancaq.

Qismət olmadısa, demək olmadı
Sabahı ümidlə açasan gərək.
Üçüncü qədəhdə içkinin dadı
Bütün acılardan şirin gələcək.

Geriyə qayıtmaz bir yolluq gedən,
Baxma dərələrdən uca dağlara.
Bir sağlıq deyirəm, ölən sevgidən
Əbədi yaşayan ayrılıqlara.

Mən sənə dərdimi açıb demişəm,
Ömrümün ən yaxın sirdaşı kimi.
Sonuncu qədəhi süzüb içirəm,
Süzülür sonuncu göz yaşı kimi...

Комментариев нет:

Отправить комментарий